Fariz Süleymanoğlu: Ruhun pərdəsindən ərşə ucalan söz

Noy 21, 2026 - 18:15
Noy 21, 2026 - 18:26
 0  43
Fariz Süleymanoğlu: Ruhun pərdəsindən ərşə ucalan söz

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

Bəşər mədəniyyəti tarixində söz sənəti, xüsusilə poeziya, yalnız estetik zövq və ya bədii təsvir vasitəsi deyil, insan ruhunun varlıqla, zamanla və mütləq həqiqətlə qurduğu ən ali dialoq formasıdır. Fəlsəfi-estetik fikir tarixində sənət insanın zahiri aləmi təqlidi deyil, bəlkə onun batini aləminin, metafizik sarsıntılarının və mənəvi kamillik axtarışlarının səslənməsidir. Əgər nəsr düşüncənin məntiqi axarı və həyatın epik mənzərəsidirsə, şeir insan ruhunun ən incə titrəyişlərinin, qəlbin səssiz fəryadının və idrakın sezgi məqamlarının sözə çevrilmiş halıdır. Təbii ki, söhbət əsl şeirdən gedir və həqiqi poeziya o zaman doğulur ki, söz müəllifin fərdi yaşantılarından çıxaraq ümumbəşəri ağrıya, zamanın nəbzinə və xalqın mənəvi yaddaşına çevrilir. Bu mənada şair yalnız qafiyə və vəzn ustası deyil, dövrünün vicdanı, ruhunun tərcümanı və həqiqət yolçusudur.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Fariz Süleymanoğlunun poetik yaradıcılığı məhz belə bir möhkəm mənəvi-intellektual zəmin üzərində ucalır. Uzun illər klassik Şərq və Azərbaycan ədəbi irsinin dərinliklərinə baş vuran alim-şairin poeziyasında klassik irfan düşüncəsi ilə çağdaş ictimai-fəlsəfi baxış üzvi şəkildə birləşir.

Fariz Süleymanoğlunun şeirlərində söz ağırlığı, fikrin yığcamlığı və bədii obrazın çoxqatlılığı diqqəti cəlb edir. Onun poeziyası süni pafosdan uzaq, səmimi, eyni zamanda ictimai məsuliyyət hissi ilə yüklənmiş ziyalı poeziyasıdır. Müəllif həm klassik heca vəzninin imkanlarından (xüsusilə gəraylı və qoşma ruhundan), həm də divan ədəbiyyatının rəmzi-irfani kodlarından məharətlə faydalanaraq insanın mənəvi tənhalığını, haqq-ədalət axtarışını və dövrün ziddiyyətlərini poetik lövhələrə çevirir. Şairin "Çəkilib" şeiri onun sənət manifesti olmaqla yanaşı, həm də dərin ictimai-fəlsəfi ümumiləşdirmə gücünə malik proqram xarakterli əsəridir. Gəraylı ölçüsündə (7 hecalıq bənd quruluşunda) qələmə alınmış bu şeirdə "çəkilib" rədifinin semantik yükü hər bənddə yeni bir fəlsəfi və sosial məna qatı açır. Şeir müəllifin poeziya haqqında fəlsəfi-estetik kredosu ilə başlayır:

Şeir ruhun səsidi,
Duyuğusu, nəfəsidi.
Bir ürək pərdəsidi
Bizim tara çəkilib.

Burada şair şeiri ruhun səsi, duyğusu və nəfəsi kimi səciyyələndirməklə poeziyanın metafizik qaynağına işarə edir. Lakin ən maraqlı poetik tapıntı şeirin "bizim tara çəkilmiş bir ürək pərdəsi" kimi təqdim olunmasıdır. Tar Azərbaycan xalqının milli ruhunun, tarixi yaddaşının və muğam fəlsəfəsinin rəmzidir. Şairin qəlbi bu tarın üzərindəki pərdəyə çevrilməklə fərdi ağrı ilə milli ruh arasında sarsılmaz bir ahəng yaradır, yəni şairin hər misrası ürəyinin simindən qopan bir muğam pərdəsidir.

 İkinci bənddə klassik Şərq irfanının üç ali mənəvi məqamını, Arif, Aqil və Aşiq obrazlarını ön plana çən müəllif yazır:

Arif olan gözündən,
Aqil olan sözündən,
Aşiq eşqi üzündən
Ahü-zara çəkilib.

Bu bənddə dərin bir psixoloji-fəlsəfi müşahidə var: həqiqəti görən arif gözünün bəsirətindən, hikmət söyləyən aqil sözünün məsuliyyətindən, ilahi və insani məhəbbətlə yanan aşiq isə eşqinin böyüklüyündən "ahü-zara çəkilib". Bu, kamillik yoluna qədəm qoyan insanın cahil mühit qarşısında keçirdiyi əbədi mənəvi iztirabın poetik ifadəsidir.

Üçüncü bənddə isə şair fərdi iztirabdan ümumbəşəri tarixi faciəyə keçid edir:

Hikmət gülün iyləmiş,
Dövrə üsyan eyləmiş,
Nə qədər haqq söyləmiş
Dahi dara çəkilib...?!

Həllac Mənsurdan İmadəddin Nəsimiyə, Sokratdan Hüseyn Cavidə qədər tarix boyu haqqı söyləyən, dövrün haqsızlığına üsyan edən mütəfəkkirlərin taleyi bir sual işarəsinin, "dara çəkilib...?!" - nidasının ağırlığında cəmlənir. Burada "çəkilib" rədifi artıq ruhi haldan fiziki edam, dar ağacı və şəhadət məqamına yüksəlir.

Dördüncü bənddə şair tarixdən çağdaş sosial gerçəkliyə qayıdaraq cəmiyyətdəki ədalətsizliyi satirik-dramatik boyalarla ifşa edir:

El palaza bürünür,
Pullu dahi görünür,
Arxasızlar sürünür,
Gör kim hara çəkilib?!

"El ilə gələn qara gün bayramdır", - xalq məsəlinə ironik bir işarə olan "El palaza bürünür", - misrası kütləvi biganəliyi, "Pullu dahi görünür" misrası isə maddi sərvətin elm və zəka üzərindəki saxta hegemonluğunu tənqid edir. Haqq deyən dahilərin "dara çəkildiyi" bir dünyada arxadan, dayaqdan məhrum olanların sürünməsi şairin vətəndaş qəlbində dərin ağrı doğurur.

Şeirin final bəndi lirik "mən"in gecə sükutunda səma ilə qurduğu metafizik təmasla tamamlanır:

Bu gecə ay paradı,
Nəsə.., qanım qaradı.
Qərib, bu ərş haradı?
Yuxum ora çəkilib.

"Ayın para olması" həm gecənin romantik mənzərəsini, həm də şairin yarımçıq qalmış ümidlərini, qəlbinin nigarançılığını ("qanım qaradı") simvolizə edir. Yer üzündəki haqsızlıqlardan yorulan şairin ruhu və yuxusu "Ərşə", yəni ilahi ədalətin və mütləq həqiqətin məkanına çəkilir. Bu sonluq şeiri bədbinlikdən xilas edərək, ona ali bir irfani ucalıq qazandırır.

Fariz Süleymanoğlunun poeziyasında fəlsəfi dərinliyi və metafizik yükü ilə seçilən digər proqram xarakterli əsəri onun çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rüstəm Behrudinin "Oturub ağlasam, dəli deyərlər, / Oturum kədərli bir şeir yazım" misralarına cavab-dialoq ruhunda yazdığı "Çəkir" şeiridir. Əgər Rüstəm Behrudinin misralarında kədərin poetik etirafı ön plandadırsa, Fariz Süleymanoğlu bu kədəri fərdi ovqat çərçivəsindən çıxararaq varlığın əzəli qanunauyğunluğu, İlahi sınaq (çilə) və irfani riza müstəvisinə yüksəldir.

Şeirin fəlsəfi ağırlıq mərkəzi insanın dünyaya gəlişinin mahiyyətini və əzabın metafizik mənasını açan bəndlərdə cəmlənir:

Çözür Tanrı hesabını,
Duyur günah-səvabını.
İnsan dünya əzabını
Başdan gələ-gələ çəkir.

