Şirini, acını duyub yazıram - Tapdıq Əlibəylinin şeirləri

İyl 2, 2026 - 21:51
İyl 2, 2026 - 21:58
 0  19
Şirini, acını duyub yazıram - Tapdıq Əlibəylinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Tapdıq Əlibəylinin 65 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.

AZƏRBAYCAN - TANRI YAZAN ÜNVANIM

 

Əzəlimdən qüdrətimdir bu torpaq,

Əzəmətim, qeyrətimdir bu torpaq,

Əbədiyyət, qüvvətimdir bu torpaq,

Azərbaycan - Tanrı yazan ünvanım! 

 

Türk soraqlı qüdsiyyətim - bu torpaq,

Qanımdakı heysiyyətim - bu torpaq 

Qayəmdəki hüsniyyətim - bu torpaq                

Azərbaycan - Tanrı yazan ünvanım!

 

Əsil-nəsil, nəcabətim - bu torpaq,

Ulu yurdum, məmləkətim - bu torpaq,

Həqiqətim, ülviyyətim - bu torpaq,

Azərbaycan - Tanrı yazan ünvanım!

            

Şəhidlərin əmanəti - bu torpaq,

Ərənlərin dəyanəti - bu torpaq,

Dühaların səltənəti - bu torpaq,

Azərbaycan - Tanrı yazan ünvanım!

 

Ay-ulduzlu bayrağımdır bu torpaq,

Hürriyyətim, çırağımdır bu torpaq, 

Kimliyimdir, ocagımdır bu torpaq,

Azərbaycan - Tanrı yazan ünvanım!

 

Şeiriyyət-heyrətimdir bu torpaq,

Səcdəgahım, beyətimdir bu torpaq,

Məslək-məram, niyyətimdir - bu torpaq,

Azərbaycan - Tanrı yazan ünvanım!

 

Baş nəğməmin nəqəratı - bu torpaq,

Ürəyimin hərarəti - bu torpaq,

Neçə-neçə el həsrəti - bu torpaq...

Azərbaycan - Tanrı yazan ünvanım!

 

Doğmasına göz yağıdır bu torpaq,

Yağılara göz dağıdır bu torpaq,

Bütöv Vətən ol çağırır bu torpaq!..

Azərbaycan - Tanrı yazan ünvanım!

                          

XATİRƏLƏR - YOL YORĞUNU BİR QƏRİB

 

Xatirələr xəzan sayaq boylanır,

Xəyallarım xatirəyə boyanır,

Duyğularım nisgilərdən boy alır...

Xatirələr - yol yorğunu bir qərib...

 

Arıya bax, xumar olub gül üstə,

Fikir sözlə çiçəkləyir dil üstə.

Fəsil-fəsil il gəlirsə il üstə,

Xatirələr - yol yorğunu bir qərib...

 

Xəzan gözü sis, yağmurdan nəm çəkib,

Bir sevincə, bir kədərə çən çöküb,

Şair Tapdıq ğoy üzünə göz dikib...

Xatirələr - yol yorğunu bir qərib...

                       

SƏHƏR OVQATI

Ağaran dan yeri səhərin rəngi,

Xaliqin xilqətə gözaydınlığı.

Dünya başdan-başa ilahi sərgi,

Əridir içində nur qaranlığı...

 

Tökülür üstümə səhər şəfəqi,

Günəş təbəssümün soraqlayır şeh.

Quşların ötməsi doyulmaz şərqi,

Sanki yarpaqları daraqlayır meh...

 

Duyğu qanadında çiçəkləyir söz,

Heyrət ovqatında misra-misrayam.

Tamaşa etməyə istər iki göz, 

Dinir gözəlliklər: gör nə əsraram...

                       

SÖZ ÜSTƏ DİVANƏ

 

Özündən özünə yol gedə bilən 

Minillik yolları qayıda bilir. 

Yer-göy arasında özünü bölən 

Özünü qəflətdən oyada bilir.

 

Üzüyola deyil fələk gərdişi,

Həyatın sərt üzü sınağa çəkir.

Dəyişməz dünyanın əzəl vərdişi,

Sığal çəkə - çəkə başa turp əkir.

 

Təbi-təbiəti sözlə dəyişən

Heyrət işığında pərvanə olar.

Bəxtinə qismətdən şairlik düşən

Bircə söz üstündə divanə olar.

                   

GÖRDÜYÜM BAŞQADI          

 

Dünya bəmdən zilə qəm nəğməsiymiş, 

Oxuyan da bizik, dinləyən də biz.

Dünyanın havası bir ney səsiymiş,

Oynayan da bizik, inləyən də biz.

 

Gözlərin oynayır ala buludda,

Fələk saya salmaz sən saydığını.

Sən ki piyadasan, zamansa atda,

Qəfildən boyayar qara ağını...

 

Gözüm tor görürmü, görən tor görür?

Gördüyüm başqadı, ha basın dilə... 

Nə görür zor görür, deyən zor görür;

Dünya düzələrmi əyri əl ilə.

 

Yeddi qatdan keçən sözmü tükənib?

Yoxsa ədəb-ərkan çəkilib ərşə?..

Utancdan qızaran üzmü tükənib?

Yoxsa abır-həya yaramır işə?.. 

 

Dövran göz ağardır üzüağ kəsə,

Ağ yalan doğrunu qaralayıbdı.

İndi diş ağardan çoxalıb nəsə,

Daha deyilməyir “eldən ayıbdı”...                           

                    

DÜNYA ZOR DİLİNDƏ DANIŞIR YENƏ

 

Dünya “zor dilində” danışır yenə,

Min il də, yüz il də əvvəl beləymiş.

Həqiqət gör necə düşüb düyünə,

Ədalət libasın şər geyinərmiş...

 

Yenə təlatümdə narahat dünya,

Canında, ruhunda iblis kəməndi.

Bənzəyir axarı bulanıq suya,

Durulmur, axdıqca yenə həməndi...

 

Yenə fikrim, ruhum çəkilib dara,

Yaşamaq hər kəsin haqqı deyilmi?..  

Rəzalət, sitəmdir baxıram hara,

Qara düşüncələr açmır eynimi...

                         

 ÖMRÜN QAZANCI 

Yarpaq gözəlliyi - baharın hökmü,

Tanrıdan boy alan bir əzəlilik.

Xəzan gözəlliyi - yarpaq tökümü,

 Gəlimdən gedimə yol - əbədilik...   

                               

Şirini, acını duyub yazıram;

Sevinci-kədəri əkiz dünyanın.

Ruhum göylərdəsə, köçə hazıram,

Cəfası-səfası əziz dünyanın...

Gəlimli-gedimli dünya dedilər,

Gəlimli bu dünya, gedimlisə o.

İkisi bir olan, vahiddən xəbər,

Əzəli - bu dünya, əbədisə - o.

Olumdan ölümə zaman ölçüsü

Ömür dediyimiz vaxt - məsafədir. 

Əcəl gəlişində aman ölçüsü 

Bəlkə, vəsiyyətdir - sonda töhfədir...

İkicə kəlmədir ömrün qazancı:

Birisi “rəhmət”dir, o biri “lənət”.

Biri açımaqsa, birisə acı…

Hər kəsin əməli özünə qismət.

                           

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0