Həsrətinlə canbirəm vüsalına əlvida - Elbariz Məmmədlinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Elbariz Məmmədlinin şeirlərini təqdim edir.
DEYƏSƏN
Sən bir payız, yarpaq-yarpaq saralan,
Mən bir payız, vaxt macalı daralan,
Yolumuzu gözləməkdən yorulan,
Xatirəmiz itir-batır, deyəsən.
Asılmışıq bu yolların ağından,
Duman getmir duyğumuzun dağından,
Şirə çəkib könlümüzün yağından,
Ümid bizə yalan satır, deyəsən.
El içidi, dolanırıq qıraqdan,
Ürəyimiz asılıbdı soraqdan,
Taleyimiz payız üzlü varaqda,
Bir oyanmaz yuxu yatır, deyəsən.
Qoşammadıq yaz gülləri içinə,
Zəhər səpdik o illərin içinə
Həsrət bizi dəlilərin içinə,
Bilib qatır, duyub qatır, deyəsən.
Yaşayırıq min bir əzab içində,
Könlümüzün qalmayıb tab içində,
Çıxammarıq bu iztirab içindən,
Gün gödəlir, qürub çatır, deyəsən.
ƏLVİDA
Artıq ünvan olmuşam həsrətinə, bu canla,
İndi qəmini çəkmək səndən şirin görünür.
Üzünü də görmürəm, illər ötüb aradan,
Bütün duyğularımda qəmli yerin görünür.
Elə inanmışdım ki, sənli olan günümə,
Ünvanına yazdığım hər sözüm bir çiçəkdi.
Eh, hardan biləydim ki, çıxıb bir gün önümə,
Yollarımın üstündə həsrət göyərəcəkdi.
Canımda o ilhamdan indi əsər qalmayıb,
Sözün ayrılıq üzü gəlib döyür sinəmi,
Deməli, bu yaşantı bir yaşantı olmayıb,
Əriyib ortalıqda ömrümüzün hürr dəmi.
Könlüm eşq qalasıydı, sərhədləri basılmaz,
Orda ruhuma hakim, sən adlı bitən vardı.
Bahar çiçəkləri tək ətri ürək doyduran,
Anadil sevdasıyla oxuyub-ötən vardı.
Elə pozulubdu ki, yerin-göyün nizamı,
İndi qəmə yürüyür göydə təyyarələr də.
Həsrətinə kökləyib uzaqlarda İlhamı,
Günümü sovururam bu, dərd dolu şəhərdə.
Yorulmuşam bir az da zamanın gərdişindən,
Ömrün qəm karvanıymış, həsrət yüklü hər vida.
Çoxdan çıxıb getmişəm, daha sevgi işindən,
Həsrətinlə canbirəm, vüsalına əlvida.
PAYIZ ÜZLÜM, ÜMİD HƏLƏ BİTMƏYİB
Həsrətindən yanaqları saralan,
Vüsalına gedən yolu qırılan,
Duyğuları ürəyindən vurulan,-
Payız üzlüm, ömür hələ bitməyib.
Dilimizdə hələ, eşqin nidası,
İçimizdə yuvalanıb odası,
Çox həsrətə boyun əymə, qadası,
Bizim bağın durnaları getməyib.
Bu ömürdü, hər üzündə sınaq var,
Boynumuzda gör, nə qədər qınaq var,
Aramızda bir ikili günah var,
Səndən mənə, məndən sənə ötməyib.
Üzülürəm, səni payız görüncə,
Gözü solğun, baxışı buz görüncə,
Neyniyək ki, həsrət toru hörüncə,
Ulu Tanrı bizə insaf etməyib.
Yaşayırıq, əli ələ uzalı,
Ayrılığın öz işi var, öz halı,
Bu dünyanın etibarı azalıb,
Milyonların əli eşqə yetməyib.
El içidi, sən könlünü tox elə,
İçindəki əzabını yıx, elə,
Həsrətini gözlərindən yox elə,
Payız üzlüm, ümid hələ itməyib.
YADINDA SAXLA, YETƏR
Elə uzaqdasan ki, səsinə tamarzıyam,
Ruhum boylana qalıb, həsrətinin dalınca.
Hayana üz tutursa, geri əliboş gəlir,
Sozalan ümidimin istəyi daş olunca.
Ürəyimin yanğısı nəfəsimi yandırır,
Yanan ocaq kimiyəm, yayın cırhacırında.
Sənli xəyallarımdan tutub elə, gedirəm,
Bir gün bitəcək ömür, bu yolun axırında.
Ən uzaq mənzillərə üz tutan qatar kimi,
İllərdi yol gəlirəm, həsrət bitmir ki, bitmir.
Vaxtı yellər daşıyır sanki quş dimdiyində,
Ömür sona yürüyür, amma ki, sənə yetmir.
Günəş qüruba enir qarşı dağın belindən,
Həsrətli çiçəklərin ümidləri düyündə.
Mənə bir çələng toxu saçının ağ telindən,
Qalsın xəyallarımın xatirə muzeyində.
Mən özüm də bilirəm, ayrılıq bitən deyil,
Könlü sınmasın deyə, könlümü aldadıram.
Nəzərinə düşəndə sınaqlı baxışların,
Qəmi içimə çəkib, qəhərimi uduram.
Bilirəm, əzab verir duyğuların, sənə də,
Ağrısını bağrına ilmə-ilmə toxuyur.
Nə olsun uzaqdasan, könlündəkini mənə,
İntizarla baxdığım şəkillərin oxuyur.
Üzmə ürəyini çox, daha neyləmək olar?
Çəkdiyimiz qəm yükü ömür bitincə, bitər.
Sən mənə fikir vermə, mən xəyal adamıyam,
Bu divanə adımı yadında saxla, yetər.
MƏNİ İTƏN GÜNÜN YADDAŞINA YAZ
Bilmirəm, könlünə toxunan nədi,
İndiki qayğımı, dünənki qəmmi.
Əllərim hələ də həsrətli qalan,
İpək saçlarının dəni mənəmmi?
Sinəmə bir eşqin möhrünü vurdun,
Həsrətmiş bu yolun sonu, sanmadım.
Sən mənim könlümdə yurd-yuva qurdun,
Mən sənin könlünə yığılammadım.
Bizə tale payı bu imiş, demək,
Bu ümid hardasa qırılmalıymış.
Təzə qanad açıb uçanda, quş tək,
Həsrət gülləsiylə vurulmalıymış.
İndi qəmin acı , həsrətin ağır,
Daha o illərə əl yetmir, neynim,
Gözümdən duyğulu yağışlar yağır,
Bircə ümidimi göyərtmir, neynim.
Qaranquş könlümü açıb göylərə,
Yazı gətirmişdim gələndə, sənə.
Çiçəklər dan üzü batanda tərə,
Şərqi oxuyurdu bu bəndə, sənə.
Dən düşən saçına əl gəzdir bir az,
Sabahkı ümidin xəyalına dal.
Məni itən günün yaddaşına yaz,
Ömrünün-gününün qayğısına qal.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0