Burada şair insanın dünyadakı iztirabını təsadüfi bir bədbəxtlik kimi deyil, ruhun Tanrı dərgahından ayrılıb maddi aləmə "qonaq" olaraq gəldiyi andan etibarən boynuna götürdüyü əzəli bir tale kimi şərh edir. Təsəvvüf fəlsəfəsində nəfsin saflaşması üçün keçilən çilə məqamı şeirin növbəti bəndində daha aydın fəlsəfi düstura çevrilir:

“Bu yüksələn son ağıdı”,
“İnsan dünya qonağıdı”,
“Dərdlər Tanrı sınağıdı”
Deyən məzlum çilə çəkir.

Buradakl "İnsan dünya qonağıdı" və "Dərdlər Tanrı sınağıdı" misraları klassik Şərq irfanının (Yunus Əmrə, Mövlanə, Füzuli) fəlsəfi kodlarının çağdaş poetik təcəssümüdür. Şair təsbehin dənələrini "dərddən çəkən" ariflə "elə-belə çəkən" qafil arasındakı fərqi göstərməklə dərdi dərk etməyin özünü ali bir idrak məqamı sayır.

Fariz Süleymanoğlunun fəlsəfi poeziyasında insan sadəcə taleyin passiv icraçısı deyil, xeyirlə şərin əbədi mübarizə meydanında şüurlu seçim edən mənəvi varlıqdır:

Paylaşacaq mərd son unu,
Xeyir görək mərd sonunu!
Çoxu bilməz dərd sonunu,
Kimi bilə-bilə çəkir.

Buradakı "Son ununu paylaşan mərd" obrazı mənəvi fədakarlığın zirvəsidir. Dərdin sonunun nə olacağını bilə-bilə onu çəkmək isə cahillikdən deyil, ali insanlıq ləyaqətindən irəli gəlir. Bu mənəvi mübarizədə insanın qarşısına çıxan əsas maneəni də dəqiq nişan verən şair yazır:

Zəncir vurub qolumuza,
Keçir sağı-solumuza,
Məlun İblis yolumuza
Hər gün yeni tələ çəkir.

Burada İblis insanı haqq yolundan azdıran, onun ruhuna zəncir vuran şər başlanğıcının rəmzidir. Zəmanənin ("Fələyin") saça qar yağdırması və gözün nurunu "gilə-gilə çəkməsi" fonunda insanın mənəvi dayaq nöqtəsi yenə də ilkin saflığa, ata-ana ocağının müqəddəs yaddaşına ("Mən anamın dizindəyəm, / Atam sığal telə çəkir") qayıdışda tapılır.

Şeirin final bəndi isə Rüstəm Behrudinin "oturub kədərli bir şeir yazım" ovqatına verilmiş ən ali irfani cavabdır:

Susur, çəkir bir ah, deyir,
“Tək Allaha pənah!” – deyir,
Hər dərdə, “Eyvallah!” – deyir,
Qərib gülə-gülə çəkir.

Burada, lirik qəhrəman artıq şikayət və fəryad mərhələsini aşaraq sufi fəlsəfəsinin ən yüksək məqamına, riza və təslimiyyət ("Eyvallah!") məqamına çatır. "Tək Allaha pənah!" - deyib hər dərdə "Eyvallah!" söyləmək və əzabı "gülə-gülə çəkmək" acizlik deyil, əksinə, dünya əzabları üzərində qazanılmış mənəvi qələbənin, ruhun sarsılmazlığının poetik ifadəsidir.

Fariz Süleymanoğlunun fəlsəfi lirikasında zaman və ədalət kateqoriyaları mücərrəd anlayışlar kimi deyil, cəmiyyətin mənəvi imtahanı kimi qoyulur. Onun "Olmadı" şeiri klassik sufi rəmzləri ilə çağdaş sosial-mənəvi tənqidi birləşdirən yüksək fəlsəfi yükə malik əsərdir.

Şeirin ilk bəndində sufilərin "mey" (ilahi eşq və həqiqət badəsi) və "ney" (ayrılıq və kamillik naləsi) vasitəsilə gözlədiyi mənəvi xilasla məzlumların ədalət intizarı eyni nöqtədə birləşir:

Sufilər mey gözlədi,
Üfürdü ney, gözlədi,
Məzlumlar hey gözlədi,
Kimsə nazil olmadı.

Buradakı "nazil olmadı" ifadəsi həm ilahi vəhy və xilaskar intizarına, həm də yerdəki ədalətsizliyə son qoyacaq ali iradənin gecikməsinə işarədir. Şair maddi dəyərlərin mənəviyyatı üstələdiyi bir mühitdə "İblisə can deyənlərin, haqqa böhtan deyənlərin, pula vicdan deyənlərin" cəzasız qalmasını kəskin fəlsəfi-etik sual altında qoyur. Şeirin ən dərin və orijinal fəlsəfi-etik kəşfi final bəndində öz əksini tapır:

İncitdi, dosta susduq,
Səhv dedi “usta”, susduq,
Zülmə iclasda susduq,
Susmaq qızıl olmadı.

Əsrlər boyu Şərq hikmətində mütləq həqiqət kimi qəbul edilən "Danışmaq gümüşdürsə, susmaq qızıldır", - atalar sözü burada şairin tənqidi idrakı ilə yenidən mənalandırılır. Fariz Süleymanoğlu sübut edir ki, dost xəyanətinə, "ustad" səhvinə, xüsusilə zülmə qarşı susmaq kamillik deyil, haqsızlığa şərik olmaqdır. Bu mənada zülm qarşısındakı sükut heç vaxt "qızıl" ola bilməz.

Şair "Gələn" şeirində fərdi-fəlsəfi düşüncədən tarixi yaddaşa, Vətən coğrafiyasına və sözün ali qüdrətinə keçid edir. Şeirdə ən dərin fəlsəfi-mənəvi qatlar iki əsas xətdə: milli yaddaş və şəhidlik zirvəsi və Peyğəmbərlik missiyası və sözün Nəsimi zirvəsində cəmlənir. Şair ocağın külündən qalxan xəbərlə Vətənin - Sədərəyin tarixi ağrısını eyni poetik müstəvidə birləşdirir:

Analar qara bağladı,
Ağılar ürək dağladı.
Neçə Şəhidə ağladı
Sədərəyim Mildən gələn!

Burada, "Sədərəyim Mildən gələn!" misrası dərin tarixi-coğrafi və mənəvi rəmzi məna daşıyır; Mil düzündən Naxçıvanın sərhəd qalası Sədərəyə qədər uzanan bütöv Azərbaycan coğrafiyasının taleyi və Şəhidlik fəlsəfəsi bir bənddə əbədiləşdirilir. Şeirin son iki bəndi isə ilahi seçilmişlik (nübüvvət) və həqiqət naminə fədakarlıq fəlsəfəsinə həsr olunmuşdur:

Hər ürəyin təbi olmaz,
Hər xəstənin həbi olmaz.
Hər sandıqda nəbi olmaz,
Musa kimi
- Nildən gələn.

İncidib dodaq büzdürər,
Can olar, candan bezdirər,
Haqq deyib dəri üzdürər,
Adicə söz
- dildən gələn!

Burada Nil sularında sandıq içində xilas olan Həzrət Musa peyğəmbər təlmihi ilə hər kəsin həqiqət elçisi ola bilməyəcəyini vurğulayan şair final bəndində  "Haqq deyib dəri üzdürər / Adicə söz - dildən gələn!" misraları ilə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin əbədi şəhadət obrazını canlandıraraq, adi görünən sözün haqq məqamında insanı dar ağacına və dərisinin soyulmasına aparacaq qədər qüdrətli bir varlıq olduğunu fəlsəfi dərinliklə ifadə edir.

"Qədər" şeiri isə Fariz Süleymanoğlunun dünyagörüşünün fəlsəfi, dini-etik və milli-ideoloji yekunu kimi çıxış edir. Burada şair insan ömrünün mənasından başlayaraq ümumtürk milli idealına, Turan məfkurəsinə yüksəlir. Şeirin başlanğıc bəndləri demək olar ki, İslam irfanı ilə aktiv həyat fəlsəfəsinin sintezidir:

Ulular “oxu” deyib,
Beşikdən gora qədər.
Bu ömrə “yuxu” deyib,
Zülmətdən nura qədər.

Həm qədim, həm təzədi,
Sirr dolu möcüzədi,
Həyat mübarizədi,
Vuruş axıra qədər.

"Beşikdən qəbrə qədər elm öyrənin", - hədisi və "İnsanlar yuxudadır, öləndə oyanarlar", - irfani hikməti burada passiv tərki-dünyalığa deyil, "Zülmətdən nura qədər" uzanan idrak yoluna və "Vuruş axıra qədər" çağırışına, aktiv mübarizə fəlsəfəsinə çevrilir. Növbəti bəndlərdə şair dindarlıq pərdəsi altında gizlənən riyakarlığı kəskin irfani nəzərlə ifşa edir:

İbadətin, a dərviş,
Ya göstəriş, ya vərdiş.
Bu tamaşa, bu gərdiş
Sürəcək sura qədər.

İbadətin səmimi eşqdən uzaqlaşıb "göstərişə və vərdişə" çevrilməsi, həmçinin "Zəifə fil görünür, / Güclüyə birə qədər" misralarında cəmiyyətdəki mənəvi ikili standartlar İsrafilin suruna (qiyamət gününə) qədər davam edəcək dünya tamaşasının fəlsəfi tənqididir.

Şeirin zirvə nöqtəsi - final bəndi fəlsəfi lirikadan milli-ideoloji manifestə çevrilir:

Turan – Ülkümüz adı!
Turan – Ulu davadı!
Turan – “Qızıl alma”dı,
Türkə qəbirə qədər!

 "Qızıl alma" burada qədim türk dövlətçilik və mənəvi birlik fəlsəfəsinin ən ali simvolu kimi mənalandırılır. Şair üçün Turan sadəcə coğrafi məkan deyil, türkün beşikdən qəbrə qədər daşıdığı müqəddəs “Ülkü” və “Ulu Dava”dır.

 "Zaman itkisi" şeiri isə itki anlayışını fərdi kədər çərçivəsindən çıxararaq, onu sənətkar taleyi, Vətən şəhidliyi, fəlsəfi idrak və cəmiyyətdəki mənəvi aşınma müstəvilərində təhlil edən çoxqatlı fəlsəfi əsərdir.

Şeir "tükənmiş qələm", "küləyə qarğıyan şəm" və "kaman itkisini duyan ox" metaforaları ilə başlayaraq yaradıcı ruhun sarsıntılarını ifadə edir. Lakin şairin qəlbindəki ən ağır, sağalmaz itki Vətən uğrunda canından keçən Şəhidlərin itkisidir:

Üzünü göz yaşı axır yandırır!
Nəvəsi üzünə baxır, yandırır!
O Şəhid atasın yaxır-yandırır
Öncədən qəlbinə daman itkisi!

Vətən, haqq yolunda candan keçənin,
Şəhidlik badəsin erkən içənin,
Bizə candan yanan, vaxtsız köçənin
Yaman ağır olur, yaman itkisi!

Burada Şəhid atasının göz yaşları ilə hələ atasını tanımayan körpə nəvənin baxışları arasındakı dramatik təzad Vətən itkisinin nəsillər boyu davam edən müqəddəs ağrısını fəlsəfi-emosional zirvəyə qaldırır. Şeirin ən dərin fəlsəfi bəndi düşüncə azadlığı ilə dini fanatizm (cəhalət) arasındakı əbədi qarşıdurmanı açır:

Düşünən məzhəbi, dini sorğular,
Fələyi, mələyi, cini sorğular,
Anlamaq istəyər yəni, sorğular,
Cahil bunu sanar “iman itkisi”.

Bu bənd klassik Şərq fəlsəfi-rasionalist fikrinin (İbn Sina, Ömər Xəyyam, Nəsimi, Hüseyn Cavid) müasir poetik manifestidir. Şair sübut edir ki, varlığı, dini və kainatı sorğulamaq imansızlıq deyil, əksinə, həqiqəti dərk etmək ("anlamaq istəmək") ehtiyacıdır. Bu idrak axtarışını "iman itkisi" adlandıranlar isə yalnız cahillərdir.

