Şəkil çəkdirirəm, ağrılar düşür - Esmira Məhiqızının şeirləri
Yazıçı Ədəbiyyat Portalı Esmira Məhiqızının şeirlərini təqdim edir.
***
gedəndə... görürsən yol yola çıxır,
yol yola qovuşur,
sən ayrılığa.
hərdən istəyirsən yoldan çıxasan,
nəsə pıçıldayır;
-dön ayrılığa.
evin-eşiyin də həməndi, həmən,
otaqda nə varsa yerli yerində,
amma gözlərində, o qara-qorxu,
-nəsə çatışmır.
qulaq kəsiləndə anlayırsan ki, bir səs çatışmır.
vurursan, bölürsən nəyin var, nəyin-
nəyin var, bölünür,
tən ayrılığa.
sonrakı uçuşlar ömründən gedir,
ya tale uçuşu, ya quş uçuşu,
ən gözəl sevdiyin bir şeir kimi,
yağır çətirinə yağış uçuşu,
uçursan,
uçursan yağışla, quşla,
qəfildən yorulur qanadların da,
görürsən enməyə başqa yer də yox,
deyirsən; - di haydı,
en ayrılığa.
***
çilələr,
çilələr..bitmir ki, bitmir.
gün çilə, yön çilə- çiləliyirsən.
bir salxım buludu kirpiklərinlə
hər gün yağış-yağış giləliyirsən.
qəm düşür qış kimi, qışa qalırsan.
nəm düşür yaş kimi, yaşa qalırsan.
dəm gəlir boş kimi, boşa qalırsan,
sonra da oturub divar dibində
kimsəsiz qoca tək elə büzüşüb
təsbehdə gününü dənəliyirsən.
hardasa boşluqlar dolmur, görürsən.
çiçək solduğu tək, gül solduğu tək-
ağrılar, acılar solmur görürsən.
ağlama, ağlama, ay şeir balam!
sən deyən,
mən deyən
olmur görürsən,
olmur da, olmur da...neynəməlisən.
sonuncu şeiri alnına sıxıb
axırda özünü gülləliyirsən.
***
o mənim gördüyüm görmələr yoxdu,
sünbül saçlarımda hörmələr yoxdu,
ay külək, o qapı döymələr yoxdu,
ay külək, qapımı döyə bilərsən.
şəkil çəkdirirəm, ağrılar düşür,
yaralar, qaysaqlar, sarğılar düşür,
ay çəpər, gözümə qarğılar düşür,
ay qarğı, xətrimə dəyə bilərsən.
bir gün bulud-bulud yağdığım yerdə,
qırılıb sularda axdığım yerdə,
qəfil güzgülərə baxdığım yerdə,
ay dəli, bu kimdi?
deyə bilərsən.
bu yuxu payızın yaz yuxusuymuş,
sönmüş od-ocağın köz yuxusuymuş,
bir sısqa qadının qız yuxusymuş,
daha yozammıram...
niyə?
bilirsən.
***
sən də yoxluq, mən də yoxluq...neyniyək,
iki yoxluq bir arada qalarmı .
güzgüdə də görmürəm heç, deyəm ki-
yoxluğuna salam versəm, alarmı ?
ya keçərmi qollarının bəndinə,
xəyalımı deyirəm eyyy, bənöyşə.
sizdən bizə ayrılıqlar düşəndən,
bizdən sizə düşənlər də gen düşər.
daşımağa bir dəriyəm, bir sümük,
güzgülərdə fikir qoyub gedirəm.
indi dəbdi, başdaşında hamı tək,
iki dənə şəkil qoyub gedirəm.
***
balıqlar uça bilirdi,
ağaclar qaça bilirdi,
gecələr aça bilirdi,
dünya qəmdən əvvəl idi.
hələ yara yamamırdım,
varı-yoxu unamırdım,
tellərimi sanamırdım,
hələ dəndən əvvəl idi.
külək əsəndən sonraydı,
ağlım kəsəndən sonraydı,
nəsə... o səndən sonraydı,
nəsə məndən əvvəl idi.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0