Divar - Jan Pol Sartrın hekayəsi
Yazıçı Ədəbiyyat Portalı 1964-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Jan Pol Sartrın "Divar" hekayəsini təqdim edir.
Bizi gur işıqlı otağa gətirdilər. Qaranlıqdan işığa girdiyim üçün gözlərim qamaşdı, gözlərimi qırpdım, handan-hana işığa alışdım. Otaqda dörd stol vardı və hər stolun da arxasında mülki geyimli bir zabit oturmuşdu. Oturanlar nəsə vərəqləyir, bir-biriləri ilə nə barədəsə pıçıldaşırdılar. Otaqda adam çox olduğundan hamı bir-birinə qısılmışdı. Əksəriyyəti yerlilərim olduğundan çoxunu tanıyırdım, tanımadıqlarım isə xarici məhbuslar idi. Məndən irəlidə iki sarışın qadın vardı, onları fransız qadınlarına bənzətdim.
Bu cansıxıcı mənzərə üç saata qədər davam etdi, əsəblərim sözümə baxmırdı. Özümü birtəhər, sakitləşdirməyə çalışırdım; kamerada keçirdiyim anların əzabını, iliyə qədər işləyən şaxtanı xatırladıqca bu mənzərəyə şükür edir, əsəblərimi cilovlayırdım. Otaq doğrudan da istiydi və adamın canı rahatlanırdı.
Əsgərlər dustaqları növbə ilə zabitlərin hüzuruna gətirirdilər, harınlaşmış zabitlər də məhbusların adı, soyadı və peşəsi ilə maraqlanırdılar. Çox nadir hallarda: "Sursat oğurluğunda əlin yoxdur?" - soruşur, ya da "Ayın onunda səhər harada olmusan?" - xəbər alırdılar. Çox vaxt cavabı gözləmirdilər. Məhbuslar danışanda onlar məchul bir nöqtəni qaralayır və ya da özlərini eşitməməzliyə vururdular. Tomdan beynəlmiləlçi briqada vuruşduğunu soruşdular. Tom sualdan yayınmaq istəsə də, bunun mənasız olduğunu anladı, çünki onun bütün sənədlərini əlindən almışdılar. Xuanı isə, əksinə, heç dinləmirdilər. Xuan masaya yaxınlaşan kimi özünü təqdim etdi, onlar da tələsik nəsə yazmağa başladılar.
- Siz ki, yaxşı bilməlisiz, - Xuan kəkələdi, - bu, qardaşım Xozedir, Xoze… Anarxist Xoze… Onun əvəzində özümü görürəm burda, yəni, demək istəyirəm ki, günahım yoxdur… Siyasət məni qətiyyən maraqlandırmır, heç bir partiyanın da üzvü deyiləm.
Onlar sakitcə yazırdılar. Xuan isə dil-boğaza qoymurdu.
- Heç bir əməliyyatda iştirak eləməmişəm, başqasının yerinə cavab vermək istəmirəm. - Qorxudanmı, əsəbdənmi dodaqları titrəyirdi. Əsgərlər kürəyindən vurub ona susmağı əmr edərək, kənara itələdilər. Növbə mənə çatdı.
- Pablo İbbieta sənsən?
Təsdiq elədim. O, kağıza baxıb davam etdi:
- Ramon Qris harda gizlənir?
- Bilmirəm.
- Şəxsən siz, ayın altısından on doqquzuna qədər onu harda gizlətmisiz?
- Mən onu gizlətməmişəm.
Nəsə yazdılar, sonra məni aparmqları üçün əsgərlərə göstəriş verdilər. Dəhlizdə Tom ilə Xuanın iki gözətçinin əhatəsində gözlədiyini gördüm. Mən də onlara qoşulduqdan sonra gözətçilər bizə getməyi əmr elədilər, gedə-gedə Tom əsgərlərin birindən xəbər aldı:
- Nə oldu… Sonrası necə olacaq?
- Nəyi nəzərdə tutursunuz? - əsgərlərdən biri xəbər aldı.
- Sorğu-sualı deyirəm, adını nə qoyaq, istintaq, yoxsa məhkəmə?
- Məhkəmə.
- Aydındır. Görəsən nə qərara gələcəklər?
Əsgər soyuqqanlıqla:
- Kamerada sizi həkimlə tanış edəcəklər, - deyib, susdu.
Onların kamera dedikləri yer xəstəxana zirzəmisiydi. İçəri çox soyuqdu və külək vıyıldayırdı. Gecə səhərə qədər dişlərim bir-birinə dəydi, ertəsi gün də bir dəyişiklik olmadı. Sonrakı gün yerimizi dəyişib bizi Orta əsrlərdən qalma bir kilsəyə apardılar, bura o birisinə nisbətən yaxşı idi, ən başlıcası - külək əsmirdi. Bizi orada çox saxlamadılar, yenə zirzəmiyə qaytardılar. Bu yerdəyişmənin səbəbini anlaya bilmədim. Xuan yaşca çox cavan idi, qorxduğu açıq-aydın hiss olunurdu. Əvvəl dünya Tomun vecinə deyildi, dil-boğaza qoymurdu, ispan dilində üyüdürdü özüyçün. Birdən dayandı, sakit, yazıq səslə dilləndi:
- Deyəsən hər şey bitdi axı…
- Yəqin ki… - Onunla razılaşdım.
Sonra Xuanı göstərib: - Yəqin, uşağa toxunmazlar, - dedim.
- Yəqin, - Tom razılaşdı, - qardaşı vuruşur, amma onun Xuana dəxli yoxdur.
Söhbət etdikcə Xuana göz qoyurdum, hiss edirdim ki, sözlərimizin onun üçün mənası yoxdur. Öz aləmində idi və heç nə eşitmirdi. Tom danışırdı:
- Xəbərin var, onlar Saraqosda nə oyunlardan çıxıblar? Deyirlər, guya camaatı körpüyə uzadıb yük maşınları ilə tapdalayıblar. Bir fərari mərakeşli danışanda eşitdim. Dediyinə görə bu üsuldan gülləyə qənaət etmək üçün istifadə eləyirlər.
- Yaxşı, bəs yanacağa necə?
Tom səbrimi daraldırdı, mənə elə gəldi ki, onun danışdıqları sadəcə, cəfəngiyatdır.
- Həm də deyirdi ki, insan sifətini itirmiş zabitlər damaqlarında siqaret bekarçılıqdan it döyüşdürür, camaatın iniltisinə əhəmiyyət vermirmişlər. Yazıq camaat da cəhənnəm əzabı içində ölürmüş. Mərakeşlinin dediyinə görə bəziləri ağrıdan səsini də çıxara bilmirmiş.
Dedim ki, bizdə bu metoddan istifadə etməzlər, çünki heç nələri də olmasa, xirtdəyəcən güllələri var.
Otaq alaqaranlıq idi, daha doğrusu, elektrik lampası sönmüşdü və tavandakı dörd dəlikdən dolan işıq otağı zəif işıqlandırırdı. Yəqin, əvvəllər bu dəliklərdən kömür atmaq üçün istifadə ediblər. Dəliklərdən birinin altında qalaqlanmış kömür ovuntusunu görəndən sonra bu qənaətə gəldim. Güman ki, binanı qızdırarkən bu kömürdən istifadə olunub, müharibə başlanandan sonra xəstələri köçürüblər, kömürsə heç kəsi maraqlandırmayıb. Dəliyin ağzını bağlamaq heç kəsin yadına düşmədiyindən yağış kömürü islatmışdı. Birdən Tom əsə-əsə dilləndi:
- Əclaflar məni döyəcəklər. Bircə bu qalmışdı?! Yaramazlar!
Qalxıb əl-qol atmağa başladı, hərəkətləri gülüş doğururdu. Köynəyinin yaxası açıldıqca tüklü sinəsinin qalxıb-endiyi aydın hiss olunurdu. Qəfildən, hərəkətləri tamamilə anlaşılmaz oldu. Arxası üstə uzanıb ayaqlarını çarpazlayaraq, onları uşaq kimi oynatmağa başladı. Piyli qarnı titrəyirdi, Tomun donuza oxşadığına əmin oldum. Əllərimi, ayaqlarımı hiss etmirdim, amma soyuqdan deyildi, elə bil, keyimişdim. Gözlərimlə gödəkcəmi axtardım, handan-hana onu mənə qaytarmadıqlarını xatırladım, gecə üşüyəcəkdim. Paltarlarımızı alıb əvəzində burda yatan xəstələrin cır-cındırını vermişdilər. Tom əvvəlki yerindən qalxıb başqa yerdə oturmuşdu. Büzüşdüyünü görüb xəbər aldım:
- Nə oldu, qızışmadın?
- Yox ey... Lənət şeytana, qızışa bilmirəm. Nəfəsim kəsilir.
Saat səkkizə yaxın kameraya faşist partiyasının iki üzvü və komendant gəldi. Komendantın əlində siyahı vardı. Üzünü nəzarətçiyə tutub soruşdu:
- Bunların soyadları?
Nəzarətçi:
- Steynbok, İbbieta, Mirbal, - dedi.
Komendant eynəyini gözünə keçirib siyahıya baxdı:
- Steynbok... Steynbok... Hə, burdadır. Güllələnmə. Hökm sabah səhər icra olunacaq.
Siyahısına baxıb üzünü o birilərə tutdu:
- Sizi də güllələyəcəklər.
- Bu, ədalətsizlikdir, - Xuan etiraz etdi, - düz iş tutmursuz.
Komendant təəccüblə ona baxıb bir də xəbər aldı:
- Soyadın necə oldu?
- Mirbal... Xuan Mirbal.
- Hə də, Mirbal, düppədüz, güllələnmə.
- Axı mənim günahım yoxdur! - Xuan yenə çərənlədi.
Komendant kefsiz idi, çiyinlərini oynadıb bizə tərəf çevrildi.
- Basksız?
- Yox.
- Axı mənə deyiblər, burda üç nəfər bask var. İşim-gücüm qurtarıb da, indi gəl onları axtar. - Sonra nəsə fikirləşib əlavə etdi: - Yəqin sizə keşiş lazım olmaz.
Heç birimiz cavab vermədik. O, dedi:
- İndi yanınıza belçikalı həkim gələcək, səhərə qədər yanınızda qalacaq, nə lazım olsa...
Son sözlərini başa düşmək olmadı, çevrilib getdi.
- Nə demişdim sizə? - Tom kəkələdi. - Satıblar bizi.
Sözün düzü, bu sözləri ədalət tərəfdarı olduğum üçün deyirəm, oğlan mənə fikir vermirdi, amma vicdanım bunu deməyi mənə diktə edirdi. Ölümün qorxusu oğlanın arıq, çəlimsiz sifətini tanınmaz hala salmışdı, dünənki oğlan deyildi, elə bil bir gün ərzində qocalmışdı. Mənə elə gəlirdi ki, onu buraxsalar belə, bir də cavanlaşmaz. Ürəyiyumşaq deyildim, onun halına acımırdım. Amma o, büzüşmüşdü, sanki, əriyirdi, heç nə danışmır, heç kəsə fikir vermirdi. Rəngi bozarıb torpaq rəngi almışdı. Gözlərini döşəməyə zilləmişdi, Tom onun könlünü almağa çalışsa da, bacarmırdı.
- Əl çək ondan, - dedim, - işin olmasın. Yazığın halına bax.
Tom mənə fikir vermirdi, Xuanı ovutmağa çalışırdı, amma mümkün deyildi. İkisi də mənə iyrənc görünürdü, onları unutmağa çalışırdım. Heç qarşıda məni gözləyən ölüm haqqında da fikirləşmək istəmirdim.
- Qulaq as, - sakit səslə danışan Tom üzünü mənə tutdu, - heç onlardan gəbərtmisən?
Cavab vermədim, o isə avqustda öldürdüyü altı nəfərdən danışdı. O, danışdıqca, bu yolla başını qatmaq, ölüm haqqında fikirləşmək istəmədiyi üçün belə etdiyini başa düşürdüm, elə mən də buna çalışırdım, amma alınmırdı. Gözlərim qarşısından güllələrin qarnıma dolacağı mənzərə getmirdi, açığı, həmin mənzərəni unuda bilmirdim, bircə şeydə təskinlik tapırdım; qarşıda uzun bir gecə vardı. Fikirdən ayrılanda Tom susmuşdu, bilirdim ki, bu, hələ başlanğıcdır. Gecə həmişəki vaxtında düşdü, zirzəminin səmaya açılan oyuqlarından son gecəsini parlayan üç ulduzu görmək, onların parıltısını müşahidə eləmək istədim. Bu vaxt qapı bir qədər aralandı, otağa iki nəzarətçi ilə birlikdə belçikalı zabitlərin geydiyi paltarda sarışın bir zabit girdi. Zabit bizimlə bir-bir salamlaşıb dedi:
- Əzizlərim, mən həkiməm, bu üzüntülü gecəni sizinlə bir yerdə keçirib, əzablarınızı bir qədər...
Ona heç kəs qulaq asmırdı, çünki onun sözləri bizi əsəbiləşdirirdi. Səsi mülayim idi, onun sözünü kəsib "bu nəyə lazımdır?" - soruşdum.
Sualıma cavab vermədi.
- Qulluğunuzdayam, son saatlarınızı bir az sakit keçirməyinizə yardım edəcəyəm.
- Axı niyə məhz bizim yanımıza göndərdilər səni, burda bizdən başqa məhbus yoxdur?
- Məni şəxsən bura göndəriblər, - deyib, tələsik əlavə etdi, - papiros lazım olsa məndə var, hətta ehtiyat üçün siqar də götürmüşəm.
Bizə ingilis papirosu ilə Havanna siqarı təklif etdi. Götürmədik. Diqqətlə baxanda onu tanıdım, o da bunu hiss etdi.
- Yəqin, bizə yazığınız gəldiyi üçün burda deyilsiz. Xatırladım, bizi bura gətirəndə sizi falanqçıların arasında görmüşdüm. Həyətdə...
Hər şeyi açıb-ağartmaq istəmədim, nədənsə, bunun mənasız olduğunu düşündüm. Bu xasiyyət məndə təzə əmələ gəlmişdi, əvvəllər əlimə keçəni rahat buraxmazdım, amma indi danışmağa belə ərinirdim. Gözlərimi yumub özümü sakitləşdirməyə çalışdım, gözlərimi açanda həkimin diqqətlə mənə baxdığını gördüm. Nəzarətçilər skamya üstə oturub mürgüləyirdilər. Bədbəxt Pedro yatmaq üçün başını soxmağa yer tapa bilmirdi.
- Lampa gətirim? - Pedro soruşdu.
Belçikalı küçə hərəkəti ilə başını yellətdi, "göründüyü qədər mədəni deyil" - fikirləşdim, istənilən kənd çobanı onun kimi hərəkət edə bilərdi. Bütün bunlara baxmayaraq, çox da əzazil adama oxşamırdı, sadəcə, bu məqamda söz tapa bilmədiyi üçün hərəkətləri nifrət doğururdu. Pedro kerosin lampası gətirib skamyanın kənarına qoydu. Lampanın zəif işığı zirzəmini birtəhər işıqlandırdı, pis deyildi, özümçün təzə əyləncə tapmışdım: lampanın tavanda cızdığı işıq haləsilə oynayırdım. Acgözlüklə işığa baxırdım. Birdən halə qaraldı, çaşıb qaldım. Qəfil sillə kimi bədənimi donduran hadisə ölümün yaxınlaşdığını xəbər verirdi. Niyə belə düşünürdüm - bilmirəm. O an keçirdiyim hissləri heç nə ilə müqayisə edə bilmirəm, ümumiyyətlə, həmin hisslərin adı yox idi, bu vaxta qədər kəşf edilməmişdi. Damarlarım gərilir, beynim ağrıdan uğuldayırdı.
Yoldaşlarıma baxdım. Tom dirsəklənmişdi. Xuan yenə özündə deyildi, burun pərləri mal burnu kimi açılıb-yumulurdu. Həkim bunu sezib ona yaxınlaşdı, əlini çiyninə qoydu. Xuanın ölü sükutu dəyişmədi, həkim onun damarlarını ovuşdurmağa başladı. Fikir verdim, saata baxırdı, yəqin, Xuanın nəbzini yoxlayırdı. Sonra divara tərəf gedib işığa çəkildi, cib dəftərcəsini çıxarıb nəsə yazdı.
Əclaf! Mənə yaxınlaşsa, onu didərəm - fikirləşdim. Amma yaxınlaşmadı. Kənardan diqqətlə baxaraq, heç bir reaksiya vermədi. Qalın səslə:
- Sizə elə gəlmir ki, bura çox soyuqdur? - xəbər aldı.
Deyəsən doğrudan da titrəyirdi, rəngi də göyərmişdi.
- Yox, bizə elə gəlmir, - dedim.
Gözlərini yenə də məndən çəkmədi, baxışlarından şübhələndim, qeyri-ixtiyari əlimi üzümə çəkdim, aydın oldu, mən qan-tər içində üzürdüm. Hətta saçlarım da, köynəyim də islanmışdı. Yəqin, çoxdan tərləmiş, amma bunu hiss etməmişdim. Deməli belə, qorxuya bax ha… Amma onu görəndə hirs məni boğdu, özünü normal adam kimi aparır və bununla fəxr edirdi. Bütün normal adamlar kimi ona soyuq idi və o, bunu hiss edirdi. Qalxıb ona bir-ikisini çəkmək istədim, amma tərpənmədim. Dəsmalımı çıxarıb üzümü sildim. Bədənimdən axan təri hiss edir, xəcalət çəkirdim. Yavaş-yavaş tərim soyumağa başladı, bir az rahatlandım. Birdən Xuan dilləndi:
- Həkimsiniz?
- Həkiməm, - cavab verdi.
- Xahiş edirəm, düzünü deyin. Çox çəkir. Çox incidir adamı…
O, çaşdı:
- Hə… Necə? Hə?… Yox, gərək ki, çox çəkməsin. Tez olur, çox tez.
Onda pul almadan xəstəyə baxmayan həkim sifəti vardı..
- Eşitdiyimə görə, çox əzab verir… Birincidən dəyməyəndə.
Başını tərpədərək:
- Belə olanda təzədən nişan alıb hara lazımdırsa, ora vururlar, - dedi.
Xuanın səsi titrədi:
- Buna da vaxt lazım olur da.
Bilirdim ki, Xuan ölümündən qorxmur, onu qorxudan fiziki ağrıların dəhşəti idi və o yaşda bir adam üçün bu hissslər təbii görünürdü. Mənsə bu hissləri tərləməklə yaşamışdım. Qalxıb gəzişməyə başladım, Tomun mənə nifrətlə baxdığını gördüm. Ayaqqabılarım cırıldayırdı və yəqin onu əsəbiləşdirən bu idi. Deyəsən mən də bozarmışdım.
