Sevgidən ölməkdi dəlilik, Allah! - Rüstəm Behrudinin şeirləri

İyn 13, 2026 - 19:42
 0  5
Sevgidən ölməkdi dəlilik, Allah! - Rüstəm Behrudinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Rüstəm Behrudinin seçmə şeirlərini təqdim edir.

SALAM, DAR AĞACI!

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

SƏN MƏNİM EŞQ ADLI DƏLİLİYİMSƏN

Sən mənim eşq adlı dəliliyimsən
Deyirdim başıma dəlilik gələr,
Bir gün 27 yaşımda bəlkə.
Otuzu adladım xəbərsizəm mən,
Dəlilik yaşayır başımda mənim.

Mən ruh adamıyam, ruhumda sənsən,
Ruhuma qul olan sözdü can, ancaq.
Nəyim var al, götür eşqinən gələn
Dəlilik istərəm Tanrıdan ancaq .

Mən sənə yaxınam, özündən yaxın,
Sən mənə uzaqsan nə qədər Allah,
Xoşbəxtlik gətirmir bu sevinc niyə,
De niyə öldürmür bu kədər Allah!

Yaxınsan, duyarsan pıçıldasam mən,
Əlimi uzatsam saçlarındadı.
Bəs niyə gözlərin ayrılıq deyir,
Bəs niyə sözlərin ayrılıq dadır?
Sənin yollarında ayrılıq, mənim
Yollarımda qəza — qədər yaşayır .
Mənim ürəyimdə sənin gözlərin,
Sənin gözlərində kədər yaşayır.

Sənə qovuşmağa gəlirəm, yetər
Bəndənəm, gözünü yola dik Allah!
Bağışla sözumdən dəlilik yağır,
Sevgidən ölməkdi dəlilik, Allah!

Elə ayrılıq da, vüsal da səndə,
Tanrısan, bəndəsən de axı kimsən?!
Sən mənim ən həzin kədərli nəğməm,
Sən mənim eşq adlı dəliliyimsən.

Mən sənə yaxınam, özündən yaxın,
Sən mənə uzaqsan nə qədər Allah.
Xoşbəxtlik gətirmir bu sevinc niyə,
De niyə öldürmür bu kədər Allah?!

EH SƏNƏ NƏ VAR Kİ?

Mən səni gec tapıb, itirəcəyəm.
Özümdə bilmirəm nəçisən, kimsən?
Bəlkə bir xəyalsan gözə görünməz,
Bəs, onda qəlbimə necə girmisən?

Sevirəm söylədin sükut icində,
Deyirəm yuxuymuş bəlkə o anlar.
Səhəri hsrətlə gözləyirəm ki,
Açım gözlərimi-yuxum çin olar.

Dodağı çatlamış susuz torpağam,
Üstümə ələnməz yağıs olmusan.
Gələndə min istək, min arzu idin,
Gedəndə bilmədin günah olmusan.

Sən məni duymadın duya bilmədin,
Bəlkədə bilmədin məhəbbət nədir?
Mənim ünvanıma dediyin yalan,
Məni unutmağa bir bəhanədir.

Məni xatırlayıb, düşünüb hərdən,
Bilirəm qəhərdən boğulacaqsan.
Eh sənə nə var ki günəş kimisən,
Kiminsə bəxtində doğulacaqsan.

DAĞLAR DUMAN OLMADAN

Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.

Al məni də dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.

Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.

Beşin yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür, bir an olmadan.

Bəzənib, dua ilə,
Allah belə, din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.

Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.

MƏNZİLİM UZAQDI MƏNİM

Sevda dəlisiyəm, adım -
Qurddu, yalquzaqdı mənim.
Kim mənimlə yol gedəcək?!
Mənzilim uzaqdı mənim.

Bezib məndən bu ruh, bu can,
Heç bilmədim getdi haçan.
Yol var səndən Tanrıyacan
Mənzilim uzaqdı mənim.

Getməsən, üzr diləmə,
Gözündən yaşlar ələmə.
Məni yolumdan eləmə,
Mənzilim uzaqdı mənim.

Üzün dönməz, sən "sənsənsə",
Göydən yerə fələk yensə.
Dur ayağa, gedirsənsə,
Mənzilim uzaqdı mənim.

Sevda dəlisiyəm, adım -
Qurddu, yalquzaqdı mənim.
Kim mənimlə yol gedəcək?!
Mənzilim uzaqdı mənim.

QORXU

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.

Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür,dində gizlənib.

Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik,bəlkə,
Haqq məndə, səndə gizlənib.

İçdiyim anda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.

Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib.

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib,.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.

MƏMLƏKƏT

Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd,
Ürəyimdən içimə
Qanı axan məmləkət.

Çox yenənlər yenildi,
Növbə yenə sənindi,
Can verirsən min idi,
Min ildi, can, məmləkət.

Bilinməz toyu-yası,
Yazı deyil yazısı…
Şəhidindən qazisi
Əvəz çıxan məmləkət.

Sığındıq ona-buna,
Biz utana-utana;
Uzaqdan tabutuna
Durub baxan məmləkət.

Mələklər tutsun yasın,
Baxsın, Tanrı ağlasın,
Gözlərinin qorasın,
Yada sıxan məmləkət.

Bil, çəkəmməz bu dağı,
Hirayla Tanrı dağı,
Ətəyindən aşağı,
Qalıb yaxan, məmləkət.

Dev sevdası başımda,
Hazırdı baş daşım da,
Ürəkdən bu yaşımda,
Məni yıxan məmləkət.

Qoy ağlasın bu yer, göy,
Gey, matəm libası gey,
Yendirdilər səni bəy,
Əfəndi, xan məmləkət.

Bilirsən ruhumdasan,
Şəhər,küçə,kəndbəkənd…
Ürəyimdən içimə,
Qanı axan,məmləkət!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0