Yaddaşın çətin yolu - Nəriman Əbdülrəhmanlı
Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının uyğur kinosu haqqında yazısını təqdim edir.
Ötən əsrin 80-ci ilərində uyğur mədəniyyətində və kinosunda müəyyən dirçəliş hiss olunur, xalqın mənəviyyatını əks edtdirən ekran əsərləri çəkilirdi. Məsələn, “Rənanın evliliyi” (1982) filmi valideynlərinin ər seçimini qəbul etmək əvəzinə sevgi əsasında evlənmək istəyən qız haqqında sadə hekayədir. Filmin vizual dili Çin kino ənənəsindən fərqlənir. Rəna rolunu canlandıran Mehrigül Amat heyrətamiz dərəcədə gözəldir, lakin ekranda tək qaşlarını qürurla nümayiş etdirən Çinli ulduzlar çox deyil. Sincanda yaradılmış rəqs truppaları və incəsənət məktəblərinin şagirdləri tərəfindən ifa edilən, gözəl mənzərələr fonunda çoxsaylı mahnı və rəqs nömrələrin 50-ci illərin yerli inqilabi müzikllərindən daha çox 1970-ci illərin Bollivud filmlərini xatırladır.
1983-cü ildə ekranlaşdırılmış “Artist Bolmaydiğan Kız” (“Oyunçu olmaq istəməyən qız”, rej. Guang Çun Lan) filmlərində yerli ifaçılar Reyhan, Rəna Gül, Qasım İbrahim çəkilmişdilər, bu da tamaşaçılar üçün böyük yenilik idi. Film “mədəni inqilab”ın vurduğu yaraları aydın və açıq şəkildə ortaya qoyur, 1960-1970-ci illərdə baş verən siyasi və ictimai hadisələrin tarixə və sivilizasiyaya böyük zərbə vurduğunu, milli sivilizasiyanı məhdudlaşdırdığını, həm siyasi, həm də sosial baxımdan bəşəri dəyərləri məhv etdiyini ekrana çıxarır. Uyğur filmlərində milli sivilizasiyanı və estetikanı əks etdirmək səylərinin ilk bəhrəsi olan bu ekran əsərində milli adət və ənənələrə sədaqət, xalqın həyat tərzini real şəkildə əksi, milli rəqsin gözəlliyi, Şərqi Türküstanın əzəmətli mənzərəsi və xalq mənəviyyatının bənzərsizliyi tamaşaçıların böyük rəğbət qazandı.
Filmin süjeti mövzuya uyğun olaraq, “mədəni inqilab” zamanı insanların çəkdiyi iztirabları, yanlış siyasətin vurduğu yaraları, o illərdə sənət adamlarının üzləşdiyi haqsızlıqları və məşəqqətləri təsirli şəkildə təsvir edir. Ssenari müəllifi və rejissor reallığı və personajların mürəkkəb daxili aləmlərini əks etdirməkdə dərin məna kəsb edən mənzərələrdən istifadə etmişlər.
1983-cü ildə Çin Mədəniyyət Nazirliyinin mükafatına layiq görülmüş film ekranlara çıxdıqdan sonra təkcə Şərqi Türküstanda və Çində deyil, Orta və Kiçik Asiya ölkələrində də geniş rəğbət qazandı. Lentin 1985-ci ildə Beynəlxalq İstanbul Film Festivalinda mükafata layiq görülməsi uyğur kinosunun ilk ciddi uğuru idi.
“Tanrıdağ” kinostudiyas həmin illərdə istedadlar axtarışına çıxdı, rejissor və aktyor Əhməd Tuyqon kimi ulduzlar yetişdirdi. O, “O pul adlanan şey” (1985) filmindəki roluna görə Çin Film Assosiasiyası tərəfindən verilən ən yüksək mükafatlardan biri olan “Qızıl Xoruz”a namizəd göstərildi, sonra 1979-cu ildə “Afantinin başqa nağılları” (1991) filminə quruluş verdi və rollardan birini ifa etdi.
“Tanrıdağ” kinostudiyası Sincanda yeni şəhər orta təbəqəsindən romançılar, musiqiçilər və şairlər yetişdirən mədəni intibahın mərkəzinə çevrildi. Guang, həmçinin, innovasiyalarını davam etdirərək, Ürümçidəki breyk-rəqqaslar haqqında “Dəli rəqqas” (1988) və gənc uyğur moda dizayneri barədə “Qəzəbli gənclik” (1993) filmlərini çəkdi. Bu filmlər Sincanı islahat siyasətinin sərhədi kimi deyil, inkişaf edən, kosmopolit bir yer, təcrübə mərkəzi, xarici dünyaya pəncərə kimi təsvir edirdi.
