Əllərinin istiliyin dəyişmərəm dünyalara - Şərifə Cəfərinin şeirləri

Okt 13, 2026 - 14:50
Okt 13, 2026 - 14:54
 0  11
Əllərinin istiliyin dəyişmərəm dünyalara - Şərifə Cəfərinin şeirləri

Şərifə Cəfəri - Əslən Güney Azərbaycanlıdır. Almaniyanın Berlin şəhərində yaşayır. Berlində "İşıklı Yol – Azərbaycan Kültür ve Ədəbiyyat" Dərnəyinin qurucusu və başkanı, "Pınar" Azərbaycan Sənət ve Kültür Dərnəyinin idarə heyətinin, Türk Dünyası Qadın Yazarlar Birliyinin üzvüdür.

Yazici.az ədəbiyyat portalı tanınmış şair İbrahim İlyaslının təqdimatında Şərifə Cəfərinin şeirlərini təqdim edir.

Daşasım var

 

Əl ver əlimə Qaf dağına dırmaşasım var,

Güc qat gücümə daş qayalardan aşasım var.

                                                                                                

Əl ver əlimə gör ki, nələr vardır içimdə,

Susmuş bulağam, bir daha şır-şır daşasım var.

 

Baxma soluğam, çox yemişəm zərbə içimdən,

Sən gəl ki, bahar fəslinə doğru qoşasım var.

 

Bir dadlı uşaq vardır içimdə - bala bir qız,

Öldürməyə qıymır ürəyim, oynaşasım var.

 

Hər şeydən, əzizim, mənə qutsaldı məhəbbət,

Sevgi dolusu günləri sənlə yaşasım var.

 

Mən sən gələcəksən deyə, çoxdan tələsirdim,

Ruhumla, canımla sən ilə qaynaşasım var.

 

Al qoynuna, çal tellərimi, ruhumu dincəlt,

Saz dinləməyə yar qucağında xoşasım var.

 

Gəl qadası

 

Dərdi-kədər boğur məni, lap ölürəm, səndən iraq,

Nə yerdəyəm, nə göydəyəm, şərab yetir dodaq-dodaq.

 

Əllərinin istiliyin dəyişmərəm dünyalara,

Behiştə çatmaq istərəm, sarıl mənə qucaqlaşaq.

 

Bir belə həvvalıq kimin qoyubdu tanrı bətninə?!

Gəl ay adam, gəl qadası, nar oynadaq, almalaşaq.

.

Ölümsüz eşqdən sarı, yoxdu gecəm, yox günüzüm

Mən göz açandan gəzirəm bu yolları yolçu sayaq.

 

Tanrının əllərin yapış ver bu gecə əllərimə,

Ay məni məndən eyləyən, qal bu gecə bizdə qonaq.

 

Yar  havasında

 

Boş verdim, ürək məst eləsin, yar havasında,

Tonqal qalasın köksümə, Zumar havasında.

 

Verdim əlinə badəni, meydana buraxdım,

Mən yanmağa mail, ürəyim nar havasında.

 

Canı nə edər sidq-könüldən sevən aşiq?!

“Müşfiq” canın etdi fəda, tar havasında.

 

Bilməm kimə nə, mən içirəm, keflənirəm mən!

Kimsə niyə yırtır yaxasın, ar havasında?

 

Gəl, ruhumu azad elə, ey yerdəki Tanrım,

Ruhum nəfəs almır, sinəmin dar havasında.

 

Sən mərkəzi-ömrümdə duran nöqtəsən, ay eşq!

Qoy mən dolanım başına pərgar havasında.

Zumar : fəslin isti ayı Avqustdur.

 

Eşqin uduzdum qumarın

 

İncidir söz sinəmi, gəl otur ibraz eləyim,

Sən başın qoy dizimə, mən də sənə naz eləyim.

 

Elə can titrədən, ehsaslı yazım cümlələri,

Bundan artıq da səni şeirlə dəmsaz eləyim.

 

Görcəyin gözlərini eşqin uduzdum qumarın,

Məni ki qadir idim, eşqi qumarbaz eləyim.

 

Dünya zindandı mənə olmasan ancaq gözəlim

Gəl qanad ver, sən ilə göylərə pərvaz eləyim.

 

Bilisən, day daşıram, gəlməsən ölləm bu gecə,

Necə mən hər gələni gönlümə həmraz eləyim?

 

 

 

Məni

 

Mən çəmən aşiqiyəm, xoşlama səyyadə məni,

Bülbüləm sazla xoşam, danlama fəryadə məni.

 

Bilirəm tayfeyi-zövqü fələk dərk eləməz,

Sən gəl, ay aylı baxış, dərk elə dünyada məni.

 

Nə qədər cövr edəsən, səndən ürək ayrılmaz,

O qədər dad edərəm, ta salasan yada məni.

 

Görcəyin gözlərini eşqin uduzdum qumarın,

Məni ki qadir idim eşqi qumarbaz eləyim.

 

Mən səni görmədən əvvəl sənə divanə idim,

Dolub mənə bu eşq eyləyib azadə məni.

 

Tanıdım ta özümü, gördüm ürək şırpınırı

Səni tapmaqdan ötür səsləyir imdadə məni.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru