Ayrılıq rəngində yuxular - Namiq Dəlidağlının şeirləri
Yazici.az ədəbiyyat portalı Namiq Dəlidağlının şeirlərini təqdim edir.
BU DƏRD
Bu dərd çəkdikcə azalmır,
Çəkdikcə gördüm, böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Dön geriyə bax, demədim,
Bu qismətə baxt demədim.
Nə istədi, yox demədim,
Nəyim var, verdim, böyüyür.
Güvəndim sənin gücünə,
Ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.
DEMƏ
Keçdim dünyanın içindən,
boşca qəfəsmiş, demə.
Qulaqları batıran
quruca səsmiş, demə.
Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım badə içə-içə,
bu da bir həvəsmiş, demə.
Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş, demə.
HARDASAN
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
İndi görən hardasan,
əynində hansı donun?!
Dönmək düşmür yadına?!
burda can verir canım.
...Bu dərd elə dil açıb,
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.
İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.
Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışıb-yandı,
sənin elçilərin şərbət içəndə.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.
Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.
… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
PAYIZ OVQATI
Elə ki payız gəldi -
yenə soyuq, darıxmaq...
Yenə sözümə baxmır
bu ürək ey, bu "axmaq"...
Yarpaqlar veyillənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.
Yavaş-yavaş çəkilir
arılar öz "evi"nə.
Payız "soğan doğrayır"
kəpənəyin kefinə.
Göydə köçəri quşlar
buludlarla yarışır -
yuyur göyün üzünü,
yuyur, payız yağışı.
Cığırlar mürgü döyür,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.
Sarı yarpaqdan geyib
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara "sürgün"ü.
...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq xatirələrin...
AYRILIQ RƏNGİNDƏ YUXULAR…
...uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə.
...indi on ikinci otel otagının
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq dadında.
...Səndən sonra ümidimin
şəkillərini cızdım
Otel otağının divarlarına.
Şəkillər ölmür axı.
Dön geri, şəkillərin saglığına...
ŞƏKİLLİ ŞEİR
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısını çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0