Dəniz, musiqi, söz səltənətindən yaranan poeziya - Lütviyyə Əsgərzadə yazır

May 7, 2026 - 19:15
May 7, 2026 - 19:08
 0  12
Dəniz, musiqi, söz səltənətindən yaranan poeziya - Lütviyyə Əsgərzadə yazır

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Hüseyn Sözlünün peoziyası haqqında filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin yazısını təqdim edir.

Müasir Azərbaycan ədəbiyyatında klassik qəzəl ənənələrini yaşadan tanınmış şair, dənizçi və bəstəkar Hüseyn Sözlü həm də gözəl insan, özü və sözü bir olan şəxsiyyətlərdəndir. Dənizə birbaşa çıxışı olmayan və dağlar diyarı Naxçıvanda doğulan Hüseyn taleyini ömürlük dənizlə bağlayıb. Taleyində bir təsadüf (baxmayaraq ki təsadüf deyilən bir şey yoxdur!) və mənəvi ehtiyac kimi yaranan dəniz sevgisi gənc Hüseyn Sözlünün həyatını dənizə bağlayıb. Naxçıvandan Bakıya gələrək o zamankı Bakı Dəniz Yolları Məktəbinə (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) daxil olub.

 Dağlar qoynunda böyüyən bir gənc üçün böyük bir azadlıq rəmzi kimi görünən Xəzərin sonsuz üfüqləri onun üçün yeni bir dünyaya açılan qapı olub. Təhsilini bitirdikdən sonra uzun illər uzaq dəniz səfərlərinə çıxıb, okeanları, müxtəlif ölkələri gəzib. Bu səyahətlər onun dünyagörüşünün formalaşmasında  önəmli rol oynayıb. Dənizçi peşəsi ona həm dözümlülük, qətiyyət aşılayıb,  həm də tənha anlarında yaradıcılığa, sözə, qəzələ sığınmağa sövq edib.

Dəniz də qəzəl kimidir, coşqun və dərin. Dənizin sonsuzluğu ona İlahi eşqin sonsuzluğunu xatırladıb. Naxçıvanın sarsılmaz dağları onun xarakterindəki mətanəti, əzəməti, dəniz isə ruhundakı lirik coşqunu, sonsuzluğu formalaşdırıb. Hüseyn Sözlüdə dənizə olan aşiqlik bəlkə elə “əlçatmazlıqdan” yaranıb.

Dağlar qoynunda doğulub böyümüş Hüseyn Sözlü üçün dağ mənəvi ucalığın, sarsılmazlığın və dik duruşun rəmzidirsə, dəniz dərinlikdir. O, dağ ucalığın.  dənizin üfüqlərində, sonsuzluğunda və mənəvi dərinliyində tapir. Ucalıq və dərinlik…Sirr, möcüzə dolu dəniz… O, ömrünün 50 ilini dənizə verməklə bu sirri kəşf etməyə çalışıb. Dəniz dalğaları ilə könül çırpıntıları arasında qurduğu o maraqlı paralelləri  şeirlərində inikas etdirib. Bir çox mahnıların müəllifi olan, qəzəlləri tanınmış xanəndələr tərəfindən oxunan dənizçi-şair-bəstəkar şair Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatıdır. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında pedoqoji fəaliyyətlə məşqul olan Hüseyn Sözlü bir pedaqoq kimi Azərbaycan dənizçilik təhsilinin inkişafına xidmət etməklə yanaşı, həm də dənizçilərə yol göstərir, onlara sözün və ruhun ucalığını aşılayır.

 Klassik ədəbi irsə, xüsusən Füzuli məktəbinə dərindən bağlı olan Hüseyn Sözlünün iki cildlik “Divan”ı və 10-dan artıq kitabı nəşr olunub. Qəzəllərində həm dünyəvi eşqi, həm də ilahi-irfani mövzuları (münacat, nət) səmimiyyətlə işləyib. Musiqi təhsilli (tar) olması onun şeirlərini axıcı və musiqili olmasında hiss olunur.  Hüseyn Sözlü dənizin coşqusunu qəzəlin lirikası ilə birləşdirən, müasir dövrdə əruz vəznini uğurla davam etdirən nadir şairlərimizdəndir.

Klassik Azərbaycan ədəbiyyatında Divan yazmaq bir şair üçün həm sənətkarlıq imtahanı, həm də elmi-fəlsəfi hazırlıq tələb edən olduqca mürəkkəb bir prosesdir. Bu həm texniki qaydalardan, həm də dövrün estetik tələblərindən qaynaqlanır. Qaydalara görə, kamil bir “Divan”da adətən bu ardıcıllıq qorunur: Allahın birliyini vəsf edən tövhidlər, yalvarış motivli münacatlar və Peyğəmbəri öyən nətlər, dövrün hökmdarlarını və ya nüfuzlu şəxslərini mədh edən qəsidələr və «Divan»ın əsasını təşkil edən, sevgi və fəlsəfi motivli qəzəllər. “Divan”larda qəsidə (təntənəli şeir), qəzəl (eşq və gözəllik tərənnümü), qitə, rübai və məsnəvi kimi klassik janrlar üstünlük təşkil edir. İnsan sevgisi, ilahi eşq, təbiət təsvirləri, dini-təsəvvüfi düşüncələr və ictimai şikayət motivləri ön plandadır. Ənənəvi olaraq ərəb və fars dillərinin təsiri güclü olsa da, Azərbaycan ədəbiyyatında anadilli “Divan” yaradıcılığı (məsələn, Nəsimi və Füzuli) mühüm yer tutur və mürəkkəb metaforalar, rəmzlər sistemi və klassik Şərq poetikasına məxsus fiqurlardan geniş istifadə olunur.

Azərbaycan “Divan” ədəbiyyatının zirvəsi Məhəmməd Füzuli yaradıcılığı hesab olunursa, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Xaqani Şirvani və Nizami Gəncəvi bu ənənənin ən qüdrətli nümayəndələri sayılır.

Məhəmməd Füzulinin türkcə (Azərbaycan dilində) “Divan”ına yazdığı məşhur dibaçəsi şairin həm sənət fəlsəfəsini, həm də şəxsi tərcümeyi-halını anlamaq üçün ən mühüm mənbədir. Nəsrlə yazılan və klassik Azərbaycan ədəbiyyatında ədəbi-nəzəri fikrin ən mükəmməl nümunələrindən sayılan dibaçədə Füzuli şeirin yalnız ilhamdan deyil, həm də dərin elmi biliklərdən qaynaqlanmalı olduğunu vurğulayır: “Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur”. Şair həmçinin dibaçədə ərəb, fars və türk dillərində şeir yazmağının səbəblərini açıqlayır. O, ərəbcəni elmi bəhslər dili, farscanı lətafətli şeir dili, türkcəni isə öz ana dili və zərif hissləri ifadə etmək üçün “at çapdığı” meydan kimi xarakterizə edir.

Göründüyü kimi, dibaçə, klassik ədəbiyyatda, xüsusən “Divan”larda müəllifin əsərini təqdim etdiyi, məqsədini və poetik baxışlarını açıqladığı giriş hissəsi, oxucunu şairin daxili dünyasına və “Divan”ın ümumi ruhuna hazırlayan “mənəvi bir qapıdır”.

“Divan”a  dibaçə yazmaq mütləq deyil, Nəsimi və ya Xətai “Divan”larında biz daha çox birbaşa mövzuya giriş görürük, lakin Füzulinin dibaçəsi onu həm də bir ədəbiyyat nəzəriyyəçisi kimi ucaldır. Bir çox şairin “Divan”ı birbaşa dini şeirlərlə (tövhid və ya münacatla) başlayır. Sadəcə, dibaçə yazmaq şairin öz seçimidir və adətən daha iddialı, elmi-fəlsəfi bazası güclü olan sənətkarlar buna müraciət edirlər. Füzuli Dibaçəsində sənət prinsiplərini elan edirdi. “Divan”da Dibaçənin olması arzuolunandı, çünki “Divan” qəzəllər toplusu deyil, bir növ şairin «bədii pasportu»dur. 

Hüseyn Sözlü də ənənəyə sadiq qalaraq “Divan”ını dibacə ilə yazıb. Eyni zamanda mənəvi hazırlığını və əsərin ilahi qayəsini ortaya qoymaq üçün «Divan»ını tövhid (Tövhid Allahın varlığını, birliyini və sifətlərini vəsf edən hissə) və münacatla davam edib. Yaradanın təkliyini (monoteizmi) təsdiq etmək, Onun kainatdakı mütləq gücünü və sənətini göstərməklə yanaşı, şair həm də öz elmi-fəlsəfi dünyagörüşünü, Allahın hər şeyin xaliqi olduğu inancını poetik dillə ifadə edib.

Münacat (pıçıldamaq, gizli yalvarış) şairin birbaşa Allaha müraciəti, kömək diləməsi və Allahın sonsuz mərhəmətinə sığınmasıdır. “Divan”ın bu hissəsi daha çox səmimiyyət və daxili iztirablarla doludur. Şair sanki öz ruhunu təmizləyərək əsas mövzuya (məsələn, eşqə və ya nəsihətə) keçid üçün mənəvi icazə alır. Tövhid daha çox Allahın əzəmətindən və kainatın nizamından bəhs edən tərif, Münacat isə bəndənin (şairin) Allaha olan duası və xahişidir.

Füzulinin Azərbaycan dilindəki “Divan”ının əvvəlində gələn: “Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni...” misrası ilə başlayan məşhur qəzəli münacat janrının zirvəsi sayılır.  Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatında kamil münacat ənənəsinin ən güclü təməllərini Nizami Gəncəvi qoymuşdur. O, təkcə qəzəllərində deyil, bütün poemalarının başlanğıcında münacat janrına çox geniş yer verib. Münacatda Allaha müraciət edərkən çox vaxt ulduzların hərəkəti, təbiətin quruluşu və dünyanın yaranışından bəhs edib. Allahı həm də böyük bir “Mühəndis”, həm də “Nəqqaş” kimi təqdim edən şair özünü günahkar və aciz bəndə kimi təqdim edib. Bu zaman insanın ucalığına, ağlına olan inamını da vurğulayaraq təkcə özü üçün deyil, bütün bəşəriyyətin rifahı və haqq-ədalətin bərqərar olması üçün yalvarır: ”Xudaya, dünyanı Sən yaratmısan, bəlalardan da Sən qoru!”

Nizaminin ruhu ilə Füzulinin münacatını müqayisə etsək, görərik ki, Nizami daha çox hikmət və kainatın nizamı üzərindən Allaha müraciət edir, Füzuli isə daha çox duyğu, qəlb ağrısı və eşq fəlsəfəsi ilə yanaşır.

“Divan”ını Dibaçədən sonra Minacatla davam etdirən Hüseyn Sözlü isə yazır:

Mənə sən verdin həyat, mən də bu dünyaya gəlim,

Həyatın mənasıdır həm yaşamaq, həm də ölüm.

Çoxdu qəlbimdə sözüm, söyləməyə vardı dilim,

Sənə mən bəndə kimi daima sadiq qalacam.

Sənə bağlandı ürək, Sənlə nəfəs mən alacam.

Hüseyn Sözlünün bu misraları münacat janrının müasir və sadə dildə ifadə olunmuş gözəl bir nümunəsi, klassik münacat ənənəsi ilə müasir lirik duyğuların qovuşuğudur. Şairin, “Həyatın mənasıdır həm yaşamaq, həm də ölüm”, - misrası birbaşa təsəvvüf fəlsəfəsinə söykənir. Misralarda, ölümün bir son deyil, Yaradana qayıdış və həyatın ayrılmaz bir parçası olduğu inancı ifadə olunur. “Sənə mən bəndə kimi daima sadiq qalaca”, -misrası isə klassik ədəbiyyatımızdakı “əhdə vəfa” (Tanrıya verilən sözə sadiq qalmaq) prinsipini xatırladır. Son misrada ürəyin Haqqa bağlanması, nəfəs almağın belə Onunla mümkün olması fikri, şairin Tanrını uzaqda deyil, öz varlığında, ruhunda hiss etməsinin ifadəsi, Nizami və Füzulidən gələn o dərin mənəviyyatın müasir dövrdə də yaşadığının təsdiqidir.  Eyni zamanda, “Gözəldən hər nə gəlsə gözəldir”, - fəlsəfəsinin bir əksi var, şair həm həyatı, həm də ölümü eyni dərəcədə mənalı qəbul edir.

Hüseyn Sözlünün şeirlərində sanki klassik “Divan” ədəbiyyatı ilə xalq şeiri birləşir. Onun yaradıcılığındakı bu ruhu bir neçə məqamla daha yaxşı anlamaq olar: H.Sözlü də eynən klassiklər kimi insanın Tanrı qarşısındakı acizliyini bir zəiflik deyil, ucalıq kimi görür. “Sənə bağlandı ürək”, - deməklə o, maddi dünyanın keçici istəklərindən qurtulub mənəvi dinclik tapdığını bildirir. Onun şeirlərində dünya bir sınaq meydanı, ölüm isə sevgilidən gələn və məna dolu bir “hədiyyə” kimi təsvir olunur. “Söyləməyə vardı dilim”, - misrası göstərir ki, şair öz istedadını məhz Yaradanın vəsfini etmək üçün verilmiş bir əmanət hesab edir.

