Ədəbiyyatla yaşayan insan.. - Bədirxan Əhmədli yazır

İyn 3, 2026 - 13:33
 0  32
Ədəbiyyatla yaşayan insan.. - Bədirxan Əhmədli yazır

Nəriman Əbdülrəhmanlının 68 yaşı üzərinə

 Yeni bir dövrdə yaşayırıq; yaşadığımız dövr heyrətamiz dərəcədə konstruksiyalaşıb, texniki proseslər, dördüncü sənaye inqilabı, kompyuter proqramlaşmaları, süni intellekt önə keçib, o qədər sürətlə inkişaf edir ki, biz bu inkişafı sadəcə seyr edirik. İki yüz il əvvəl cəmiyyətdə həyatla sənət arasında bir uyğunlaşma var idisə, indi bu qloballaşma, internet və intellekt dövründə ölçülər pozulub, bəlkə də yaddan çıxıb. İndi gözəllik, estetika, sənətin meyarları da dəyişib; mühəndislik, texniklik mənəvi, bədii düşüncəni üstələyir, hətta bədii düşüncənin özündə belə bu prosesə start verilib. Yazılan bədii əsərlərdə də yüz il əvvəlki düşüncə yoxdur, yeni modellər var; bu modellərin özündə belə bədii fikrə yad elementlər daxil olur, bir sözlə, bədii möcüzə yaratmaq indi çətindir. Dünyada gedən lokal müharibə psixologiyası, yaşadığımız həyat da sənətə öz redaktələrini edir. Gerçəkliyin bədii təsvirində yeni “izm”lər meydana gəlmir, meydana gələn modernizm və postmodernizm dalğası da milli düşüncəni tam olaraq ifadə edə bilmir. Yaranan bədii əsərlərdə (istər poeziya olsun, istər nəsr!) yad elementlərə, detallara, xarici geyim aksessuarlarına getdikcə daha çox rast gəlinir. İndi ədəbiyyatın özündə də bədii mühəndislər yetişməkdə, sənət və bədii həqiqət probleminə cavab axtarmaqdadı. Bədii düşüncənin gələcəyi ilə bağlı pessimist fikirlər də yer alır. Bütün bunlar sənət, ədəbiyyatla bağlı yeni bir dövrün gəldiyini deməyə əsas verir.

 Belə bir zamanda Nəriman Əbdülrəhmanlı böyük ədəbiyyat yoluna çıxdı, çıxması ilə də nəinki özünü təsdiq etdi, hətta bədii gerçəkliyin təsvirində yeni bir mərhələ başlatdı. İlk gündən başlayaraq, əsərlərində hadisəçiliyə yer vermədi, bədii ideyanın dalınca getdi, onu hekayədən hekayəyə, povestdən povestə, romandan romana inkişaf etdirdi, formalaşdırdı və nəhayət özünün bədii konsepsiyasını yaratmış oldu. Bu xoşbəxtlik hər yazıçıya qismət olmur, yalnız bu yolda yeni yol bəlirləyən böyük yazıçılara nəsib olur. Yazıçılar əsərləri ilə özünün bədii ideyasını yaradır, obrazları, süjet xətləri, həyat haqqında düşüncələri ilə bədii dünyada yaşamaq haqqını qazanır. Bu haqqı yalnız gerçək sənət əsəri yazmaq, özünün orijinal bədii-estetik təfəkkürünü obrazlarda əks etdirməklə qazanmaq olar.

 Nəriman Əbdülrəhmanlı əsərlərində, əsərlərindəki obrazlarda, süjet xətlərində gerçək predmet hadisə və keyfiyyətləri əks etdirməklə qalmır, bu aydındır; öz baxışını, sənətkar düşüncəsini əsk etdirir və bununla da da yeni bir dünya açır. Təsvir etdiyi hadisələrin estetik üsürü sənətkar təfəkkürü və təxəyyülündən süzülərək cilalanmış, parlaqlaşmış şəkildə təqdim olunur. Bununla da kifayətlənmir, təbiətin başlatdığı bədii, təbii ədəbi konstruksiyalara yeni əlavələr edir, ideya baxımından onu zənginləşdirir və yeniləşdirir.

