Baxardım yağışda çimən şəhərə - Günün şeiri

Mar 28, 2026 - 20:45
 0  14
Baxardım yağışda çimən şəhərə - Günün şeiri

Yazıçı Ədəbiyyat Portalı İsa İsmayılzadənin "Yağışlı günlər" şeirini təqdim edir.

Vidadi Məmmədova

Bir zaman,

bir zaman elə bilirdim,

Mənim günlərimdir yağışlı günlər.

Çıxardım,

qalxardım hündür bir yerə –

Ayağım altında yağışlı dünya,

Baxardım yağışda çimən şəhərə.

Deyərdim, Vidadi, yağış yağanda,

Mənə qonaqsınız, yığışın gedək.

Hanı o yağışlar, hanı, Vidadi?..

Qalıb saçlarımda yağışın ətri,

Qalıb dodağımda yağışın dadı.

Yanağımda sərin nəfəsi qalıb,

Gözümdə – qurumuş sevinci qalıb,

Qulağımda səsi qalıb.

Əlimi yelləyim

illər üstündən,

Gəl, səni yağışa qonaq eləyim –

“Yağış qonaqlığı”… Necədir, qardaş?..

Dodaqlarım cadar-cadar,

Yanaqlarım solub gedib.

Yollarıma çıxan illər

Sevincimin, heyrətimin

taqətini alıb gedib.

Hanı o yağışlar, Vidadi, hanı.

Ay suyu soğulmuş el dəyirmanı,

Hanı o yağışlar, hanı?

Yağışlı günlərimiz

niyə azaldı, niyə?

Bəlkə göyə çıxdı, göyə?

Neyləyim, Vidadi, neyləyim –

Yağışlı günləri kəcəvə kimi

Ordan endirməyə

gücümmü çatar? -

Yağışlı günlərdən asıla qalan

Ürəyim cadar-cadar,

Səsim-sözüm cadar-cadar…

1983

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0