Sabir Bəşirov: Yeri göynəyən adam

Noy 20, 2026 - 14:22
 0  30
Sabir Bəşirov: Yeri göynəyən adam

Yazici.az ədəbiyyat portalı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının "Sabir Bəşirov: Yeri göynəyən adam" yazısını təqdim edir.

1. Ah, bu 20 noyabr

...Neçə illərdi ki, hər il noyabr ayının 20-si məndə iki fərqli ovqat yaradır...

Noyabrın 20-də çağdaş Azərbaycan tarixinin qara səhifələrindən biri olan Qarakənd faciəsi baş verib...

Noyabrın 20-də (1956-cı ildə) də görkəmli ziyalı, cəfakeş ədəbiyyatşünas, fəlsəfə doktoru Sabir Bəşirov dünyaya gəlib: həmişə o gün zəng vurub səsini eşitmişəm, istəyirəm indi də xəttin o başında toxtaq “Pis demək olmaz”  kəlmələrini eşidim, tanış gülüşünü eşidim...

Əlbəttə, az qala, 40 ildi tanıdığım, bu müddətin, ən azı, 10 ilini yaxın dostluq və yaradıcılıq ünsiyyətində olduğum Sabir Bəşirov haqqında keçmiş zamanda yazmaq  mənim üçün dünyanın ən əzablı işidi. Çünki o, məndən ötrü, Nurafiz demiş, “ürəyimi söykədiyim”, məni Sözə və Həyata daha möhkəm bağlayan beş-üç nəfər dostdan biriydi...

Sabir Yardımlıda, dağlar qoynundakı Peştəsərdə müəllimlik eləyir, ailə, gün-güzəran qayğıları çəkir, böyük ədəbiyyatla nəfəs alır, dostlarından ötrü darıxır, ildə cəmi iki-üç dəfə yön çevirdiyi Bakıya gələndə aylarla yığılmış duyğularını könlündə yer tutan kəslərə gen-bol paylamağa can atırdı...

O, gedəndən sonra da söz-söhbəti, yalnız duyuma deyil, həm də məntiqə və ədalətə əsaslanan mülahizələri, bitib-tükənməyən əyalət qayğıları içində heyrətamiz tərzdə qoruyub saxlamağı bacardığı nikbinliyi üçün darıxırdım...

Bəlkə, elə bu səbəbdəndi ki, yaşamda da, yazı-pozuda da həmişə Sabirin təmkinini, nizamını, ölçü-biçisini, nikbinliyini axtarmışam...

 

2. Dünyayla barışmaq istedadı

Sabir Bəşirov barədə yubileyləri münasibətilə qələmə aldığım yazılarda elə gənclik illərindən ağırtaxtalı, təmkinli olduğunu, yaşından əvvəl müdrikləşdiyini, qeyd eləmişəm...

Sabir bəlkə də hər il artan yaşın doğurduğu anlaşılmaz vahimənin fərqində deyildi, yaşının üstünə yaş artmasıyla həyatında, gün-güzəranında nəyinsə dəyişməyəcəyini yaşadığı illərin qazandırdığı müdrikliklə açıq-aydın dərk eləyir, amma çox güman, yaşam yükünə görə nə vaxtsa hesabat verməli olduğunu da yaxşı anlayırdı. Amma bütün bunlar ondan ötrü Allahın ayırdığı möhlətdə düzgün yaşayıb-yaşamadığını, hansı işləri görüb-görə bilmədiyini, ömrünün qalan illərini nəyə sərf eləyəcəyini qərarlaşdırmaq üçün bəhanədən başqa bir şey deyildi...