80-ci illərdə “Tanrıdağ” kinostudiyasında istehsal edilmiş filmlərdə istər məzmun, istər süjet, istərsə də ifaçılıq baxımından irəliləyiş, təsvir edilən hadisələrin tarixi həqiqətə daha da yaxın olduğu aydın nəzərə çarpır. Dövrün filmləri uyğurların keçmişini, bu gününü və daxili vəziyyətini əks etdirməkdə danılmaz bir uğur qazanmışdı. Ekran əsərlərində uyğurların adət-ənənələri, sevgi, ailə və fərdlərarası münasibətlərdə nəzərə alınan qarşılıqlı hörmət, nəzakət, ənənə və əxlaqi standartlar çərçivəsindən kənara çıxmırdı.
80-ci illərin diqqətəlayiq ekran əsərlərindən olan “Sirli karvan”, eləcə də “Qərib və Sənəm” filmlər uyğurların yalnız tarixi həyat tərzini, adət-ənənələrini və özünəməxsus psixologiyasını deyil, həm də estetik hisslərini, həqiqət, ədalət və azadlıq həsrətini gözəl əks etdirir, Uyğur kinosunun böyük uğurunun bariz nümunələri sayılır.
“Sirli karvan” (1986) filmi antik əşyalar qaçaqmalçılığı mövzusundadır, Qərbdə və ABŞ-da istehsal edilən lentlərə xas olan çoxşaxəli süjet xəttinə malikdir. Canlı təsvirlərlə zəngin olan süjetin mərkəzində karvan dayanır, antik əşyalar qaçaqmalçılığı edən “Gəlin arabası” və ya dəvə karvanları qədim İpək Yolu boyunca irəliləyir. Baş verən hadisələrdə ənənəvi ailə əxlaqı, evlilik və sevgi məsələlərində kişilərin dominant rolu, qızların öz istəklərinə uyğun gəlməsələr belə, valideynlərinin seçimlərinə itaət etmələri, Uyğur sivilizasiyasının ənənəvi xüsusiyyətləri tamaşaçının diqqətini çəkir.
Bir sıra ekran əsərlərində isə ənənəvi mədəniyyətə və mənəvi dəyərlərə məxsus xüsusiyyətlər yeni dövrdə milli inkişafa maneə kimi təqdim edilir. “Xoşbəxtlik nəğməsi”, “Rənanın toyu” və “Nurnisə” filmlər uyğur qadınların ənənəvi əxlaq normalarına və adətlərinə tabe olmaqla müqavimət göstərmək arasındakı qətiyyətsizliyini, eləcə də həddindən artıq itaətkarlıqlarını və əxlaqi qaydalardan qaynaqlanan uğursuz evliliklərini diqqətəlayiq mövzular kimi təsvir edir (Bax: Kadir Ö. Uygur Sinemacılığı hakkında düşüncelerim).
Bütövlükdə isə 80-ci illərdə çəkilmiş filmlərdə uğurlu milli personajlar uğurla yaradılıb, ekran əsərlərində təsvir olunan milli mədəniyyət və estetik xüsusiyyətlər tamaşaçıların rəğbətini qazanıb. Bu səbəbdən həmin dövr Şərqi Türküstan kinosunun ən diqqətəlayiq mərhələsi kimi yadda qalır.
Ölkə rəhbərliyi 80-ci illərdə milli azlıqlara, o cümlədən də uyğurlara verdiyi mədəni hüquqları müxtəlif bəhanələrlə ləğv etməyə başladı. Nəticədə milli dəyərlərlə bağlı ədəbi əsərlər və kitablar müsadirə edildi, ekran əsərlərinin mövzusunda dəyişikliklər baş verdi. 1984-cü ildən başlayaraq, Çin hökuməti dövlət kinostudiyalarının maliyyələşdirilməsini azaltmağa başladı, bu məhdudiyyət isə studiyaların film üçün kənardan vəsait əldə etməsini çətinləşdirdi. Həmin il 1980-ci illə müqayisədə bilet satışı 10, 1985-ci ildə isə 30 faiz azaldı. Çin Kino Assosiasiyasının 1988-ci il hesabatına görə, 1987-ci ildə çəkilmiş 142 filmdən cəmi 34-ü mənfəət əldə etdi.
