Müasir Azərbaycan poeziyasında intellektualizm - Lütviyyə Əsgərzadə

Avq 5, 2026 - 10:31
 0  12
Müasir Azərbaycan poeziyasında intellektualizm - Lütviyyə Əsgərzadə

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

(Təranə Turan Rəhimli yaradıcılığında fəlsəfi qat) 

Tanınmış şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Təranə Turan Rəhimli müasir Azərbaycan ədəbiyyatşünaslığında fundamental tədqiqatları ilə tanınan alim, eyni zamanda elmi-nəzəri baxışları ilə ədəbi prosesi zənginləşdirən imzalardan biri, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsüdür. Onun yaradıcılığı dərin fəlsəfi poeziyası və uğurlu araşdırmaları ilə xarakterizə olunur. Təranə Turanın poeziyasındakı intellektualizm oxucunu düşünməyə sövq edir.  Şeirlərindəki fəlsəfi rəmzlər və sətiraltı mənalar onun sözün tarixi, rəmzi və fəlsəfi çəkisini yaxşı bilməsindən, elmi bazasının zənginliyindən xəbər verir. Təranə xanımın poeziyasındakı zaman, varlıq, insan taleyi və kainatın qanunauyğunluqları barədə fəlsəfi suallar məhz elmi idrakın bədii formasıdır. Bir alim kimi dünyanı və klassik ədəbi cərəyanları dərindən analiz etməsi, onun öz şeirində intellektual sərbəstlikuniversal mövzular yaratmasına şərait yaradır.

Müasir Azərbaycan poeziyasında intellektualizm bədii mətnin sadəcə forma estetikası ilə kifayətlənməyib, varlığın ilahi və bəşəri qatlarına nüfuz etməsini şərtləndirir. Bu baxımdan yaradıcılığında klassik sufi-irfani təfəkkürün və panteist fəlsəfənin müasir lirikaya uğurlu transformasiyasını nümayiş etdirən Təranə Turan Rəhimli müasir Azərbaycan poeziyasının ən intellektual və dərin imzalarından biridir. Onun şeirləri sadəcə qafiyələnmiş misralar deyil, insan varlığının, zamanın və taleyin sorğulandığı mənəvi bir laboratoriyadır. Bu laboratoriyada zamanın dağıdıcı gücü qarşısında lirik qəhrəmanın mövqeyi fəlsəfi hermenevtikanın prinsipləri əsasında şərh olunaraq, müasir sənətkarın Kainat, Zaman və Tanrı qarşısındakı mövqeyi elmi müstəvidə işıqlandırılır.

Məqalədə, poeziyası ilə sərhədləri aşan, 50-dən çox ölkədə və müxtəlif dillərdə nəşr olunan və özünün dərin bədii-fəlsəfi şeirləri ilə tanınan Təranə Turan Rəhimli yaradıcılığında vəhdət təşkil edən zaman, kainat, Tanrı, sevgi və şair taleyi məsələlərini araşdırmağa, dərin və gizli fəlsəfi qatlarına nəzər salmağa çalışacağıq.

Bizim üçün ilk və ən vacib məqam şairin taleyinə fəlsəfi baxışını anlamaqdır.

Onun "Şairlər" şeiri "şair kimdir?" və "şairlik nədir?" suallarına fəlsəfi, mistik və psixoloji müstəvidə verilmiş mükəmməl cavabdır:

 

Min il özünə yol gəlir

Özünü bilənə kimi.

Yüz kərə dirilib-ölür

Əcəli gələnə kimi.

 

Hörümçək kimi tor qurur,

Torunu  içinə  yığır.

Nə dərd var sinəyə çəkir,

Tüstülənib şeir çıxır.

