Kül altından çıxan alov - Adilə Nəzər
Yazici.az ədəbiyyat portalı filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin "Kül altından çıxan alov - Mövlanə və Şəms tənhalığının fəlsəfəsi" yazısını təqdim edir.
Həyat bəzən insanı bəlli bir məqamda gözlədər, xarici aləmə baxanda hər şey tamam görünər – ad-san, hörmət, mədrəsə divarları arasında əks olunan kəlamlar, cild-cild kitabların verdiyi bilgəlik hissi... Lakin içəridə, ruhun ən qaranlıq küncündə hələ də doymayan, nə ilə sakitləşəcəyini bilməyən dilsiz bir susuzluq olar. Mövlanə Cəlaləddin Rumi məhz belə bir zahiri doluluğun və daxili susuzluğun boşluğunda idi.
Və sonra Şəms gəldi.
Şəms bir müəllim kimi gəlmədi, o, daxildəki alovu oyandıran bir qığılcım, ruhu göstərən bir güzgü kimi gəldi. Biri illərlə topladığı biliklərin ağırlığı altında əyilirdi, digəri isə o yükü atıb içəridəki alovu azad etməyə gələn azadlıq aşiqi ruh idi. Onların ilk baxışması iki sonsuzluğun çarpışması idi.
Şəms kəsişmə nöqtəsində bir zərrə kimi dayandı və o məşhur sualı atdı ortaya:
– Məhəmməd (s.ə.s) böyükdür, yoxsa Bayəzid Bəstami?
Mövlanə tərəddüdsüz cavab verdi:
– Bu necə sualdır? Əlbəttə ki, Həzrəti Məhəmməd (s.ə.s) böyükdür.
Şəms gözlərini Mövlanənin gözlərinə dikərək təkrar etdi:
– Bəs nə üçün Bəstami “Özümü təsbeh edirəm, şanım nə ucadır” dediyi halda, Məhəmməd (s.ə.s) Allaha “Səni layiqincə tanıya bilmədik” – deyirdi?
Məhz bu an o qapalı mədrəsə divarları, o quru elmi qəliblər çat verdi. Mövlanə dərindən nəfəs aldı və sirrin pərdəsini araladı:
– Bəstaminin mənəvi qabı bir damla ilə doldu və daşdı. O, azacıq feyzlə doyduğunu sandı. Lakin Həzrəti Məhəmmədin (s.ə.s) mənəvi tutumu və sinəsi sonsuz bir ümman idi; o, içdikcə daha çox susayır, daha da dərinləşirdi.
Şəmsin də almaq istədiyi cavab məhz bu cavab idi: Bəstaminin bir damla ilə doyan fənalığı müqabilində Həzrəti Məhəmmədin (s.ə.s) ümman olduğunu və Peyğəmbər ucalığının heç vaxt bitməyən bir ilahi susuzluqdan ibarət olduğunu ortaya qoymaq.
Bu dialoq əslində nəzəri ağılla sonsuz eşqin, ölçüyə gələn biliklə coşğun bir ümmanın ilk qarşılaşması idi. Mövlanə anladı ki, indiyədək topladığı bütün cavablar sadəcə bilik qəlibləridir; Şəms isə ona o qəliblərə sığmayan, sərhəd tanımayan mənəvi ümmanı göstərirdi.
Hər kəsə onların aylarla davam edən xəlvəti – bağlı qapı arxasındakı tənhalığı maraqlı idi. Dünyanın gözündə bu, bir alimin yolundan sapması, bir dərvişin sehrinə düşməsi kimi görünürdü. Lakin o qapalı otaqda nələrin yaşandığı sonralar Mövlanənin qələmindən süzülən misralardan bəlli olacaqdı. O xəlvət nə quru bilik mübadiləsi, nə də nəzəriyyə idi, o, iki ruhun bir-birində fəna taparaq İlahi Varlığın aynasına çevrilməsi halı idi.
İnsan bəzən bildiklərini unutduqca, bildiklərindən soyunduqca Özünə çatır. Mövlanə də Şəmsin güzgüsündə soyunurdu: kitablarından, unvanlarından, zənn etdiyi “mən”indən – rahat, amma soyuq külündən...
Onların söhbəti dillərinin susduğu yerdə başlayırdı – lisani-halda, sükutun daxili musiqisində. Bəzən saatlarla susurdular. Çünki həqiqi Sevgi və feyz sözün çərçivəsinə sığmaz, o, Xaliqdən gəldiyi üçün bir baxışdan digərinə, bir ürək döyüntüsündən digər xəlqə axar. Şəms Mövlanəyə xamlıqdan bişməyə, bişməkdən yanmağa gedən yolu açırdı.
Və o gün gəldi... Şəms yox oldu. Qeybə çəkildi, ya da bir kölgə kimi gecənin içində əriyib getdi.
Əgər Şəms getməsəydi, Mövlanə bəlkə də yalnız bir nəfərin aşiqi kimi qalacaqdı. Lakin Şəmsin gedişi – o böyük həsrət və dözülməz ağrı Mövlanənin daxilindəki vulkanı partlatdı. Şəmsin cismaniyyəti çəkildi ki, onun mənası bütün kainata yayılsın. O ayrılıqdan “Divan-i Kəbir”in coşğun misraları, “Məsnəvi”nin hikmət çayları axdı. Mövlanə bütün mənəvi ömrünü nəhayətində bu üç kəlmə ilə pıçıldayırdı: “Xamdım, bişdim, yandım...”
Mövlanə anladı ki, Şəmsdən öyrəndiyi sirr Şəmsin özü deyilmiş, Şəms sadəcə o sirrə gedən qapıymış. O qapı bağlandı, lakin pəncərə bütün bəşəriyyətin üzünə açıldı. (Əlbəttə ki, görə bilənə.)
Artıq o, təkcə öz daxili yanğısını yaşayan dərviş deyil, hər kəsi o sonsuz ümmana çağran bir bəşər səsinə çevrilmişdi:
Gene gel, gene.Ne olursan ol, ister kafir ol,İster ateşe tap, ister puta,İster yüz kere tövbe etmiş ol,ister yüz kere bozmuş ol tövbeni...Umutsuzluk kapısı değil bu kapı, Nasılsan,Öyle gel...
Mövlanə ilə Şəmsin söhbətlərindəki əsl sirr elə budur: İnsanın öz içindəki İlahi cövhərlə qarşılaşması üçün bir bələdçiyə, o bələdçinin gedişindən doğan həsrətə və nəhayət, hər şeyi yandıran bir Eşqə ehtiyacı var. O söhbət bitməyib; o, hələ də öz içindəki sükutu dinləyə bilən, həqiqi “mən”ini axtaran hər ruhun dərinliyində pıçıldamağa davam edir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0