Hər gün dodağımda ağladı adın - Əlizadə Nurinin şeirləri

İyn 16, 2026 - 19:32
İyn 16, 2026 - 19:36
 0  9
Hər gün dodağımda ağladı adın - Əlizadə Nurinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Əlizadə Nurinin şeirlərini təqdim edir.

Saçlarını ovutmağa gəlmişəm...

Kim dəyib ki, bu qələmin xətrinə,-
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib...
Göz yaşları yanağında ağlayır.

Bu dünyaya axa- axa gəlmişəm...
Sənin üçün darıxmağa gəlmişəm.
...Saçlarını ovutmağa gəlmişəm,-
Eşitmişəm darağında ağlayır?..

...Düşən gündü, yoxsa göydən yar baxır?!
Bəlkə cənnət dedikləri Yar bağı?!..
...Payız dəyıb xətrinə o yarpağın,-
Bu ağacın budağında ağlayır?

Bu ümid də göyərmədi, dərəsən,
O qadının yollarına sərəsən...
...Bu pərvanə nə istəyir görəsən,-
Ürəyimin çırağında ağlayır?..

Gözüm ürəyimlə yola getmədi...

Mən özüm özümlə qumar oynadım, -
nə yaxşı özümə uduzdum, Allah...
Gözüm ürəyimlə yola getmədi,
axırda gözümə uduzdum, Allah...

Sınsan, görəcəksən həlimdi dünya,
qüruru olana qənimdi dünya...
... Bir az da dözsəydim, mənimdi dünya,
dözmədim, dözümə uduzdum, Allah...

Açıb eşq qutusun, “nəzir” götürdüm,
bu şah qəm məni də vəzir götürdü!
Döyüşdük, söz məni əsir götürdü,
döyüşdük, sözümə uduzdum, Allah...

Sənin ad gününə qəsdən gecikdim...

Açdım pəncərəmi eşq havasına,
bir Gün doğacağdı, duman saxladı...
Böyük bir kədərə qurban gedirdim,
məni balaca bir güman saxladı.

Sən niyə gecikdin, hardaydın qadın?
Hər gün dodağımda ağladı adın...
Ömürdən bir qədər vaxt oğurladım, -
sənə həsr etməyə zaman saxladım...

Daş daşı üyütdü, o dən gecikdi,
ruhu apardılar, bədən gecikdi...
... Sənin ad gününə qəsdən gecikdim, -
mən səni bir az da cavan saxladım...

Sənin adına şəhər

Mən sənin adına şəhər salmışam,
Heç kim bu şəhərə çıxmasın şərik.
Ev tikib, yol salıb duyğularımdan
Bir şəhər salmışam - iki nəfərlik…

Gəl, öz şəhərini göstərim sənə,
Gəl, öz şəhərini sənə tanıdım.
Mən sənin adına şəhər salmışam,
Ürəyim - şəhərin baş meydanıdı…

…Tikdim ürəyimin sahillərində,
Qoymadım bu şəhər məndən yan keçə.
Qala qapısıyam mən bu şəhərin,
Təkcə sənin adın qapıdan keçər!

Hələ görüləsi çox işin qalıb,
Hələ bir budağı dərə bilmişəm.
Mənə bu dünyanı verən qadına,
Mən hələ bir şəhər verə bilmişəm.

…Gəl doldur sən onu gözəlliyinlə,
Doldur nəfəsinlə bu boş şəhəri.
"Sevgi şəhərləri" xəritəsində
Bu paytaxt şəhəri, bu baş şəhəri.

Gəldim şəhərinə, sevindi şəhər,
Gəldin, işıq düşdü küçələrinə.
Oturub şəhəri tumarlayıram, -
Saçını sərmisən gecələrinə…

…Mən sənin adına şəhər salmışam,
Heç kəs bu şəhərə çıxmasın şərik.
Ev tikib, yol salıb duyğularımdan
Bir şəhər salmışam - iki nəfərlik…

Yandım, ürəyimdə o qız da yandı...

Bu ömrü kağıza köçürmüşəm mən, -
mən adam külüyəm, ya kağız külü?
Yandım, ürəyimdə o qız da yandı, -
bir az öz külüməm, bir az qız külü...

Gecə var, bir uzun ömürdən uzun,
ölümnən oynayıb ömür uduzur...
Hər axşam yandırır ayı-ulduzu, -
Tanrı səhər yığır ay-ulduz külü...

Qəm çaxmaq daşıdı, daşdan yanmışam,
ayaqdan od alıb, başdan yanmışam!
İlahi, nə yaxşı eşqdən yanmışam, -
baha eləmişəm bu ucuz külü...

Dağlar ölkəsidi sinəmiz bizim...

Bəlkə, qandı axır yeraltı çaylar, -
bəlkə, yerin altı damar kimidi?
Göy üzü - Allahın ovuclarıdı,
ulduzlar ovcunda qabar kimidi...

Göydən qırılıbdı nənnimiz bizim,
həsrətin yaşıdı sinnimiz bizim...
Dağlar ölkəsidi sinəmiz bizim,
nə olsun, baxanda hamar kimidi?!

Güllə tuşlamağa nə tirdi quşlar!
Qoy girim altına çətirdi quşlar...
Vətəndən bir məktub gətirdi quşlar -
elə bu quşlar da çapar kimidi...

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0