Şair "canavarla çobanın birləşdiyi" saxta mühitdə ("Duman itkisi") insanın həyat yolunu azmasını "yön itkisi, liman itkisi" kimi fəlsəfi kateqoriyalarla ümumiləşdirir. Final bəndində isə bütün itkilərin ən böyüyü elan olunur:

Zalıma əl çalan əllərə heyif,
O, nadanlar üzən güllərə heyif,
Nankora sərf olan illərə heyif...
Zaman itkisiymiş, zaman itkisi!

Zalıma alqış tutmaq, nankora ömür sərf etmək insanın geri qaytarılması mümkün olmayan yeganə sərvətini,  zamanını puç etməsidir. Ağır ictimai-fəlsəfi düşüncələrdən və zamanın ağrılarından sonra "Apara" şeiri şairin poetik dünyasında ruhi təmizlənmə (katarsis), təbiətlə vəhdət və işıqlı gələcəyə inam akkordu kimi səslənir.

Şeirdə yağış adi təbiət hadisəsi deyil, insan ruhundakı qəm-qüssəni, qəlbin yaralarını yuyub aparan metafizik arınma vasitəsidir:

Bu səhər dupduru, gur yağış yağa,
Bir hüzur ələnə şəhərə, dağa,
Bütün qəm-qüssəni suyunda boğa,
Qatıb qabağına yuyub apara.

Burada, şairin pəncərə şüşəsinə söykənib yağışı dinləməsi və bütün dərd-səri yağış damcıları ilə "gedər-gəlməzlərə" yola salması insanın təbiət vasitəsilə öz batini aləmini yeniləməsi prosesidir.

Şeirin final bəndi isə fəlsəfi nikbinliyin və nəsil-nəcabət davamlılığının ən səmimi poetik lövhəsidir:

Və sonra qırmızı bir günəş doğa,
Təbəssüm eyləyə təbiət-doğa,
Gülüb, qığıldaya südəmər çağa,
Babası da, "hay can!" - deyib apara...

Tufandan və leysandan sonra doğan "qırmızı günəş" ümidin, "gülüb qığıldayan südəmər çağa" isə yeni həyatın rəmzidir. Bütün dünya əzablarından ("Çəkilib", "Çəkir", "Zaman itkisi") keçmiş şair-babanın körpə nəvəsinin gülüşünə "hay can!" deyərək onu qucağına alması həyatın ölüm və kədər üzərindəki əbədi qələbəsini simvolizə edir. Onun şeirlərində  milli yaddaş aparıcı yer tutur. Sədərəkdən Mil düzünə uzanan Vətən coğrafiyasının ağrısı, Şəhidlik zirvəsinin müqəddəsliyi ("Gələn", "Zaman itkisi") və türkün beşikdən qəbrə qədər daşıdığı "Qızıl alma" - Turan ülküsü ("Qədər") şairin vətəndaşlıq kredosunun sütunlarını təşkil edir. Fariz Süleymanoğlunun poetik yaradıcılığını müasir Azərbaycan ədəbiyyatında klassik irfan ənənəsi ilə çağdaş fəlsəfi-ictimai düşüncənin üzvi sintezini təşkil edir. Onun üçün şeir sadəcə bədii söz oyunu deyil, insan ruhunun səsi, duyğusu və nəfəsidir.

Bütövlükdə, Fariz Süleymanoğlunun şeirləri dərin elmi-mətnşünaslıq təfəkkürü ilə yüksək poetik duyumun vəhdətindən doğan, oxucunu düşünməyə, özünüdərkə və mənəvi ucalığa səsləyən dəyərli sənət nümunələridir. 

Sonda dəyərli tədqiqatçı-alim və həssas qəlbli şair Fariz Süleymanoğluna möhkəm cansağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, onun "bizim tara çəkilmiş ürək pərdəsi" olan poeziyası hər zaman haqqın, ədalətin və milli ruhun səsi kimi ucalsın, qələmi heç vaxt "zaman itkisi" görməsin, ömrü isə "Apara" şeirindəki kimi səhər yağışının saflığı, doğan günəşin işığı və körpə nəvələrinin "hay can!" dedirdən şirin gülüşləri ilə daim nurlansın!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru