Vifliyemdə leysan - Yeni hekayə
Yazıçı Ədəbiyyat Portalı Xaqanın "Vifliyemdə leysan" hekayəsini təqdim edir.
Bu günə leysan demişdilər. Dənizdən əsən külək qara buludları gətirib Vifliyemin səmasına, xarala qara qoyunun yununu dolduran kimi doldurmuşdu. Səmanın harasına baxırdın, zahı buludun qarnını sallayıb doğum sancısı çəkdiyini hiss edirdin.
Külək aparmasın deyə fedurasını başına bərk-bərk sıxan Ravvin mavi gözlü arvadı ilə cümə günü səhər tezdən Şabat bazarlığına çıxmışdı. Həsir zənbillərini yelləyə-yelləyə piştaxtaların arasında dolaşan ər-arvad az qala hər kəsdən nəsə almağa çalışırdı. Hələ qonşu dul qadının bazarlığı da onların boynunda idi. "Ən təzəsi məndədir, bir bunun ətrinə bax, qırmızı deyirsən, bu da sənə qan qırmızı alma, ətə bax hələ, yağı üstündə əsim-əsim əsir, buna bax, heç qanı da qurumayıb, balığa bax, dindirsən danışar, süd deyil e, duru yağdır, yağ" səslərini yara-yara irəliləyən Ravvin "cənab, mənə də bir siftə ver" çağıran uzun hörüklü qadının piştaxtasının qarşısında dayandı.
- Deyəsən, hamı mənim kimi bazarlığını bu günə saxlayıb, - Ravvin satıcı qadına gülümsəyərək dedi.
- Doğrudur, cənab, görünür, Şabat hamının yadına cümə günü düşür, - satıcı qadın dodağının altında mızıldandı.
- Amma biz unutmamışıq, sadəcə gecikmişik... - deyən Ravvin üzünü arvadına tutub, - sən tərəvəz seç, meyvəyə də mən baxım, - deyib qımışdı.
Satıcının sübh üzü zeytun yağı hopdurulmuş parça ilə silib parıldatdığı meyvələr Ravvinin əlində nur topuna dönür, budaqqarışıq qoparılan xurma salxımları az qala ayağına düşür, pişaxtanın əlçatmazında olan meyvələr ona doğru yumurlanırdı. Öz səbətləri dolsa belə, qonşusu üçün götürdükləri səbət dolmaq bilmirdi ki, bilmirdi. Ağzını gen açmış səbət doymadıqca, Ravvin də səxavətindən qalmırdı, özləri üçün bir aldığından qonşusuna iki alırdı.
- Bircə çiçək qaldı, bu dəfə hazır Şabat buketi almayaq, tez solur, ya qızılgül alaq, ya da qərənfil, - Ravvinin arvadı bu sözləri deyə-deyə səbətin bir tərəfindən yapışıb bazarın qarşısındakı gül dükanına tərəf addımlayırdı. Əvvəlcə onun üçün çox bağlı qapılar açmış papağına toxunan Ravvin feduranın başında olduğundan, əmin halda, əli səbətin qulpunda arvadının arxasınca qələbəliyi keçməyə çalışırdı. Bir neçə gün davam edəcəyi bildirilən leysan xəbərdarlğına görə insanlar təkcə Şabat üçün deyil, sonrakı günlər üçün də bazarlıq edirdilər. Buna görə bazarda iynə atsan yerə düşməzdi. Heç bəlkə İsa çarmıxa çəkilən cümə bazar meydanına bu qədər adam toplaşmamışdı.
Yubanmadan gül dükanının qarşısına özünü yetirən Ravvinə telefon zəngi gözlədiyindən daha tez gəldi. Arvadının seçdiyi bəyaz qərənfilləri səbətinə qoyan Ravvin çiyni ilə qulağına dayadığı telefona:
- Ölməyə qoymayın, yalvarıram, qoymayın, gecə də olsa gəlib çatacam, mütləq çatacam, nə olsun Şabatdı, gələcəm, məni gözləsin... hə gələcəm, hə... hə... mütləq, - deyə-deyə səbətləri sürüyüb maşına yaxınlaşdı. Səbətləri tez-tələsik maşına yerləşdirib var gücü ilə pəncəsini qaza sıxdı. Hər kəsin təmkin və səbrinə heyrət etdiyi Ravvinin maşını belə sürməsi bazarın qarşısında toplaşanların dodaqlarında "nə olub?" sualını şər qarışana qədər dolandırdı.
Ravvin neçə gün idi paytaxtdakı xəstəxanada yatan qardaşının yanında qaldığından Şabat bazarlığını cüməyə qədər yubatmışdı. İndi isə qəti yubanmaq olmazdı. Qardaşı həkimə demişdi ki, ölürəm, hətta ölümün qoxusunu belə hiss edirəm, qardaşım gəlsin, əlindən tutum, rahat ölüm.
Ravvin arvadıyla bazarlığı evə daşıyanda yağış başladı, nə başladı.
- Qonşunun payın özün verərsən, axşam düşməmiş maşını mütləq ustaya göstərməliyəm, - Ravvin bu sözləri arvadına deyib, cəld sürüb getdi. Şabatın başlamağına bir neçə saat qalmışdı. Bu dar macalda Ravvin maşını ustaya aparmalı, sonra sinaqoqa gedib Şabatı salamlamalı və özünü xəstəxanada əcəl mələyi ilə savaşan qardaşına çatdırmalı idi.
Dünən paytaxtdan qayıdanda maşından gələn səs onun ürəyinə qorxu salmışdı. Əmin idi ki, ustaya yoxlatdırmasa, bu maşın onu bir də salamat paytaxta - qardaşının yatdığı xəstəxanaya çatdırmayacaq. Ravvin qardaşına yetişə bilməməyin nigarançılığı ilə selləmə yağışın altında ustanın evinə doğru şütüyürdü. Qara buludun bətnindən baş götürüb qaçan ağ yağış damcıları maşının ön şüşəsinə dolu dənəsi kimi dəyirdi.
- Uca Rəbb, qardaşıma güc, mənə aman ver! Şabat da, günah da, yol da, savab da məni gözləyir. Bu dar niyaz vaxtı məni bağışla, köməyim ol, ya Rəbb! - Ravvin yalvarışlarla ustanın həyətinə çatdı, ucadan haylayıb çağıran kimi usta evin darvazaya baxan pəncərəsindən saç-saqqala bürünmüş başını çıxardı:
- Kimdi? Nə lazımdı, belə bivaxt?
- Mənəm, Ravvin, usta, mənəm. Bir düş, gəl bu maşına bax, sən Allahın!
- Ay kişi, görmürsən yağışı, adamın başına daş kimi düşür. Bu havada necə baxım? - usta narazı halda deyinməyə başladı.
- Yağış kəsəcək indi, ağ yağışdı, vallah-billah, elə indi kəsəcək, sən bir zəhmət çək, gəl bax, gedəsi yerim var, Şabat da olsa, günah da olsa, gedəm gərək, vacibdi, vallah, - Ravvin sözləri bir-birinin dalınca düzürdü.
Ravvinin əl çəkməyəcəyini görən usta naəlac həyətə düşdü. Darvazanın qarşısında dayanmış maşını yoxlamaq üçün Ravvinlə qısa söhbətləşdi. Sonra geri qayıdıb, alətlərini yığdığı köhnə qadın çantasını gətirib maşına oturdu.
- Mən gedim sinaqoqa, Şabatı salamlayım, gəlirəm, ona qədər sən də düzəldərsən, bax, yağış da kəsir, rahat işlə, - deyən Ravvin papağını çıxarıb maşının üstünə qoydu və bir anda yoxa çıxdı.
Ravvin gedən kimi yağışın kəsdiyini görən usta maşından düşüb mühərrik yerində qurdalanmağa başladı, sonra burdan da bir şey hasil olmadığını görüb maşının altına uzatdığı taxta parçasının üstünə sərildi. Bir saata yaxın əlləşib sonunda düzəldə bildi. Elə maşının altından çıxmağa çalışırdı ki, Ravvin başı papaqsız, təpədən-dırnağa suyun içində özünü yetirdi. Ustaya dua edə-edə, haqqını artıqlaması ilə ödəyib sükan tərəfə yaxınlaşdı.
- Cənab, yağış yağmır axı, siz harda belə islandınız?
Ustanın çaşqın halda verdiyi sualı Ravvin sanki heç eşitmədi. Bayaq ustadan xəbərsiz maşının üstünə qoyub getdiyi fedurasını götürüb başına sıxdı, cəld maşına əyləşib leysan pərdəsinin arxasında gözdən itdi. Bu zaman maşının arxasınca heyrətlə baxan ustanın başına yağışı elə bil xəlbirlə tökdülər.
"Ədəbiyyat qəzeti"
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0