Gözüm yoxluğunu çəkir, sevdiyim - Yeni İmza

İyn 10, 2026 - 21:25
İyn 10, 2026 - 21:33
 0  12
Gözüm yoxluğunu çəkir, sevdiyim - Yeni İmza

Yazıçı Ədəbiyyat Portalı “Yeni imza” layihəsində Ramil İbrahimin şeirlərini təqdim edir.

 

Gözüm yoxluğunu çəkir, sevdiyim

 

Xatırla illəri bir gün içində,

Bir-bir xəyalından keçir, sevdiyim.

Unutma, ayrılıq vaxtsız ölüm tək

Ən gözəl insanı seçir, sevdiyim.

 

Bilirəm, sənə də çətindir, gülüm,

Ayrılıq adına tən olur ölüm.

Səndən qopan gündən kəsilib əlim,

Bu qədər ömrümü biçir, sevdiyim.

 

Uduzar göz yaşım bu axşamlara,

Daha pərvanələr küsər şamlara.

Dərdimi deyirəm şən adamlara,

Onlar da bu dərdə içir, sevdiyim.

 

Nə olsun duymuram şən avazını,

Qışa çevirmişəm sərin yazını,

Uzağam çəkmirəm sənin nazını,

Gözüm yoxluğunu çəkir, sevdiyim.

 

Ağarmış telimdən asıram səni

 

Sənin həsrətindən, dərdi-qəmindən

Çatlamış bağrıma basıram səni.

Gözümün üstündə yerin var imiş,

Ağarmış telimdən asıram səni.

 

Tutub göz yaşımı, gözümə çıxdın,

Sən mənə gözümün içindən baxdın.

Axdın, yağış oldun, yanaqdan axdın,

Çaylara, sellərə qoşuram səni.

 

Yadımdan çıxmırsan, gözümün üstə,

Sözün də gizlənir sözümün üstə.

Ayaq izləri var izimin üstə,

Bu gün gəlməyinə yozuram səni...

 

Əllərim sən tutan yerdən qırılıb

 

Nə sonu görünür, nə də əvvəli,

Yoxdur ayrılığın ucu-bucağı.

Məndən böyük olan bu eşqim kimi,

Səndən böyük oldu ayrılıq dağı.

 

O keçən keçmişdən elə yoxuq ki,

Sənlə gələcəyim daha görünmür.

Bu qədər yox olmaq nəyə gərəkdir?

Kədərin dumanı durub, sürünmür.

 

Sənlə gəzişdiyim yollarda belə,

Düşübdü yadıma – yadımı qırıb.

Əlimdə başqa bir əl ola bilməz,

Əllərim sən tutan yerdən qırılıb.

 

Nə olar o küncdə yer verin mənə...

 

Bu sevgi son oldu bir film kimi,

Tanrımız bizlərə taleymi yazır?

Sevginin ruhu da çəkilib daha,

Kimsə sevgimizə bir qəbir qazır.

 

Ölümdən ötədir bu eşqin sonu,

Sevgimiz uzanıb qatarın altda.

Şimşəkdən sadə yox, deyəsən bu gün,

Bir bulud ayrılıb başqa buluddan...

 

Bizi ayırdılar, heyif, nə edək?

Sevərəm mən onu gizlincə yenə.

O bəy masasındı olmadı yerim,

Nə olar, o küncdə yer verin mənə...

 

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0