Səma aydın idi. Dayandığım tərəfə Ay işığı düşmüşdü. Ulduzların arasından Böyük ayı bürcünü tapdım. Kilsədə olarkən səmanı balaca bir oyuqdan gördüyüm üçün özümü yalqız, kimsəsiz hiss edirdim, indi isə səma gözlərimin içində idi. Özümü ələ almağa çalışır, köməksizliyimi unutmaq istəyirdim. Hava bir qədər aydınlaşanda Atlantik sahillərində keçirdiyim günləri xatırladım. Sahildə keçirdiyim o xoş, unudulmaz günlər, günəş üfüqdə görünən kimi başladığımız kef məclisləri, dostların, tanışların unudulmaz simaları… Sonra isə yenə darıxdırıcı anlar… Amma gözlərimi səmanın təmizliyindən ayıra bilmirdim, göy üzünü seyr etdikcə yüngülləşirdim. Sonra yerimə qayıdıb Tomla üz-üzə oturdum, hər ikimiz susduq.
Bir azdan o, asta səslə danışmağa başladı və hiss elədim ki, susmaqdan qorxur, bu qorxunu - sükut qorxusunu - başından eləmək üçün ağzına gələni danışmağa hazır idi, ən qəribəsi - mənə də baxmaqdan qorxurdu. Ona görə ki, mənim tərləmiş, sallanmış sir-sifətimə baxmaq ona ağır gəlirdi, başa düşmüşdü ki, bu anlarda biz bir-birimizin güzgüsüyük. Üzünü yana çevirib çərənləyir və canlı bir insana - belçikalıya baxırdı. Baxır və həsəd aparırdı.
- Sən bir şey başa düşmüsən?
Gözlərimi döyərək, eyni tonda, alçaq səslə soruşdum:
- Nəyi nəzərdə tutursan?
- Yəni, - səsi titrədi, - bir azdan baş verəcək hadisəni dərk edə bilərsən?
Ondan üfunət qoxusu, ayaqyolu iyi gəlirdi.
- Tələsmə, bir azdan hər şeyi dərk edəcəyik.
Amma o, əvvəlki titrək səslə davam etdi:
- Yox, bu dərkedilməzdir, axıradək qətiyyətli olmaq istərdim, amma hər halda, bilmək pis olmazdı. Bir şeyi bilirəm, bir azdan bizi bayıra çıxaracaqlar, o əclaflar önümüzdə cərgə ilə düzüləcək, necə bilirsən, neçə nəfər olacaqlar?
- Nə bilim, beş-altı nəfərdən çox olmazlar.
- Qoy lap beş-altı nəfər olsun. Qışqırıb deyəcəyəm ki, vurun! Bax onda, tüfənglərin hamısı mənə tuşlanacaq. Divara sıxılıb ayaq üstə durmağa çalışacağam. Amma divar gecə qarabasmaları kimi məni itələyəcək. Bütün bunları təsəvvür etmək asandır, yəqin sən də bilirsən?
- Bilirəm, - dedim, - səndən yaxşı bilirəm.
- Yəqin, əzabı çox olacaq. Eşitdiyimə görə onlar adamın üzünü pis günə salmaq üçün sir-sifətini də gülləyə tuturlar.
Səsi quduzlaşdı.
- Bilirsən, həmin ağrıları hiss edirəm, bütün bədənim o ağrılardan gizildəyir. O, ağrıları görmək, onları hiss eləmək gerçək ağrılardan da betərdir. Görəsən əsl ağrılar necə olacaq?
Onun nə demək istədiyini bilmirdim. Mən ondan da betər gündəydim, hətta bədənimi deşən güllələrin yerini, ordan axan qanı da görürdüm. Bu fikirləri başımdan çıxara bilməsəm də, o barədə düşünmək istəmirdim.
- Lap axırda da bizi qurd-quş didişdirəcək.
Sonra dəli-dəli hərəkətlər etməyə, öz-özünə danışmağa başladı. Bununla belə o, belçikalıdan əl çəkmir, gözlərini ondan ayırmırdı. Yəqin, belçikalı bir şey duymamışdı. Onun nəyə görə bizim yanımıza göndərildiyini indi başa düşdüm; fikirlərimiz onu qətiyyən maraqlandırmırdı, o, bizim həyat dolu varlığımızın keşiyini çəkməyə, onun yanıb külə dönməyinə göz qoymağa gəlmişdi.
- Adamı qara basır, - Tom kədərlə dilləndi, - Nə qədər başqa şey haqqında düşünməyə çalışsan da, alınmır. Sanki bu hisslər beynimdə doğulub, an-an, qətrə-qətrə əriyib itir… Axı bunun sonu nə olacaq? Yəqin, heç nə. Bu fikirlər gah itir, gah təzədən doğulur. Bədənimdə təzədən güllədən açılan deşiklər əmələ gəlməyə başlayır… İlahi! Bütün bunlar nə qədər ağırdır. Təsəvvür edirsən - öz meyitimi görürəm… Meyitimə dikilən gözlərimi də… Nə qədər bunun son olduğunu, əbədiyyət, ilğım olduğunu dərk etməyə çalışsam da - olmur! Düşünəndə ki, həyat başqaları üçün davam edəcək - adam dəli olur! Bilirsən, gecəni yata bilmirəm, gözlərimə kabuslar görünür. Amma bu, başqa şeylərə oxşamır, Pablo. Bu, mənim özümə məxsus şeylərdir. Cismani ölümüm və onun haqqında fikirlər. Belə fikirlər adama arxadan, qəfildən yaxınlaşır və onun gəlişinə, hücumuna hazır dayanmaq olmur.
- Kəs, - dedim, - bezdirmə məni. Bəlkə səninçün yuxuyozan da çağıraq?
Susdu, onun peyğəmbərlik etdiyini anladım; asta-asta danışır və məni hövsələdən çıxarırdı. Amma susmağa, onunla çənə döyməməyə üstünlük verdim Çünki xeyri yoxdur, irlandların hamısı belədir. Birdən, ondan ətrafa yayılan kəskin sidik qoxusunu hiss etdim. Sözün düzü, ona siz deyən qədər hörmət etmirdim və fikrimi dəyişmək istəmirdim. Sadəcə, taleyin hökmüylə həyatın son anlarını bir yerdə keçirmək məcburiyyətində qalmışdıq. Məsələn, burda tanıdığım başqa adam - lap elə Ramon Qris olsaydı, hər şey başqa cür ola bilərdi. Amma Xuanla, Tomla bir yerdə olmaq əzabdır. Bir tərəfdən baxanda elə belə yaxşıdır, Ramonun burda olmamağı məni müəyyən qayğılardan xilas etmişdi. Hələ ki, bunların yanında özümü möhkəm tutur, axıradək belə olmağa çalışırdım. Tom isə, dayanmırdı. Onun fikirlərini dağıtmaq üçün belə etdiyi açıq-aşkar hiss olunurdu. Bir tərəfdən də ondan gələn sidik qoxusu - lap adamın beyninə işləyirdi. Fikirləşəndə, Toma haqq qazandırmaq olardı, çünki mən də onun kimi düşünürdüm, sadəcə, düşündüklərimi dilə gətirmirdim. Ölüm - təbiətdə olan bütün ziddiyyətləri üzə çıxarır: elə ki, qarşıdan gələn ölüm adlı təbii qanunauyğunluğun əzabını dərk etdim, o andan etibarən hər şey mənim üçün ziddiyyət yığını oldu: kömür təpəciyi də, oturduğum və taleyimi bağladığım skamya da, elə Pedronun iyrənc sifəti də… Dərk etdim ki, ölümünü gözləyən hər kəs nə barədə çərənləsə belə, səhərə qədər eyni şey haqqında mənim düşündüyüm kimi düşünəcək, bir yerdə əsəcək, tərləyəcək. Tomun qorxunc sifəti məni çaşdırdı - ölü sifətinə oxşayırdı. Onun sifəti mənim mətanətimi də sındırırdı: 24 saat onunla bir yerdə olmaq, onun axmaq söhbətlərinə qulaq asmaq, ondan gələn üfunət qoxusunu udmaq məni başqa adama çevirmişdi. Mən də onlara oxşayırdım, mənə elə gəlirdi ki, hamı bunu hiss edir və görür. Onlara əkiz qardaş kimi oxşayırdım və az dəli olmaq həddinə çatmışdım. Tom əlimdən tutub tamam başqa bir səmtə baxaraq, özgəylə danışırmış kimi:
- Özümdən soruşuram, Pablo, - dedi, - doğrudanmı bir iz qoymadan bir anın içində sovrulub gedəcəyik?
Əlimi itələyərək:
- Ayaqlarının altına fikir ver, donuz, - deyib, hirslə ayağa qalxdı.
Ayaqlarının altı göllənmişdi, şalvarının ətəyindən hələ də damcılar axırdı. O, özünü itirərək:
- Bu nədir? - təəccüblə xəbər aldı.
- Şalvarını batırmısan, - dedim.
- Yalan demə, - dəli kimi çığırmağa başladı. - Yalan danışırsan, yalan! Mən heç nə bilmirəm. Heç nədən xəbərim yoxdur.
Belçikalı sifətinə hüznlü bir ifadə verib yaxınlaşdı.
- Özünüzü pis hiss edirsiniz?
Tom cavab vermədi. Belçikalı susaraq, gölməçəyə baxdı.
- Bilmirəm bu neçə oldu. - Tomun səsi xırıldadı. - Mən heç nədən qorxmuram, düz sözümdür, qorxmuram!
Belçikalı susurdu. Tom çaşqınlıq içində gedib divar dibinə işəməyə başladı, işini gördü, şalvarını çəkərək qayıtdı, başını aşağı dikib skamyada əyləşdi. Heç nə demədi. Belçikalı yenə də nəsə yazdı. Üçümüz də ona baxırdıq. Aramızdakı yeganə canlı kimi ona baxır, həsəd aparırdıq. Onun davranışı, hərəkətləri canlılara məxsus idi. O, normal insan kimi bu soyuq zirzəmidə soyuqdan əsirdi, bizi isə əksinə, tər-su alıb aparırdı. Bədənimizi hiss etmirdik, hisslərimiz bizdən qabaq ölmüşdü. Mən də şalvarımın balağını yoxlamaq istədim, amma belçikalının baxdığını görəndə, fikrimdən daşındım. Ona - aramızdakı yeganə canlıya, əzablarımızın hakiminə baxdım. Bir qədər sonra o balaca Xuana yaxınlaşdı, nə üçünsə gədənin başını sığalladı, sonra boyun damarlarını ovuşdurdu, deyəsən, ona yazığı gəlirdi. Xuan tərpənmədi, handan-hana sanki yuxudan ayıldı, həkimin əlindən yapışıb acgözlüklə baxdı. O saat baş verəcək hadisəni anladım… Deyəsən Tom da başa düşmüşdü. Amma həkim minnətdarlıqla Xuana baxır və gülümsünürdü. Birdən Xuan həkimin əlindən tutub dişləməyə başladı. Həkim çaşdı və güclə əlini geri çəkib divara qısıldı. Küt baxışlarla bizə baxmağa başladı, gözləri heyrətdən bərəldi, qızardı. Artıq o da anladı ki, biz onun kimi normal insanlar deyilik. Hırıldamağa başladım, gözətçilərdən biri də mənə qoşuldu. Digər gözətçi yatmasaydı, yəqin, o da güləcəkdi. Yorulmuşdum, bir azdan baş verəcək hadisə məni çox da darıxdırmırdı. Onsuz da xeyri yox idi. Amma başqa bir şey barədə fikirləşən kimi, yenə ölümün gəlib dururdu gözlərimin önündə, mənə sarı tuşlanan tüfənglərdən üstümə sonsuza qədər güllə yağırdı. Bu minvalla azı iyirmi dəfə öz ölümümü, yerə yıxılıb qıvrılmağımı görmüşdüm. Bir balaca mürgüləyən kimi kiminsə məni divara qısıb güllələdiyini görürdüm… Cəhənnəm əzabı idi və buna tab gətirmək olmurdu. Bəzən özümü