Vətən - Aləm Kəngərlinin hekayəsi

Apr 12, 2026 - 15:47
 0  38
Vətən - Aləm Kəngərlinin hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Aləm Kəngərlinin "Vətən" hekayəsini təqdim edir. 

           Səfər kişi uşaqlıq dostu Kərimin dəvəti ilə Rusiyaya üz tutanda gənc,  gümrah və yaraşıqlı bir oğlan idi. Artıq o vaxtdan illər keçmışdi. Qocalıb əldən düşən Səfər kişi  hiss edirdi ki, daha əvvəlki gücü və taqəti qalmayıb.

         Son vaxtlar ancaq bir şey haqqında düşünürdü: görəsən, bundan sonrakı həyatı necə olacaq?  Əvvəllər özünü idarə edə bilirdi; çay qoyur, xörək  bişirir, hətta çirkli paltarlarını belə yuyurdu. İndi onun əvvəlki qıvraqlığından əsər-əlamət görünmürdü. Ötən illər Səfər kişinin cavanlığını da alıb aparmışdı. Əvəzində ürəyinə bir dünya qayğı, dərd yükləmişdi; Vətəndən uzaqda olmağın dərdi, Larisadan olan övladlarının gələcək taleyi sarıdan nigarançılıq... Heç cürə çıxış yolu tapa bilmirdi Səfər kişi.

Qızı Marina orta məktəbi bitirən kimi sinif yoldaşı Zaxara qoşularaq Moskvaya getmişdi. Zaxar hərbi xidmətə çağırılandan sonra yataqxanada birotaqlı mənzildə məskunlaşan Vadimin  yanına köçərək, onunla yaşamağa başlamışdı. Vadimlə nikahları olmasa da, Vera adında iki yaşlı qızları onları bir ailədə birləşdirirdi.

         Oğlu İlya Səfər kişi ilə bir yerdə olurdu. Yaşı otuzu haqlasa da, hələ ki evlənmək barədə düşünmürdü. İlya dünyaya gələndə ilk oğul övladı olduğundan  Səfər kişi çox sevinmişdi. Lakin uşağın ad məsələsində arvadı Larisa onunla  razılaşmadığı  üçün qanı  bərk qaralmışdı. Səfər kişi oğluna  atasının adını qoymaq istəyirdi - Vəli. Arvadı “Şto takoy Vali?  Eta imya mne ne nravitsa”, - deyərək uşağa İlya adını vermişdi.  Ovqatı korlansa da, bu ad ona   rəhmətlik   İlyas əmisinin  adını xatırlatdığından barışmaqdan başqa carəsi qalmamışdı.

          Boş vaxtlarını  dostları  ilə yeyib-içməkdə keçirən  İlya subaylığını sürdürür, atasının məsləhətlərinə məhəl qoymurdu. O, məsuliyyətsizliyi üzündən  iş yerlərindən tez-tez qovular,  çox vaxt bekar qalardı. Atasını çox istəsə də, onun qulluğunda durmağa ərinərdi. Axı, İlya  heç özünə fikir verən deyildi,  atasına hardan  qayğı göstərəcəkdi?  Nə yeməyinin, nə də yatıb-durmağının  vaxtı-vədəsi bilinməzdi. Nə bu gününü, nə də gələcəyini  düşünən adam deyidi. Çox vaxt evə də gəlməzdi. Dost-aşnaları ilə içki məclislərində ilişib qalar, elə oralarda da gecələyərdi. Səfər kişi çox çalışsa da, oğlunu istədiyi kimi böyüdə bilməmişdi. Görünür, İlyanın bu cür tərbiyə almasında yaşadığı mühitin təsiri də az olmamışdı.

         İndi, ömrünün qürub çağında dərdi  dərdə qarışmışdı Səfər kişinin. Qocalıq  ötən illəri daha tez-tez xatırlamağa sövq edirdi onu. Doğulub boya-başa çatdığı eldən  ayrı düşməsi, orada qoyub gəldiyi ailəsinin, qohum-əqrəbasının,  dostlarının yanında olmaq istəyi ürəyini  sızladırdı. Nə qədər götür-qoy edir,  ölçüb-biçirdisə, geriyə dönmək üçün özündə  bir cəsarət, iradə tapa bilmirdi. Axı  yurduna, məmləkətinə  necə qayıdaydı?  İki körpə qız övladını  həyat yoldaşı ilə birlikdə ata-anasının ümidinə qoyub “işləmək” adı ilə evdən çıxmış və bir daha geri dönməmişdi. “Kaş ki ailəmi atıb gəlməyəydim”, - deyə özünü qınayırdı. Sonrakı peşmançılığın faydasız olduğunu anladığı üçün çarəsizlikdən yanıb-tökülürdü.

   Səfər kişini fikir aparmışdı.Düşünürdü ki,əgər geri qayıtsa,qonşuların,qohumların artıq qalan yeməkləri, köhnə paltarları hesabına mənəvi əzablar içində min bir əziyyətlə iki övlad böyüdüb ərsəyə gətirən keçmiş həyat yoldaşına nə deyəcək? Hər cür məhrumiyyətlərə dözən, iztirablara sinə gərən, atalarını sifətdən tanımayan qəlbiqırıq, boynubükük qızlarına özünü necə təqdim edəcək? Bütün zəhmətlərə qatlaşaraq, qapılarda camaatın işlərinə əl atmaqla oğul böyüdən, illər uzunu övlad həsrətilə gözləri yol çəkən, indi isə yataqda halsız vəziyyətdə qalan xəstə anasının üzünə necə baxacaq? Övlad dərdi çəkməkdən əriyib çöpə dönən, axırda da oğlunun nankorluğundan, vəfasızlıgından bağrı çatlayan atasının məzarını hansı üzlə ziyarət edəcək? Ata əvəzi bildiyi Səfərin cavanlıq şəklini bağrına basaraq aramsız göz yaşları axıdan yeganə bacısı Züleyxanın ağarmış saçlarına sığal cəkib, yaralı könlünü ovuda biləcəkmi? Bilmirdi. Təkcə onu bilirdi ki, daha Vətəndən kənarda yaşamaq  gücündə  deyil. Qəriblikdə özünü tənha və kimsəsiz hiss edirdi.

Son vaxtlar Səfər kişinin yuxusu tez-tez  ərşə çəkilirdi. Ürəyini göynədən Vətən həsrəti  onu yatmağa qoymurdu.

          “Qızlarımın qarğışı məni niyə tutmadı, ilahi?!” – deyə Səfər kişi dərindən bir ah çəkib, qeyri-ixtiyari olaraq yenidən fikrə getdi: “Yaxşı, deyək ki, indi birtəhər  dolanıram. Bəs beş-altı  ildən sonra nə edəcəyəm? Axı burada insanlar bir-birinə həyan olmurlar. Bəlkə yorğan-döşəyə düşməmiş  intihar edim canım qurtarsın?!” - beynində qəfil bir fikir dolaşdı. Bu düşüncəsindən tez də vaz keçdi. “Əgər ölsəm, məni harada dəfn edəcəklər, hansı cəhənnəmdə basdıracaqlar?  Bəs sonra?  Məni yad edib qəbrimin üstə gələn  tapılacaqmı?... Allah bilir, hansı çuxura atıb üstümü torpaqlayacaqlar. Yəqin ki dəfndən sonra araqdan  vurub  özləri üçün şellənəcəklər də”.

         Günlər ötür, Səfər kişi  fikirlər məngənəsindən qurtula bilmirdi. Düşünürdü ki,  görəsən, öləndən sonra Allah onun günahlarını bağışlayıb, didərgin düşmüş ruhunun öz doğma ocaqlarına – ata-baba yurduna dönməsinə izn verəcəkmi?  O, sinsimiş xəyallarının  yad ellərdə  fəryad  qoparıb-qoparmayacağını da bilmirdi. Təkcə onu bilirdi ki, daha ağsaqqala, ağbirçəyə məhəl qoyulmayan bir yerdə yaşamaqdan bezib. Əgər doğma  övladları onunla maraqlanmırdısa,  başqalarından bir qayğı, kömək ummağa dəyərdimi?!

          Vətən, yurd həsrəti Səfər kişini bir an da olsun tərk etmir, çəkdiyi iztirablardan xilas olmağa, rahat yaşamağa qoymurdu. Cavan ikən atdığı səhv addımın cəzasını indi çəkməyə başlamışdı. Çox götür-qoydan, çək-çevirdən sonra  qəti qərara gəldi ki, Vətəninə geri dönməlidir.

         Arvadı Larisa evdə yox idi. Hardasa vaxtını keçirirdi. Kağız –qələm götürüb  qızı Marinaya  məktub yazdı: “Maya milaya Maşa! Ya payedu na Rodinu. Na vseqda. Mne ne astalsa dolqo jit. Luçşe umeret tam, qde  ya radilsya, çem zdes. Jelayu vam scastya. Çeluyu. Papa”. Sonra yatıb yuxuya qalan oğlu İlyaya səsləndi:

          - Vstavay, sınok, vstavay. Uje pozdna.

     İlya gözlərini ovuşdura-ovuşdura yerindən dilləndi:

    -   Şto sluçilas, papa? Day  spat.

    -   Dela yest, sınok. Vstavay. Paqavarit nada.

-         Sluşayu, papa, qavari.

-          İlya, moy radnoy, - deyə Səfər kişi sözə başladı,- tı znayeş, kak ya tebya  lyublyu.

-          Znayu, papa.   A şto? - deyə oğlu cavab verdi.

-         Sınok, ya reşil vazvraşatsa  na Rodinu. Na vseqda.

-          Çevo?! V takom vozraste? - İlya təəccübünü gizlədə bilmədi.

-          Da, İlya. Da. Ya  uje pastarel. Maya jizn na isxode. Pasledniye qodı svoyey jizni xaçu pravesti tam.

-           Smatri,  papa, tebe  luçşe  znat. Kak xoçeş. - sonra əlavə etdi - Kaqda sabirayeşsya  uyexat?

-         Sevodnya.

-         A mama  znayet? - İlya soruşdu.

-           Net,  paka ne znayet. - əlindəki kağızı oğluna tərəf uzatdı - A eta pismo praşu peredat Marine.

-           Xaraşo,  papa. Peredam. Ne valnuysya. - sonra sözünə davam etdi  - Papa, a na çyom payedeş?  S  poyezdam, ili na samalyote?

-          Na çyom papala, - deyə atası cavab verdi.

-         Ladna. Ya tebya pravaju.

Səfər kişi hələ yola çıxmasa da, artıq özündə böyük bir yüngüllük hiss edirdi. Elə bil üstündən dağ götürülmüşdü.  Axı  uzun illər həsrətini çəkdiyi doğma Vətəninə qayıdacaqdı.

Gülümsədi. Günlərdir ürəyini soran nigarançılıqdan əsər-əlamət görünmürdü. Harda yaşayacağı, necə keçinəcəyi artıq onu maraqlandırmırdı. Müxtəlif suallara cavab axtarmaq fikri də  yox idi. İndi onu yalnız bir  məsələ düşündürürdü: tezliklə Vətənə qovuşmaq. Cavanlığında oxuduğu və uzun müddət təsirindən çıxa bilmədiyi əsərdən bir epizodu xatırladı. Gərək ki, belə idi: şah əsir götürdüyü müğənni oğlanın oxuduğu mahnını dinləyəndən sonra onun səsindəki yanğının səbəbini vətənindən ayrı düşməsində görür. “Sənin o yerlərdə ürəyin qalıb”, - deyir müğənni oğlana.

 Elçinin əsəri olduğunu bilirdi. Amma hansı əsəri?... Heç cür yadına sala bilmədi Səfər kişi. “Gərdişi-dövrana bax...” - deyə gülümsədi öz-özünə. Nə vaxtsa ruhunu sarsıdan alovlu sözlərin hədəfində indi onun özü idi.

 

***

Bakı vağzalında qatardan endi. Fərəhlə ətrafa nəzər salıb dərindən köks ötürdü. Sonra yaxınlıqdakı boş oturacaqlardan birinə əyləşib fikrə daldı. Hava qaralmağa başlamışdı. Hara gedəcəyini, kimin qapısını döyəcəyini bilmirdi. Elə bu vaxt çiyninə bir əl toxundu:

- Səfər?!

 Dönüb baxdı. İllərin o tayından boylanan tanış sifəti xatırlamağa çalışdı.  

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0