 

Verdiyimiz nümunələrdə  şairliyin sadəcə söz qoşmaq sənəti deyil, ruhsal bir mühacirət, mənəvi iztirab və daxili alkimiya (çevrilmə) prosesi kimi təqdim olunur. Şair, "Min il, özünü bilənə kimi özünə yol gələn”, özünü axtaran əbədi yolçu, bəşəriyyətin yaddaşını özündə daşıyan və ömrü boyu öz daxili "mən"inə doğru addımlayan metafizik bir varlıqdır. Misradakı "min il" ifadəsi zamanın fərdi deyil, kollektiv xarakterini göstərir. Şair sıradan bir insan kimi cəmi bir neçə onillik yaşamır; o, tarixin qatlarına enir, mədəniyyətin və ruhun minillik yolunu qət edir. Öz həqiqi kimliyini tapana qədər daxili bir təkamül yolu keçir. Yəni şairlik – özünüdərk (irfan) prosesidir. Reallığı adi insanlardan qat-qat güclü hiss etmək və hər böyük ağrıda, hər yaradıcılıq krizisində ruhən ölüb-dirilmək bacarığıdır: "Yüz kərə dirilib-ölür, / Əcəli gələnə kimi."

İnsan üçün ölüm bir dəfə fiziki olaraq baş verirsə, şair hər şeirdə, hər misrada, hər mənəvi sarsıntıda "yüz kərə" ölür və yenidən doğulur. Bu, ekzistensial bir əzabdır. Həyatın absurdluğunu, ağrılarını öz içindən keçirən şairin hər misrası bu ölüb - dirilmənin məhsulu, şairlik xarici dünyadan qidalanıb, kainatı öz içində yenidən qurmaq sənətidir. Təranə Turan Rəhimli misralarında bunu vurğulayır: "Hörümçək kimi tor qurur, /Torunu içinə yığır." Hörümçək toru (müəllif, şairi "hörümçək"ə bənzədərək gözəl bir metafora yaradır) öz daxilindən (öz maddəsindən) toxuduğu kimi, şair də şeiri tamamilə öz ruhundan, hisslərindən çıxarır. Sadəcə, şair bu toru çölə yox, "içinə yığır". Müşahidə etdiyi hadisələri öz daxilinə çəkən şair, onları öz mənəvi süzgəcindən keçirir, korun-korun yanır: "Nə dərd var sinəyə çəkir,/ Tüstülənib şeir çıxır."

Misralardakı fəlsəfi mahiyyət şeirin, daxili yanğının, çəkilən bəşəri və fərdi dərdlərin estetik forması, şairin isə dünyadakı dərdi və qəmi öz sinəsində əridən bir fədakar olmasıdır. Bu misralar, eyni zamanda poeziyanın mistik qaynağını izah edir. Şair dünyadakı bütün ədalətsizlikləri, acıları, sevgisizlikləri ("nə dərd var") öz sinəsinə çəkir. Bu dərd daxildə fəlsəfi bir odla yanır. Burada "Tüstülənib şeir çıxır", - ifadəsi yaradıcılıq aktının kulminasiyasıdır. Şeir ruhun ağrıdan alovlanmasının, daxili vulkanın tüstüsü, şair isə özünü yandıraraq ətrafa işıq (söz) saçan bir varlıqdır.

Aşağıdakı misralarda şair kimliyinin kosmik (təbiət), ilahi (teoloji) və fədakar (metafizik) qatları bədii şəkildə tamamlanır. Təranə xanım bu bəndlərdə yaradıcı insanın təbiətlə və Tanrı ilə olan birbaşa dialoqunu, eləcə də söz uğrunda fədakarlığını təhlil edir. Birinci bəndi fəlsəfi (təbiətlə vəhdət və tale təzadı (panteizm) və bədii cəhətdən araşdıraq:

 

Dağnan, bulaqnan dərdləşir,
Sıxır qayanın əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.

