Mahiyyəti və rəngi eyni olan əsərlər və ya sənətdə müharibənin üzü

Mar 21, 2026 - 18:25
Mar 21, 2026 - 18:30
 0  18
Mahiyyəti və rəngi eyni olan əsərlər və ya sənətdə müharibənin üzü

Yazıçı Ədəbiyyat Portalı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "Mahiyyəti və rəngi eyni olan əsərlər və ya sənətdə müharibənin üzü" yazısını təqdim edir. 

Deyirlər ki, qiyamət  - kainatın və bütün canlıların sonu - məhşər - (dirilmə) günü  var. Məşhur bir fikir də var ki, “insanın qiyaməti onun ölümüdür və ya tərsinə: hər kəsin ölümü onun qiyamətidir”. Doğrudanmı hər bir insanın ölümü onun qiyamətidir, yoxsa bütün ölümlər ayrı-ayrılıqda bir qiyamətdir?

Nədənsə, bu sözləri yazanda normal şəraitdə, öz əcəli ilə dünyasını dəyişən insanların ölümünü deyil, müharibə dəhşətlərini öz gözləri ilə görən, o faciələri ruhunda yaşadan və minbir əziyyətlə ölən nigaran ruhları, insanlara bu dəhşətləri yaşadan müharibələrin səbəbkarlarını, əsl qiyamətin və məşhərin onlar üçün olacağını düşünürəm. Çünki dövlətin qanunlarını, cəmiyyətin həyatını dəyişdirən, məqsədi qələbə qazanmaq və məğlubiyyəti təmin etmək olan genişmiqyaslı silahlı mübarizə vəziyyəti olan müharibələr, düşməni darmadağın etmək üçün aparılan hərbi əməliyyatlar, silahlı münaqişələr insanların həyatına faciə gətirir, psixologiyasını zədələyir. Onlar müharibə bitdikdən sonra da  dinc həyatda normal yaşaya bilmir, hər an şüuraltına hopmuş o qorxunc anları, ölümləri xatırlayır, haldan-hala düşür, qısacası melanxonik vəziyyətdə yaşamağa məcbur edilir.

Melanxoliya insanın darıxdığı zaman, geri dönüşü olmayan keçmişə həsrət qaldığı anların onun ruhunu ələ keçirdiyi duyğulardır. Çox zaman bu duyğu ilə yaşayanların “sığnacağı” və “dərmanı” tənhalıq olsa da, ruhən güclü olan şəxslər, xüsusən yaradıcı insanlar,  melanxolik vəziyyətdən çıxmağa nail olurlar. İncəsənət yaradıcı insanlar üçün katarsis rolunu oynayır. Bu zaman yunan dilindən tərcümədə “qara hüzn” mənasını verən melanxoliya bəzən şəfaverici olur. Viktor Hüqonun təbirincə desək: “Melanxoliya kədərdən doğan xoşbəxtlikdir“. Bu emosional vəziyyət daima yaradıcılıqla əlaqələndirilir. Həqiqətən də, bütün bu halllar, emosional vəziyyət yaradıcı insanların, rəssamların, yazıçıların əsərlərində bütün dəhşətləri ilə inikas edir. Məsələn, norveçli rəssam, ekspressionizm və simvolizmin görkəmli nümayəndəsi  Edvard Munk 1894-cü ildə düşüncələri arasında itkin düşən, ruhunda əksiklik hissi olan, rənglər və fakturalarla əhatə olunmuş, diqqəti özünə cəmlənmiş, çökmüş və qəmgin bir insanın portretini çəkir. Bir əli ilə başını tutan, düşüncə və şübhə burulğanları arasında bataraq, dəhşətli xaosa qapılıb, nostalji duyğulara can atan, bu günündən uzaqlaşmaq, səs-küydən qaçmaq istəyən, zamana qalib gələrək, qəlbən hopub qalmaq istədiyi anların əks-sədasından əl çəkməyən fiqur gözümüzün qarşısında durur. Munk əsərinə “Melanxoliya” adı verir.

