Dağlarda koma - Çağdaş Çin nəsri
TSAN SYUE - Bu ilin Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərdən, çağdaş Çin nəsrinin tanınmış nünayəndələrindən biri Tsan Syue (əsl adı Den Syoxua, 1953)
Tayvanda doğulub, 1969-cu ildə orta məktəbi bitirəndən sonra zavodda işləmək məcburiyyətində qalıb. 80-ci illərin ortalarından ölkənin sannballı ədəbi jurnallarında əsərlərini çap etdirməyə başlayıb.
T.Syuenin hekayələri daim Çinin ədəbi dairələrində kəskin mübahisələrə səbəb olub. Onun yenilikçi nəsri uzun illərlə insan qəlbinin dərinliklərinə nüfuz etməyi “inqilabi ədəbiyyat” üçün məqbul sayılmayan Çində qeri-adi hal sayılırdı.. “Tənha qadınların trivial qeydləri”, “Xuaçenin son məşuqu”, “Miss Lu Fanşi”, “Ana Torpaq”, “Sonuncu sevgili”, “Yeni minilliyin sevgisi”, “Mən gecəqondularda yaşayıram”, “Ayaqyalın doktor” əsərləri böyük çöhrət qazanıb. Əsərləri ingilisdilli ölkələrdə də nəşr edilib.
T.Syue Çin beynəlxalq “Xuatszi” (2022), Amerika dünya ədəbiyyatına ömrü boyu töhfə (2024) mükafatlarına layiq görülüb, Buker mükafatı nominantıdır.
Yazıçı Ədəbiyyat Portalı onun "Dağlarda koma" hekayəsini təqdim edir.
Evimizin arxasında əlçatmaz dağ ucalır, dağın zirvəsindəsə taxtadan koma var.
Mənim masam da siyirməlidi. Hər gün o siyirmələrin içini nizama salıram. Əllərimi dizlərimin üstünə qoyub kresloda oturub uzaqdan gələn ulartı səsinə qulaq asmayanda bununla məşğul oluram. Canavarlar daxmanın damındakı küknar ağacından çəklmiş taxtaları qoparmağa çalışan şiddətli küləyə ulayırlar.
-Hə, doğrudan, niyə belə vurnuxursan? – Anam qondarma təbəssümlə deyir. – Bəyəm, nə vaxtsa siyirmədə hər şey yerli-yerində olur?
-Bu, sənə belə gəlir! – Kobudcasına çımxırıram. - Gecələr, Ay doğan vaxt evimizə saysız-hesabsız oğru gəlir. Pəncərələrdəki dəlikləri barmaqlarıyla tıxayırlar, çırağı yandırsan, görərsən. Atam da, sən də otağınızda elə xoruldayırsınız ki, rəflərdəki şüşə qablar cingildəyir. Mənimsə beynim şişir, yalnız adyalın altında rahatlıq tapıram. Bununla belə, zirvədə taqqıltı eşidirəm – ordakı daxmaya bir adam salıblar. Dan yeri ağaranacan qapını vəhşicəsinə döyür.
-Sənin əlindən rahatlığımız yoxdu, - anam qapıya doğru gedə-gedə deyir.
O, həm də bir gözüylə məni müşahidə eləyir. Əzələləri çox gülməli tərzdə titrəyir!
Bir dəfə, hər halda, o dağda nə olduğunu öyrənmək qərarına gəldim. Külək kəsəndə sürünə-sürünə irəliləməyə başladım. Günəş də bərq vurur, yandırırır, gözlərimi qamaşdırır, ağımtıl daşlar parıldayır, gözlərimin qabağında ilğım yaranırdı. Elə əldən düşdüm ki, hətta öskürməyə başladım. Alnımı tər basdı, qaşlarımdan axdı, duzlu su gözlərimi acışdırdı, orda da heç nə görmədim, heç nə eşitmədim. Qayıdıb qapının ağzında dayandım, güzgüdə özümə baxdım – sir-sifətimə bax, ayaqqabılarım palçığa batıb, gözlərimin altı göyərib.
“Nəsə o, onu...” – düşünə-düşünə guya, evin qaranlıq künclərindəki əcinnələrin səsini eşitmirəm. Gözlərim otağın yarıqaranlığına alışanda da hırıldaya-hırıldaya yoxa çıxırrlar. Sən demə, burda xəbərim olmadan siyirmələri yoxlayır, altını üstünə çevirirlər; bax, döşəmədə ölü kəpənəklər və çəyirtkələr var.