“Tanrıdağ” kinostudiyası da iflasdan xilas olmadı, 1990-cı illərin ortalarında isə müflis olmağa başladı. Studiya xərcləri ödəmək öz brendini nominal birgə istehsallara icarəyə verir, nəticədə ortaya tam frontal çılpaqlığı əks etdirən ultra-zorakı şəhər trilleri “Qadın qatil” (1992) və Honq Konq sayağı döyüş filmi “Makao təqibi” (1995) filmləri çıxdı. Yerli tamaşaçılar televiziyaya (peyk və yerli), daha sonra isə xarici və yerli filmlərin VHS kasetlərinə və VCD-lərinə üz tutmağa başladı. Bəzi istedadlar dolanışıq qazanmağın və çəkilişlərin daha asan olduğu televiziyaya üz tutsa da, digərləri sahil ərazilərində imkanlar axtarırdılar. Bir sıra yerli rejissorlar, o cümlədən, Mehrigül Amatın əri Şirzat Yaqub da studiyadan kənarda öz filmər çəkməyə başladılar.
Bu dövrdə Çin rəhbərliyinin repressiv siyasəti üzündən ciddi çətinliklərlə, qeyri-məhdud təzyiqi ilə üzləşən, bir çoxu zindanlara atılan uyğur milli fəalları, ədiblər, sənətçilər 90-cı illərin əvvəllərində inkişaf etmiş Qərb ölkələrinə köçməyə, müqavimət hərəkatını xaricdə davam etdirməyə başladılar. Onlarla dinc etirazçının öldürüldüyü 1997-ci il Kulca əyalətində baş vermiş qırğın Çin hökuməti ilə uyğurlar arasında gərginliyi artırdı. Çin rəsmiləri hadisələri iğtişaş və terror kimi xarakterizə etsələr də, Qərb dövlətləri bölgədəki insan haqları pozuntuları baş verdiyini vurğuladı. Uyğur xalqının öz haqları uğrunda mübarizəsi hələ də davam edir.
90-cı illərdə Çin rejissorların quruluş verdikləri filmlər təbliğat məqsədi daşıdıqları üçün Şərqi Türküstanda yaşayan uyğurların və digər azlıqların adət-ənənələrini manipulyasiya edir, kiçildir, şişirdir və təhrif edir, o lentlərdə xalqların tarixi, sivilizasiyası, xarakteri, dəyərləri və həyata sadiqliyi nəzərə çarpmır, repressiyalar ekrana gətirilmir, əksinə, uyğurlarla çinlilər arasındakı dostluq təsvir olunur. Belə filmlər də reallıqdan çox uzaq olduqları üçün uyğurlarda və digər milli azlıqlarda qəzəb doğurur.
Bu ənənə 90-cı illərdə istehsal edilmiş “Ölkənin qərbində rəqqaslar”, “Xoşbəxt anlar”, “Sevgi adamları”, “Od kimi parlayan gənclik” və “Qaçaq, qız və it” kimi qeyri-real, süni və əhəmiyyətsiz mövzulu ekran əsərlərində daha aydın nəzərə çarpır. Şübhəsiz, siyasi təbliğata əsaslanan bu cür filmlər tamaşaçıların rəğbətini qazana bilmədilər və şiddətli tənqidlərə məruz qaldılar.
Tarixi film - tarixi faktları və fərdlərin həyatını arxiv sənədlərinə, salnamələrə, şahid ifadələrinə əsaslanaraq estetik yanaşma və bədii obrazlarla ilə ifadə edən ekran əsəridir. “Şahbanu Amanisəhan” filmində isə dövrün xüsusiyyətləri aydın şəkildə təsvir edilmir, hadisələr çox səthi şəkildə təqdim olunur, açıq şəkildə Yərkənd Səidiyyə Dövlətini alçaltmaq, bu inancı yeni nəslə aşılamaq məqsədi daşıyır.
90-cı illərin sonlarında, Şərqi Türküstanda film istehsalı, demək olar, tamamilə dayandığı, tənəzzül başladığı bir vaxtda, Uyğur iş adamları öz film studiyalarını qurub, filmlər istehsal etdilər və prokata buraxmağa başladılar. Nəticədə kino sektoru müəyyən qədər canlandı. Xalqın ehtiyaclarını nəzərə alaraq, film sənayesinə investisiya qoymaq, yeni dövrdə Uyğur kinosunun yaşamını təmin etmək yollarını araşdırmağa başlamaq, əlbəttə ki, müsbət addım idi. Beləliklə də ictimaiyyətin “Tanrıdağ” kinostudiyasının istehsal etdiyi filmlərdən tam asılılığı aradan qalxacaqdı. Amma ciddi təzyiq və senzura altında çəkilən, tamamilə kommersiya məqsədi güdən həmin filmlərin Uyğur xalqının milli kino əsərlərinə olan tələbatını ödədiyini düşünmək sadəlövhlük olardı. Çünki mövcud studiyalar yalnız Çin təbliğatının aləti olmaqdan qurtulub xalqın reallıqlarını və həyatını əks etdirməyə başladıqdan sonra itirilmiş auditoriyasını geri qaytara bilər.