"Qışqırıq" ("The Scream") tablosu isə Edvard Munkun ən məşhur əsəridir. Həyat, sevgi, qorxu və ölüm kimi mövzular emosional və psixoloji şəkildə işlənən "Qışqırıq" tablosu insanın ümumi təşvişinin, bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcanın ifadəsi kimi izah olunub. Gözqamaşdırıcı rənglərin geniş zolaqları və çox sadələşdirilmiş formalar ilə əzab çəkən şəxs həyəcan böhranı keçirən geyimli kəllə kimi ifadə olunub. Bu şəkil ilə Munk "canı araşdırmaq, yəni özünü araşdırmaq", - məqsədini yerinə yetirib. O, bu şəklin necə yaranması haqqında yazır: “Mən qürub olan zaman iki dostlarım ilə yolda gəzirdim. Birdən səma qan kimi qırmızı rəngə döndü. Mən dayandım və özümü inanılmaz yorğun hiss edib çəpərə söykəndim. Atəşin dilləri və qan göyümtül qara fiord üzərində yayılırdılar. Dostlarım qabağa getdilər, mən isə qorxudan titrəyərək dalda qaldım. O an mən təbiətin nəhəng və nəhayətsiz qışqırığını eşitdim.

Sonra o bu şəklin əsasında olan şəxsi əzabı və daxili aləmindəki təlatümü təsvir edir: “İllər boyunca mən dəliliyə yaxın idim…Siz mənim "Qışqırıq" şəklimi tanıyırsız? Mən son dərəcədə gərgin vəziyyətdə idim, təbiət qanımda qışqırırdı…Bundan sonra mən bir daha sevmək arzusunu itirdim.” 

Ümumiyyətlə, Munkun yaradıcılığı "Həyatın frizləri" seriyası ilə tanınır.

Bir rəssam izlədiyi bir təbiət hadisəsindən bu qədər həyəcanlanırsa, mühribənin insanın psixologiyasında açdığı şırımlar daha dərin, daha qorxuncdur. Bu baxımdan İspan rəssamı Salvador Dalinin 1940-cı ildə İkinci Dünya müharibəsinin dərin təəssüratları altında çəkdiyi “Müharibənin üzü” tablosu diqqət çəkən əsərlərdəndir. Bu nadir əsərdə ruhun çəkdiyi böyük iztirab, fiziki və psixoloji ağrı, ümidsizlik hakimdir. Munkdan fərqli olaraq, Dalinin ruhundakı  gərginliyin  səbəbi müharibə idi. Onun ruhunda və qanımda təbiət yox, müharibə qışqırırdı…

Əsər tamaşaçıda müharibələrin nə qədər qorxunc, dəhşətli olduğu təsəvvürünü yaradır, insanın daxili dünyasında necə dərin şırımlar açdığını, ona ölümü tanıtdığını, ümidlərini öldürdüyünü, fiziki və psixoloji ağrı yaratdığını, ümumiyyətlə müharibənin insana “bəxş etdiyi” dəhşətləri göstərir.  Salvador Dali müharibənin dəhşətlərini yaşamış, İkinci Dünya Müharibəsində, 1940-cı ilin yayında Fransa təslim olduqdan sonra həyat yoldaşı  ilə Amerikaya getmək məcburiyyətində qalmışdı. Yaşanan dəhşəti əks etdirmək üçün simvolizm vasitələrindən maksimum istifadə edərək “Müharibənin üzü” adlı əsərini çəkmişdi. Simvolizm-sürrealizmin yeganə əsəri hesab olunan tablonun “süjeti çox qeyri-adi” olsa da, “simvolları olduqca sadədir”. 

