Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm - Yeni İmza

Apr 5, 2026 - 16:45
 0  13
Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm - Yeni İmza

Yazıçı Ədəbiyyat Portalı  "Yeni İmza" layihəsində Mir Kamilin qəzəllərini təqdim edir.

***
Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm.
Özüm də bilmirəm fəqət bu qəm, nə qəmdi, birdənəm?!

Gözüm səbəbsiz anidən dolur, dilim kilidlənir.
Bu nə fərəh kimi fərəhdi, nə ələmdi, birdənəm.

Məəttələm, mənəmmi şövq ilə yanan bu eşqə, ya
Bu özgə bir bədəndə can tapan Kərəmdi, birdənəm?!

Yadındamı bizim vida, nə cür demişdin əlvida?!
Dilin deyirdi, qalma, get! Gözünsə nəmdi birdənəm...

Mənə könül verəndəmi, gözün düşüb həyatıma?!
Ürək müqabilində bir ömür sələmdi birdənəm.

Ömür qəfil keçibsə də, səsin unutmuşamsa da
Siraci, mən həmin mənəm, o birdənəmdi, birdənəm.

***
Getdim neçə yol eşq yolun qanlı dizimlə,
Bu vadidə getmək diləyən gəlsin izimlə.

Bir kimsəyə qeyzim, qəzəbim olmayıb əsla,
Vallahi mənim davam olub ancaq özümlə.

Öz eybimə göz yummamışam mən göz açandan,
Örtülməz həqiqətləri gördükcə gözümlə.

Ey Rəbbim, üzüm qarə, günahım çox, əlim boş,
Neylim, səninəm mən yenə səhvimlə, düzümlə.

Baş açmadım əvvəl dolaşıq badirələrdən,
Dərk eylədim axır səbəbin dərdə dözümlə.

Hər hadisə bir fəsl imiş ömrüm kitabında,
Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

Biz dərdi alıb zövq verən şerə çevirdik,
Dərdin, deyirəm, bəlkə budur dərdi bizimlə?

Arzum bu yaşımdan budu, bir isti ocaqda
Bir ömrü bərabər bölüşüm ruh əkizimlə.

Xoşbəxt olaram hər iki aləmdə, Siraci,
Bir qəlbə işıq bəxş eləsəm bircə sözümlə.

***
Nə uzun çəkdi, İlahi, nə yamandır bu gecə?
Görəsən, fikrimə son mənzil hayandır bu gecə?

Nə qərib hissdi, damıb qəlbimə, yarım gələcək,
Aman Allah, bu nə səsdir, nə gümandır bu gecə?!

Sən ki döydün, gülərüzlüm, sənə həsrət qapımı,
Kədər əfsanədi, qəm-qüssə yalandır bu gecə.

Yanağında o çökək ki, gülüşündən yaranır,
Dilbərim, könlümə ən doğma məkandır bu gecə.

Sənə elan edirəm eşqimi, tut qəlbində,
Hələ bir kimsəyə bildirmə, amandır, bu gecə.

Dizin üstündə başım, başımın üstündə hilal,
Bizə sevmək və sevilmək nə asandır bu gecə.

Ey Siraci, neçə il keçsə də, çıxmaz yaddan,
Yarının hüsnü kimi yadda qalandır bu gecə.

***
Ey nigaran baxışından duyulan kövrəklik,
Nazənin gözlərinə çox yaraşır ürkəklik.

Könül aram eləyən hər nəyi gördümsə, onun
Bir adı sənsən, əzizim, bir adı göyçəklik.

Gecələr əl-ələ gəzsək belə, şirin yuxuda,
Acıdır, ey səhərüzlüm, acıdır gerçəklik.

Bəxtəvərlik xınasın mən isidən əllərinə
Özgəsi yaxmasın, ey ağ donu narın kəklik.

Sən kimi gözləri yerlərdə olan bir gözəli
Sadəlik zirvəsidir ali edən yüksəklik.

Xatirə yelləri əsdikcə könül tültək əsir,
Bu vəfapərvərə xasiyyət olub titrəklik.

Rəngbərəng idi, Siraci, sənin ömrün bir vaxt,
Getdi yarın, yenə üz tutdu sənə boz təklik.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0