Muxtar Şahanov barədə qeydlər - ANAR
Qazaxıstanın Xalq yazıçısı, Qırğızıstanın Xalq şairi, görkəmli ictimai xadim, diplomat, Qazaxıstanın Əmək qəhrəmanı, Muxtar Şahanov aprelin 19-da vəfat edib.
Yazıçı Ədəbiyyat Portalı Xalq yazıçısı Anarın 25 il əvvəl qələmə aldığı "Muxtar Şahanov barədə qeydlər" yazısını təqdim edir.
Muxtar Şahanovun "Sivilizasiyanın yanılğısı" adlı poeması - özünün həm forması, həm də məzmunu baxımından bənzərsiz bir əsərdir. Formadakı bənzərsizlik bu əsərdə poeziya ilə nəsrin, dramaturgiya ilə memuar ədəbiyyatının qəribə sintezi ilə bağlıdır, burada qədim mif və əfsanələr bugünkü qəzet xəbərləri ilə yanaşı təqdim olunmaqdadır, müdrik pritçalar hansısa hadisə şahidlərinin ifadələri ilə yan-yanaşı verilir, dünyaşöhrətli alimlərdən, yazıçılardan tutmuş sıravi əmək adamlarına qədər, ən müxtəlif peşə-sənət sahibləriylə söhbətlər də əsərdə yaşadığı zəmanənin ən aktual problemlərinə cavab axtaran müəllifin fikir və qənaətləri ilə bir arada oxucuya çatdırılır.
Səməd Vurğunun yubileyi qeyd olunarkən Bakıya gələn Muxtar Şahanovla görüşümüzdəki yaddaqalan bir epizoda da öz əsərində yer verməsi mənim lap könlümcə oldu.
"Bakıya axşam düşürdü. Şəxsən Heydər Əliyev bizi qonaq çağırmışdı. Rəsul Həmzətov idi, mən idim, Anar, Elçin və Polad - müğənni Bülbülün nazir oğlu. Birlikdə nə az, nə çox, gecə saat üçə qədər söhbətləşdik. Şəxsiyyətin rolundan, rəhbərə sevgi və pərəstişdən söz etdik. Prezidentə dedim: "Görünür, ölkədə sizə dərin hörmət bəslənir, çünki yubiley tədbirində zala toplaşanlar Sizi alqışlamaqdan yorulub-usanmırdılar". Prezident isə qüssəli baxışlarla məni süzüb dedi: "Amma bizim xalq kimlərə alqış yağdırmayıb ki, kimlərə çəpik çalmayıb ki?!"
Muxtarın qələmə aldığı bu epizoda indi mən həmin gecədən aldığım şəxsi təəssüratlarımı da əlavə etmək istərdim.
Muxtar Şahanov vaxtilə D.A.Kunayevin dediyi sözləri xatırladı: onu tutduğu vəzifədən çıxarmaqdan ötrü Siyasi Büroda səsvermə keçiriləndə bu qərarın əleyhinə səs verən yeganə şəxs Heydər Əliyev olubmuş.
Dimaş Əhmədoviç deyibmiş:
- Unutmayın, sırf buna görə qazax xalqı Heydər Əliyevə həmişə minnətdar olmalıdır.
Heydər Əliyev bu deyilənlərə öz münasibətini bildirdi:
- Elədir, Qorbaçovla aramızda ixtilafın yaranma səbəblərindən biri də məhz elə bu olmuşdu.
Çingiz Aytmatovla birlikdə qələmə aldıqları kitabı Muxtar Şahanov H.Əliyevə hədiyyə elədi. Həmin nəşrdə bu iki qələm sahibinin Orta Asiya dövlətlərinin rəhbərləri ilə müsahibələri toplanmışdı.
Muxtar dedi:
- Çingiz təklif eləmişdi ki, bu kitabda Sizin barənizdə də yazaq, amma Sizi yaxından tanımadığıma görə mən bu fikirlə razılaşmadım. Türkmənbaşı barədə isə mən xoşagəlməz fikirlər yazdım. Onun hər tərəfdə, hər addımbaşı öz portretlərini asdırmasını necə başa düşəsən axı?! Türkmənistanın hər guşəsində özünə heykəllər qoydurubdur. Düzü, ölkədə Sizin portret və ya heykəllərinizi görməyincə, mən bundan dərin məmnunluq duydum.
Heydər Əliyev deyilənlərlə razılaşdı:
- Elədir, bir-iki yerdə portretlərim vurulmuşdu, göstəriş verdim ki, onları da yığışdırsınlar. Hətta xeyirxah bir insan öz imkanlarıyla mənim büstümü də hazırlatmışdı, ancaq ona tapşırdım ki, bunu gizlət, hələlik heç kimə göstərmə, əgər bacarsan, mən olmayanda bunu haradasa qoydurarsan. Əlbəttə, rəsmi kabinetlərdə portretlərim vurulur və bu, bütün ölkələr üçün keçərlidir: axı Prezidentin özü də dövlətin simvol və atributlarından biri sayılır, ancaq qalan yerlərdə öz portretlərimin asılmasını mən qadağan eləmişəm. Xatirimdədir, hələ sovet dövründə qulağıma şayiə gəlib çatmışdı ki, bəs mərhum nazirimiz Züleyxa Hüseynova öz kabinetində mənim portretimi asıbdır. Ona zəng edib dedim ki, şəkli oradan təcili qaydada yığışdırsın, əgər istəyirsə, onu aparıb, öz mənzilində, yataq otağında asa bilər, belədə öz portretimin gözəl bir xanımın otağında vurulması hər halda mənə daha xoş gələr...
Bunca səmimi, sadə, söhbətcil, zarafatsevər biri olması ilə Heydər Əliyev bütün qonaqları heyran eləmişdi. O:
- Bu gün sizlərlə baş-başa mən ən xoş gecələrimdən birini keçirdim. Sizinlə ünsiyyət elə səmimi və xoş idi ki... - dedi.
M.Şahanovun "Amansız yaddaşın kosmik düsturu" adlanan bir digər kitabında müəllif öz oxucusunu təkrar ən müxtəlif zəmanələrə səyahətə çıxarır və bu zaman vahid humanizm konsepsiyasına sadiqlik sərgiləyir - göstərir ki, mənəvi dəyərlərin qorunması vacib məsələdir, çünki bazar münasibətlərində nəzərəçarpan eqoizmin və kütləvi mədəniyyətin ağlasığmaz basqılarına məruz qalan bu dəyərlər insanoğlunun mənəvi dünyasının əsas nüvəsini təşkil etməkdədir.
Türkiyədə keçirilən toplantılar çərçivəsində Muxtar Şahanovun çıxışlarını sonradan dəfələrlə dinləyərkən, qərbyönümlü media vasitələrinin öz ölkəsində hökm sürən mənəvi iqlimə göstərdiyi mənfi təsirdən bu qazax yazıçısının necə dərin təşvişə düşdüyünün şahidi olurdum. Onun daim təkrarladığı bir deyim vardı: "Qabaqcıl Qərb mədəniyyəti içməli su xəttinə qoşulmağa can atarkən, nədənsə biz onun... çirkab suları axıdan xəttinə qoşulubmuşuq".
Müəllifin tutduğu mövqelər onun pərəstişkarları arasında geniş rəğbət oyadır. Yazıçının "Çingizxanın özüylə apardığı sirr" dramı üzrə Bakıda, Səməd Vurğun adına Rus Dram Teatrında hazırlanan tamaşa da məhz bu baxımdan böyük uğur qazandı.
Dekabr ayında Alma-Atada yaşanan, faciə və qəhrəmanlıq dolu hadisələrlə bağlı Muxtar Şahanovun əsərlərində rast gəldiyim səhifələri böyük maraqla oxudum. Öz xalqının şərəf və ləyaqətinin müdafiəsinə qalxan qazax gəncləri barədə o, dərin iftixar hissiylə yazır. Axı Muxtar özü də həmin hadisələrin kənar müşahidəçisi yox, fəal iştirakçısı olubdur. Sonradan isə o, haqsız yerə həbsə atılan insanların tapdalanmış hüquqları uğrunda həm mübarizə aparan şəxs kimi, həm də sözügedən olayların canlı salnaməçisinə çevrildi. İndinin özündə də o, ictimai məsələlərdə özünün biganəlikdən uzaq və fəal vətəndaş mövqeyini sərgiləməkdədir.
23 mart 2001
"Ədəbiyyat qəzeti"
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0