 

Müəllif dağ, bulaq və qayanı şəxsləndirir (personifikasiya). Dünyada insanlardan tapmadığı anlaşılmanı təbiətdə tapan şair təbiətlə panteist vəhdətdədir; daşla, qaya ilə dərdləşir, daşa danışmaq öyrədir, qayanın əlini sıxır, lakin öz kor bəxtinin dilini bilmir. Bəllidir ki, daş susmağın, reaksiyasızlığın simvoludur. Poeziyanın gücü ilə ən dilsiz varlıqları belə dilə gətirən şair "kor bəxtin dilini"  tapa bilmir. Bu insanın kainatın taleyi qarşısındakı ekzistensial acizliyini və dramını göstərir:

 

Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.

 

Şairlik seçilmişlikdir. Şair yaradıcılıq boyu dünya çirkinliklərinə bulaşmayan, hər şeyə ilk dəfə görürmüş kimi heyrətlə baxan saf uşaq ruhunu qoruyub saxlamaq məcburiyyətindədir. Şair sözün yaşaması üçün öz canını, ömrünü qurban verməyə hazırdır. Misradakı "Allah işığı" sufi fəlsəfəsindəki nura – ilahi ilhama işarədir. Şairin yaradıcılığı birbaşa ilahi qaynağa bağlanır. "Qocaldır, böyütmür Allah / İçindəki saf uşağı" təzadı sənətkarın fiziki yaşlanması ilə ruhunun sarsılmaz saflığı arasındakı dialektikanı ifadə edir. Dünya onu cismən qocaldır, ağrıları saçını ağardır, lakin Tanrı onun içindəki dünyanı təmiz, günahsız hiss edən “saf uşağı” qoruyur. Çünki uşaq böyüsə, saflıq itər, saflıq itsə, şeir doğulmaz.

 

Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.

 

Hər payız ölüb, hər yaz dirilən ağacları düşünürəm. Burada da ölüm son deyil, ruhun ali azadlığa qovuşmasıdır. "Sözündən asılıb ölür", - ifadəsi sənətkarın öz yazdığı həqiqətin, bədii prinsiplərin qurbanına çevrilməsini göstərir (Nəsimi və ya Mənsur Həllac fəlsəfəsində olduğu kimi). Şair özünü fəda edir ki, "söz boğulmasın", həqiqət yaşasın. Sonda şair sözün boğulmaması üçün öz bioloji varlığından keçir. Şeirin final akkordu olan "Bezib köhnəlmiş ömürdən / Ölür təzə doğulmağa", - misraları isə maddi dünyadan imtina fəlsəfəsidir. Dünyəvi ömür "köhnəlmiş" bir libasdır. Onun üçün fiziki ölüm bir son deyil, ruhun zəncirlərdən qurtulub əbədi sənət aləmində və Tanrı dərgahında təzədən doğulmasıdır (metamorfoza).

Bütövlükdə, Təranə Turan Rəhimlinin “Şairlər” şeirindən çıxan yekun fəlsəfi formul belədir: şair, dünyanın bütün dərdi ilə yüklənmiş, minillik yollardan keçib gələn, özünü sənətdə tapan fədakar bir ruh, şairlik isə – çəkilən əzabların, ölümlərin və daxili yanğının mistik bir şəkildə estetik sözə (tüstüyə) çevrilməsi prosesidir. Şairlik, daşları dilə gətirən ilahi bir missiya, cismi qocalıqda belə ruhu uşaq saflığında saxlamaq bacarığı və sözün yaşaması üçün bioloji varlığından vaz keçə bilmək fədakarlığıdır. Qeyd edək ki, şair vaxtsız itirdiyimiz fədakar sənətkar Adil Mirseyidin xatirəsinə ithaf etdiyi  bu şeirdə fədakarlıq və "sözdən asılıb ölmək" fəlsəfəsini real bir müstəviyə daşıyıb. Düşünürük ki, Təranə Turan Rəhimlinin bütöv bir yaradıcılıq manifesti olan "Şairlər" şeirini fəlsəfi və poetik süzgəcdən keçirərək şairin yaradıcılığının poetik manifestini az da olsa açmış olduq.