Şabir çoxlarımızın iradəsizlik göstərib öhdəsindən gələ bilmədiyimiz bir maneəni asmağı – dünyayla barışmışdı, heç nə onun artıq çoxdan formalaşmış ömür nizamını  dəyişmək qüdrətində deyildi: bilirdi ki, həmişə necə  yaşamışdısa, bundan sonra eləcə yaşayacaq, gün-güzəran qayğısıyla yanaşı, ABIRLI SÖZÜN, ABIRLI ƏDƏBİYYATIN təəssübünü çəkəcək, məmləkətin əyalətində ömür sürə-sürə, SÖZÜN UCALIĞINI qorumağa can atacaq, üstəlik, məhdud imkanlarıyla qəlbinin diqtə elədiyi araşdırmalarını qələmə alacaq...

Ötüb-keçən illər Sabirin görkəminə bir azca əl gəzdirsə də (amma zaman da ona qarşı insaflı davranmış, görünür, DÜNYAYLA BARIŞDIĞINA görə, xətrinə çox dəyməmişdi) xasiyyətində köklü dəyişiklik eləyə bilməmişdi: daim hər şeyə səbirlə, təmkinlə, yalnız öz düşüncəsinin süzgəcindən keçirə-keçirə yanaşır, dünyanı, adamları, hadisələri olduğu kimi QƏBUL ELƏMƏYİ bacarır, həyatda da, ədəbi prosesdə də baş verənləri kənardan, ayıq başla, soyuq ağılla izləməyə üstünlük verir, fərdləri, əsərləri, mövqeləri heç vaxt şəxsi marağı prizmasında mühakimə eləmirdi. Bəlkə, elə buna görədi ki, Sabirin qələmindən çıxan yazılar arasında boğazdanyuxarı, məqsədli, təmənnalı, qərəzli... yazılara, hətta fikirlərə belə, rast gəlmək olmur...

Həmişə Sabirin DÜNYAYLA BARIŞMAĞINA, sakit, amma mənalı həyatına, Allahın bəxş elədiyini ömür möhlətini daimi qaçhaqaçda keçirmədiyinə görə,  ona yaxşı mənada həsəd aparmışam. Bu barədə “Yalqız” romanında adını çəkmədən (bədii yazılarımın bir çoxunda adlardan istifadə eləməmişəm, bununla bağlı Sabirlə fikir ayrılığımız vardı, amma mövqeyini elə nəzakətlə söyləyirdi ki, heç xətrimə də dəymirdi) kiçik bir epizod da var. Amma dünyayla barışmağın ona hansı çətinliklər bahasına başa gəldiyini də bilirdim. Onu da bilirdim ki, Sabir Bakıda yox, İstanbulda yaşasa belə, yenə də dəyişməyəcək, öz ömrünü yaşayacaq.

Düzdü, haqsızlıqla üzləşəndə, həqiqətin tapındığını görəndə, riyakarlıqla rastlaşanda çox əzab çəkirdi, bu da dünyanı nizamda görmək istəyindəndi...

Sabir Bəşirovun qismətinə LƏYAQƏTLƏ YAŞAMAQ XOŞBƏXTLİYİ düşmüşdü, Allahın verdiyi ömür möhlətində də SÖZə və HƏQİQƏTə arxa çevirmədi...

 

3. Söz duyğusunu həmişə diri saxlamaq

Sabir Bəşirov universiteti (BDU-nun filologiya fakültəsini) bitirəndən sonra bir çox istedadlı və iddialı həmkursları kimi, Bakıda, ən azı, doğulub-böyüdüyü Yardımlı rayonunun mərkəzində iş tapa, bəlkə də karyerada xeyli irəli gedə, özünə şəhər güzəranı yarada bilərdi. Amma o, gənclik enerjisindən daha düzgün faydalandı, dədə-başa yurduna qayıdıb ev-eşik, oğul-uşaq sahibi oldu, vəzifə-filana həvəs göstərmədən orta məktəbdə dərs dedi, AMEA Fəlsəfə və Hüquq İnstitutunun qiyabi aspiranturasında oxuyub fəlsəfədən elmi iş müdafiə elədi; hətta bundan sonra belə, nəfsinə qalib gəlməyi bacardı, kürsü eşqinə düşmədi, yaşam qayğılarından qənaət hesabına qətrə-qətrə yığdığı enerjisini mütaliəyə və yaradıcılığa yönəltdi.

Əlbəttə, ucqar kənddə yaşayıb gün-güzəran qayğılarıyla əlbəyaxa olmaq, həm də YARADICILIQ DUYĞUSUNU SAXLAMAQ o qədər də asan deyil, hətta çox çətindi: daim təzələnən, dəyişən ədəbi prosesi izləmək, çap olunan əsərləri oxumaq, yaxşı pisdən ayırmaq qələm sahibinə böyük çətinliklər bahasına başa gəlir. Bu səbəbdən, SÖZ DUYĞUSUNU HƏMİŞƏ DİRİ SAXLAMAĞI, yaxşıya sevinib, pisə kədərlənməyi bacaran Sabir Bəşirovun müstəqilliyimiz müddətində yazdığı monoqrafiyaları, tənqidi məqalələri, publisistik məqalələri, sözün əsl mənasında, qəhrəmanlıq adlandırmaq olar. Onun “Anar” (1994), “Əlabbas: Sözün köhnə kişisi” (2005), “Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu” (2006), “60-cılar nəsrinin etik problemləri” (2006), “Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə...” (2010), “Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni” (2010), “Nəriman Əbdülrəhmanlı: İşıq adamı” (2010), “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011), “Firuz Mustafa: İdrakla hissin vəhdəti” (2012), “Əjdər Ol: nəsrin imkanları” (2014), “Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” (2015) monoqrafiyaları məhz ilk növbədə elmi və ədəbi məziyyətləriylə diqqəti çəkir.

Sabir yaşamın çətinliklərini, addımbaşı qarşıya çıxan maneələri səbirlə, təmkinlə, dözümlə aradan qaldırmağı, özünə də, qələminə də hörmət oyatmağı bacarıb...

 

4. Qibtə olunası ədəbi təəssübkeşlik

Sabir Bəşirov müraciət elədiyi mövzularda çətin terminləri yeri gəldi-gəlmədi işlədən, müəllifə də, oxucuya da öz savadlılığını göstərməyə çalışan bir para tənqidçilər kimi, heç vaxt gündəmdə qalmaq eşqinə düşmədi, yazıçının istedad səviyyəsini, yaxud əsərin əsl dəyərini müəyyənləşdirməyə, müəllifin yaradıcılığında və bütövlükdə ədəbi prosesdə yerini tapmağa can atan ədəbiyyatşünas mövqeyindən araşdırdı, daha çox mövzunun, obrazın, hadisənin fəlsəfi anlamını açmağa can atdı. Bəlkə elə buna görə də onun həcmcə iri monoqrafiyaları oxucunu yormur, əksinə, haqqında söhbət açılan yazıçının yaradıcılığını, araşdırılan əsəri bir daha oxumaq üçün təkan verir.

Onun “60-cılar nəsrinin etik problemləri” mübaliğəsiz desək, son illər ədəbiyyatşünaslığımızın dəyərli nümunələrindəndi. Monoqrafiya, bütün fərqli fikirlərə baxmayaraq, ədəbiyyatımıza yeni nəfəs, yeni obrazlar, yeni təhkiyə gətirmiş bütöv bir nəslin yaradıcılığına uğurlu baxışdı. O, Sabir Əhmədovun, Anarın, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin... hekayə, povest və romanlarını ədəbi-fəlsəfi təxəyyülün süzgəcindən keçirir, amma ideallarşdırmaya da yol vermir, hər bir qələm sahibinin öz yaradıcılıq yolunda rastlaşdığı büdrəmələrə belə münasibətini bildirir. Sabir 60-cılara məxsus üslub, forma, dil, təhkiyə tərzi, obrazları, təcrid olunmuş məkanda yox, dünya ədəbiyyatı kontekstində araşdırır, bununla da bədii sözün hüdudlarının nə qədər geniş olduğunu göstərir.

Hətta indi də  Sabirin nəyə görə bu sanballı monoqrafiyanı doktorluq dissertasiyası kimi müdafiə eləmədiyini başa düşməkdə çətinlik çəkirəm. Halalca haqqıydı, elmi hazırlığı da, yaradıcı nüfuzu da buna tamamilə imkan verirdi. Görünür, bürokratik maneələri aşmaq üçün güc və vaxt sərf eləmək, meşin qapılar ağzında gözləmək istəmədi.

Həmişə demişəm: əyalətdə, üstəlik, ucqar dağ kəndində yaşayan Sabir Bəşirovun ƏDƏBİ TƏƏSSÜBKEŞLİYİ qibtə olunası xüsusiyyətdi. O, çağdaş ədəbi prosesi diqqətlə izləyir, ayrı-ayrı qələm adamları və əsərlər barədə yazırdı. Sabirin qələmində müxtəlif ədəbi nəsillərə və fərqli yaradıcılıq üslublarına malik olan  Fikrət Qocanın, Elçinin, Sara Oğuzun, Əsgər Rəsulun, Aqil Abbasın, Xanəli Kərimlinin, Sahib Əliyevin, Əlabbasın, Aslan Quliyevin, Əbülfət Mədətoğlunun, Vahid Məmmədlinin, Azad Qaradərəlinin, Eyvaz Zeynalovun, Əlirza Xələflinin, Gülnarə Cəmaləddinin... təkcə ədəbi deyil, həm də mənəvi dünyası oxucuların gözləri qarşısında canlanır.

Sabirin planında bütövlükdə 80-ci illər ədəbi nəsli haqqında monoqrafiya da vardı. Heyif ki, ömür möhləti bu ideyasını gerçəkləşdirməyə imkan vermədi

 

5. Abrını qorumaq bacarığı

Bəzən şəxsiyyətlə yaradıcılıq arasında ziddiyyətlərin olduğu kimsəyə sirr deyil...

Yaradıcılığından təsirlənib, şəxsiyyətini bəyənmədiyimiz (ya da əksinə) qələm adamlarla az rastlaşmamışıq...

Neçə illərin müşahidəsindən sonra bir daha tam əminliklə deyirəm ki, Sabir Bəşirovun şəxsiyyətilə yaradıcılığı arasında heyrətamiz (əslində, heyrət olunmamalıdı, hər yazı müəllifin xarakterini göz önünə sərir) oxşarlıq vardı – yazıları da özü kimi bütöv, səmimi, bənzərsizdi. O,  yazacağı yazıları dönə-dönə götür-qoy eləməmiş, mülahizələrini həqiqətin məhək daşından keçirməmiş qələmə almır, heç düşüncələrinin ehkam kimi qəbul olunmasına da can atmırdı.

Sabir hər hansı ictimai hadisəyə, şəxsiyyətə, ədəbi-bədii mətnə münasibətdə axına qoşulub getməyi xoşlamır, gördüklərinə, bildiklərinə, oxuduqlarına hissinin yox, ağlının gözüylə yanaşmağı bacarırdı. Elə buna görə də onun məhək daşından keçirdiyi bir məsələ barədə fikrini dəyişdirmək, demək olar, mümkün deyildi. Həmişə mübahisə məqamlarında gətirdiyi dəlil-sübutlarla opponentini inandırmağı, əslində, həqiqətin nədən ibarət olduğunu aydınlaşdırmağı bacarırdı. Xüsusilə, ədəbi söhbətlərimizdə Sabirin zövqü, mövqeyi, mülahizələriylə əksər vaxtlar razılaşmağımın bir səbəbi də buydu.