çığırmaqdan güclə saxlayırdım. Belçikalı saqqalını tumarlayırdı, deyəsən öz aləmində idi, bizə fikir vermirdi. İkinci gecə idi ki, yuxum ərşə çəkilmişdi və bu, məni narahat etmirdi, əksinə, ömrümün son saatlarının bir anını belə itirmək, onu gecə yuxusuna döndərmək istəmirdim. Onsuz da gözlərimi yuman kimi, yuxudan doymamış kimsə məni oyadacaq, divar dibinə, güllə qabağına aparacaqdı. Şəxsiyyətimi qoruyurdum, heç bir kənar qüvvənin kobudluğunu qəbul etmək istəmirdim. Məni qara basırdı, tez-tez ətrafımda qəribə qüvvələrin hərəkətini, nəfəsini hiss edirdim; indimi yox, gələcəyimi də yox, keçmişimi xatırlamağa çalışırdım. Doğma və unudulmaz, məsum və işıqlı, şirin və parlaq keçmişimi… Valensiyadakı yarmarkanı, oradakı adamların sifətini, körpə uşaqların hay-küyünü, Ramon Qrisin üz cizgilərini, Qranadakı skamyanın… Hər şeyi, hər şeyi xatırlamağa çalışırdım. İlahi! Bir vaxtlar necə də acgözlüklə, ülvi hisslərlə xoşbəxtliyin, qadınların, azadlığın müdafiəçisi kimi mübarizə aparırdım. İspaniyanın xilaskarı olmaq istəyir, mitinqlərdə alovlu nitqlər söyləyirdim. Anarxistlərlə birlikdə azadlıq uğrunda çarpışırdım. Bu anlarda mənə elə gəlirdi ki, bütün keçmişim ovcumun içindədir və onu mən idarə edirəm. İndi isə son gəlib, həyatın sonu - gələcəyin süqutu. Yalnız bu anda ürəklə demək olar - yaşamaq gözəldir! Amma mən axmaq bu gözəllikdən istifadə edə bilməmişəm. Nə isə… Nə isə… Yox! Yox… Mən təəssüflənmirəm, əslinə qalsa, təəssüflənməli çox şey var.
Belçikalının axmaq təklifi məni xoş xəyallardan ayırdı. O:
- Əzizlərim, - dedi, - istəsəz arzularınızı qohumlarınıza çatdıraram. Düzdür, rəhbərlik etiraz eləməsə.
Tom donquldandı:
- Mənim heç kəsim yoxdur.
Mənsə danışmağa ehtiyac duymadım. Tom bir qədər susub mənə tərəf çevrildi:
- Nədir, yoxsa Konçaya deməyə sözün yoxdur?
- Yox, - dedim
Təqsir məndəydi… Həbs olunmağımızdan bir-iki gün əvvəl Konça haqqında çərənləmişdim ona. Yoxsa o haradan bilirdi ki… Onunla cəmi bir il yaşamışdım, bircə il. Lap elə dünənə qədər onunla beşcə dəqiqəlik görüş üçün həyatımı verməyə hazır idim, amma indi bunun heç bir əhəmiyyəti yox idi. Çünki ona deməyə söz tapa bilmirdim. Bədənimdən, fikirlərimdən iyrənirdim və bu xəyallar onu məndən uzaqlaşdırırdı. Hər dəfə fikirləşəndə ki, xeyri yoxdur, onsuz da ölən mənəm!.. Hər şeyi qabaqlamaq, ölümü tezləşdirmək və düşüncələrdən yaxa qurtarmaq istəyirdim. Konçanın gözəl gözlərini xatırladım. O gözlər əlçatmaz bir zirvəyə dönmüşdü.
Tom da yalqız idi, amma onun yalqızlığı mənimkinə oxşamırdı. Büzüşüb oturmuşdu, altdan-altdan skamyaya baxır, bic-bic gülürdü. Sonra nə fikirləşdisə qorxa-qorxa skamyaya toxundu, elə bil skamya indicə partlayacaqdı, sonra bizə baxddı. Tomun yerində olsaydım, heç vaxt belə gicgici komediyalar çıxarmazdım, buna ehtiyac da yox idi. Tomun hərəkətlərini fikirləşdiyim yerdə birdən, sanki qarşımdakı əşyalar qəribə görkəm almağa, eninə-uzununa hərəkət etməyə başladı. Acgözlüklə skamyaya, lampaya, kömür təpəciyinə baxdım və hər şey aydınlaşdı: bu son idi, sonuncu baxışlar və həyatın sonuncu mənzərəsi. Bəlkə ölümümü təsəvvürümə gətirə bilmirdim, ancaq onu dərk edir, uydurduğum, oxşatdığım formada görür, yaşayırdım. Ölümüm məni əhatə edən əşyaların üstünə çökmüşdü. Yalnız bundan sonra anladım ki, Tom skamyayanı oxşadıqca, sən demə, öz ölümünə yaltaqanırmış. Əgər bu anlarda kimsə məndən muştuluq alıb, bunların məni öldürməyəcəyini desəydi, əsla sevinməzdim; bu, öz ölümümlə barışdığım üçün deyildi, artıq onu yaşamışdım, bundan sonra bir gün, ya da beş il artıq yaşamaq mənim üçün fərq etmirdi. Bilirdim ki, bundan sonra yaşamaq mənim üçün ağır olacaq və onun üçün də ölümü seçirdim. Heç nə məni ovuda bilmirdi, bunun günahkarı mənim bədənim idi: çünki gözlərim görür, qulaqlarım eşidirdi, amma bu mən deyildim - bədənim əsir, durmadan tər axıdırdı və özümü tanımırdım. Daha o, mənim deyildi, ona baxmaq, onun nəyə çevrildiyini görmək istəyirdim. Bəzən onu ani olaraq hiss edirdim, sanki yıxılırdım, təyyarə kimi təpəsi üstə yerə şığıyırdım, az qalırdı ürəyim sinəmdən çıxıb yerə düşsün. Bütün bunlar məni yorurdu. Əllərim şalvarıma dəyəndə heyrətləndim, ətəyim islanmışdı; başa düşə bilmədim ki, bu tərdəndir, yoxsa mən də Tomun gününə düşmüşdüm. Hər ehtimala qarşı qalxıb özümü kömür təpəciyinin üstünə boşaltdım.
Belçikalı saatına baxıb, saat dördün yarısı olduğunu bildirdi. Əclaf bunu bilərəkdən belə edirdi. Tom yerindən dik atıldı - gecənin qaranlığına sığınıb özümüzü, dərdlərimizi güclə unuda bilmişdik, indi hər şey təzədən başladı.
Xuan yenə sarsaqladı, əllərini oynada-oynada çığırırdı:
- Mən ölmək istəmirəm! Ölmək istəmirəm!
Qalxıb zirzəmidə qaçmağa, qapını döyəcləməyə başladı, Tom daha ona baxmırdı və bu da o demək idi ki, onun daha Xuana yazığı gəlmirdi. Heç kəs Xuanın hərəkətlərindən təəccüblənmir, heç kəs ona fikir vermirdi. Hərə öz hayında idi.
O, ağlayırdı, hiss olunurdu ki, təəssüflənir, amma ölüm haqqında fikirləşmirdi. Çünki mən də onun günündə idim və ona baxdıqca özümə acıyırdım. Mənə elə gəlirdi ki, mən də ağlayıram. Birdən hər şey dəyişdi: oğlana baxıb onun arıq, üzülmüş sifətini, sallanmış çiyinlərini gördüm və hiss elədim ki, o, insanlığını çoxdan itirib. Onu belə görəndən sonra həyat mənim üçün lap iyrənc oldu. Fikirləşdim; öləndə də kişi kimi ölmək lazımdır, onsuz da oyun çıxarmağın mənası yoxdur.
Tom qalxdı, açıq yarığın altında durub səmaya baxmağa başladı. Mənsə öz-özümə təkrarlayırdım: kişi kimi ölmək… məni başqa heç nə maraqlandırmırdı. Belçikalı saatı deyəndən sonra vaxt uçurdu, su kimi axırdı və onu saxlamaq, ləngitmək mümkün deyildi. Hava hələ tam açılmamışdı. Tom dedi:
- Eşidirsən?
- Hə.
Həyətdən artıq addım səsləri eşidilirdi.
- Görəsən nə itləri azıb orda! Yoxsa bizi gecənin qaranlığında güllələyəcəklər?
Bir az keçəndən sonra səs-səmir kəsildi. Toma:
- İşıqlanır, - dedim.
Pedro qalxıb lampanı söndürdü, kiməsə dedi:
- Canıma bir axmaq qorxu düşüb ki...
Zirzəmi azca işıqlanmışdı. Hərdənbir bayırdan güllə səsləri eşidilirdi.
- Başlayırlar, - Toma dedim. - Yəqin, qonşu həyətdən başlayırlar.
Tom belçikalıdan siqaret istədi.
Özümü saxladım; ürəyim siqaret, içki istəmirdi.
Bayırda güllə səsləri çoxalmağa başladı.
- Başa düşdün? - Tom soruşdu.
O, yenə nəsə demək istədi, amma dayandı, gözlərini döyə-döyə qapıya baxdı. Qapı açıldı, içəri bir leytenantla dörd əsgər daxil oldu. Tom siqareti atdı.
- Steynbok?
Tom çavab vermədi. Pedro ona tərəf baxdı.
- Xuan Mirbal?
Həsir üstə çökdü.
- Qalxın! - leytenant qışqırdı.
Xuan tərpənmədi, iki əsgər qolundan yapışıb qaldırdı. Əsgərlər onu buraxan kimi Xuan üzü üstə yerə dəydi. Əsgərlər çaşbaş qaldılar.
- Beləsini çox görmüşük, birinci deyil. - Leytenant dilləndi. - Sürüyə-sürüyə aparın.
O, Toma sarı çevrildi:
- Buyur.
Tom iki əsgərin arasına girib həsrətlə göyə baxdı. Əsgərlərdən ikisi Xuanı sürüdü, ikisi də Tomu apardı. Qapıya sarı gedəndə leytenant məni saxladı.
- İbbieta sizsiz?
- Bəli.
- Siz bir az gözləməli olacaqsız.
Çıxdı, belçikalı və iki gözətçi də onun arxasınca çıxıb getdi. Tək qaldım, heç nə anlaya bilmirdim, bu, əzablarımın davam edəcəyi demək idi. Bu anlarda birinci ölmək istəyirdim, gözləmək cəhənnəm idi. Güllələnənlərin söyüşlərini, yalvarışlarını, çığırtılarını eşitməkdənsə, güllə qabağına birinci getmək hər şeyə dəyərdi. Mən - güllələnənlərin hər biri ilə ölürdüm. Bu fikirlərdən yayınmaq üçün saclarımı yolmaq, başımı divara vurmaq istəyirdim, amma canımı dişimə sıxıb, birtəhər, öz saatımı gözləyirdim. Bir saatdan sonra məni birinci mərtəbədəki otaqların birinə apardılar. Otaqda siqaret tüstüsündən nəfəs almaq olmurdu. İki zabit siqaret çəkir, kresloya yayxanıb söhbət edirdi. Dizləri üstə bir topa kağız-kuğuz vardı, hərdən kağızlara da baxırdılar. Onlardan biri:
- Soyadın İbbietadır? - xəbər aldı.
- Bəli.
- Ramon Qris harada gizlənir?
- Mən hardan bilim?
Məni sorğu-suala tutan pota, sarışın bir zabit idi, eynəyinin altında parlayan gözlərini mənə zilləmişdi,
- Yaxın gəl, - dedi.
Ona yaxınlaşdım, zəhmli baxışları ilə mənə baxdı, elə bil məni gözləri ilə yeyəcəkdi. Nə fikirləşdisə qalxıb qollarımı burdu və mən ağrını hiss etdikcə o, ləzzət alırdı. Mənimlə oynayır, əsəbiləşdirirdi. Siqaret tüstüsünü üzümə üfürürdü. Onun hərəkətlərindən bir şey başa düşmür, özümü gülməkdən güclə saxlayırdım. Hərəkətləri gülünc idi, ölümünü gözləyən adam üçün daha təsirli cəza tədbiri fikirləşmək olardı, belə yox. Vəzifəsinin öhdəsindən gələ bilmirdi. Bir azdan məni kənara itələyib oturdu.
- Ya sən, ya o! Onun yerini desən, səni öldürmərik.
Deyəsən, əclafın ölümü çatmışdı, nə isə… Onlar əllərindəki kağızlardan müxtəlif adları oxuyur, məhbusları hədələyir, müxtəlif hökmlər çıxarırdılar, onların İspaniyanın gələcəyi haqqında öz təsəvvürləri vardı. Onlara özümdən çox acıyırdım.
Pota mənə yaman diqqətlə baxırdı, çəkmələrini döyəcləyə-döyəcləyə təzə cəza forması fikirləşirdi. Hərəkətləri süni olduğundan gülməli alınırdı. Özünü vəhşi heyvana bənzətmək istəyirdi, amma o - o deyildi.
- Nə oldu, başa düşmədin?
- Qrisin yerini bilmirəm. Bəlkə də Madriddədir.
Digər zabit əli ilə məni hədələdi. O, da oyun çıxarırdı. Yəqin, bura yığışan paqonlu taxtabaşlar öz hərəkətlərindən həzz alırdılar.
- Sənə fikirləşmək üçün üç saat vaxt veririk.
Əsgərlərə sarı çevrildi:
- Aparın, danışmaq istəməsə yerindəcə güllələyin!
Əclaflar nə elədiklərini yaxşı bilirdilər. Buna adamı bezdirmək deyirlər. Bütün gecəni ölümümü gözləmişəm. Tomla Xuan gedəndən sonra da bir-iki saat gözləmişdim, indi də üç saat gözləmək. İlahi! Fikirləşirdirlər ki, əsəblərim dözməyəcək, danışacağam. Yox! Onlar mənimlə oynadıqları kimi, mən də onlarla oynayacağam. Ölmək hər şeyə dəyər. Qrisin yerini bilirdim, şəhərdən dörd kilometr kənarda - qohumunun evində gizlənirdi. Məni döyməsəydilər, yəqin ki, onun yerini deməzdim və hələ ki, onlar döyməklə bağlı qəti fikrə gəlməmişdilər. Nə isə… Qəribəydi, Ramon Qrisi çox istəməsəm də, yenə ölümü qəbul edər, onun yerini deməzdim. Ancaq Konçanı çox istəyirəm. Satqın, xəyanətkar adını almamaq üçün ölümümü qəbul edirdim. Bu, kimə lazım idi, kimə? Ölüm və həyat! İki ziddiyyətli səda! İnsan beynini didən fikir yığını! Həyatı kişi kimi qazanmaq istəyirəm, satqın kimi yox! Qrisi satmaq, onu ələ vermək çətin deyil, amma bu yolla qazanılan ömrü yaşamaq ölümdən betərdir. Həm də ki, Qris tək mənə yox, İspaniyaya, xalqa lazımdır! Amma bu anlarda heç İspaniya da mənə lazım deyil! Tüpürüm anarxizmə, azadlığa! Sevgidən başqa hər şeyə! Bu vaxt ayağımın yanından bir siçovul qaçdı, falanqaçılardan biri onu görüb təpiklədi. Gözətçi tərpənmədi, onun qəribə, gülməli sifəti var idi. Falanqaçının saqqalı vardı, ona dedim:
- Neynirsən bunu, qırx getsin.
Saqqal ona yaraşmırdı.
- Nə oldu, fikirləşib qurtarmadın? - pota xəbər aldı.
Maraqla ona baxdım. Sanki onu birinci dəfə görürdüm. Mən:
- Hə, - dedim, bilirəm harada gizlənir. Qəbiristanlıqda, ya zirzəmidə, ya da gözətçi komasında.
Mən onları aldatmaq istəyirdim.
Onların əliboş, dilxor qayıtmaqlarını görmək istəyirdim, dolamaq istəyirdim onları. Sifətləri ciddiləşdi, çıxıb getdilər. Gedəndə pota dedi:
- Sözlərin düz çıxmasa, özündən küs. Düz desən, mən də sözümün üstündə duracağam.
Onlar çıxıb gedən kimi kefim açıldı. Yarım saat sonra pota qayıtdı, elə bilirdim gələn kimi məni güllələmək əmrini verəcək. Mənə dəli kimi baxırdı, sonra əmrlə:
- Əsas həyətə aparın, - dedi. - Onun taleyini tribunal həll edəcək.
Onu düz başa düşmədiyimi fikirləşdim, ona görə çaşqınlıqla xəbər aldım:
- Məni güllələmirsiz?
- İndi yox! Sonrası mənlik deyil.
Yenə bir şey anlamadım:
- Axı nəyə görə?
Çiyinlərini çəkdi, əsgərlər məni apardılar. Əsas həyətdə məhbus çox idi: qocalar, uşaqlar… Gic toyuqlar kimi ortalıqda fırlanırdım. Günorta bizi yeməkxanaya apardılar. Bir-iki nəfər köhnə tanışlardan mənimlə danışmaq istəsə də, onların heç birinə əhəmiyyət vermədim. Harada olduğumu dərk edə bilmirdim.
Axşamüstü təzə məhbuslar gəldi, aralarında köhnə tanışımı, çörəkçi Qarsianı da gördüm. Məni cağırdı:
- Səninki gətirib deyəsən. Səni sağ görəcəyimizə inana bilməzdik.
- Mənə də güllələnmə kəsmişdilər, sonra nə üçünsə fikirlərini dəyişdilər.
- Məni bu gün saat ikidə tutdular,.
- Nə üçün? - soruşdum.
- Başa düşə bilmirəm. Onlar kimi fikirləşməyən kim varsa tutub basırlar içəri.
Səsini alçaltdı:
- Bu gün Qrisi də tutublar.
Qulaqlarıma inanmadım. O isə davam etdi:
- Axmaqlığı tutub, qohumu ilə savaşıb evdən gedib, onu gizlətmək istəyən çox olsa da, heç kəsin təklifini qəbul etməyib, deyib ki, İbbieta tutulmasaydı, onun yanında gizlənərdim, indi ki, onu tutublar, qəbiristanlıqda gizlənəcəyəm.
- Qəbiristanlıqda?
- Hə. Axmaqdır da. Bu gün səhər bilmirəm, haradansa eşidib qəbiristanlıqda onu tutublar. Qris güllə-zad atsa da, xeyri olmayıb, ələ keçib. Görünür, hazırlıqlı gəliblər.
- Qəbiristanlıqda!
Gözlərimə qaranlıq çökdü, səndələyib yerə yıxıldım. Ömrümdə belə ləzzətlə gülməmişdim, güldükcə gözlərim yaşarırdı. Kişi kimi yaşamaq ha! Bu da səninçün kişi kimi yaşamaq! Kef elə!
Tərcümə edən: Əyyub Qiyas
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0