İnsan da var Vətən ömrü yaşayar - Əşrəf Veysəllinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Əməkdar mədəniyyət işçisi, ustad şair Əşrəf Veysəllinin şeirlərini təqdim edir.
YAŞAYAR
Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol, bu yolu gedən ömrü yaşayar.
Ürək nədir? Ürək sevgi, sayğıdır.
Bir -birinə nəvazişdir, qayğıdır,
Başdan-başa həyəcandır, duyğudur.
Ürək də var-gödən ömrü yaşayar.
Yazan qalar söz ömrünün hayında.
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var-Vətən ömrü yaşayar.
SEVGİDİR
Canı can istəyir, qanı qan çəkir,
Bu pünhan duyğunun adı sevgidir.
Balıncı başımın altından çəkir,
Bu odur,
Bu odur,
Odur-sevgidir.
Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da, imtahansa da,
Ondan neçə kərə ağzım yansa da,
Ağzımın ləzzəti, dadı sevgidir.
Ey durub qəsdimə,yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən,gözəl.
Olsan ürəyimə yol gəzən,gözəl,
Mənim ürəyimin kodu sevgidir.
BİLİR
O sevda dəmindən uzaqdır hələ,
Məni də özündən çox uzaq bilir.
Mənim sevdiyim gül uşaqdır hələ,
Ülvi hisslərimi oyuncaq bilir.
Başına dolanım, dönüm bu eşqin,
Yolunda alışım, yanım bu eşqin.
Məni məndən alıb mənim bu eşqim,
Nə oğul anlayır, nə uşaq bilir.
Ömrümün gülşəni bilirəm onu,
Hər gün səcdəsinə gəlirəm onun.
Ölürəm dərdindən, ölürəm onun,
Necə öldüyümü bir Allah bilir.
HARDASAN
Hər yanda, hər yerdə görürəm səni,
Məndən ayrılmırsan xəyallar kimi.
Bütün fəsillərdə görürəm səni-
Yazda günəş kimi, qışda qar kimi.
Gah toy yerindəsən, gah yas yerində,
Gözümün ağında, qarasındasan.
Üzdüyüm suların ləpələrində,
Açdığım kitabın arasındasan.
Çırağım sönürmü-nura dönürsən,
Durub yandırıram, sən də yanırsan.
Qələm götürürəm, şeir yazam mən,
Galıb misralarda sən dayanırsan.
Şirin sözlərintək ətir qoxuyan
Hər səsə, sədaya qatıblar səni.
Yediyim çörəyə,içdiyim suya,
Udduğum havaya qatıblar səni.
Dönüb sən olubdur,bu yer, bu aləm,
Dönüb sən olubdur bu cahan, gülüm!
Hər yerdə, hər zaman səni görürəm,
Ancaq bilmirəm ki, hardasan, gülüm!
SƏN YANIMDA OLANDA
Elə ki yanımda sən olursan, sən
Qəlbimin heç nədən qorxusu olmur.
Təkcə daş asılır kirpiklərimdən,
Təkcə gözlərimin yuxusu olmur.
Sevgi-yaraşığı bu göyün, yerin,
Məhəbbət-könlümün bahar gülləri.
Orda gülüşlərin, təbəssümlərin.
Orda baxışların sular gülləri.
Nəğmələr səslənər könül tarımda,
Sən ondan ən şirin diləklər istə.
Tez-tez şimşək çaxar dodaqlarımda,
Adın səpələnər çiçəklər üstə.
SALAM
Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
Hər sozünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Əriyib sozə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.
AXIRDA
Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.
Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.
Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim, yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.
Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah, məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.
İŞIQLI ÜMİDLƏR
İşıqlı ümidlər başımı qatar,
Bir az yaşamağa inamım artar.
Nə könlüm dincələr, nə gözüm yatar
Sən bizim küçədən keçəndən bəri.
Yola duman çöküb, dağa çən düşüb,
Bir yersiz deyilən sözümdən düşüb.
Eh, bütün gözəllər gözümdən düşüb,
Mən səni bəyənib seçəndən bəri.
Yenə üfüqlərdən asıl,günəşim,
Qanlı tarixlərə yazıl, günəşim.
Sən ey ağ günlərin qızıl günəşi,
Boyunu görmürük haçandan bəri.
Söz var-söyləməyə dilim gələrmi,
Yer var-mən gedərəm,elin gələrmi?
Bir də bağlamağa əlim gələrmi,
Sən bizim qapını açandan bəri.
Hicran çəpərindən keçə bilmədik,
Vüsal çeşməsindən içə bilmədik.
Bir çox qanadlandıq,uça bilmədik,
Niyə görünmürsən heç ondan bəri.
İndi aramızın arası azdır,
İndi aramızda təkcə Arazdır.
Arazı kələklə, Arazı azdır,
Arazı dilə tut, keç ondan bəri.
DÜŞDÜ
Sən səni sevəni nə tez unutdun,
Nə tez gözlərindən uzağa düşdün.
Səni kim gördüsə suala tutdu,
Məni kim gördüsə marağa düşdü.
Sənin gözəl vaxtın, mübarək çağın
Əridi qoynunda bir nadanlığın.
Necə də doğmaydın, necə də yaxın,
Bəs niyə bu qədər uzağa düşdün.
Sözlərim dürr olub incilənmədi,
Aranıb, seçilib incələnmədi.
Sevgi güllərimiz gönçələnmədi,
Şaxtaya yem oldu, sazağa düşdü.
Sənin hər baxışın nazlı pəriydi,
Məktəb— gözümüzün görüş yeriydi.
Biz ki bir budağın meyvələriydik,
Hərəmiz ayrıca bir bağa düşdük.
Hicrin ürəyimi çəkdi təkliyə,
Qoymadı sinəmdə eşq çiçəkləyə.
Nə mənim ayağım sizin məhləyə,
Nə sənin güzarın bulağa düşdü.
Səni taleyimdən qəsdən aldılar,
Nəğmədən, şeirdən, sözdən aldılar.
Məktəbdən ayırıb, dərsdən aldılar,
Araya neçə cür qadağa düşdü.
Hər gün gözüm yaşlı, kirpikərim nəm,
Gözüm yola getmir kirpikərimlə.
Bir cüt misra kimi kirpikərimdən
Həsrətin süzülüb varağa düşdü.
2018
DÜŞƏR
Uca zirvələrə tez- tez qar yağar,
Dağların saçına erkən dən düşər.
Güllərin gözünə sübhün gözündən
Hərdən şeh çilənər, hərdən çən düşər.
Nazlana - nazlana açılar səhər,
Düzlərdən əl edər qızıl lalələr.
Gümüş kəmər kimi ağ şəlalər
Sürüşüb dağların belindən düşər.
Güldən sərgi açar hər yal, hər gədik,
Hər tərəf gözəllik, hər yan çiçəklik.
Bir nəğmə oxusa xınalı kəklik,
Ovçunun tüfəngi əlindən düşər.
1963
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0