Bacım gözlərini üzümə dikib izah elədi:
-Siyirmələri nizama salmaqda sənə kömək eləmək istəyirlər. - Bu məqamda da sol gözü yaşıl rəngə çalır.
Fikirləşirəm ki, bacımı qorxutmaq lazımdı:
-Ulartını eşidirsən? Hava qaralan kimi, canavarlar evi dövrəyə alır, bütün dəlmə-deşiklərdən içəri soxulurlar. Yatsan da, o ulartını eşidirsən, pəncələrin də soyuq tərə batır. Burda hamımızın pəncələrimiz tərləyir. Odu, bax, adyallar necə nəmlənib, başa düşdün?
Qəlbim bulanır - hər halda, nəsə çırpışdırıblar. Anam özünü elə göstərir, guya, neç nə bilmir, amma nəzərlərini yerdən qaldırmır. Mənsə arxamda hiddətli baxış hiss eləyirəm. O baxış boynumun ardına dirənən kimi, dərhal əlim-ayağım tutulur, dərim şişir. Bilirəm, şahmatımı evin arxasındakı quyunun yanında onlar basdırırlar, gecələr gedir, qazıb çıxarıram, onlarsa yenə gizlədirlər. Yeri qazanda da çırağı yandırıb pəncərəyə baxırlar. Hiddətlənməyin xeyri yoxdu.
Nahar süfrəsi arxasında onlara xəbər verirəm:
-Axı dağda koma var.
Başlarının aşağı saldılar, bəlkə də dediyimi eşitmədilər. Yemək çubuqlarımı bir kənara qoyub ucadan dillənirəm:
-Külək şiddətlənir, siçovullar irəli şığıyırlar. Dağdan daşlar diyirlənir, qorxxudan pəncələrim tərləyir. Heç olmasa, bundan xəbəriniz var? Bir adyallarınıza baxın, onda başa düşərsiniz. Həyətdə ip çəkib səhər açılan kimi qurutmaq üçün asırsınız?
Atamın ütələk baxışında tanış nəsə var. Canavar hərəkətini xatırladır. Hər şey aydındı. O – canavardı, gecələr sürüsüylə evin ətrafında dolaşır, qorxunc səslə ulayır.
Ordakı hər şey göz qamaşdırır, titrəyir, - anamın çiynindən yapışıram, - baxa bilmirəm, gözlərim yaşarır. Həm də, elə bil, heç nə yoxdu. Mənsə qayıtdım, kreslomda əyləşdim, əllərimi dizlərimin üstünə qoydum, qəfildən də gözlərim qarşısında küknar ağacı taxtası vurulmuş damı aydınca canlandı. Çox yaxından gördüm, əlbəttə, siz də görmüsünüz, evimizdən görünməyə bilməz, buna şübhə yoxdu. Bilirsiniz, ora bir adam salıblar, bütün gecəni yatmır, gözlərinin altı da göm-göydü.
-Hə, quyunun yanındakı xallı daşlar nəyinə lazımdı, anan da, mən də neyləyəcəyimizi bilmirik, hər dəfə sənin yeri qazdığını eşidəndə bədənimizə vicvicə düşür, yatağımızdan dik atılıb otaqda ayaqyalın vurnuxuruq. – Atam baxışlarımdan yayınmaq məqsədilə üzünü pəncərəyə çevirir, milçəklərsə pəncərə şüşəsini pis günə qoyublar. – Bir vaxt bıçağım əlimdən o quyuya düşüb. Yuxuda dərk eləyirəm: o bıçağı çıxarmaq lazımdı. Oyanıram, anan məni inandırmağa çalışır ki, belə bir şey olmayıb, quyuya bıçaq-filan salmamısan, gözünə görünüb. Razılaşıram, amma gecə yenə həmin yuxunu görürəm. Yataqda dərdə-qəmə batıram, bıçaq quyunun dibində paslanır, mənsə onu çıxarmağa can atmıram... Bu, mənə uzun müddət əzab verdi, sifətim bax, bu cür qırış-qırış oldu. Hə, bir dəfə də quyunun yanına gedirəm, vedrəni ehtiyatla saşağı sallayıram, amma kəndir alır, sürüşkəndi, barmaqlarım dözmədi, vedrə guppultuyla aşağı getdi. Özümü otağıma salıb güzgüyə baxıram – saçımın yarısı, burası – sol tərəfi ağarıb.
Başımı çiyinlərim arasına çəkirəm, sifətimdən bənövşəyi və göyümtül ləkələr keçir: “Ağlagəlməz şimal küləyi. Mədəm əməlli-başlı donub. Kresloya əyləşəndə orda buz parçaları taqqıldayırdı”.