 Bir sənətkar kimi böyük hərfli Azadlığı ona bütün ədəbi mətnlərində kömək olur; əsərlərində haqqın yanında olur, daim Xeyirin gerçəkləşməsini istəyir, Həqiqəti müdafiə edir, təsvir etdiyi hadisələrdə ruhu tamlığı qorumağa, cəmiyyətə rahatlaşdırıcı ideyalar verməyə çalışır. Bu ideyaları hər bir yazıçı yalnız öz orijinal mətnləri ilə verə bilər. Çağdaş qloballaşma onun əsərlərində bütün mahiyyətilə üzə çıxır.

 Nəriman Əbdülrəhmanlı bədii düşüncədə bizim tanış olmadığımız yeni bir məkan açdı; bu məkan dili, üslubu, obrazları, obrazların dünyagörüşü, həyat fəlsəfələri, həyata baxışları, süjet xətləri, bədii təsvir və ifadə vasitələri, ideyaları ilə yepyeni bir dünyadır. Bu mətnlər həyatı, dünyanı modern düşüncə ilə ifadə edir; daha çox insana odaklanıb, onun mahiyyətinin obrazına yönəlib. Onun İnsanı irrasionaldır, özü ilə, daxili ilə diskursdadır, beyin fırtınası aparır, həyatla barışma yolları arayır, daim hərəkətdədir. Onun obrazları cəmiyyəti əks etdirir, humanizm mesajları verir, sevgini, böyüklüyü, sadəliyi, xoşgörünü, sevinci, kədəri əks etdirir. Onun bir çox obrazları sanki proqram xarakterlidir, yəni cəmiyyətdəki rolunu dərk edir, ona uyğun hərəkət edir, bəzən üsyana qalxır, bəzən isə bunu səssiz həyata keçirir, lakin bütün hallarda cəmiyyətdəki varlığını bəyan edir; onların cəmiyyətdə bir missiyası var və bu missiyanı həyata keçirirlər.

 Nəriman Əbdülrəhmanlı bədii-tarixi mətnləri yenidir, orijinaldır; bu mətnlər keçmişin empirik dərkindən çıxaraq bizi ideyalar aləminə aparır, yeni biliklər aşılayır, sistemsiz bildiyimiz tarixi faktlara, həyata rasionallıq modeli aşılayır. Bu mətnlərin yazılmasında tarixin və keçmişin çağdaş dərki və gələcəyin qurulması dayanır. Bu mətnlər təkcə cəmiyyətin və onun ideyalar aləminin deyil, həm də təbiətin, coğrafiyanın tarixi kimi mənalanır. Bəlkə buna görə postmodernizmə meyil etmədi; postmodernizmin etdiyi kimi keçmişlə hesab çəkmədi, özünün metamətnini yaratdı.

Nəriman Əbdülrəhmanlının tarixi səlnamə romanları sanki keçmişin arxeoloji qazıntılarıdır və hər zaman sürprizlərlə qarşılaşmaq mümkündür. Bu mətnlər bizə yalnız keçmişin mövcudluğunu xatırlatmır, vaxtilə yaşanmış ömürə bədii təxəyyül yolu ilə işıq verir, onu yenidən bərpa edib özümüzə qaytarır və gələcək nəsillərə ötürür. Bu həm də tarixi Yaddaşdır və yaddaş nə qədər möhkəm olsa, bir xalqın yaşam ömrü də uzun olur. Deməli ki, bu mətnlərlə yazıçı bizə tarixi Yaddaşımızı qaytarır.

