Gürcüstanda tarı yaşadan yeganə gənc - O kimdir?

İyl 4, 2026 - 13:12
 0  5
Gürcüstanda tarı yaşadan yeganə gənc - O kimdir?

Gürcüstanda yaşayan yüzminlərlə soydaşımız ana dilini, adət-ənənələrini və milli musiqisini yaşatmağa çalışır. Bu missiyanı öz fəaliyyəti ilə davam etdirənlərdən biri də ölkədə peşəkar şəkildə fəaliyyət göstərən yeganə tarzən Ramin Pirməmmədovdur.

Pirməmmədov Tbilisidə ziyalı ailəsində dünyaya gəlib. Tbilisidə 73 saylı məktəbdə Azərbaycan dilində təhsil alsa da, gürcü dilini də mükəmməl bilir. Babası Salman Pirməmmədov uzun illərdir, Tbilisidə fəaliyyət göstərən 73 nömrəli Azərbaycan məktəbinin direktoru, tanınmış riyaziyyat müəllimidir. Ramin isə ailənin elm ənənəsini davam etdirsə də, sevgisini musiqiyə verib.

YAZİCİ.AZ xəbər verir ki, 23 yaşlı musiqiçi Report.az-a müsahibəsində tar sənətinə gəlişindən, müəllimi İsmayıl Rzayevdən aldığı dərslərdən, beynəlxalq uğurlarından və Gürcüstanda Azərbaycan musiqisinin gələcəyi ilə bağlı fikirlərindən danışıb.

Tbilisidə anadan olan Ramin Pirməmmədov ali təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsində alıb, hazırda isə Sulxan-Saba Orbeliani Universitetində magistratura təhsilini davam etdirir. Bununla yanaşı, uşaqlıqdan bağlandığı tar sənətini yaşatmağı özünə mənəvi borc hesab edir.

Tar təhsilini Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində aldığını deyən gənc tarzən bu məkanın Gürcüstandakı azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Pirməmmədov bildirib ki, tar sevgisi ona ailəsindən miras qalıb:

"Anamın babası da tarzən idi. Onun tarı bu günə qədər ailəmizdə qorunur. Düşünürəm ki, musiqiyə sevgim və bu sənətə bağlılığım da ondan mənə keçib".

Gənc musiqiçi ilk musiqi müəllimi, tarzən, pianoçu və rəssam İsmayıl Rzayevi minnətdarlıqla xatırlayır:

"Uşaqlıqdan bu muzeydə böyümüşəm. Müəllimim İsmayıl Rzayev idi. O, mənə yalnız tar çalmağı yox, sənətə və milli dəyərlərə sevgini də öyrədib. Təəssüf ki, müəllimim artıq həyatda yoxdur. Hazırda Gürcüstanda məndən başqa peşəkar tarzən də yoxdur".

Müəllimi İsmayıl Rzayev təkcə tarzən deyildi. O, həm pianoçu, həm də rəssam idi. Onun yaratdığı tablolar bu gün də muzeyin divarlarını bəzəyir. Ramin deyir ki, müəllimi ona yalnız tar çalmağı deyil, sənətə və milli dəyərlərə sevgini də öyrədib. R.Pirməmmədov müəllimi İsmayıl Rzayevin rəssamlıq irsinin də bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində qorunduğunu bildirib. O qeyd edib ki, muzeydə nümayiş olunan tablolar qədim Tbilisinin tarixi məkanlarını və memarlıq abidələrini əks etdirir.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin milli musiqiyə marağı böyük olsa da, bu sahədə təhsil imkanları kifayət qədər deyil:

"Soydaşlarımız milli musiqimizi və musiqi alətlərimizi öyrənmək istəyirlər. Bunun üçün Azərbaycan musiqi alətlərinin tədris olunduğu musiqi məktəbinin yaradılmasına ehtiyac var. Gənclər həvəslidirlər, sadəcə öyrənmək üçün imkanları yoxdur, bu bizim ehtiyacımızdır".

Ramin Pirməmmədov uzun illərdir, Gürcüstanda keçirilən dövlət tədbirlərində, mədəni layihələrdə və milli bayramlarda Azərbaycan tarını səsləndirir. Onun sözlərinə görə, indiyədək Gürcüstan Prezidenti və Baş nazirinin iştirak etdiyi rəsmi tədbirlərdə, eləcə də "Tbilisoba" şəhər bayramında orkestrin müşayiəti ilə çıxış edib:

"Müxtəlif tədbirlərdə Azərbaycan, gürcü və Qərb musiqisini tarda ifa edirəm. Gürcülər öz melodiyalarını tarın səsində eşidəndə böyük maraq göstərirlər. Onların əksəriyyəti bu alətlə ilk dəfə yaxından tanış olur".

Tarzən beynəlxalq uğurlarından da söz açıb. O bildirib ki, İspaniyada keçirilən "Fiestavonia" festivalında Azərbaycan milli musiqi aləti ilə Gürcüstanı təmsil edərək birinci yerə layiq görülüb:

"Bu uğur mənim üçün böyük qürurdur. Tar vasitəsilə həm Azərbaycan musiqisini, həm də Gürcüstanı beynəlxalq səviyyədə tanıtmaq imkanı əldə etmişəm".

Pirməmmədov hesab edir ki, tar təkcə musiqi aləti deyil, həm də milli kimliyin və mədəni yaddaşın daşıyıcısıdır.

Hazırda yeni beynəlxalq festival proqramına hazırlaşan gənc musiqiçi gələcəkdə Gürcüstanda yeni tarzənlərin yetişəcəyinə ümid etdiyini bildirib:

"İstəyirəm ki, gələcəkdə bu sənəti davam etdirəcək gənclər yetişsin. Tarın səsi heç vaxt susmamalıdır. Çünki bu səs xalqımızın tarixini, mədəniyyətini və kimliyini yaşadır".

Onun üçün tar sadəcə musiqi aləti deyil, milli kimliyin və mədəni yaddaşın səsidir. Ramin Azərbaycan muğamını və klassik musiqisini Gürcüstan və Avropa səhnələrində səsləndirir, milli musiqimizi təbliğ edir. Bu səs bir xalqın tarixini, mədəniyyətini və kimliyini yaşadır. Gənc tarzən inanır ki, gələcəkdə Gürcüstanda da yeni tarzənlər yetişəcək və Azərbaycan musiqisi daha geniş auditoriyalara çatacaq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0