Sabirdə əsl ədəbiyyatşünasa xas olan bir gözəl xüsusiyyət də vardı: həmişə ədəbi yeniliklərdən xəbər tutmağa, ucqarda yaşasa, internet məkanından, sosial şəbəkələrdən uzaq olsa da, lazımi ədəbi-bədii nəşrləri əldə eləməyə can atırdı. Paytaxtda yaşaya-yaşaya yaradıcılıq faktlarından xəbərsiz qalan bir çox ədəbiyyatşünas-tənqidçilərdən fərqli olaraq, onun ədəbi hadisələrə fəal, özünəxas münasibəti şəxsən məndə həmişə hörmət doğururdu.

Ola bilsin, bu məsələdə “hər şey uzaqdan daha aydın görünür” fəlsəfəsinə söykənmək daha məqbuldu...

Amma bunu daha çox Sabir Bəşirovun taleyini bağladığı məqsəd yolunda ÖZ ABRINI SAXLAMAQ kimi qiymətləndirmək olar...

 

6. Başqalaşa bilməmək vergisi

Sabir Bəşirovla mənəvi və ruhi yaxınlığımızın hüdudunu müəyyənləşdirmək çətindi. Həyatımızın saysız-hesabsız ortaq nöqtələri yaranmışdı, çox az məsələlərdə, yaradıcılıq təfərrüatlarında fikir ayrılığımız olardı. Onun işıq üzü görən kitablarının yarıdan çoxunun yaranma prosesində iştirak eləmiş, tanıdı-tanımadı, layiqli əsərlərə geniş ürəklə sevinməsinin, vaxtını, enerjisini xərcləyib sanballı məqalələr yazmasının şahidi, üstəlik, həmin yazıların ilk oxucularından biri olmuşdum. O yazıları Əlabbasla birgə mənə də ərklə göndərirdi, çap olunanda da özü haqqında yazdığı müəllifdən çox sevinirdi.

         Zəmanə çoxlarını yolundan döndərsə, başqalaşdırsa da, Sabirin qarşısında aciz qalmış, onu dəyişdirə bilməmişdi. Öz istedadı, zəhməti sayəsində çatdığı məqam ondan ötrü yaşam vasitəsinə çevrilməmişdi, nüfuzundan istifadə eləyib müəyyən bir xahiş üçün qapılar açmağı, xahiş eləməyi, dolayı yollara əl atmağı özünə rəva görmürdü. Hətta haqqında kitablar bağladığı bəzi adamlardan gördüyü etinasızlığı da faciə kimi qəbul eləmirdi, öz borcunu yerinə yetirməsini hər şeydən üstün tuturdu. Əksər həyat məsələlərində uşaqcasına sadəlövh idi, adamlara səmimi-qəlbdən inanır, səhv elədiyini başa düşəndə də eyni səmimiyyətlə təəccüblənirdi.

         Sabirin bu elektron texnologiya əsrində kompyuter qarşısında əyləşdiyini indi də təsəvvür eləyə bilmirəm. Telefon belə ona yalnız zəng vurmaq üçün lazım olurdu. Yazılarını yazanda kitabxanasına, əlinin altındakı materiallara arxalanır, xırda, son dərəcə səliqəli xətlə yazır, sonra o yazıları yazdırmaq üçün Bakıya – Əlabbasa, ya da mənə - göndərirdi. Dəfələrlə kompyuter alması, ən sadə əməliyyatları öyrənməsi üçün dilə tutmuşdum, amma xeyri olmadı, ömrünün sonunacan ətəyində yaşadığı Deman dağı kimi, təbii qaldı.

         Bakıya bir neçə nəfəri – Anarı, Əsgər Rəsulovu, Əlabbası, Əli Rza Xələflini, məni, əmisi oğlu Ələddini görmək üçün gəlirdi, söhbətlərimizdə də Xanəli Kərimlini arzulayırdı. Amma bircə günün içində - “yükünü tutan kimi” – geri, dağlara dönmək fikrinə düşürdü. Bilirdik ki, belə məqamda onu şəhərdə heç nə saxlaya bilməz, gedəcək, növbəti səfərəcən darıxa-darıxa yaşayacaq...