Şairin zamanın axarı və daxili mənəvi yetkinlik kimi dərin duyğular üzərində qurulan yaradıcılığında həyatın sirləri və insan psixologiyasının incə detalları ön plana çıxır. Yalnız maddi dünya ilə məhdudlaşmayan, mənəvi ucalığa və ilahi eşqə can atan şairin şeirlərində bu fəlsəfi istək özünü əsasən, bu istiqamətlərdə, zamanı və ömrü yenidən doğulmaqla dərk etməkdə, ilahi varlığa və paklığa can atmada,  səssizlik və dözüm fəlsəfəsində göstərir. Şair maddi cismin faniliyini qəbul etsə də, ruhun şeirdə və misralarda yenidən doğulmasını arzulayır. "Mən bu ömrü yaşamışam" fəlsəfəsi ilə lirik qəhrəman ruhən tarixin dərinliklərinə qayıtmaq istəyini ifadə edir. Lirik qəhrəman hər yandan bağlanan yolların sonda Allaha çıxacağını bilir və bəşəri çirkinliklərdən uzaqlaşmaq istəyir. Bəzən haqsızlıqlar qarşısında susmağı üstün tutan şair, daxili bir vulkan kimi vaxtı gələndə sözün "qınından çıxmasını" istəyir. Bütün bunları, Təranə Turan Rəhimlinin poeziyasındakı fəlsəfi dərinliyi konkret cismi ölümün faniliyi ilə ruhun və sənətin əbədiliyi arasındakı ziddiyyəti sorğulayan misraları üzərindən üzərindən təhlil edə bilərik:

 

Mən hansı fəsildə köçəcəyəm?
Bir vərəqin küncündə.
Bir misranın içində.
Yenidən doğulacağammı?
Ölmədiyimi biləcəklərmi?

 

Şair burada seiri maddi dünyanın keçiciliyinə qarşı bir əbədiyyət sığınacağı kimi təqdim edir. İnsanın fiziki yoxluq qorxusu sənətkarın misralara sığınma fəlsəfəsi ilə əvəzlənir. "Yenidən doğulmaq" fəlsəfəsi reallığı deyil, sözün içində var olmağı ifadə edir. Aşağıdakı misralarda isə zamanın insan psixologiyasına və yaddaşına təsiri, "dözüm" və təklik fəlsəfəsini izləyək:

 

Yenə yuxum qaçaq düşüb,
Bu gecə - dözüm gecəsi.
Yeyib bitirəcək məni.
Ömrün ən uzun gecəsi.
Oyanacaq xatirələr...

 

Şair üçün gecə sadəcə zaman kəsiyi deyil, insanın öz daxili "mən"i və keçmişi ilə üz-üzə qaldığı məhkəməsidir. Xatirələrlə baş-başa qalması insanın zaman qarşısındakı gücsüzlüyünün, eyni zamanda mənəvi dözümünün sınağa çəkilməsidir. Aşağıdakı misralarda isə həyat qanunauyğunluqları qarşısında insanın "gecikmə" fəlsəfəsi və taleyin labüdlüyünün qəbulu inikas edir. Lirik qəhrəmanın dünyanı dərk etməsi ağrılı bir təkamül yoludur. Müdrikliyin, səhvləri və düzləri ayırmağın insana gec gəlməsi fəlsəfi sarsıntı yaradır:

 

Allah, məni gec böyütdün,
Nəyə əl atdım gec oldu.
Gecikdiyim hər qapıda.
Neçə ümidim heç oldu.

 

Bu gecikmə həm də ruhun "sözün qoynuna qısılaraq" isinməsinə və mənəvi güc tapmasına yol açır. Şairin fəlsəfi yaradıcılığında "Hər yandan bağlanan yol Allahadır", - konsepti lirik qəhrəmanın sığınacaq axtarışını, dünyəvi çarəsizliyini və bəşəri imtahanları dərk etmə mərhələsini əks etdirir. Bu konsepsiya bədii ədəbiyyatda təsəvvüf və irfani fəlsəfənin müasir poeziyaya köçürülmüş formasıdır.

Şairin bu fəlsəfəni (dünyəvi qapıların bağlanması və ümid metaforası) ehtiva edən misralarını nümunələr üzərindən təhlil edək:

Hər qapı üzünə qapanan zaman,
Ruhun sıxılarsa səs-küydən, qəmdən.
Bir qapı açılar sənə hər andan,
O qapı sənindir, qorxma kölgədən...

 

Müəllif burada "qapı" metaforasından istifadə edir. Dünyəvi qapıların bağlanması lirik qəhrəmanı sarsıtmır, çünki o bilir ki, kainatda mütləq bir "Açıq qapı" (Allahın qapısı) var. İnsanın təkliyi onun Tanrıya ən yaxın olduğu andır.

         Təranə xanımın yaradıcılığında toxunmaq istədiyim məsələlərdən biri də zaman fəlsəfəsidir. Onun “Ədəbiyyat Qəzeti”ndə işıq üzü görən "İllər sürət qatarıdı" şeiri fəlsəfədə "zaman-məkan və insan" triadasının, zamanın amansız sürəti qarşısında lirik qəhrəmanın daxili təlatümlərinin parlaq bədii ifadəsidir. Bu sürət qarşısında lirik qəhrəman öz daxili "mən"inə, xatirələr və yaddaş məkanına mühacirət edir. Şair zamanın nisbiliyini və onun insan iradəsindən asılı olmayan mütləq sürətini vurğulayır. İnsan ömrü xətti zaman daxilində kiçik bir nöqtəyə çevrilir:

 

İllər sürət qatarıdı,
Ay başlayan kimi bitir.
Həftələr hey itələşir,
Günlər qovhaqovda itir.

 

Müəllif ili "sürət qatarı"na bənzədərək zamanın dinamikasını vizuallaşdırır. "İtələşir", "qovhaqovda itir", - kimi fellərin seçilməsi zaman vahidlərinin (ay, həftə, gün) bir-biri ilə sanki aqressiv bir yarışda olduğunu, insanın bu xaosun içində əzildiyini göstərən güclü bir metaforadır.

 

Gecə-gündüz gözgörəti
Zaman mənə savaş açır.
Saniyəylə yarışıram,
Saatlar əlimdən qaçır.

 

Burada zaman-insan qarşıdurması fəlsəfi müstəviyə daşınır. Zaman sadəcə keçib getmir, o, insana qarşı aktiv şəkildə "savaş açan" düşmən kimi xarakterizə olunur. "Zaman mənə savaş açır", - misrasında zaman şəxsləndirilir (personifikasiya). "Saniyə" və "saat" anlayışları vasitəsilə lirik qəhrəmanın hər anı qazanmaq, həyata gecikməmək üçün verdiyi ümidsiz mübarizə bədii şəkildə ifadə olunur.  Misralardakı mahiyyət zamanın məkansal xarakter alması, yəni real zamanın yaddaş (xatirə) məkanına köçməsi fəlsəfəsidir. İndiki zaman o qədər sürətlidir ki, onu yaşamaq mümkün olmur, an dərhal keçmişə çevrilir, "Xatirəyə hopur anlar". Bu ifadə soyuq zaman anlayışını emosional yaddaş məkanına çevirən incə bir təsvirdir. "Tez-tələsik vədə dolur", - misrası isə insanın bu dünyadakı mövcudluq müddətinin (vədəsinin) qaçılmaz sonuna işarə edir.