"Müharibənin üzü" əsərinin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Əsərdə sonsuz bir səhranın qumu üzərində ilanlarla əhatə olunmuş kəllə sümüyü əks olunur. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Dali ölümün simvolu olan kəllə ilə müharibənin üzünü təcəssüm etdirir. “Sonsuz ölüm” kimi göstərilən kəllənin başına dolanan ilanlar amansızcasına onu sancmağa çalışır. “Rəngin azlığı, boğuq tonlar və çalarların depressivliyi xüsusi diqqətlə rəsm edilən tabloda rəssam müharibənin üzünü bütün dəhşəti, ölümü, qorxusu, fəlakəti ilə əks etdirir. S.Dali müharibə bitdikdən sonra Avropaya qayıtsa da (1948), müharibənin onun ruhunda açdığı iz, yaratdığı sarsıntı, ağrı, əzab hələ də onun ruhunu həyəcanlandırırdı. “Qanında təbiətin qışqırığını eşidən Munk kimi, Dalinin ruhunda müharibənin açdığı sarsıntı, əzab qışqırır, onu rahat olmağa qoymur və bütün bunlar onun digər əsərlərində (“Fillər”) təkrarlanır.

 Rəsmdən və rəssamdan, eyni zamanda melanxolik sənətkardan bəhs edərkən portretlərində kədərini, iztirablarını, gərgin emosiyalarını inanılmaz dərəcədə  böyük bir ustalıqla əks etdirən dahi Pablo Pikasso və onun “Gernika”sını anmadan keçmək olmaz. Söhbət Almanıyanın İspanıyadakı Gernika şəhərini bombalanmasının (26 aprel 1937-ci il) simvolik təsviri olan “Gernika” tablosundan gedir.

 “Gernika“ tablosunun açı bir hekayəsi var. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi gedirdi. Milliyyətçilər Cümhuriyyətçiləri, Cümhuriyyətçilər Milliyyətçiləri vurur, xalq özü-özünə qarşı vuruşurdu. Vətəndaş müharibəsində yalnız insanlar deyil, şəhərlər də yaralar alırdı. Ən böyük yara alan Biscay bölgəsindəki Gernika qəsəbəsi olmuşdu.

1937-ci ildə Nazi Almaniyası və İtalyan təyyarələri, İspaniyanın bu zəif dönəmindən istifadə edərək Milliyyətçiləri bombardıman təyyarələri ilə təmin etmışdi. Xaricdən yardım alaraq güclənən milliyyətçilər Gernika qəsəbəsinə bombalar yağdırmış, yanğınlar törətmişlər. Qəsəbədə 3 gün davam edən yanğınlarda 1654 nəfər həyatını itirmişdi. Ölənlərin əksəryyəti qadınlar, uşaqlar və yaşlılar idi. Qəsəbənin kişiləri milliyyətçilərə qarşı vuruşmaq üçün qəsəbədən kənarda idi. Cümhuriyyətçiləri dəstəkləyən Pikasso qəsəbənin başına gələn fəlakəti qazetdən oxumuş və çox təsirlənmişdi.

İspaniya hökümətinin 1937-ci ildə Parisdə keçiriləcək sərgidə İspaniyaya ayrılmış bölmə üçün Pablo Pikassoya müharibəni anladan böyük bir divar şəkli sifariş etməsi əsərin yaranmasına səbəb olmuşdur. Sifarişlə Gernika şəhərinin faşist Almaniyası tərəfindən bombalanması üst-üstə düşdüyü üçün rəssam əsərin ideyasını bu hadisədən götürmüşdür. Pikasso, diktator Francis Franconun arxadan vurma taktikasını istifadə edərək qazandığı müharibəni təsvir etmiş və Gernikanın bombalanmasından 15 gün sonra isə rəsm əsərini tamamlamışdır.