Çin hökuməti 2000-ci illərdə iqtisadi açıqlıq siyasəti tətbiq edərək, Şərqi Türküstanı Orta Asiyada əsas ticarət mərkəzinə çevirsə də, uyğur xalqına təzyiq artmaqda davam etdi. Bu siyasət dövrün filmlərində də öz əksini tapdı. 2002-ci ildən dövlət maliyyəsinin kinoya qayıtması vəziyyəti dəyişməyə kömək etsə də, studiyanı fərqli yola yönəltdi, kütləvi auditoriyaya vətənpərvərlik və mahnı-rəqs əsaslı, etnik azlıq mövzulu filmlər təqdim etməyə başladı.
Məsələn, “Qurban əmi Pekinə gəldi” filminin (2002, ssenari müəllifləri - Quo Hua, Donq Linq, quruluşçu-rejissor Li Çenq Şinq) qəhrəmanı Şərqi Türküstanın Hoten əyalətindəki bir kənddə yaşayan bir fermer Qurban Tulum valideynlərini gənc yaşlarında itirib, uşaqlığı kəndin varlı ailəsinə xidmətdə keçirib. O, köləlikdən qurtulmaq üçün ailəsi ilə birgə meşəyə qaçıb, 17 il guşənişin həyat sürüb, 1949-cu ildə Mao Tsze-dun hakimiyyətə gələndən sonra isə kəndə qayıdıb, “köləlikdən azad olduğuna görə” Pekinə gedib rəhbərlə görüşmək arzusu ilə yaşayıb. Nəhayət, az qala, on il sonra arzusuna çatıb, Maoya sonsuz təşəkkürünü gerçəkləşdirə bilib. Təsadüfi deyil ki, film 2003-cü ildə 9-cu Çin Hua Biao Kino Mükafatlarında ən yaxşı film kateqoriyasında üçüncü yeri tutub.
2000-ci illərdən “Tanrıdağ” kinotudiyasının film istehsalının azalması auditoriyasını itirdiyini açıq şəkildə göstərir. “Erkən yazda sevgi nəğməsi” (2006) filmi də dövlət siyasətini dəstəkləyən kinotənqidçilər tərəfindən də tərifləndi və yüksək qiymət aldı, açıqlıq siyasətindən sonra Şərqi Türküstanda fermerlərin yeni simasını, gözəl və canlı həyatını çox gözəl təsvir etdiyi qeyd olundu. “Tufandakı eşq nəğməsi” (2006) filmi də açıq-aşkar təbliğat xarakteri daşıyır, dəyişikliklərin Şərqi Türküstan əhalisinə bəxş etdiyi üstünlükləri, onların xoşbəxt həyatını və iqtisadi dirçəlişi ekrana çıxarır, gerçək həqiqətlər isə gizlədilir və ya üzərindən sükutla keçilir. Bu cür filmlərin reallıqdan uzaq olduğu, xalqın real vəziyyətini və çətinliklərini əks etdirmədiyi, yalnız ideoloji təxəyyül məhsulu kimi ortaya çıxdığı şübhə doğurmur.
Bu dövrdə rejissor Şirzad Yaqubun “Tanrıdağ” kinostudiyasında çinli rejissorlarla şərikli quruluş verdiyi, aktyorlar Kunduzay Taş, Bəxtiyar Əziz və başqalarının oynadıqları “Gülbikə”, “Aksarbas”, “Ögey ana”, eləcə də real hadisələrə əsaslanan “Əsl sevgi”, qazax qız Aytışın öz sənətinə ehtirasından bəhs edən “Çiçək”, sincanlı uşaqların hekayətini çatdıran “Xəyalın başladığı yer”, pul, ailə və dostluq haqqında komediya olan “Pul budur” filmləri, əlbəttə ki, siyasi-ideoloji qadağalar çərçivəsindən kənara çıxmır.
2014-cü ildən özünü açıq surətdə büruzə verən repressiya siyasəti isə uyğur kinosunun öz məkanını xarici ölkələrə daşımasına səbəb oldu.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0