Müasir fəlsəfənin, xüsusən də ekzistensializmin, ən böyük problemi olan yadlaşma və insanın öz "mən"ini itirməsi fəlsəfəsidir. Gündəlik qayğılar insanı öz həqiqi ruhundan uzaqlaşdırır.  Buradakı “iş-güc" lirik qəhrəmanı ovlayan bir yırtıcıya ("ley") bənzədilir. "Özümdən qoparır məni", - misrasında insanın daxili bölünməsi, ruhun bədəndən və sosial həyatdan təcrid olunaraq tək qalması çox təsirli şəkildə ifadə edilir. Şeirin kulminasiya nöqtəsi olan bu misralar həyatın absurdluğu və keçiciliyi haqqındadır. Zaman elə bir sürətdədir ki, insan məkanda sabit qala bilmir, həyatı dərindən hiss edib "yaşamağa" imkan tapmır, sadəcə onun "üstündən uçub keçir".  "Sabahı qucub gedirəm", - ifadəsində gələcəyə doğru canatma, lakin eyni zamanda "yaşamıram, üstündən uçub gedirəm", - etirafı lirik qəhrəmanın sarsıntılı son qənaətini bəyan edir. Həyatın real yaşantı deyil, sürətli bir tranzit keçid olması bədii şəkildə yekunlaşdırılır.

Şairin yaradıcılığındakı digər vacib xətt isə sevgi və ayrılığın metafizikasıdır. Təranə Turan Rəhimli üçün sevgi bəşəri duyğudan daha uca bir anlayış – ruhun təmizlənmə mərhələsidir. Onun sevgi və ayrılığın mistik fəlsəfəsinə toxunan "Səni gözlərimin yaşı tutacaq" şeirinə  nəzər salaq.  Şeir insan münasibətlərindəki qırılmaları, sevgi və ayrılığın fəlsəfi-mistik mahiyyətini əks etdirən ən təsirli nümunələrdən biridir. Şair bu şeirdə sevgini sıradan bir hiss olaraq deyil, insanın ruhunu təmizləyən və taleyini formalaşdıran metafizik bir qüvvə kimi təqdim edir.  Şeirdəki mistik və fəlsəfi qatları misralar üzərindən təhlil edək:

 

Rəngbərəng dərdlərim özümə qalsın,
Sevgini götür get, məni qınama.

 

Burada ayrılıq fiziki uzaqlaşma deyil, ruhsal bir mübadilədir. Şair ayrılıq anında duyğuların enerjisini iki yerə bölür. Dərd lirik qəhrəmanın daxili dünyasında ("özündə") qalır, sevgi isə qarşı tərəfə bir yük, bir müqəddəs əmanət kimi ötürülür.

Buradakı "Rəngbərəng dərdlər" ifadəsi müəllifin kədərə fərqli bir bədii çalar qazandırdığını göstərən maraqlı bir metaforadır. Sevginin fiziki bir əşya kimi "götürülüb aparılması" təsviri isə hisslərin məkandan asılılığını itirdiyini göstərir.

Müasir poeziyada yuxu və xəyal insanın daxili aləminin gizli məkandır. Şeirə mistik və gizli bir atmosfer qatır.Lirik qəhrəman qarşı tərəfin bu mistik məkanlara daxil olmasını qadağan edir:

 

Yuxuma da gəlmə, xəyalıma da,
Unut öldürdüyün arzular kimi.

 

Buradakı arzuların "öldürülməsi" ifadəsi sevginin həm var edən, həm də məhv edən ikili gücünə fəlsəfi işarədir. "Öldürdüyün arzular" təşbehi isə ayrılığın lirik qəhrəmanın daxili dünyasında yaratdığı mənəvi dağıntının miqyasını göstərir:

 

Demə bu dünyanın üzü dönükdü,
Qınama taleyə belə əyildim.
Dağdan dözümlüydüm, daşdan səbrli...

 

Misralarda həmçinin tale fəlsəfəsi (fatalizm) və insan iradəsinin sərhədləri sorğulanır. İnsan nə qədər güclü, dağ kimi dözümlü olsa da, sevgi və ayrılığın gətirdiyi kosmik qanunlar qarşısında acizliyini qəbul etmək məcburiyyətindədir.

