Bir şüşə serum - Nazim Hikmətin hekayəsi

Noy 21, 2026 - 19:32
 0  6
Bir şüşə serum - Nazim Hikmətin hekayəsi

Yazici.az ədəbiyyat portalı Nazim Hikmətin "Müharibə xatirələri: bir şüşə serum" hekayəsini təqdim edir.

Yaşlı həkim uzun ağ xalatının düymələrini bağlayıb dikəldi, siqaretini söndürdü. Yarıqaranlıq çadırın qat-qat pərdəli qapısını qaldırdı. Çuxura batmış, uzun kirpikli gözləri ilə ətrafa baxdı. Çöldə qolları qırmızı-ağ nişanlı əsgərlərin daşıdığı boş xərəklər sürətlə uzaqlaşır, üzərlərində qırmızı aylı ağ bayraqların dalğalandığı geniş çadırların qarşısında həkimlər oyan-buyana gedib-gəlir, uzaqdan top səsləri əks-səda verirdi. Müharibə hələ bitməmişdi. İrəliləyən diviziyanın arxada qoyduğu yaralıları toplamaq üçün hələ də yeni nəqliyyat vasitələri göndərilirdi...

Əlində bərk-bərk tutduğu pərdənin qatını buraxdı, küncə çəkildi... Qaşlarını çatdı, sifətində anlaşılmaz bir iztirabın dərin cizgiləri göründü. Yanındakı portativ stula oturdu, ağarmış uzun saçlarını uzun barmaqlı, damarlı əlləri ilə sıxdı və dumanlanmış gözlərini qarşıdakı masanın üstündə sarı dişləri, qaranlıq göz çuxurları ilə sırıtan bir ölü kəlləsinə dikib düşünməyə başladı: Yaralılar hələ gəlməmişdi. Bugünkü intizar çox uzanmışdı. İçində dəhşətli bir şübhə onu yeyib bitirirdi. Bəs bu gün oğlu da yaralanıbsa...

Bəs... Bəs o heç gəlməsə... Bütün ümidi, bütün təsəllisi olan oğlu, təkcə oğlu ölübsə... Oğlu üçün yaşayan bu biçarə nə edərdi?.. O da ölərdi, o da...

Gözləri bütünlüklə böyüdü, saçları biz-biz durdu, sifəti saraldı. İndi oğlunu qanlı sinəsi, qapalı gözləri, bənövşəyi dodaqları ilə görürmüş kimi oldu. Dikəldi, əllərini irəli uzatdı, sanki o xəyalı, o qanlı xəyalı itələmək istəyirdi...

Sonra əsən qolları yanına düşdü. — Of!.. Bu gün içimdə öldürücü bir şübhə var, — deyə mızıldandı...

Qalxdı, sürətli addımlarla çadırın içində gəzişməyə başladı... Ona oğlunun yaralandığını, ya da öldüyünü kim demişdi?.. Heç kim... Amma bir səs, ta içindən gələn bir səs ona başına mütləq bir fəlakət gələcəyini bağıra-bağıra deyirdi... O, bu səsi, bu lənətə gəlmiş səsi boğmaq istəyirmiş kimi sinəsini tutur, sıxır, lakin müvəffəq ola bilmir, özü boğulurdu. Bir azdan çöldə səs-küy artdı... Yaralıları gətirirdilər...

Qapıya doğru getmək istədi, amma tərəddüd etdi... Bəs onu da indi bir xərəyin üstündə saralmış sifəti ilə görsə?..

Lakin vəzifə onu çağırırdı, çıxmalı idi... Çıxdı... Çoxlu xərəklər gedib-gəlir, ağ uzun xalatlı həkimlər o yan-bu yana qaçışırdılar...

Əməliyyat çadırına tərəf irəlilədi... İçəri girdi və oradakılara boğuq səslə:

— Nə xəbər? — dedi. Ağır yaralılarımız var?

Yoldaşlarından biri cavab verdi: — Çox ağır yaralımız yoxdur. Yalnız polkovnikin sağ ayağını bir güllə qəlpəsi pis yamanlayıb, böyük yara açıb. Bu arada hücuma qalxan diviziya da irəlilədiyindən uzun müddət ona baxıla bilməyib...

Yarası çox pisdir, hər halda serum vurmaq lazımdır...

— Belə?.. Allah bizə rəhm edib, çünki bilirsiniz, bizim diviziyanın həyatı polkovnikimizin həyatına bağlıdır. Hər nə bahasına olursa-olsun serum vurub tetanus təhlükəsini aradan qaldırmalıyıq. Özü haradadır? — Sarğı yerində!

Sarğı çadırına getmək üçün çölə çıxırdı ki, birdən qapıda dayandı, saraldı, bir dəfə səndələdi, sonra “Oğlum! Oğlum!” deyərək qapıdan içəri gətirilən bir xərəyin üstünə atıldı. Yoldaşları onu tutdular...

Yaralı çox ağır görünürdü. Sinəsində dərin bir yara vardı. Onu əməliyyat masasının ağ muşambası üzərinə uzatdılar. Biçarə ata sapsarı sifəti, bənövşəyi dodaqları, qorxunc gözləri ilə bir küncdə əllərini bir-birinə sürtərək bunu seyr edirdi... Yaralı yatırıldı. Yarası açılanda yaşlı həkim birdən masaya cumdu... Xırıltılı səslə: — Dəhşətli, çirkin yaradır! — deyə söylənib...

Öz əli ilə yaranı yoxladı. Çox dərin deyildi, təhlükə yox idi... Dərindən nəfəs aldı...

Gözlərinin içi gülürdü... İndi yalnız bir təhlükə vardı, tetanus təhlükəsi... Bu da aradan qaldırıla bilərdi. Əldə serum olduqdan sonra... Dərhal arxasına çevrilib əczaçıya: — Aman, bəyim, — dedi, — iki serum. Tez yetişdirin. Biri oğluma, o biri polkovnik üçün, iki şüşə...

Ağ saqqallı, eynəkli bir kişi olan müraciət olunan yavaşca: — Unudursunuz, bəyim, — dedi. — Ötən təyyarə hücumunda bombalarla yanan əczaçılıq anbarları arasında serumlar da məhv olmuşdu... Lakin yalnız bir dənəsi xilas edilib, zənn edirəm... Bunu sizə demişdik. İstanbula yazdıq, hələ...

O artıq ətraflı izahata qulaq asmırdı. Yalnız serumun bir dənə olduğunu xatırlayırdı...

Artıq bütün ümidi məhv olmuşdu, oğlu ölümə məhkum demək idi... Serumə möhtac iki yaralı vardı. Buna qarşılıq yalnız bir şüşə... Biri leytenant, digəri polkovnik... Biri alay komandiri, digəri kiçik zabit! Biri yalnız öz oğlu, digəri bütöv bir alayın atası...

Vəzifə hissi ilə ata şəfqəti toqquşdu... Həm də axı, polkovnik durarkən, “Serumu oğluma vurun”, desə, sözünün hökmü olacaqdı?

Yoldaşları donmuş kimi bu mübarizənin qanlı izlərini onun gözlərindən izləyirdilər... O, yerdən dikəldi, gözlərini masada yatan oğluna çevirdi, dayandı, dəqiqələrlə dayandı... Sonra birdən titrək, məyus, lakin qətiyyətli bir səslə: — Serumu polkovnikə tətbiq edin, — əmrini verdi və oğlunun üstünə yıxıldı...

On gün oğlundan heç ayrılmadı... Onun tetanusun yandırıcı caynağında nə böyük əzablarla qıvrıldığını boş gözlərlə seyr etdi və o, son bir gərilmə ilə qatılaşanda irəlilədi. Bir dəfə silkələdi, bir daha, bir daha! Sonra gözləri böyüdü, saçları biz-biz durdu, ağzı əyildi, acı bir qəhqəhə qoparıb oğlunu, oğlunun donmuş, bərkimiş cəsədini qucağına alıb çıxdı. Nə edəcəyini bilməyən sərsəri bir görkəmlə uzaqlarda yaşıl zirvələri dalğalanan dayanıq dağlara doğru uzaqlaşdı.

O gecədən sonra nə həkimi, nə də oğlunu bir daha görən oldu.

1920

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru