Biri ürəyimi yeyir, biri ümidlərimi - Eminqueyin şeirləri

Mar 31, 2026 - 14:38
 0  7
Biri ürəyimi yeyir, biri ümidlərimi - Eminqueyin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Eminqueyin şeirlərini təqdim edir.

Məni yarsan, görərsən ki...

Məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
Birində sinəm göyərib,
Birində qolum keyiyib,
Birində çənəm.

Məni yarsan, görərsən ki,
İçimdə milyon ilim var - əlimdən çıxan.
Birində xoşbəxt olmadım,
Birində azad olmadım,
Birində yoxam...

Məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
Birində sözü kəsilən.
Birində deyə bilməyən,
Birində susan...

Məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
Birinə doğmam zəncir vurub,
Birinə dostum qıfıl vurub,
Birinə ağlım...

Məni yarsan, görərsən ki, içimdə milyon ölüm var,
sağam hələ ki...
Biri ürəyimi yeyir,
Biri ümidlərimi,
Biri Günəşi...

***
saçlarının hörüyündə
yollarımız kəsişsə də
ucunda ayrılıq var.
əllərini gizlətmisən,
bilirəm,
içində ayrılıq var.

qapını döyür bir adam,
başdan ayağa sirr adam,
qışqırır, qışqırır, adam,
– açın da! ayrılıq var...

belədi də, dəyişmir ki,
fikir vermə, qovuşmur ki,
hər sevən dörd-beş adamdan,
üçündə ayrılıq var.

Qayıtmır

Səhər yuxularımızdan çin çıxmır ölən adamlar
Yuxumuza elə-belə gəlmir ki, gələn adamlar.
Ey siz, yuxusunu suya danışıb bölən adamlar,
O sular axıb gedir,
qayıtmır...

Yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
Kiməsə sirrini versən yuxuda işə düşmürsən,
Bir də görürsən bir adam danışır, başa düşmürsən,
Əlini sıxıb gedir,
qayıtmır...

Yuxuda dirilər adam, adam yuxuda ölər də...
Yuxusunu çin istəyir yuxu görən ölülər də,
Hamı ölmür bu dünyada, bilirsənmi, ölmür,
Hərdən çin çıxıb gedir,
qayıtmır...

Köhnə video

Köhnə videolara baxırdıq axşam,
Dizinin üstəydi başım anamın.
Gördüm, silkələyir çiyinlərini,
Kirpik ucundadır yaşı anamın.

Qəfil danışmağa başladı atam,
- Uzağa gedirəm, məni çək belə.
Səsini eşidib "can" deyəcəkdim,
Elə boğuldum ki...
O gülə-gülə...

...qəfil əl yellədi ekrandan bizə,
Elə düyünləndi söz boğazımda,
Elə təzələndi xatirələrim,
Elə gileyləndim alın yazımdan!

Dizimə büküldüm lap körpə kimi,
Elə ağladım ki...
Anam unutsun,
Kəssin göz yaşını, hönkürtüsünü,
Başımı bağrına basıb ovutsun...
Bəs hanı telefon? Bəs hanı video?
Bayaq ağlayanda əlimdən itib.
Tapdım telefonu divanın üstdən,
Baxdım video bitib...
Atam da gedib...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0