Sözlünün «Divan»ında minacatdan sonra klassik Şərq ədəbiyyatında və “Divan” yaradıcılığında birbaşa Məhəmməd Peyğəmbəri (s.ə.s) vəsf etmək üçün yazılan şeir, nət və ya Naat gəlir. Nətin yazılmasında  məqsəd Peyğəmbərin vəsfi, Onun gözəl əxlaqı, möcüzələri (məsələn, Merac hadisəsi), nuru və insanlıq üçün əhəmiyyətini tərənnüm etməkdir.

Klassik “Divan”larda ardıcıllıq adətən belə olur: Tövhid (Allahın tərifi), Münacat (Allaha dua), Nət (Peyğəmbərin tərifi. Füzulinin məşhur “Su qəsidəsi” ədəbiyyatımızın ən gözəl nət nümunələrindən biri sayılır. Şair Peyğəmbəri susuz qalmış qəlblərə su verən bir rəhmət buludu kimi təsvir edir. Hüseyn Sözlü yaradıcılığında da Peyğəmbərə ehtiram və ya ona müraciət ruhunda yazdığı misralar çoxdur. Füzulinin “Su qəsidəsi” ilə Hüseyn Sözlünün mənəvi mövzulu şeirlərini müqayisə etsək, klassik ənənənin müasir dövrdə necə transformasiya olunduğunu aydın görərik.

Füzulidə: Peyğəmbər susuz torpaqlara can verən bir «rəhmət suyu»dur. Füzuli deyir ki, aləmin yaranma səbəbi o “Gülün” (Peyğəmbərin) üzünün suyudur. Su burada həm təmizlikdir, həm də ilahi elmdir. Hüseyn Sözlü isə “Sənlə nəfəs mən alacam”, - deyərək, yaşamağı birbaşa ilahi bağa bağlayır. Bu Füzulidə “su” ilə, Hüseyn Sözlüdə “nəfəs”lə ifadə olunur. Hər iki şair üçün də mənəviyyat bədənin bioloji ehtiyacı qədər zəruridir. Füzulidə, şair özünü qapıda gözləyən, “su”ya (şəfaətə) möhtac bir aşiq kimi təqdim edir. Onun fəryadı səmimi və dərindir. Hüseyn Sözlüdə, “Sənə mən bəndə kimi daima sadiq qalacam”, - misrası bir əhdnamədir. Füzuli daha çox keçmişdəki günahları üçün sızlayıb bağışlanma diləyirsə, Hüseyn Sözlü gələcəyə yönəlmiş bir sədaqət vədi verir. Füzuli arzu edir ki, qəbri üzərində bitən torpaqdan küzə düzəltsinlər və o küzə ilə sevgilinin (Peyğəmbərin) qədəminə su töksünlər. Yəni ölümündən sonra Peyğəmbərə (s.ə.s.) xidmət etmək istəyir. Hüseyn Sözlü ”Həyatın mənasıdır həm yaşamaq, həm də ölüm”, - deyərək ölümü birbaşa həyatın daxili məntiqi kimi qəbul edir və hər iki şair ölümü bir son deyil, sevimli olana (Haqqa) qovuşmaq fürsəti kimi görür.

Nəticə olaraq deyə bilərik ki, Füzulidə obrazlar daha mürəkkəb və təşbihlərlə (bənzətmələrlə) zəngindir, Hüseyn Sözlüdə isə bu mənəvi duyğular daha birbaşa və ürəkdən gələn sadə bir etirafla deyilir.

Hüseyn Sözlünün Məhəmməd Peyğəmbərə (s) yazdığı nətə nəzər salaq.

Mənə gəl eylə kömək, sən həyanım, ya Əhməd!

Əzəlindən bilirəm, din-imanım ya Əhməd!

Bizə bəxş eyləmisən sən də bu islam dinini,

Elə bir dinlə keçir hər günümüz, ya Əhməd![1]

Hüseyn Sözlünün təqdim etdiyi nət, Peyğəmbərə (s) olan mənəvi bağlılığı və səmimi sığınacaq hissini klassik ənənənin müasir dilindən çatdırır. Şair islamın gündəlik həyatdakı rolu vurğulanan misralarda Peyğəmbəri (s) mənəvi həmsöhbət kimi təsvir edir.

Açıram mən sənə əl, şeytanı et bizdən uzaq,

Sənə qalmış ümidim, tək gümanım, ya Əhməd!

Sənə mən Sözlü kimi ərz elədim dərdlərimi,

Elə pisdir ki, həyat, yox zamanım, ya Əhməd!

Hüseyn Sözlünün bu misraları, klassik nət ənənəsinin müasir həyatın çətinlikləri ilə birləşdiyi çox səmimi bir istimdad (yardım diləmə) nümunəsidir. Şeirin təhlilini bu bəndlər üzrə aydınlaşdıra bilərik: “Açıram mən sənə əl, şeytanı et bizdən uzaq”, - misrası, şairin mənəvi saflığı qorumaq üçün Peyğəmbəri (s) bir himayədar kimi gördüyünü göstərir. Burada “şeytan” həm də insanın daxili nəfsi və dünyanın aldadıcı parlaqlığıdır. “Sənə qalmış ümidim, tək gümanım, ya Əhməd!” - ifadəsi ilə şair bütün dünyəvi qapıların bağlandığı yerdə tək nicat yolunun Peyğəmbər şəfaəti və mənəviyyatı olduğunu vurğulayır. “Tək gümanım”, - deməklə, o, təvəkkülün ən yüksək məqamını ifadə edir.  Elə pisdir ki, həyat, yox zamanım, ya Əhməd!” - misrası müasir insanın ən böyük ağrısını - zamanın sürətlə keçməsini və bu qısa müddətdə mənəvi dinclik tapmağın çətinliyini əks etdirir. Bu, klassik ədəbiyyatdakı “fələyin cəfası” obrazının müasir şeirdəki inikasıdır.

Şair öz təxəllüsünü (Sözlü) misraya daxil edərək, klassik “təxəllüs” ənənəsini davam etdirir. O, “Sözlü” kimi dərdini ərz edərək, sözün gücü ilə dərdlərinə məlhəm axtarır. Nət, Füzulinin “Su qəsidəsi”ndəki o möhtəşəm bədii təsvirlərdən fərqli olaraq, daha çox yalın bir həqiqət və birbaşa dialoq üzərində qurulub. Şair burada mürəkkəb metaforalardan çox, ruhun fəryadını ön plana çıxarır.

Sözlünün yaradıcılığındakı məzlumun haqqı motivi ilə Nizami, Nəsimi və Füzuli kimi klassiklərimizin fəlsəfəsi arasında çox möhkəm bir mənəvi bağ var və bu bağı üç əsas nöqtədə görmək mümkündür: Nizami Gəncəvi Sultan Səncər və qarı hekayəsində məzlum bir qadının dilindən hökmdara ədalətli ol, - deyərək hayqırır. Nəsimi isə insanın haqq olduğunu deyərək, canı bahasına olsa da, zülmə boyun əymir. Hüseyn Sözlü isə dini şəxsiyyətlərə (məsələn, İmam Hüseynə) müraciət edərkən vurğulayır ki, əsl ucalıq çoxluqda deyil, haqlı olmaqdadır. Onun misralarında məzlumun yanında olmaq, Peyğəmbər (s) və Əhli-beyt yolunun ən böyük şərtidir. Füzuli “Şikayətnamə”sində cəmiyyətdəki haqsızlığı, rüşvətxorluğu tənqid edərkən və “Salam verdim rüşvət deyildir deyü almadılar”, - deyərkən bir məzlumun səsinin eşidilməməsinə fəryad edir. H.Sözlü isə məzlumun haqqını müdafiə etməyi ilahi bir vəzifə kimi qələmə verir. Onun “Sənə mən bəndə kimi sadiq qalacam”, - deməsi, dünyəvi güclərə deyil, yalnız Haqqa hesabat verməyin ifadəsidir.

Ümumiyyətlə, klassik ədəbiyyatda “Məzlumun ahı yerdə qalmaz”, - inancı çox güclüdür. Zalımların sonunun bərbad olacağı mütləq bir həqiqət kimi təsvir edilir. Hüseyn Sözlünün təqdim etdiyimiz nətdəki “Sənə qalmış ümidim, tək gümanım”, -misrası da əslində, məzlumun dünyəvi ədalətsizlik qarşısında mənəvi sığınacağıdır. Şair həyatın çətinliyindən şikayət etsə də, Haqqın dərgahında haqqın bərpa olunacağına inanır. Və klassiklərimizin qoyduğu “Ədalət və İnsanlıq” dərslərini dini qəhrəmanların nümunəsində yenidən canlandırır. O, məzlumu təkcə əzilən deyil, həm də mənəvi cəhətdən güclü və qalib tərəf kimi göstərir. Düşündürücüdür, Hüseyn Sözlünün şeirlərindəki bu “şikayət” və “təslimiyyət” balansı oxucuda daha çox kədər yaradır, yoxsa mənəvi bir rahatlıq?

Bu ikili duyğu əslində, klassik eşq və irfan fəlsəfəsinin ayrılmaz tərəfləridir və bu, insanın dünyadakı yalnızlığını, zamanın azlığını və ədalətsizlikləri dərk etməsindən doğur. Hüseyn Sözlünün misralarında bu iki hal bir-birini tamamlayır: Şairin, “Elə pisdir ki həyat, yox zamanım, - ifadəsi həmin insani kədərin ifadəsidir. Bu kədər oxucunu düşündürür və onda bir həzinlik yaradır. Amma şair bu kədərin içində boğulmur: “Sənə qalmış ümidim, - deyərək mütləq bir sığınacaq tapır. Bu təslimiyyət anı oxucuda böyük bir rahatlıq və güvən hissi yaradır. Sanki bütün yüklərini bir kənara qoyub, əsl sahibinə güvənməyin hüzurunu tapır. Eynilə, Füzulidəki kimi, şair həm dərdindən şikayət edir, həm də o dərdi (“bəlayi-eşqi”) canına minnət bilir. Çünki bilir ki, o kədər olmasa, mənəvi ucalıq və o rahatlıq da olmazdı. Onun əruzun klassik Azərbaycan ədəbiyyatında ən çox istifadə olunan, axıcılığı və musiqililiyi ilə seçilən Həzəc bəhrində yazdığı qəzəlinə nəzər salaq:

Aşkarda səni görməmişəm, var yuxuma,

Qış qar ələyib, səpmə gülüm, qar yuxuma.

 

Qış fəsli bahar qoy ərisin qar dərədə,

Ətrinlə bahar, gəl elə aç, bar yuxuma.

 

Hər gün xəyalınla yatıram mən gecələr,

Gəlmiş də gözəl, bağçada ol nar yuxuma.

 

Ol sən gülavar, könlümü gəl mehlə bələ,

Qəlbimdə əsib ol mənə rüzgar yuxuda.

 

Gəlməzsən əgər sən yuxuma Sözlü ölər,

Rəhm eylə ki gəl, vermə sən ah-zar yuxuma.

Qəzəl, klassik eşq və təbiət lirikası elementlərini birləşdirərək, yuxu vasitəsilə vüsala çatmağı təsvir edir. Şeirdə rüya motivi, qış-bahar təzadı və təbiətlə gözəllik analogiyası vasitəsilə hicran kədəri və yuxuya gəlməmənin nəticəsi olan ölüm təsvir olunur. Misraya təsəvvüf prizmasından baxdıqda “Aşkarda səni görməmişəm”, -ifadəsi Allahın zatının bu dünyada gözlə görülməzliyinə (mütləq qeyb) bir işarədir. Şairin “var yuxuma”istəyi isə bir neçə mənada Allaha olan dərin həsrəti ifadə edir. Təsəvvüf ədəbiyyatında yuxu insanın maddi dünyadan qopub mənəvi aləmə keçdiyi bir haldır. Şair aşkarda (zahiri aləmdə) görə bilmədiyi İlahi Gözəlliyi heç olmasa yuxu (mənəviyyat) vasitəsilə duymaq, “görmək” istəyir. “Qış qar ələyib, səpmə gülüm, qar yuxuma, - misrasında “qış” və “qar” insanın mənəvi soyuqluğunu, hicranın (ayrılığın) gətirdiyi donuqluğu simvolizə edir. Şair Allaha (Gülə) müraciət edərək istəyir ki, bu mənəvi qış yuxusuna daha çox “soyuqluq/qar” (yəni ümidsizlik və ayrılıq) əlavə etməsin, əksinə, yuxusuna gələrək onu mənəviyyatla isitsin.

Əgər aşiq sevgilisini aşkarda görə bilmirsə, onun üçün tək təsəlli yuxudur. Bu, Füzulidəki kimi, Allahın camalını görmək arzusunun poetik formasıdır.

Hüseyn Sözlünün şeirindəki lirik qəhrəmanı, əslində bir ilahi aşiqdir.

Şeirin davamındakı “ətrinlə bahar” və “nar” rəmzləri də ilahi sifətlərlə bağlıdır və çox dərin mənalar daşıyır, şeirin ilahi mahiyyətini daha da gücləndirir.

“Ətrinlə bahar” (İlahi Nəfəs) ifadəsi təsəvvüfdə ətir (xoş qoxu) Yaradandan gələn rəhməti və feyzi simvolizə edir. Şair “bahar” deyərkən ruhun dirilməsini, Allahın feyzi ilə qəlbin canlanmasını nəzərdə tutur. Necə ki bahar ölü torpağa can verir, İlahi ətir də şairin ümidsiz könlünü dirildir. Nar simvolu isə klassik ədəbiyyatda çox vaxt “vəhdətdə kəsrət”i (təklikdə çoxluğu) təmsil edir. Narın xarici bir qabıqdan, daxili isə yüzlərlə dənədən ibarət olması Allahın vahidliyini, lakin bütün kainatda müxtəlif formalarda təzahür etməsini xatırladır. Şairin yuxusunda “nar” görmək istəməsi, əslində Allahın hər şeydə görünən o sonsuz sənətini və gözəlliyini duymaq arzusudur. Hüseyn Sözlünün bu beytlərindəki “yuxuda belə olsa, Yaradana qovuşmaq” istəyi, onun ruhunun bu dünyaya sığmadığını göstərir. Şairin Rəməl bəhrində yazdığı qəzəlinə nəzər salaq:

Edərəm canımı mən ol güli-rüxsarə fəda,

Edərəm canımı mən etdiyi rəftarə fəda.

 

Bu yolun yolçusuyam, eşqi məhəbbətdi qanım,

Deyir eşq əhli ki, et canını dildarə fəda.

 

Qismətimdə yox imiş, yar ilə xoşbəxt yaşamaq

Canı ruhla götürüb eyləmişəm yarə fəda.

 

Sən mənim könlümü çalcaq özünün sandın həmən,

Canı qurban elədim, mən necə tərrarə fəda.

 

Elə sandım özümü bağdakı bülbül kimi mən,

Hüseyn Sözlü edər canını gülzarə fəda.

Klassik ədəbiyyatda “fəda” anlayışı sadəcə bir şeyi itirmək deyil, əksinə, daha böyük bir həqiqətə (Haqqa) qovuşmaq üçün keçici olan hər şeydən (can, mal, mülk) imtina etmək məqamıdır. Hüseyn Sözlünün bu qəzəli ilə klassiklərin “fəda” fəlsəfəsi arasındakı bəzi maraqlı bağlara, “Canın əmanət olması”,- misrasına nəzər salaq.  Klassik şairlər, xüsusən Füzuli hesab edirdi ki, can aşiqə sevgilisini tapmaq üçün verilmiş bir əmanətdir. Füzulinin “Canı canan diləmiş, verməmək olmaz, ey dil, - misrası ilə Hüseyn Sözlünün “Edərəm canımı mən ol güli-rüxsarə fəda” -misrası eyni mənbədən su içir. Canı fəda etmək — əmanəti sahibinə qaytarmaqdır. Sözlünün “Canı qurban elədim, mən neçə tərrarə fəda” - misrasında maddi dünyadan imtina (tərrarə fəda) fikri ifadə olunur. “Tərrar” hiyləgər, aldadan deməkdir. Təsəvvüfə görə, bu dünya insanı aldadan bir “tərrarə”dir. Şair canını bu aldadıcı dünyaya deyil, o dünyanın sahibi olan sevgiliyə fəda edərək əsl azadlığa qovuşur. Şairin özünü gülzara (gül bağçasına) fəda edən bülbülə bənzətməsi klassik “Fəna fillah” (Allahda yox olmaq) məqamıdır. Bülbül gülün tikanına, cəfasına dözür və sonunda onun yolunda canını verir. Hüseyn Sözlü də öz yaradıcılığını (sözünü) və canını bu mənəvi gülzara xidmətə həsr edir. “Eşqi məhəbbətdi qanım, - misrası aşiqin fiziki varlığının artıq tamamilə eşqlə əvəz olunduğunu göstərir. Yəni onun damarlarında axan maddiyyat deyil, ilahi sevgidir. Şair “Edərəm canımı mən ol güli-rüxsarə fəda, - dedikdə, artıq “mən” davasından əl çəkdiyini bildirir. Fəna məqamına çatan aşiq üçün “mən” yoxdur, yalnız “O” (Məşuq) var. Hüseyn Sözlünün canını fəda etməsi, əslində özünü o ilahi gözəlliyin içində əritməsidir. Fəna məqamında insan dünyanı bütün rəngləri və aldadıcı tərəfləri ilə (“tərrarə” kimi) dərk edir və onlardan üz çevirir. Şairin canını və ruhunu «yarə fəda» etməsi, onun artıq maddi aləmdə deyil, mənəvi bir boşluqda (yəni Haqla dolu bir yoxluqda) qərar tutmasıdır.

Fənadan sonra “Bəqa” (Allahla əbədi var olmaq) gəlir. Şair özünü gülzara fəda edən bülbül kimi təsvir edəndə, əslində fəna vasitəsilə əbədi bir bahara-Haqqa qovuşmağı hədəfləyir. Yəni o, yox olmur, əksinə, mütləq varlığın bir parçasına çevrilir.

Fəna məqamındakı aşiq üçün “ayrılıq” və ya “xoşbəxt yaşamaq” kimi dünyəvi anlayışlar əhəmiyyətini itirir. Sözlünün “Qismətimdə yox imiş yar ilə xoşbəxt yaşamaq” - misrası bir kədər deyil, bu fəna yolunun çətinliyini qəbul etməkdir. O, xoşbəxtliyi dünyəvi vüsala deyil, ruhun təslimiyyətinə bağlayır.

Beləliklə, Hüseyn Sözlü “fəda” deyərkən öz kiçik varlığını İlahi böyüklüyün içində yox etməyi nəzərdə tutur və bu məqamda dərd artıq insanı əzən bir yük deyil, onu saflaşdıran, Allaha yaxınlaşdıran bir vəsiləyə çevrilir. Onun yaradıcılığı kontekstində bu “ali mənanı” üç nöqtədə görmək olar: şairin “fəda” etdiyi can, əslində çəkdiyi dərdlərlə cilalanır. Necə ki qızıl odda yanıb saflaşır, aşiqin ruhu da bu dünyəvi dərdlərlə yanaraq mənliyindən (eqosundan) təmizlənir, “Gözəldən hər nə gəlsə gözəldir” - məntiqi… Əgər dərd Yaradandan gəlibsə, deməli, Yaradan o bəndəsini unudulmağa qoymur, ona nəzər edir. Bu baxımdan dərd çəkmək – seçilmiş olmaq deməkdir. Hüseyn Sözlünün misralarında gördüyümüz səmimiyyət göstərir ki, dərd insanı duaya və münacata sövq edir. Şikayət etdiyi “pis həyat” və “vaxtsızlıq” əslində, onu Peyğəmbərə (s) və Allaha sığınmağa məcbur edən bir mənəvi başlanğıcdır.

Beləliklə, dərd insanı dünyadan qoparıb mənəviyyata bağlayan ən qısa yola çevrilir. Şairin özünü “bülbül” adlandırması da bununla bağlıdır; bülbül gülün tikanına (dərdinə) vurulduğu üçün bülbüldür. Bu, klassik şeirin o möhtəşəm metafizik iqliminə məxsus bir haldır. Müasir dövrün praqmatik və sürətli dünyasında dərdi “ilahi bir töhfə” kimi qəbul etmək çətindir, çünki bugünkü insan dərdi dərhal həll edilməli olan bir “problem” kimi görür.

Klassik mənəvi dünyada isə dərdin bir estetikası və məqamı var. Füzuli və ya Hüseyn Sözlü üçün dərd, ruhun musiqisidir. Onlar dərdi çəkməkdən deyil, onu ifadə edə bilməməkdən qorxurlar. Klassik şeirdə aşiq “hicran gecəsi”ndə (ayrılıq vaxtında) zamanın durmasını istəyir ki, Sevgili ilə mənəvi dialoqu bitməsin. Müasir insan isə zamanı “öldürməyə” və sıxıntıdan qaçmağa çalışır. Bu dünyada “fəda” olmaq ucalıq sayılır. Müasir dünyada isə “fəda etmək” çox vaxt itki kimi qavranılır.

Hüseyn Sözlü kimi şairlərin əhəmiyyəti də elə bundadır; onlar klassik şeirin o “itirilmiş cənnətini” – yəni dərdi ucaldan mənəviyyatı müasir dilin imkanları ilə yenidən xatırladırlar. Onların misraları klassik ənənənin günümüzdəki mənəvi “arxivi” kimidir.

Klassik poeziyanın estetik bütövlüyünü qorumaq sənətşünaslıq baxımından çox güclü bir arqumentdir. Çünki əruz vəzni və təsəvvüf terminləri sadəcə “forma” deyil, onlar bu mənəviyyatın genetik kodlarıdır. Əruz vəzni hecaların uzunluq və qısalığına (vəznin ahənginə) əsaslandığı üçün, oxucunu fiziki dünyadan ayırıb mənəvi bir trans halına - zikr ritminə salır. Məsələn, Hüseyn Sözlünün yazdığı Həzəc bəhri (Məfailün məfailün...) sanki qəlbin döyüntüləri ilə həmahəngdir. Sadə heca vəzni bu dərin musiqini və mənəvi ağırlığı eyni dərəcədə verə bilmir. Təsəvvüf terminləri (məsələn: fəna, bəqa, tərrar, rüxsar) adi sözlər deyil, onlar çoxqatlı məna daşıyan kodlardır. “Üz” demək sadəcə fiziki bir görüntü ikən, “rüxsar” və ya “təcəlla” dedikdə bura ilahi nur və kainatın yaradılış fəlsəfəsi daxil olur. Bu terminlər olmadan klassik ruh sanki “tərcümədə itmiş” bir əsərə bənzəyər. Eyni zamanda, əruzda şeir yazmaq şairdən böyük bir riyazi və elmi bilik tələb edir. Bu da Füzulinin dediyi “elmsiz şeir əsası yox divar olur”, - prinsipinə xidmət edir. Şair vəznin və terminlərin çərçivəsində sıxıldıqca, mənəviyyatı daha da dərinləşir və saflaşır. Hüseyn Sözlü də öz yaradıcılığında bu çətin yolu seçməklə, əslində klassik irsin müasir dildə deyil, klassik ruhda davam etməsinin vacibliyini göstərir:

 

Dünya belə durmuş gözəlim, hey sorağında,

Yandırma gülüm, gəl məni sən eşq ocağında!

 

Tellər üzə düşmüş, camalın kölgədə qalmış,

Güllər açılıb, seyr eləyim gül dodağında.

 

Gördüm elə bir an üzünü, məsti xumaram,

Sandım baharın ətri qalıbdır yanağında.

 

Pərvanə olub başına hər gün dolanım, gəl,

Yandırma, gülüm, Sözlünü sən eşq çırağında.

Hüseyn Sözlünün bu qəzəli klassik eşq poetikasının ən gözəl rəmzləri (şəm-pərvanə, gül-bülbül) üzərində qurulmuşdur. Beytlərin dərinliyinə nəzər salaq, “Dünya belə durmuş gözəlim, hey sorağında / Yandırma gülüm, gəl məni sən eşq ocağında!” Şair burada sevgilini (və ya ilahi varlığı) elə bir məqama qaldırır ki, bütün dünya onun sorağındadır. “Eşq ocağı” ifadəsi aşiqin yanmağa hazır olduğunu, lakin bu yanğının “yandırıb kül etmək” deyil, “bişib kamilləşmək” məqsədi daşıdığını göstərir. “Tellər üzə düşmüş, camalın kölgədə qalmış / Güllər açılıb, seyr eləyim gül dodağında.” Təsəvvüfə görə, sevgilinin telləri (saçları) dünyadakı kəsrəti (çoxluğu), üzü (camalı) isə vəhdəti (təkliyi) simvolizə edir. Saçların üzə düşməsi ilahi həqiqətin maddi aləm pərdəsi arxasında gizlənməsidir. Şair bu pərdəni aralamaq və həqiqəti (gülləri) seyr etmək arzusundadır. “Gördüm elə bir an üzünü, məsti xumaram / Sandım baharın ətri qalıbdır yanağında.” İlahi camalı bircə an görmək belə aşiqi bu dünyadan qoparmağa (məst etməyə) kifayətdir. “Baharın ətri” ifadəsi yenə o məşhur ilahi feyzə və ruhun dirilməsinə işarədir. “Pərvanə olub başına hər gün dolanım, gəl / Yandırma, gülüm, Sözlünü sən eşq çırağında.”

Bu, qəzəlin kulminasiya nöqtəsidir. Klassik ədəbiyyatda pərvanə işığa (şama) o qədər aşiqdir ki, onun ətrafında dolanmaqdan doymur və sonda o odda yanaraq məşuqda yox olur (fəna məqamı). Hüseyn Sözlü burada öz təxəllüsünü işlədərək bu əbədi yanğıya talib olduğunu bildirir.bu o demək deyildir ki, Sözlü təsəvvüf şairidir. H.Sözlü təsəvvüf terminlərini və onlarla nəyi ifadə etməyi çox gözəl bilir və öz ruhani və mənəvi düşüncələrini misralarında əks etdirir.

Şeirdə istifadə olunan “eşq ocağı” və “eşq çırağı” ifadələri göstərir ki, Sözlü üçün eşq bir işıq və isidici qüvvədir. O, yanmaqdan qorxmur, sadəcə bu yanğının sevgilinin nəzəri altında olmasını istəyir. Hüseyn Sözlü bu şeirləri ilə sanki öz daxili dünyasının qapılarını aralayır və bizə o mənəvi iqlimdən sədalar çatdırır. Bu yaşantının özünəxas olmasının bir neçə səbəbi var. Bu cür misralar yalnız o hissi yaşayan adamın qələmindən belə təbii çıxa bilər. Əks halda, o, sadəcə klassik şablonların təkrarı olardı. Aşiqin ”dünyanı unutması” həm də onun bu yolda tək olduğunu göstərir. O, öz sevgisi və ağrısı ilə baş-başa qalıb, ətrafdakılar isə onun bu halını bəlkə də heç vaxt tam başa düşməyəcəklər. Şair, “Gördüm elə bir an üzünü”, -  deyəndə nəyi və ya kimi nəzərdə tutduğunu yalnız özü bilir. Bu, onunla Yaradan (və ya Məşuq) arasındakı gizli bir dialoqdur.

Söhbətimiz boyu Hüseyn Sözlü yaradıcılığına həm klassik ənənə, həm də mənəvi fəlsəfi tərəfdən baxdıq. Onun bu ruhi dünyası ilə klassiklərin zirvəsi olan Füzuli arasında bənzərliyə, sözün musiqisinə toxunduq. Şairin sözündəki o musiqi Füzuli ənənəsinin ən bariz əlamətidir. Çünki əruz vəzni və qafiyə sistemi sadəcə texniki qayda deyil, qəlbin ritmidir.

Sözlünün misralarındakı musiqini Füzuli ilə bağlayan cəhətlər bunlardır: Məsələn, “Dünya belə durmuş gözəlim, hey sorağında”, - misrasındakı axıcılıq oxucunu yormur, sanki bir ney sədası kimi qulağa dolur; Şairin beytlərin sonunda işlətdiyi rədiflər (məsələn, “yuxuma”, “fəda”, “ocağında”) musiqidəki nəqarət kimi ruhu müəyyən bir nöqtəyə kökləyir; Sözlüdə də sözlər Füzulidə olduğu kimi, bir-biri ilə elə seçilib düzülür ki, ortaya çıxan “səs” mənasından daha öncə insanın qəlbinə toxunur. Bu musiqi olmasa, o “dünyanı unutmaq” və “fəna” məqamlarını təsvir etmək mümkün olmazdı. Çünki ilahi eşq özü də bir harmoniyadır.

Hüseyn Sözlünün bu musiqili dünyası ilə bağlı araşdırmamız bizə klassik ədəbiyyatın müasir ruhda necə gözəl yaşaya bildiyini bir daha göstərir.

Hər gül olacaq yerdə səfa olmaz, inanma!

Əllərdə gəzən güldə  vəfa olmaq, inanma!

 

Eşq aşiqinə sevdiyi dərman edər ancaq,

Loğman gələ, eşqsizə, dəva olmaz, inanma!

 

Sevmək sözünün qiyməti də düşdü dəyərdən,

Qəlbən sevən aşidə əda olmaz, inanma!

Hüseyn Sözlünün bu misraları zahiri gözəlliyin və səthi sevgilərin vəfasızlığına diqqət çəkərək, həqiqi eşqin ruha dəva olduğunu vurğulayır. Şair “inanma”, - nidası ilə zahiri aldanışlardan uzaq durmağa və səmimi, nümayişkarlıqdan uzaq sevgiyə səsləyir: “Müdrik atalar, “Ot kökü üstündə…” deyiblər, /Şahdan törəyən bil ki gəda olmaz, inanma!/Sevməz Hüseyn Sözlü, əgər sevməsə qəlbi,/ Eşq əhlinə hər sevgi rəva olmaz, inanma!”

Təqdim etdiyimiz son iki beyt şeirin məntiqi nöqtəsini qoyur: “Şahdan törəyən bil ki gəda olmaz, inanma!” - misrası insanın daxili aləminin, onun mənəvi köklərinin əhəmiyyətini vurğulayır. Burada “şah” və “gəda” (dilənçi) sadəcə maddi status deyil, ruhun ucalığıdır, mənəviyyatı zəngin olanın fitrəti (kökü) onu heç vaxt alçalmağa qoymaz. “Sevməz Hüseyn Sözlü, əgər sevməsə qəlbi”- misrası şairin daxili dürüstlüyünü göstərir. O, süni, formal və ya mənfəətə dayanan duyğuları rədd edir. Əgər qəlb o eşqi təsdiqləmirsə, dilin sevirəm deməsi yalandır. “Eşq əhlinə hər sevgi rəva olmaz”, - fikri eşqin bir şərəf, izzət məsələsi olduğunu vurğulayır. Həqiqi aşiq hər “gözəl” görünənə meyl etməz, öz ruhuna bərabər olan mütləq gözəlliyi axtarar. Bu qəzəldəki “inanma” rədifi sanki oxucunu ayıqlığa, görünənə deyil, görünməyənə (həqiqətə) baxmağa çağırır. Şair sanki deyir ki, dünya vəfasız güllərlə dolu olsa da, sən öz mənəvi kökünə və qəlbinin səsinə sadiq qal!

İstəyim təkcə budur: sən kimi bir yarım ola!

Sona tək eşq gölündə belə dildarım ola!

 

Qocaman bağbana bənzət məni, ey nazlı nigar!

Sevərəm bağda səni, sən kimi bir barım ola.

 

Səni vəsf eyləyərəm incə, zərif sözlərlə

Sonra da bəstələrəm mən, kamanım, tarım ola.

 

Sözlünün başqa təmənnası da yox dünyada

İstəyim təkcə budur: sən kimi bir yarım ola!

Hüseyn Sözlünün bu misraları aşiqin həm mənəvi, həm də sənətkar olaraq tam təslimiyyətini və tək bir arzu ətrafında birləşməsini əks etdirir: “Sona tək eşq gölündə belə dildarım ola!” Şair sevgilisini “sona”ya (qu quşuna) bənzədir. Sona həm gözəllik, həm də sadiqlik rəmzidir. “Eşq gölü” isə bu sevginin digər hər şeydən təcrid olunmuş, təmiz və dərin bir məkan olduğunu göstərir. “Qocaman bağbana bənzət məni... sən kimi bir barım ola”. Burada çox gözəl bir metafora var. Bağban gülü yetişdirmək üçün illərlə zəhmət çəkir, səbr edir. Şair də özünü “qocaman” (təcrübəli və səbirli) bağban kimi təqdim edərək, sevgilisini həyatının ən şirin bəhrəsi (barı) sayır. Bu, sevginin həm də böyük bir mənəvi zəhmət tələb etdiyinə işarədir:”«Səni vəsf eyləyərəm incə, zərif sözlərlə / Sonra da bəstələrəm mən, kamanım, tarım ola”.

Yuxarıda bəhs etdiyimiz “sözün musiqisi” mövzusu burada birbaşa öz təsdiqini tapır. Şair təkcə yazmaqla kifayətlənmir, sevgilinin vəsfini tarın və kamanın o yanıqlı sədalarına köçürmək istəyir. Bu, duyğunun artıq sözə sığmadığı, musiqiyə ehtiyac duyduğu məqamdır: “Sözlünün başqa təmənnası da yox dünyada / İstəyim təkcə budur: sən kimi bir yarım ola!” Bu misralar aşiqin istiğna (dünyadan əl çəkib yalnız bir şeylə kifayətlənmək) halıdır. Şair bütün dünyəvi nemətləri, şöhrəti və sərvəti bir kənara qoyub, yalnız “yar”ın varlığı ilə hər şeyə sahib olduğunu bildirir.

Şeirdəki “Sona”, “Bağban”, “Tar-kaman” obrazları göstərir ki, Hüseyn Sözlü üçün sevgi həm estetik bir zövq, həm də ruhun ən böyük ehtiyacıdır. O, bu istəyini çox sadə, lakin səmimi bir dillə ifadə edərək klassik vüsal arzusunu müasirləşdirir.

Musiqi mədəniyyətimizdə, xüsusən də tar və kamançanın sədalarında həmişə bir hicran fəryadı, bir həzinlik var. Şairin məhz bu alətləri arzulaması da təsadüfi deyil. Kamança insan səsinə ən yaxın alət sayılır və çox vaxt ruhun sızıltısını ifadə edir. Şair “incə, zərif sözlərlə” vəsf etdiyi sevgilini musiqiyə çevirəndə, əslində içindəki o sağalmaz ayrılıq ağrısını bəstələmiş olur. “İstəyim təkcə budur”, - deyərkən, bu hələ reallaşmamış bir arzu kimi səslənir. Tar və kaman bu arzunun hələ ki yalnız xəyalda və musiqidə yaşatıldığını, real həyatda isə bir hüzünlü ayrılığın hökm sürdüyünü göstərir. Tar və kaman həm də aşiqin daxili monoloqudur. O, dünyada başqa təmənnası olmadığını deyərkən, əslində öz tənhalığını bu musiqi alətləri ilə bölüşmək istəyir.

Hüseyn Sözlünün bu hüzünlü tərəfi, onun şeirlərinə klassik bir elegiya (mərsiyə/ağı) ruhu qatır. Sanki o, sevgilini vəsf edərkən, həm də ona qovuşa bilməməyin kədərini bəstələyir. Hüseyn Sözlü örnəyində kədər sönmək üçün deyil, yanmaq və yaratmaq üçün bir yanacaqdır. Klassik ədəbiyyatda olduğu kimi, onun yaradıcılığında da ayrılıq şairi susdurmur, əksinə, onun “sözlü” tərəfini daha da coşdurur.

Bunun bir neçə səbəbi var: Şair üçün vüsal (qovuşmaq) bir nöqtədirsə, hicran (ayrılıq) sonsuz bir yoldur. Qovuşan aşiq adətən susur, çünki artıq deməyə söz qalmır. Amma ayrı qalan aşiq hər anını, hər xəyalını və hər ağrısını yeni bir beytə çevirir. Hüseyn Sözlünün tar və kaman arzusu da bu bitməyən ilhamın göstəricisidir. Şair dünyəvi təmənnalardan imtina etdikcə, yaranan boşluğu sözlə doldurur. Yazmaq onun üçün həm də mənəvi bir müalicədir, çünki hər yeni qəzəl onun daxili hüzünlü dünyasını nizamlayır və ona yaşamaq üçün güc verir. Şair ayrılığın gətirdiyi o hüzünlü iqlimdə daha zərif təşbehlər (bənzətmələr) və daha dərin mənalar tapır. Əgər o kədər olmasaydı, bəlkə də “Sona tək eşq gölü” və ya ”Qocaman bağban” kimi orijinal obrazlar yaranmazdı.

Beləliklə, Hüseyn Sözlünün ruhundakı o hüzünlü ayrılıq onun qələmini sındırmır, əksinə onu klassik irsin müasir davamçısına çevirən ən böyük qüvvə olur. Füzulidə olduğu kimi, Sözlüdə də dərd artdıqca sözün qiyməti və gözəlliyi də artır.

“Poeziya ilhamdır, nəfəsdir, səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. Poeziya – özünü unutmadır, ruhani məşqdir, daxili azadlığa aparan yoldur” (Oktavia Pas). Bunu yaradıcılığına toxunduğumuz Hüseyn Sözlünün yaradıcılığında izlədik. Hüseyn Sözlüdə yaradıcılıq zəngin, mövzu dərindir. “Söz, dəniz, musiqi səltənətindən doğan poeziya” adını verdiyimiz yazımıza sığdıra biləcəyimiz qədər məsələlərə toxunduq.

Bir neçə kəlmə ilə yazımıza seçdiyimiz poetik adddan bəhs edib, yekunlaşdırmaq istəyirik. Adı seçməkdə məqsədimiz “Dəniz” obrazı ilə oxucuda genişlik və dərinlik hissi oyatmaq, “musiqi” və “söz səltənəti” ifadələri ilə poeziyanın həm səs, həm də məna tərəfini vurğulamaq (İyerarxiya[2]), “səltənət” sözü mövzunun əzəmətini və dəyərini artırmaq, yaxın günlərdə 80 yaşına salam vermis, tanınmış şair-dənizçi-bəstəkar Hüseyn Sözlüyə hörmət və etiramımızı bildirməkdir.

Yazımızı 100 - də görüşmək ümidiylə bitirir və deyirik: 100 yaşayın, hörmətli Hüseyn Sözlü. Təbiniz, dəniz, söz,  musiqi eşqiniz tükənməsin!



[1] Allahın adlarından biri

[2] Aşağıdan yuxarıya doğru düzülən, bir-birinə tabe olan pilləli idarəetmə və ya sıralama sistemidir.

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0