Dəymədim xətrinə qız uşağıdı - Ələmdar Cabbarlının şeirləri

İyl 21, 2026 - 23:01
İyl 21, 2026 - 23:04
 0  20
Dəymədim xətrinə qız uşağıdı - Ələmdar Cabbarlının şeirləri

Yazıçı Ədəbiyyat Portalı Ələmdar Cabbarlının şeirlərini təqdim edir.

DƏYMƏDİM XƏTRİNƏ

Sifəti tanışdı, üzü tanışdı,

Bu qız zəmanənin öz uşağıdı.

Məni görən gündən yalan danışdı,

Dedi inanacaq, söz uşağıdı.

Üzdü işvə məni, üzdü naz məni,

Bu yollarda az gözlətdir, az məni.

Dedi kənddən gəlib, anlamaz məni

Dərə uşağıdı, düz uşağıdı.

Düşündü atmağa nə var ki bunu.

Özgəyə satmağa nə var ki, bunu.

Dedi aldatmağa nə var ki, bunu –

Əyri zəmanənin düz uşağıdı.

Bitib yollarında qala bilərdim,

Onu öz günümə sala bilərdim.

Mən ondan intiqam ala bilərdim –

Dəymədim xətrinə – qız uşağıdı…

DƏRDİMİ

Saxlatma qapıda, yol verin gəlsin

Mənə həsrət-həsrət baxan dərdimi.

Yesir taleyimdən üstün tuturam -

O ağa dərdimi, o xan dərdimi.

Elə yaz gəlsə də, qış çıxmır daha,

Dünyanın işindən baş çıxmır daha.

Gözümü sıxanda yaş çıxmır daha

Ağlasam - mən gərək sıxam dərdimi.

Sən də unut məni, ay boyu bəstə

Bu dünya mənimlə durubdu qəsdə.

Özüm böyütmüşəm dizimin üstə,

Sonradan çiynimə çıxan dərdimi.

Dünyanın kədəri, dərdi tam mənim

O misqal özgənin, bu batman mənim.

Sən Allah, dərdimi dağıtman mənim

Məcburam təzədən yığam dərdimi.

HƏR GÜN ALDADIRAM ANAMI, ALLAH

Bu axşam gələcək qonağım-qaram,

Bu axşam dərdimin yaşı olacaq.

Hamıdan birinci təbrikə gələn

Gözümün bir gilə yaşı olacaq.

Biz dərddən tutulan səmayıq, göyük,

Sevinci heç yoxdur, kədəri böyük.

Mən hardan biləydim yapışdığım yük –

Dünyanın ən ağır daşı olcaq.

Qaçıb gətirmişəm tək Sənə pənah.

Qoyma gora gertsin mənlə bu günah;

Hər gün aldadıram anamı, Allah

Hər gün deyirəm ki, yaxşı olcaq…

YADIMDAN ÇIXIB

Bizi qovuşduran o ilk görüş də,

Yersiz inadın da yadımdan çıxıb.

Yoxluğun canımı elə dondurub

İstin də,odun da yadımdan çıxıb.

Gerçəkdin,doğruydun,yoxsa xəyaldın

Sən məni nə təhər əlimdən aldın.

Bilmirəm zəhərdin,bilmirəm baldın

Tamın da,dadın da yadımdan çıxıb.

Tanıtma özünü rastına çıxsam

Əl atıb qaldırma qəm məni yıxsa.

Adını qızıma verərdim yoxsa-

Hayıf ki, adın da yadımdan çıxıb.

ATA, QƏBİRİSTANLIQ YAMAN BÖYÜYÜB

Ata, qəbiristanlıq yaman böyüyüb,

Səni dəfn edəndə beş-on məzardı.

Ölüm sudan ucuz, amma məzarın

Üstündə növbədi, giley-güzardı.

Vallah, qayğılarım başımdan aşıb,

Sınıq ürəyimi dur bağla görək.

Ata, qəbiristanlıq yaman sıxlaşıb,

Yanında yerimi bərk saxla görək.

Sevincdən qismətim o qədər kəm ki,

Kədər çalışır ki, qəsdimdə olsun.

Qəbrinin səmtində ev tikmişəm ki,

Qoy gözün hər zaman üstümdə olsun.

Ata, qəbiristanlıq yaman böyüyüb,

Yaman çoxalıblar, qoşun olublar.

Allah behişt versin – kənd qonşuların

Gəlib şəhərdə də qonşun olublar.

Ruhuna yazmışam bu sətirləri,

Bir az ağı olsun, şeir olsun bir az.

Bir az da ağlayım qəlbim boşalsın,

Qoy təzə dərdlərə yer olsun bir az.

YAŞASAQ, QIRILIB-BATARIQ VALLAH

Bu heç ömrümüzdə heç gün görmərik,

Beş günlük dünyada beş gün görmərik.

Gecə də bir dənə xoş gün görmərik

O qədər narahat yatarıq vallah.

Dəyib başımıza çox daş dünyadan,

Baş alıb gedəsən birbaş dünyadan.

Seyrəlsə bu quldur, əyyaş dünyadan

Biz də arzumuza çatarıq vallah.

Dünya – qonaq evi gəlib-gedirik,

Gəlib bağrımızı dəlib gedirik.

Deyirəm yaxşı ki, ölüb gedirik –

Yaşasaq, qırılıb-batarıq vallah.

XXX

Şuşasız işimiz yarımçıq qalar –

Yarımçıq qalmadı işimiz – şükür!

Gözün aydın olsun, Pənahəli xan

Zillətdən qurtuldu Şuşamız – şükür!

Açılmaz bir düyün çıxdı tilsimdən,

Əla qiymət aldıq Vətən dərsindən!

Müzəffər Ordumun ayaq səsindən –

Silindi gözlərdən yaşımız – şükür!

Millət soy-kökünə, əzələ döndü,

Hər şəhid sönməyən məşələ döndü!

Oğullar hərə bir heykələ döndü –

Qayamız – Mübariz! Daşımız – Şükür!

Bayquş kəsə bilməz Vaqifin dilin,

Şaqraq nəğməsini Xanın, Bülbülün.

Çiçəyi çırtlayıb Xarıbülbülün,

Bahara çevrilib qışımız – şükür!

Yaddaşım dirilib, ruhum oyanıb,

Hamı səngərində sayıq dayanıb.

Yurdum başdan-başa nura boyanıb –

Ta bir də qaralmaz qaşımız – şükür.

Gerçəyə çevrildi hər arzu, murad,

Qarabağ təzədən açdı qol-qanad.

Gözün aydın olsun, qəhrəman Polad,

Aldı qisasını Paşamız – şükür!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0