Atamın xatirəsi - Əli Kərimin şeiri
Yazıçı Ədəbiyyat Portalı Əli Kərimin "Atamın xatirəsi” şeirini təqdim edir.
O sərt idi səhər dərsə tələsəndə mən,
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi hərdən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə can söyləməkdən,
Övlad üçün can verməyi asandı ona.
Zəhmətsevər, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı,
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi təzə əkini,
Hər bəladan hifz eləyən qalın qar kimi.
...Moskvada oxuyurdum tərk etdi məni,
Gələn zaman bir əbədi ayrılıq dəmi.
Gah istəyib məni görə
Gah deyib ki, mən,
Qoy bilməyim, o utanıb öz ölümündən.
Ah o niyə belə etdi, bu nə qübardı,
Nə zamansa bu nişanda bir atam vardı...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0