Çoxdan siyirmələrdə nizam yaratmaq vaxtıdı, amma anam qaranlıqda durub göz qoyur. Elə hey otağında vurnuxur, divarın o tərəfində fasiləsiz addım səsləri eşidilır, mənimsə fikirlərim dolaşır. Başımı qatmaq üçün kart dəstini götürüb saydım: “Bir, iki, üç, dörd, beş...” Addımlar dayanır, qapının arasından anamın tünd-yaşıl sifəti görünür, o, fışıltıyla dillənir:
-Dəhşətli yuxu gördüm, bütün kürəyim suya batıb.
-Pəncələrim də, - əlavə eləyirəm, - hamının pəncəsi tərləyir. Axı dünən yenə adyal qurudurdular. Adi şeydi.
Bacım astadan xəbər verir:
-Anam deyir, onun əllərini də kəssən, yenə siyirmələrini cırıldadacaq, irəli-geri çəkəcək, dözə bilmirəm, beynim uğuldayır, elə bil, buzlu suya salıblar. Belə qalsa, tezliklə donacaq.
Bacım gözlərini qırpmadan baxır, mənim bə boynumda qırmızımtıl ləkələr peyda olur.
-Təəccüblənmirəm. Atamın da başına belə bir hadisə gəlmişdi, onun təxminən iyirmi il əvvəl baş verən bıçaq əhvalatını, yəqin, eşitmisən. Hər şeyin öz, həm də qədim əsası var.
Siyirməmin altlığını yağladım, yüngülcə çəkib geri itələdim – çırıltı-filan yox idi. Bir-iki gün bu cür eksperiment apardım, divarın o tərəfindəki addım səsləri də kəsildi, anam da sakitləşdi. Beləcə, hamını aldatmaq mümkündü, ayıq-sayıq olmaq lazımdı. Vəcdə gəldim, dan yeri ağaranacan əlləşdim, axı siyirmənin içi çoxdan nizama salınmamışdı; qəfildən də çıraq söndü, divarın o tərəfində anam da gülümsünüdü:
-Sənin işığın məni yatmağa qoymurdu, gicgahlarımda döyünür. Bir bax. - Doğrudan da gicgahında girdə bir qurd döyünürdü. - Qorxuram, birdən qan çatışmazlığım olar. Daim gah burda, gah orda nəsə narahat eləyir, bunu başa düşməzsən. Atan belə şeyə dözməz, öz canına qıyardı”.
O, ağır əlini çiynimə qoydu. Əli bu kimi soyuq idi, həm də əriyirdi.
Quyunun yanındasa nəsə baş baş verirdi. Bütün gecəni kimsə vedrəni sallayıb-çəkir, vedrə divara dəyirdi. O, yalnız dan yeri ağaranda qaçıb getdi. Qonşu otağın qapısını açdım – atam titrəyə-titrəyə çarpayının qırağından yapışdı, əlinin üstündə göy damarlar qabardı: yuxuda nəsə görür, uzun-uzadı inildəyirdi. Anam saçı pırtlaşıq vəziyyətdə süpürgəni döşəmənin üstündə yellədirdi. Səhər mənə dedi, pəncərədəin içəri cücülər döluşub, divara dəyib döşəməyə tökülüşüblər. O, cücüləri süpürmək üçün qalxıb, çəkələklərini geyinəndə ayağını cücü dişləyib, ayağı əməlli-başlı şişib, qurğuşun kimi ağırlaşıb.
-O isə, - anam barmağını yatmış atama sarı uzatdı, - yuxuda özü özünü dişləyir.
-Dağdakı adam da inildəyir. Yabanı üzümün yarpaqları da gecələr bizə sarı uçuşur.
-Nə baş verdiyini başa düşdün? – Anam əyildi, yarıqaranlıqda mənə elə gəldi, qulaqları uzanıb döşəməyə yapışır. Bu məxluqlar divara elə çırpılıblar ki, huşlarını itiriblər. Səhərə yaxın otağa doluşublar.
Axı mən, indi xatırladığım kimi, onda, həqiqətən, dağa dırmaşırdım. Kresloda oturdum, əllərimi dizlərimin üstünə qoydum, sonra qapını açıb gözqamaşdırlan gur işığa çıxdım. Yuxarı dırmanıram, gözlərimin qabağındasa ağ daşlar od tutub yanır. Amma nə üzümlük, nə də daxma var...
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0