 

 

7. Bu yandan da sentyabrın 21-i

2018-ci il sentyabrın 21-də baş vermiş o məşum hadisədən sonra isti-isti heç nə yaza bilmədim...

         Elə bil, nəsə yazsaydım, Sabirin yoxluğunu qəbul eləyəcəkdim. Bunu isə istəmirdim, heç istəmirdim...

         Hələ də bu cismani yoxluğa alışmamışam. Elə bilirəm həmişəki kimi, qəfildən (həmişə gözləsəm də) zəng eləyəcək, yenə hal-əhvaldan sonra dostlardan, ədəbi aləmdə baş verənlərdən uzun-uzadı danışacağıq, sözlərinin arasında da sıxıntısını duyacağam, sonra da adəti üzrə hansısa yeni kitabı istəyəcək, dostlardan ötrü darıxdığını dilə gətirəcək.

         Amma yox, nömrəsini silməyə belə əlim gəlməyən telefonum susur, zəng çalanda da möcüzə baş verdiyinə inanmağa cəhd göstərə-göstərə həyəcanlanır, ekranda başqa ad görəndə, az qala, müvazinətimi itirirəm. Hərdən oğlu Habil zəng eləyəndəsə sanki Sabirin nəfəsini duyuram, qəhər boğazımı tutur, səsimin titrəməsini hiss etdirməməyə çalışıram.

         Bəzən mənə elə gəlir, ömür deyilən şey itkilər məcmusundan ibarətdi. Zaman-zaman ruhuna yaxın, qəlbinə söykək olan kəsləri itirir, axırda da özün yoxluğa qovuşursan. Ata-ana, qardaş-bacı, qohum itkiləri ilə yanaşı, ruh əkizlərini də itirmək insanı Ölümə yaxınlaşdırır. Arif Mustafazadəni, İsa İsmayızadəni, Eyvaz Əlləzoğlunu, Balaş Abbaszadəni, Arif Əmrahoğlunu, Namazalı Paşanı, Sabir Bəşirovu... itirəndə məhz bu duyğuları keçirmişəm.

         O məşum gün ərəfəsində zəng eləmişdi, bu dəfə daha çox mənim təkidimlə  hazırladığımız məqalələr toplusu haqqında danışdıq. Qərara gəlmişdik ki, oktyabr ayında çapa verək. Hətta çap xərciylə bağlı kimlərəsə üz tutmağı belə yaxına buraxmamışdı.

         Səhəri gün sosial şəbəkədə Əli İsgəndərovun bağsağlığını götəndə quruyub qaldım, bir müddət dinib-danışmağa heyim olmadı...

         Sonra hər şey yuxuya çevrildi, Nurafiz və Əlabbasla Peştəsərə gedib çıxmağımız, kənd qəbristanlığında torpağı hələ qurumamış məzarını görməyimiz, doğmalarını dözülməz kədəri – hər şey yuxuya oxşadı...  

         Qayıdanda kitablarına, yazıları çap olunmuş qəzet-jurnallara bir-bir baxdım, yenə gerçəklik duyğusu geri qayıtmayaydı...

         Kaş, o duyğu qayıtmasın, qəfildən Sabir zəng vurub şikayətlənsin ki, məni unutmusunuz, yada salmırsınız...

Kaş, elə bu cür ola...

Amma qəlbimdəki yerinin göynərtisindən bilirəm ki, buna ümid eləmək çətindi...

Gücümüz ancaq Habilin köməyilə haqqında yazılanlardan, bir də xatirələrdən ibarət “Sabir Bəşirov: Ləyaqətlə yaşamaq xoşbəxtliyi” toplusunu nəşr etdirməyə çatdı...

Məkanın cənnət olsun, Yeri Göynəyən Adam...

2019, avqust – 2023, noyabr

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru