Bədirxan Əhmədli: Bir ömrün missiyası

Apr 20, 2026 - 09:44
Apr 20, 2026 - 09:44
 0  18
Bədirxan Əhmədli: Bir ömrün missiyası

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının "Bədirxan Əhmədli: Bir ömrün missiyası" yazısını təqdim edir. 

1. Çoxdan yazılmış yazı

Əslində, bu yazını beynimdə çoxdan yazmışdım...

Sadəcə kağıza köçürmək, kompyuterin yaddaşına qeyd eləmək, sonra da  üzə çıxarmaq qalırdı. Amma hey araya gözlənilməz işlər düşürdü, həm də, ola bilsin, yazmaq üçün səbəb axtarmamaq prinsipim mane olurdu.

Nəticədə görkəmli ədəbiyyatşünas alim, yorulmaz tədqiqatçı, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli barədə demək istədiklərimi xeyli gec üzə çıxarmalı oldum.

Bununla belə, peşman da olmadım, çünki mən gecikdiyim müddətdə Bədirxan yeni-yeni uğurlara imza atdı, ortaya sanballı əsərlər çıxardı, araşdırmalarının miqyasını daha da genişləndirdi...

Üstəlik, beynəlxalq əlaqələri də xeyli genişləndi, Azərbaycan ədəbiyyatını xaricdə tanıtmaq yönündə xeyli işlər gördü, simpoziumlar, konfranslıar, forumlarda çıxışları da həyatının və yaradıcılığının bir parçasına çevrildi...

Axır ki, beynimdəkiləri kağıza və kömpyuterin yaddaşına köçürüb üzə çıxarmaq fikrindəydim, daha onun haqqında söyləmək istədiklərimi sonraya saxlamaq istəmirdim...

 

2. Yaradıcılıqda vicdan və ləyaqət ölçüləri

Bədirxan Əhmədliylə aramızda cəmi neçə illik yaş fərqi var, ayrı-ayrı ali məktəblərdə oxumuşuq, tələbəlik dövründə və ondan sonrakı illərdəki görüşlərimizi nə mən xatirlayıram, nə də, yəqin ki, Bədirxanın yadında qalıb. Amma şübhəsiz ki, şəxsən tanış olmadığımız illərdə də bir-birimizin imzamıza bələd idik. Sözün daha cəlbedici, daha sanballı, daha dəyərli olduğu dövrdə imzalar yadda daha aydın, daha tutumlu qalırdı. İlk araşdırma və tənqidi yazıları da açıq-aşkar göstərirdi ki, Bədirxan elm arxasınca gedəcək, ömrünü ədəbi tədqiqatlara həsr eləyəcək.

Mənsə, dəfələrlə imkan yaransa da, təkliflər olsa da, elmə üz tuta, bundan ötrü özümdə təpər tapa bilmədim, amma qismətimdən, sözdən də az ayrı düşmədim...

Görünür, bu da təsadüfi deyilmiş, Alın yazımda başqa yazılar varmış...

Hətta bir müddət onda artıq filogiya elmləri namizədi olan Bədirxanla paralel addımlar da atdıq: mən Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri vəzifəsində onu əvəz elədim, sonra ikimiz də dövri mətbuatda çalışdıq,  vətənpərvərlik dalğasında ordu sıralarına getdik, müharibənin havasını canımızda hiss elədik, cəbhə bölgələrində olduq, hərbi rütbələr aldıq, atəşkəsdən sonra müharibə veteranı kimi tərxis olunub yazı-pozumuzun üstünə qayıtdıq...

Onda Bədirxanın Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində doğulduğunu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsini bitirdiyini,  Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədiyini, sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olduğunu təyinat müddəti başa çatandan sonra Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində işlədiyini bilmirdim. Ünsiyyətimiz, səhv eləmirəmsə, Bədirxan “Vətən səsi” qəzetində işləyəndə başladı. Mətbuat bizi yaxınlaşdırdı, tədqiqatlara olan həvəsimiz daha da doğmalaşdırdı, Sözə duyduğumuz təmənnasız sevgi isə dostlaşdırdı...

Beləcə, 90-cı illərin əvvəllərindən Bədirxan Əhmədli şəxsiyyətinin bütövlüyünə hörmət bəslədiyim, ardıcıl yaradıcılıq prinsipinə həsəd apardığım, yaşamında da, yazılarında da vicdan, ləyaqət ölçülərini saxladığına görə dostluğumuzla fəxr elədiyim insan və ziyalıdı...

Əminəm ki, ona münasibətim Allahın verdiyi müddətcə elə bu cür də qalacaq...

 

3. Publisistikadan ciddi elmi axtarışlara

Bədirxan Əhmədli qəzetçilikdən və publisistikadan tez, həm də vaxtında aralandı, vaxtını və gücünü elmi araşdırmalara yönəltdi və elmdə öz halal yerini alnının təriylə tutdu...

O, namizədlik dissertasiyasını (1986) da, doktorluq dissertasiyasını (2005) da Azərbaycan satirasının tədqiqinə həsr eləyib. Düzü, əvvəllər onun kimi ciddi adamın satira janrında tədqiqat aparması mənə qəribə gəlirdi. İçimdə belə bir duyğu vardı ki, Bədirxan ədəbiyyatşünaslığa daha ciddi və fundamental akademik araşdırmalar aparmaq üçün gəlib, ola bilsin, ona görə araşdırmalarının satirayla məhdudlaşmasını istəmirdim...

Sonralar həmin tədqiqatlarının nəticələr olan, mənə bağışladığı “Sabit Rəhmanın satirası” (1998)  və “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)(2000) “Dramaturq, sənət, həqiqət” (2011) monoqrafiyalarını oxudum, fundamental akademik araşdırmalar məsələsində fikrim dəyişməsə də, Bədirxanın Sabit Rəhman satirasına da, Azərbaycan satirasına da, bütövlükdə dramaturgiyaya da məhz bu prinsiplə yanaşdığını sezdim. Mənə elə gəlir ki, o tədqiqatların sanbalını artıran başlıca cəhətlərdən biri də elə budu.

Ədəbiyyatşünaslıq, yaxud ədəbi tənqidçilik damarım olmasa da, neçə illər əvvəl Bədirxan Əhmədlinin “Azərbaycan satirasının inkişaf problemləri” monoqrafiyası haqqında məqalə yazmışdım. Məni monoqrafiyada ən çox maraqlandıran müəllifin mövzuya son dərəcə sistemli yanaşma tərzi, mülahizələrini, iradlarını və təriflərini həddən artıq ölçülü-biçili, səliqə-sahmanlı şəkildə təqdim eləmə bacarığı, təkcə tədqiqat obyektlərinə yox, həm də o tədqiqatları oxuyacaq adamlara sonsuz hörmət hissiylə yanaşması idi.

Məncə, bu xüsusiyyətlər yaradıcı adamı xarakterizə eləyən ən vacib cəhətlərdəndi...

Həm də Bədirxan Əhmədlinin insanlara münasibəti də bu cür ciddi, ölçülü-biçilidi, heç vaxt hörmət və ləyaqət hüdudlarını aşmır...

 

4. Mənbələrlə işəmək bacarığı

Bədirxan Əhmədlini yaradıcılıq sarıdan mənə doğmalaşdıran xüsusiyyətlərindən biri də mənbələri sevmək, mənbələrə əsaslanmaq, mənbələrlə işləmək bacarığıdı...

Ola bilsin, bu duyğunun əsasında ikimizin də arxiv işinə sevgimiz, arxivdə işləməyə həvəsimiz durur; amma qəti əmin olduğum bir məsələ var: arxiv və mənbə tədqiqatçının onurğa sütunudu, bunlar olmadan onun yazdığı sınaqlara tab gətirə bilməz, yüngül mehdən belə dağılıb gedər...

Yadımdadı, Bədirxan Əhmədili hələ 90-cı illərin əvvəllərində, ölkədə və cəbhədə vəziyyətin gərgin olduğu dövrdə Azərbaycan hərbi marşlarını, vətənpərvərlik mövzusunda şeirləri minbir əziyyətlə toplayıb çap etdirmişdi. O kiçik kitabça həmin vaxt çox qiymətli vəsaitə çevrilmişdi, zabit və əsgərlərimiz arasında əldən-ələ gəzirdi.

Bədirxan Əhmədli Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində çalışanda təkcə vəzifə borcu kimi yox, həm də təəssübkeş ziyalı kimi, repressiya dövrü Azərbaycan ədəbiyyatı və repressiya olunmuş Azərbaycan yazıçılarının taleyi haqqında onlarla sanballı məqalə yazıb. “Qurban” romanını qələmə alanda həmin məqalələrlə bir daha ətraflı tanış oldum. O yazılar təkcə arxiv sənədlərində əks olunmuş quru faktları sadalamadan ibarət deyil, hər cümləsində müəllifin ürək çırpıntıları hiss olunur.

Elə arxiv araşdırmaları da tədqiqatçını 37-ci ilin günahsız qurbanlarından biri olan görkəmli ədəbiyyatşünas-alim Əmin Abidin taleyi və yaradıcılığıyla daha yaxından məşğul olmağa yönəltdi, əvvəlcə 2003-cü ildə “Bir istiqlal yolçusu: Əmin Abid: həyatı, mühiti, yaradıcılığı” monoqrafiyasının araya-ərsəyə gəlməsinə, sonra da onun “Seçilmiş əsərləri”nin nəşrə hazırlanmasına səbəb oldu.

Beləcə, nakam bir yaradıcı insanın ədəbi irsinin mədəniyyətimizə qazandırılması professor Bədirxan Əhmədlinin adıyla bağlıdı. Tədqiqatçı üçün bundan daha sanballı uğur tapmaq çətindi...

Amma Bədirxan Əhmədli heç vaxt əldə elədikləriylə kifayətlənməyib, həmişə qarşısına qoyduğu hədəfə doğru inamla gedib, bu yolda da yol yoldaşı böyük elmi potensialı, Allah bəxşişi olan zəhmətsevərliyi, bir də ədəbiyyatımız və ədəbiyyatşünasılığımız qarşısında duyduğu borc hissi olub...

 

4. Məsuliyyət və nizam hissi

İnsanların təsnifatıyla bağlı müxtəlif fikirlər var. Mənə görə, insan iki cür – qurucu və dağıdıcı – olur...

Professor Bədirxan Əhmədli təbiəti və mahiyyəti etibarilə qurucu inşandı, həyatda da, münasibətdə də, yaradıcılıqda da nizamı sevir...

O, 1999-cu ildən Bakı Slavyan Universiteti və Xəzər Universitetində Azərbaycan ədəbiyyatı, ədəbi tənqid tarixi, ədəbi proses və başqa fənlərdən mühazirələr oxuyub, araşdırmalar aparıb, elmi hazırlığı və pedaqoji bacarığıyla diqqəti çəkib...

 2011-2012-ci illərdə Türkiyənin Kars Kafkas Universitetində dərs deyib, yaxın dostu, unudulmaz ziyalı Vurğun Əyyubla birgə, sözün əsl mənasında, həmin elm ocağında çalışan müəllimlər və təhsil alan müəllimlər üçün Azərbaycan ziyalısının və aliminin timsalına çevrilib...

2012-ci ildən bəri çalışdığı AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi katib, sonra isə Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri kimi, təşkilati işlərlə məşğul olur, Azərbaycanda, Türkiyədə, Qazaxstanda, Pakistanda, Çində... keçirilən elmi konfranslarda, simpoziumlarda, forumlarda iştirak eləyir...

Pedaqoq kimi Bakı Slavyan Universitetində tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən dərs deyir, tədqiqatçıların elmi axtarışlarını yönləndirir, dissertasiya müdafiələrində opponent qismində rəy verir, bütün bunları da özünəməxsus məsuliyyət və nizamla yerinə yetirir...

 

5. Sistemli tədqiqat qabiliyyəti

Bədirxan Əhmədlinin yaradıcılığa münasibətini tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli çox dəqiq ifadə eləyib: “Bədirxan Əhmədli çox səliqəli tədqiqatçıdır. Əsərlərindəki sistemli tədqiqat üsulu bariz nəzərə çarpır. Onu klassik ədəbiyyatşünasların ən yaxşı varislərindən biri hesab etmək olar. Deyərdim ki, o, Məmməd Arif, Məmməd Cəfər tənqid məktəbinin dərslərini yaxşı mənimsəyib. Onda ədəbiyyat tarixçisi səriştəsi var, ədəbiyyatın problemlərini, keçdiyi inkişaf yollarını, hər bir mərhələnin öz xüsusiyyətlərini dürüstlüklə təyin edə bilir. Amma təyin etmək azdır, gərək bu xüsusda söz deyən alimlərdən fərqli olaraq öz konsepsiyanı da ortaya qoyasan...”

O da həmişə öz konsepsiyasını ortaya qoymağı bacarıb...

Tədqiqatçının üçcildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin artıq çapdan çıxmış iki cildi (icmallar, təhlillər, portretlər) (2011) və “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər və problemlər” (2015) monoqrafiyalarını mübaliğəsiz olaraq, müstəqillik dövrü ədəbiyyatşünaslığımızın ən sanballı uğurlarından sayıram.

Mütəxəssislərin rəyinə görə, onun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyası ədəbiyyat tarixi sahəsində, xüsusilə, yeni dövrdə - müstəqillik dönəmində ən etibarlı dərslikdi, həm də hadisələrə həm ictimai-siyasi, tarixi baxımdan, həm də ədəbiyyatın öz qanunauyğunluqları baxımından obyektivliyi ilə seçilir. Şübhəsiz, bu araşdırmalar gələcək fundamental nəşrin əhatə dairəsini və istiqamətlərini düzgün müəyyənləşdirmək cəhətdən də çox faydalı olacaq.

Bu da heç təsadüfi deyil ki, sonuncu monoqrafiyada dövrün ictimai-siyasi, tarixi, ədəbi şəraiti obyektiv olaraq araşdırıldığına, ayrı-ayrı mərhələlərin xüsusiyyətləri aydınlaşdırıldığına, bu dövrün ədəbi məhsullarına yeni baxış ifadə edildiyinə, digər tərəfdən ədəbi prosesdə baş verən hadisələr müqayisəli faktlar müstəvisində təhlil olunduğuna, Azərbaycan ədəbiyyatının XX əsrə aid zəngin irsini tədqiq etdiyinə, həmin irsə tədqiqatçı münasibəti bildirdiyinə görə, professor Bədirxan Əhmədli 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü...

Şübhəsiz, indi ən böyük qayğılarından biri “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasının üçüncü cildini oxuculara təqdim eləməkdi. Buna da uğurla nail olacaq, çünki başladığı işi səbirlə və inadla axıra çatdırmaq ona xas olan xarakter cizgilərindəndi...

Professor Bədirxan Əhmədlinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyilə çapdan çıxmış ikicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” (2016) və nəşrə hazırlanan on cildlik ədəbiyyat tarixin yazılmasında əsas simalardan biri olması heç də təsadüfi deyil. Bir sıra başqa amillərlə yanaşı, onun bu sahədəki böyük təcrübəsi, məsələyə özünəməxsus ciddiyyətlə, səliqəylə və sistemliliklə yanaşması, üstəlik, İnstitutun elmi katibi kimi, öz üzərinə düşən məsuliyyəti aydın dərk eləməsi şəxsən məndə başlanan işin uğurla nəticələnəcəyinə inam yaradıb.

 

7. Bitib-tükənməyən yaradıcılıq planları

Həmişə Bədirxan Əhmədlinin vaxt çatışmazlığından əziyyət çəkdiyini hiss eləmişəm. Rastlaşanda da, zəngləşəndə də, görüşəndə də fikrinin daim yarımçıq işlərinin yanında olduğunu, mənimlə kəlmə kəssə də, yazı masası arxasında oturmaq barədə düşündüyünü duyuram...

Vaxt ona həyatının missiyasını yerinə yetirmək üçün lazımdı: Bədirxanın həmişə yeni-yeni yaradıcılıq planları var, ömründən və istirahətindən vaxt oğurlayıb təkcə özü üçün yox, həm də ədəbiyyatımız üçün vacib olan həmin işləri başa çatdırmağa çalışır...

Hələ, üstəlik, oğurladığı vaxtda cari ədəbi prosesdə iştirak eləməyə, ədəbiyyatın mövcud problemlərinə dair fikirlərini bildirməyə, diqqətini çəkən ədəbi əsərlər barədə rəy yazmağa da imkan tapır. Bu yönümdə şəxsən mən həmişə Bədirxan Əhmədlinin ədəbi zövqünə, ədəbi vicdanına və obyektivliyinə inanmışam...

Onun “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri” (2017) monoqrafiyası bu yönümdə aparılmış ən ciddi araşdırmalardan biri sayılır...

Bədirxanın ədəbiyyat və repressiya, “Əli və Nino” romanının taleyi barədə zəngin faktlara söykənən  tədqiqatları, eləcə də son vaxtlar qələmə aldığı “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir?” silsilə məqalələri təkcə ədəbiyyatımıza yox, həm də bütövlükdə tariximizə və mədəniyyətimizə ciddi alim-ziyalı baxışıdı. Bu baxışın nəticəsi də “Türkçlüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” (2019) adlı sanballı monoqrafiyasıdı...

Son bir neçə ildə “Rabindranat Taqor. Yeni Hindistanın manifesti” (2021) və “Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti” (2023) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə, 2024), fundamental araşdırması, “Zamanın yaddaşı ədəbi diskurslar” (seçilmiş məqalələr, 2025) toplusu, üstəlik, çoxsaylı məqalələr, elmi-metodik vəsaitlər, dərsliklər, dərs vəsaitləri, bir çox sanballı əsərlərə ressenziyaları işıq üzü görüb...

Əlbəttə, bütün bunlar bitib-tükənməyən həyat qayğıları fonunda kifayət qədər sanballı görünür, amma şübhə eləmirəm ki, onun gerçəkləşdirmək istədiklərinin çox cüzi hissəsidi...

Bədirxan Əhmədli Allahın bəxş etdiyi ömrünün missiyasını çox gözəl dərk eləyir, həm də səbirlə, inamla həyata keçirir...

2015, aprel – 2025, aprel

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0