Salam, əziz dost - Sərraf Talıbın elegiyası
Yazıçı Ədəbiyyat Portalı Sərraf Talıbın elegiyasını təqdim edir.
Dostum Ağaddin Babayevin əziz xatirəsinə
Salam olsun, əziz dost,
O dünyada nə var, nə yox,
Öyrəşmisənmi
gününə-güzəranına,
Darıxmırsan ki, mənim kimi?
Şeir yazırsanmı Tuba ağacının
yamyaşıl yarpağına,
Küçəmizdəki salxım söyüdə yazdığın kimi?
Bir hurinin adını cızmısanmı yaşıl darağına,
İlk sevdiyin qızın adını
darağına cızdığın kimi?
Yoxsa onu da unudub,
Yenə küsürsənmi Səyyarə xaladan,
Abdulla əmidən,
İstədiyin hurini sənə almadığına görə?
Orda da nəsrani qızları varmı, əziz dost?
İlk sevgin daşa dəyəndən
Bir nəsrani qızıyla görüşməyin
yadına gəlirmi, əziz dost?
Yoxsa - onun da adı
quruyub,
Küçəmizdəki söyüdün yarpağı kimi-,
Dönüb toza, torpağa,
Minillik torpağa qarışıb
Qəbrinin torpağı kimi.
Bilirəm — susacaqsan,
Xoşlamazdın heç
sirrini bölüşməyi başqalarıyla.
Amma sənin sirrin - mənimdi, axı,
Mənim sirrim - sənindi, axı,
Yoxsa unutmusan, əziz dost?
Yadındadı, biz bir-birimizin səsini
uzaqlardan eşidərdik –
Uşaqkən eşidərdik,
Cavankən eşidərdik-,
Sən Almaniyada, mən Rusiyada
Sən Bakıda, mən Lənkəranda,
Şağlaserdə eşidərdik,
Səs-küydə, sükutda,
qulaq deşən səssizlikdə,
Gözlərimizdən axan suyun
səsiylə eşidərdik,
Qəlbimizin muğam ağrısıyla
eşidərdik…
Eşidərdik meşədə, çəməndə,
dağda, qayada, əziz dost!
Dinmirsən,
Bağışla,
Hüzurunu pozdum deyə,
Sadəcə darıxmışdım səninçün -
keçən günləri xatırladım,
gəzdim deyə,
bir daha onunçün.
Axı bir ildir görüşmürük,
Bu vəfasız dünyada,
bir ildir…
Bu bir ildə,
zaman da yaman sürətlə keçib,
Söyüdlər yarpağını dəyişib,
Darağın üstündə yazdığın ad da
Solub, silinib.
İndi hurilər keçir yanından,
bilirəm,
Halından, susmağından
bilirəm.
Amma sən…
Sən hələ də susursan,
Səssizliyin də bir dili var,
Sən dinməsən də,
Bu dili anlayıram,
Mən təkliyin sinəsinə
qırmızı-qırmızı yazaram,
Söyüddən ayrılan hər yarpağa,
Gur saçlarını daradığın yaşıl darağa,
istəsən bir “hurinin” adını
çoxunun acığına
sənin üçün yazaram, əziz dost.
Kədərli bir nəğmədir sanki bu həyat,
Mən isə xordan ayrılan bir səsəm,
Şeirdən düşən bir sözəm,
Avesta dilində bir səsli cümləyəm,
Qara torpağam,
mavi göyəm, əziz dost,
Bu an, bu gün, bu saat,
Bu vəfasız yer üzündə
təkəm, tənhayam,
Səndən sonra
kədərli bir nəğməyəm, əziz dost!
13.05.2026
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0