"Dağdan dözümlü", "daşdan səbrli" ifadələri isə xalq təfəkküründən gələn mübaliğəli (hiperbolik) müqayisələrdir. Və bu müqayisələr lirik qəhrəmanın daxilində qopmaqda olan vulkanın qarşısını almaq üçün göstərdiyi fövqəladə gücü simvolizə edir.

Şeirin adında və ana xəttində dayanan "Səni gözlərimin yaşı tutacaq", - ideyası isə mistik bir inanca əsaslanır. Bu, fəlsəfədə səbəb-nəticə əlaqəsi və karmik ədalətdir[1]. Haqsız yerə axıdılan göz yaşı sıradan bir maye deyil, qarşı tərəfi mənəvi olaraq təqib edəcək energetik bir qüvvədir. "Göz yaşının tutması" ifadəsi bədiiləşdirilmiş xəbərdarlıq, eyni zamanda sevginin toxunulmazlığının bəyanıdır. Şair qarşı tərəfə bəddua etmir, sadəcə kainatın pozulmuş mənəvi balansının mütləq bərpa olunacağını fəlsəfi sükunətlə ifadə edir.

Bütövlükdə, Təranə Turan Rəhimlinin poeziyasında fəlsəfi qat, fəlsəfi düşüncə çox güclüdür. Bunu onun şairlik mənindən daha çox, sözün fəlsəfi gücünə sığınan, dərdi idrak süzgəcindən keçirərək “yanmaq” deyil, “bişmək” xəttini seçən alim zəkasının bədii formada özünüifadəsinə çevrilən "Böyüdüm” şeiri üzərindən izləyə bilərik. Onun elmi-intellektual təfəkkürü ilə fəlsəfi poeziyasının kəsişdiyi ən mükəmməl nümunələrdən biri olan "Böyüdüm" şeiri sadəcə bir hissin ifadəsi deyil, insanın mənəvi təkamülünü, "özünüreallaşdırma" prosesini addım-addım izah edən psixoloji-fəlsəfi bəyanıdır. Şeirin intellektual qatını alim zəkası ilə bağlamaq üçün şeiri bənd-bənd təhlil etməkdə fayda var.

Qaldım yollar ayrıcında,

Yolumu seçib böyüdüm.

İçimə dolan ağrının

İçindən keçib böyüdüm.

 

Şeirin bu bəndi eksiztensializmin (varlıq fəlsəfəsi) əsas prinsipi olan "seçim etmək azadlığı" və iradə üzərində qurulub. Aydındır ki, elm adamı hər zaman yol ayrıclarındadır, fərziyyələr, həqiqət axtarışları arasında seçim edir. Şair "ağrıdan qaçmır", onun "içindən keçir". Bu, ağrını emosional şəkildə fəğan etmək deyil, ağrının mahiyyətini idrak etmək, onu mənəvi böyümənin bir pilləsi kimi qəbul etməkdir. Alim soyuqqanlılığı və analitik yanaşmadır. Şeirin digər bəndində intellektual fəlsəfi bağı izləyək:

Düşdüm bir qərib həvəsə,

Üz tutdum işığa, səsə,

Çəkdim başa birnəfəsə

Bu eşqi içib böyüdüm.

 

Burada "İşıq" və "Səs" sadəcə vizual vəya vizual-audial elementlər deyil. İntellektual poeziyada işıq – idrakı, elmi, mənəvi aydınlanmanı, səs isə – kainatın harmoniyasını və sözü ifadə edir. Şair eşqi sadəcə bədən və ya hiss səviyyəsində deyil, ruhu aydınladan bir fəlsəfi substansiya kimi "birnəfəsə içir". Bu, elmi həqiqətə susamış alimin bilik ehtirasının ifadəsidir:

 

Girdim həsrətin qoluna,

Daldım ömrün sağ-soluna.

Dərdi geninə-boluna

Boyuma biçib böyüdüm.

 

"Ömrün sağ-solu" ifadəsi fəlsəfi zaman və məkan koordinatlarıdır. Şair həyatı həm horizontal (sağ-sol), həm də vertikal (böyümək) oxda təhlil edir. Dərdi boyuna biçmək – taleyi şüurlu şəkildə qəbul etməkdir. Bu bənddə intellektualizm özünü dərdi bir fəlakət kimi yox, insanın daxili miqyasını (boyunu) ölçən bir meyar kimi dəyərləndirməsində göstərir.

 

Ruhum yüz kərə talandı,

Misralarda daldalandım.

Köksümdə tonqal qalandı,

Yanmadım, bişib böyüdüm.

 

Bu bənd şeirin kulminasiya nöqtəsidir. Şeirdəki “böyümək” fiziki və ya sadəcə yaşla bağlı deyil, intellektual və mənəvi təkamüldür. Şair üçün poeziya və söz sadəcə bəzək deyil, ontoloji sığınacaqdır. "Misralarda daldalanan” bir filoloq-alim üçün sözün xilaskar rolunun dərkidir. "Yanmadım, bişib böyüdüm"  - misrası Şərq fəlsəfəsindəki (təsəvvüfdəki) "Xam idim, bişdim, yandım" (Mövlana) konsepsiyasının intellektual transformasiyasıdır. Lakin şair "yanıb kül olmağı" yox, tonqalın içində "bişməyi" (müdrikləşməyi) seçir. Bu da onun elmi fəaliyyətinin poeziyadakı birbaşa “vizit kartı”dır. "Elm adamı da təcrübələrdə, sınaqlarda yanıb yox olmur, bilikcə zənginləşir, "bişir", müdrikləşir.

Beləliklə, Təranə xanımın şeirlərindəki dərin fəlsəfi qat və intellektualizm təsadüfi deyil, onun elmi fəaliyyətindən bədii yaradıcılığına yansıyan analitik idrakın inikası, hisslə zəkanın sintezidir. Məqalədə, Təranə Turan Rəhimlinin yaradıcılığında bir alim və filologiya elmləri doktoru kimi apardığı fundamental araşdırmaları, sözün strukturuna və məna qatlarına akademik bələdliyinin poeziyasına təsirini, bədii təfəkkürlə elmi təfəkkürün vəhdətini, eyni zamanda şairin fəlsəfi fikirlərini poeziyaya gətirərkən şeiri quru, elmi mülahizələr yığınına çevirmədiyini, yüksək intellekti məharətlə bədii estetikaya, zərif duyğulara çevirməsini izlədik.

Müasir Azərbaycan poeziyasında intellektualizm duyğuların analitik zəka süzgəcindən keçərək fəlsəfi müdriklik qazanması prosesidir. Və Təranə Turan Rəhimli kimi yaradıcı imzalar bədii təfəkkürlə analitik idrakın sintezi, milli şeirimizi eksistensialist dərinlik və ümumbəşəri rəmzlərlə zənginləşdirir. Nəticə etibarilə, intellektual poeziya müasir oxucunu sadəcə hisslərin təsirinə salmır, həm də onu varlığın, zamanın və insanın mahiyyəti barədə dərindən düşünməyə sövq edir.

Dəyərli və əziz Təranə xanım. Sizin çoxşaxəli və zəngin yaradıcılığınızı bir məqalə çərçivəsində tam əhatə etmək qeyri-mümkündür. Biz bu yazıda yalnız poeziyanızın sirli-sehrli qapısını bir qədər aralamağa cəhd göstərdik. Ümid edirik ki, bu addımımız uğurlu alınmışdır. Qələminizin bədii nuru elmi təfəkkürünüzün dərinliyi ilə vəhdət təşkil edərək hər zaman oxucu qəlbinə nüfuz etsin; misralarınız zamanın sınağından keçərək əbədi yaşasın!!!



[1] Karmik ədalət, insanın etdiyi hər bir yaxşı və ya pis əməlin gec-tez özünə qayıdacağını ifadə edən mənəvi inanc sistemidir. Bu məfhum qədim Şərq fəlsəfəsinə və Karma qanununa əsaslanır.

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0