Nəriman Əbdülrəhmanlı sənəti bulaq kimi çağlayır, dağ suyu tək təmizdir, safdır; gerçəkliyin dərk olunmasına yönəlib və dərk olunur. Onun təsvir etdiyi hadisələr bizi içində yaşadığımız cəmiyyətə bağlayır, sosial ədalətsizliyi üzə çıxarır, dəyişmənin, dəyişikliyin mahiyyətini anladır. Çağdaş cəmiyyətdəki mühitin insanı yadlaşdırması, yeni münasibətlər sisteminin müxtəlifliyi, mürəkkəbliyi əsərlərində ən yaxşı şəkildə öz əksini tapır.

Nəriman Əbdülrəhmanlı bir yazıçı, sənət adamı kimi azaddır, böyük hərfli Azadlığı sevir və əsərlərində də daim şəxsiyyətin azadlığı məsələsini qoyur və onun bədii həllinə çalışır. Onun obrazları da çox zaman Azadlıqdan əziyyət çəkir, yaxud Azadlıq axtarışında olur. Yazıçının özünün daxili azadlığı obrazlarının da azadlığımnı, sərbəstliyini təmin edir. Qəhrəmanları daim çalışır, cəmiyyətdə səsini, sözünü deməyə çalışır, innovativ həll yolları axtarır, yeni konseptlər irəli sürür, daim axtarışda olur. O, bir yazıçı kimi ədəbiyyatla yaşayır, onunla nəfəs alır...

Nəriman Əbdülrəhmanlı sənəti (bütün janrlarda və formalarda!) səmimidir, poetikdir, emosionaldır, obyektivdir, həyati gerçəkliyə əsaslanır, həyatın özüdür və gələcəyə yönəlik mesajlar verir. Bu sənət çağdaş insanımızın duyğu və düşüncələri, həyat yaşamı, psixologiyası, hadisələrə baxışı, dünyagörüşü haqqında müəyyən təsəvvür yaradır. Əsərlərindəki fikir və obrazlar sistemi bir-birinə bağlı hərəkət edir; sona doğru kiçik sistemlər bütövləşir və əsərin ideyasını şərtləndirir.

Nəriman Əbdülrəhmanlı sənəti mahiyyətcə millidir, özününküdür, milli düşüncəni əks etdirir, forma və məzmunca bəşəridir, qlobaldır! Dünyanın bütün dillərində bu mətnlər məzmun və mahiyyətini itirməyəcək... Nəriman Əbdülrəhmanlı sənəti, yaradıcılığı keçmişi yeni interpretasiyada yaşadır, çağdaş sivilizasiyanın bir parçasıdır və gələcək sivilizasiyaya doğru uzun bir yol gedir!.. Hələ bundan sonra da neçə-neçə nəsil Nəriman Əbdülrəhmanlının hekayə və povestlərini, tarixi və çağdaş romanlarını oxuyacaq, obrazları ilə yaşayacaq, bir sözlə onun sənətinin mənəvi “katarsis”indən keçəcək...

Nəriman Əbdülrəhmanlı sənəti ideyalarla doludur, zəngindir; sənəti yaşadan da elə bu ideyalardır! O, ədəbiyyatla yaşayır, nəfəs alır, oxucularını keçmişdən hali edir, bugünün özünüdərkindən keçirir və gələcəyə aparır. Sənətdə əsas məsələ ideyadır; ideya əsərin başlanğıc nöqtəsidir, ideyasız nə bir fikir, nə də hər hansı bir əsər (şeir, hekayə, esse, povest, roman və s.) yaşaya bilməz. Onun bədii ideyaları sosial-fəlsəfi mahiyyətlidir, həyatla, ictimai mühitlə çox bağlıdır. Nəriman Əbdülrəhmanlı sənəti yaşarıdır, həmişə yaşayıb və yaşayacaq... onu yaşadan bədii-estetik ideyasıdır. O, yazdığına inanır və oxucunu da buna inandırır.

Mən N.Əbdülrəhmanlı sənətinə inanıram!.. 

Bədirxan Əhmədli

Filologiya elmləri doktoru, professor

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0