Sadəcə ağ-qara rənglərdən ibarət olan, özündə müharibənin yaratdığı solğunluğu, ağrını, acını simvolizə edən əsər əvvəl Parisdə, sonra müxtəlif ölkələrdə sərgilənib, müharıbənin dəhşətlərini əks etdirən bir simvol halına gəlib. “Bütün səhnə bir otağın içində təsvir olunub. Rəsmin sol tərəfində böyük gözləri olan öküz, qucağındakı ölü uşağa ağlayan bir qadının üzərində dayanıb. Rəsmin ortasında isə nizə ilə vurulan və əzab çəkən bir at təsvir olunub. Atın burnu və üst dişləri bir insan kəlləsi şəkildə təsvir olunub. Atın altında isə parçalanmış bir əsgər ölüsü, əsgərin əlində isə üzərində çiçəklər böyümüş qırıq bir qılınc var. Əzab çəkən atın üzərində açıq bir elektrik lampası işıq salır. Atın sağ üst tərəfində əlində qaz lampası tutan bir qadın pəncərədən bu səhnəni görərək, sanki dəhşətə gəlib geri çəkilir. Bir başqa qadın isə qorxu içində sağdan mərkəzə doğru irəliləyərək, gözləri ilə elektrik lampasına baxır. Öküz, at və uşaq üçün ağlayan qadının dilləri kimi təsvir olunmuş xəncərlər isə onun əzab dolu qışqırıqlarını simvolizə edir. Rəsmin sol küncündə od-alov içərisində yanan bir adam əllərini yuxarı qaldırmış şəkildə təsvir olunub. Sağ küncündə isə açıq bir qapı ilə qurtaran qara divar təsvir olunub.  Rəsm əsərində istifadə olunmuş simvollar müxtəlif cür yozulur, bəzən hətta mübahisə doğurur, xüsusilə, rəsmin öküz və at elementləri barəsində müxtəlif fərziyyələr mövcuddur. Sənət tarixçisi Patrisiya Failingin fikrincə, İspan mədəniyyətinin vacib elementləridən sayılan öküz və at rəssamın bir çox əsərlərində görünür. Onlara müxtəlif simvolik don geyindirdiyi üçün Gernikada bu elementlərin nəyi simvolizə etdiyini dəqiq demək mümkün deyil”. Lakin bu inandırıcı deyil. Rəssamdan at və öküz obrazının simvolik mənasını soruşanda o, “bu öküz bir öküzdür, bu atda bir atdır”, - deyə cavab verib. “Rəsmlərimdəki bəzi simvollara məna verdiyiniz zaman bu doğru ola bilər. Ancaq bu mənanı vermək mənim fikrim olmamışdır. Mən də sizin nəzərdə tutduğunuz fikri düşünə bilərəm, ancaq bu şüuraltı ola bilər. Mən sadəcə, şəkil çəkməyə çalışıram və əşyaları olduğu kimi çəkirəm.”

Rəssamın 1937-ci ildə yaratdığı “Gernika” əsəri elə həmin il “Ağlayan qadın” əsərinin yaranmasına səbəb olmuşdur. Doğrudur, əsərin təməli “Gernika”dan əvvəl qoyulmuşdu. Ancaq “Ağlayan qadın” əsərində qadının üzündəki ağır kədər və iztirabın “Gernika”da ağlayan dörd qadını geridə qoyacağına əmin olduğu üçün bu əsəri ayrıca çəkmişdir.

Əsərin rəng koloriti olduqca zəngindir, parlaq rənglərdən və qalın cizgilərdən ibarətdir. Kubizm üslubunda çəkilən və kədərli qadının təsvir edildiyi “Ağlayan qadın” portret əsəridir. “Əsərin mərkəzində qarışıq əl, ağız, dəsmal, göz yaşı və qadının gözləri böyük ölçüdə təsvir edilib. Dəsmalın yuxarı hissəsində olan gözlər diqqəti daha çox cəlb edir. Burada təsvir olunan qadının hüznü və kədəri “Gernika” əsərində olan dörd qadın ilə eyni iztirab və qarışıq baxış formasını paylaşır. Əsərdə qadının həm kədərli, həm də fərqli görkəmdə olması diqqət çəkir. Diqqətlə fikir versək, rəngli şlyapa, axan saçları və sağ qulağının üzərində göz yaşlarını özünə çəkən kəpənək təsvir olunub”.

Əsərdə təsvir edilmiş qadının  kimliyi haqqında fərqli mülahizələr var. “Bir qisim təsvir olunan kədərli qadının “Gernika” əsərində körpəsi ölmüş qadının təsvir edildiyini, başqa bir qisim rəsmin Məryəm ananın oğlu İsa Məsihin yasını tutan xristian motivindən yarandığını, bəziləri də  əsərdə təsvir olunan qadının Pikassonun məşuqəsi Dora Maarın olduğunu söyləyir. Qadının kimliyindən asılı olmayaraq əsərdə dərin bir kədər var və  söylənənlərə görə, Dora bir dəfə Pikassonun onun üzüntüsündən ilhamlandığını da etiraf edibmiş” .

Melanxolik hisslərə, müharibənin gətirdiyi fəlakətlər, yaşatdığı ağrı və iztiraba Azərbaycan incəsənətində, azərbaycanlı rəssamların yaradıcılığında da rast gəlinir.  Bu baxımdan Azərbaycan realist rəssamlığının banisi və mahir fırça ustası Bəhruz Kəngərli yaradıcılığında bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsi mühüm əhəmiyyət kəsb edir. Rəssamın canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənən “Qaçqınlar“ silsiləsinə daxil olan “Tərk edilmiş ev“, “Yurdsuz ailə“, “Papaqlı oğlan“, “Naxçıvanda xaraba qalmış evlər“, “Qaçqın qadın“, “Qaçqın oğlan“ və s. portretlərində müharibənin gətirdiyi dəhşətlər, qaçqınlıq, aclıq, yoxsulluq, qaçqın uşaqların hər birinin simasında ata-baba ocaqlarının həsrəti, keçirdikləri hiss və həyəcanlar, gözlərində donmuş qüssə və kədər çox böyük ustalıqla əks olunub. 

1920-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzləri, minlərcə günahsız insanların qətlə yetirilməsi, Azərbaycanın talanması və xalqın öz tarix və mədəniyyətindən uzaqlaşması rəssama ağır təsir göstərir. Və o, bütün bu haqsızlıqları yaratdığı əsərlərində böyük ürək ağrısı ilə ifadə edir.

Avtobioqrafik motivlərlə zəngin olan “Zəngəzur” tarixi romanında isə Əyyub Abasovun kədərli uşağlığı, acı həyat təcrübəsi, müharibənin gətirdiyi dəhşətlər sözlə ifadə olunur. Ürək ağrısı ilə bəhs etdiyimiz tablolardakı əzabkeş insan romanın müəllifi, müəllif isə müharibə dəhşətlərinin uşaq şahididir: “Yoxsul bir qaraçı köçünü andıran, çılın-çılpaq, ayaqyalın, ac bir izdiham Minkəndin altındakı yolla gedirdi... Ölənlər ölmüş, qalanlar Minkənd kahalarına sığınmışdı. Kahanın qoynunda ağlaşma, bayatı səsi əks-səda verirdi: “Minkənd kahasının hər küncündə, hər bir qarışında bir insan nəfəsi duyulurdu. Ayrı-ayrı kəndlərdən olan qaçqınlar sentyabrın soyuğundan, aramsız yağışından burada daldalanmışdılar. Bu havasız, bu günəşsiz, nəm, vahiməli kaha onların miskin taleyini birləşdirmişdi. Müxtəlif danışıqlar, səslər dərin və ucu-bucağı görünməyən kahanın qoynunda əks-səda verirdi. Adamlardan biri ağlayır, biri yanıqlı bayatı çəkir, biri dəli qəhqəhələrlə gülür, biri dua edirdi...”

Bu qədər bədbəxtliyin içində bir tərəfdən də, çirkin, bitin, aclığın törətdiyi tif, ishal xəstəliyi insanların ikinci amansız düşməni olmuşdu. Hər gün, hər saat, piltəsi qurtarmış, yağı qurtarmış çıraq təkin bir ömür sönürdü...”

Munkun, Dalinin, Pikassonun əsərlərində təsvir olunan mənzərə müharibənin dəhşətlərinin inikasıdır. Bütövlükdə, bu əsərlərin müəllifi Munk, Dali, Pikasso, Bəhruz Kəngərli və Əyyub Abasov deyil, müharibələrdir.

İkinci Dünya müharıbəsi dövründə alman əsgərləri Pablo Pikassonun Parisdəki evində araşdırma aparan zaman əsgərlərdən biri rəssamdan soruşur: - “Bu şəkil sizin işinizdi?”  Pikasso deyir: “Yox sizin işinizdir”.

Rəssamın “Sizin işinizdir”, - sözləri  fikrimizi təsdiq edir. 

Bu sözlər Pablo Picassonun İspaniya Vətəndaş Müharibəsi dövründə yazdığı, məşhur "Gernika" əsəri, ümumilikdə müharibəyə qarşı olan anti-müharibə mövqeyini ifadə edir. Pikasso “Gernika”nın üzərində işləyərkən deyir: “İspaniyanın mübarizəsi insanlara və azadlığa edilən hücumun əleyhinədir. Bir rəssam kimi həmişə sənətin ölümünə qarşı olmağa çalışmışam. Kim bir an reaksiya və ölümlə razı olduğumu düşünə bilər? Çalışdığım və “Gernika” olaraq adlandırdığım və son əsərlərimdə İspaniyanı ağrı və ölüm okeanına qoyan hərbi sinfə olan nifrətimi açıq şəkildə göstərirəm”.

Bəhs etdiyimiz bütün əsərlər, “Gernika”, “Ağlayan qadın” (Pablo Pikasso), “Qışqırıq”, “Melanxoliya” (Edvard Munk), “Müharibənin üzü” (Salvador Dali), “Tərk edilmiş ev“, “Yurdsuz ailə“, “Papaqlı oğlan“, “Naxçıvanda xaraba qalmış evlər“, “Qaçqın qadın“, “Qaçqın oğlan“ (Bəhruz Kəngərli), həmçinin “Zəngəzur” romanı (Əyyub Abasov) mahiyyət etibarı ilə eynidir və müharibə dəhşətlərini əks etdirən, müharibə əleyhinə yazılan əsərlər kimi müstəsna əhəmiyyət kəsb edir.

İncəsənət adamlarının, əsasən rəssam və yazıçıların əsərlərində müharibənin dəhşətlərini əks etdirməsindən bəhs edərkən, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin rəhbəri, “İttifak” qəzetinin əməkdaşı, şair Murat Ertaşın “Oturma odası, kitaplar, mezar odası!” adlı bir yazısını oxudum. Murat Ertaşın “Oturma odası”nı “Məzar odası” adlandırması diqqətimi çəkdi. Çox təsirli, amma həqiqəti əks etdirən yazı idi. M.Ertaş nədən kitabların hər birini “məzar odası?” adlandırır. Sualın cavabı elə yazının içindədir: “Bu kitabların hər biri bir məzar daşıdır... Bu kitabları yazanların çoxunun əli, çiyinləri, ayaqları, başı, saçları, göz bəbəkləri və dodaqları yerin qidası oldu; həşərat və kollarla qidalanırdılar... Onların ürəkləri hələ də döyünür, amma ruhları mənim otağımdadır...

Evim əbədiyyət odası kimidir; otaqlarda, zalda və qonaq otağında əsrlərdən və ölkələrdən gələn ruhlar dolaşır. Bütün mübarizələri, xoşbəxtlikləri, iztirabları ilə... Qiyamət günü...

Türbə ziyarət edilən yer deməkdir. İnsanın ölümündən sonra dəfn olunduğu yer. Bu kitabları yazanlar özlərini bu kitabların içində dəfn edənlərdir. Bu kitabların hər biri bir məzar daşıdır...”

Zəngəzurda doğulan, yaşanan qırğında ailə üzvlərini itirən  Əyyub Abasov da “Zəngəzur” tarixi romanında 1918-1920-ci illərdə yaşanmış Zəngəzur faciəsini əks etdirməklə həm itirilmiş vətən torpağının, ailə üzvlərinin içinə axıtdığı göz yaşları ilə yasını tutdu, ağrısını-acısını kitabın səhifələrinə pıçıldadı, həm də xəyalən vətən torpağında gəzib-dolandı. İspaniya şairi, dramaturqu, rəssamı, pionisti və bəstəkarı Federiko Qarsia Lorkadan (1898-1936) soruşurlar: “Nə üçün sənin şeirlərin mənalı, qısa və aydındır?”

Lorka gülümsünərək cavab verir: “Ona görə ki, mən şeir yazanda həmişə gözlərimin qarşısında balaca bir qız uşağı canlanır. O, özündən hündür gülü dərmək üçün boylanır, ancaq əli çatmır”.

Əminik ki, Əyyub Abasov “Zəngəzur” romanının hər səhifəsini yazanda gözlərinin qarşısında doğma yurdu Zəngəzur canlanıb, 15 yaşında tərk etmək məcburiyyətində qaldığı Zəngəzuru, doğulduğu Şəki kəndini xəyalən gəzib dolaşıb, gülünü-çüçəyini dərmək üçün bağına, baxçasına boylanıb. Dəfələrlə gedə bilmədiyi, görə bilmədiyi, əli çatmadığı Zəngəzura dağını, dərəsini addımlayıb… İş otağında illər öncə yaşadıqlarını, sonra yazdıqlarını milyon dəfə yenidən yaşayıb. Ruhu Zəngəzurda gəzib-dolaşıb, atalı-analı günlərini xatırlayıb və ermənilərin müsəlmanlara etdiyi vəhşiliklər gözünün önündən milyon dəfə kino lenti kimi keçib.  Murat Ertaşın təbirincə desək, iş otağında deyil, “məzar otağında oturub, ağrılı və narahat ruhu Zəngəzuru gəzib-dolaşıb, ən çətin yollardan, təpələrdən, qayalıqlardan keçib, ən uca zirvələrdə özünü müşahidə edib, özünü, yaşadıqlarını, ürəyində gəzdirdikləri ağrıları, faciələri, nisgilləri ilk özü oxuyub. İş otağı onun ağrılı və narahat ruhunun “həm dərd yeri, həm də şəfa yeri olub”  

Bütövlükdə, Edvard Munkin “Melanxoliya”sı,  "Qışqırıq" ("The Scream"),  Salvador Dalinin “Müharibənin üzü”, Pablo Pikassonun “Gernika”sı, “Ağlayan qadın” əsərləri,  Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi: “Qaçqınlar“ silsiləsinə daxil olan “Tərk edilmiş ev“, “Yurdsuz ailə“, “Papaqlı oğlan“, “Naxçıvanda xaraba qalmış evlər“, “Qaçqın qadın“, “Qaçqın oğlan“ və s. portretləri, Əyyub Abasovun “Zəngəzur” tarixi romanı faciələrin, həyat, sevgi, qorxu, qaçqınlıq, aclıq və ölüm kimi mövzuların emosional və psixoloji şəkildə böyük ustalıqla əks olunmuş şəklidir. Bu əsərlərdə ruhun çəkdiyi böyük iztirab, fiziki və psixoloji ağrı, ümidsizlik hakimdir. Sənətkarın milliyyətindən asılı olmayaraq bu əsərlərin hamısının rəngi və mahiyyəti eynidir. Sadəcə, incə bir fərq var, rəssamlıqda rənglər, fırça, simvollar və ya incə detallarla əks olunan hadisələr ədəbiyyatda sözlər rəsm edilib. Rəsm olunub ki, gələcək nəsillər yaşananlardan xəbərsiz qalmasın. 

Təəssüf ki, çəkilən tablolar, yazılan əsərlər bu gün də aktuallığını qoruyur.

 

 

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0