Mən sənin eşqinlə sərxoş oluram - Vaqif Bəhmənlinin şeirləri

Apr 5, 2026 - 12:42
 0  13
Mən sənin eşqinlə sərxoş oluram - Vaqif Bəhmənlinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Vaqif Bəhmənlinin şeirlərini təqdim edir.

Üzük

O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin.
Nə vaxtdan bu üzük payına düşdü: –
Alışıb yanaydı barmağın sənin...

Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş.
Həsrətin zəhərli gülləymiş demə,
Bu kövrək ürəyim nişangah imiş.

Nəfəsim alışıb gör necə yandı.
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolanan qızıl ilandır,
Sənin barmağında saralan üzük.

Tutub ürəyimi qərib bir giley,
Kədəri quzeyin daşı boydadır.
Gözümdə sozalıb, kiçilib hər şey,
Dünya da üzüyün qaşı boydadır.

Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?

Daş yerə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Yaman incəlmişəm, nazilmişəm mən
Varlığım sap kimi üzükdən keçər.

Bir haray bənd olub könülə, gözə,
Təmiz məhəbbəti günah sayıblar.
Səni bir oğlana, bir könülsüzə
Məni də kədərə nişanlayıblar...

Eşq

Başımı xəyalın qatır birtəhər
Yoxdu qaynamağım daha heç kimlə.
Mən sənin eşqinlə qalxıb hər səhər,
Axşam da...yatmıram sənin eşqinlə.

Nə bilim küçədə, yolda, yuxuda,
Yenə görərəmmi? Ürək yeyirəm!
Sənin eşqinlədi içdiyim su da,
Mən sənin eşqinlə çörək yeyirəm!

Unudub dost doğma qardaşlarımı
Bu eşqin qəminə qardaş oluram.
Çəkirəm başıma göz yaşlarımı
Mən sənin eşqinlə sərxoş oluram.

Eşqində gücə bax, bilsə də yoxdu
Öləni diriltmək hökmü Allahda
Çağa tək güldürür qəhr olan bəxti,
Məni gah öldürür,dirildir gah da.

İndi billəm nəymiş eşq odu canda
Ona kim baxırmış, nəfə baxırmış.
Məcnun çöl gəzəndə, Kərəm yananda
İsa da çarmıxda kefə baxırmış!

Allah, sən bilirsən nələrə dözdüm
Bu sevda yolunu tutana kimi.
Dəli dalğalara baş vurum, üzdür
Eşqin dəryasında batana kimi.

Belə yaxşıdı

Bir yol da saymayıb qohum-qardaşı
nə qədər pərdə var, vurub yıxasan,
Alıb qoltuğuna sevdalı başı
çıxanda aradan elə çıxasan
boş yaxan keçməyə ələ, yaxşıdı! –
Qardaş, qadan alım, belə yaxşıdı.

Gözlərin dikilə guman yerinə,
daha atmayasan oxu heç kimə.
Qaşını çatanda kaman yerinə,
çölləri gəzəndə ceyran eşqinə
toruna düşdüyün tələ yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Hər gün ayaqlasın, iz də qocalır,
bəsdi dirədiyin küncə qəlbini!
Oğlan da qocalır, qız da qocalır...
Qərib bir quş olub qönçə qəlbini
açasan bir qərib gülə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

İstə, ya istəmə, gecələr bitər,
Anbaan azalar canında odun.
Bu qəribə qismət tamama yetər –
Bir qərib dünyada bir qərib qadın
dərdindən can verib ölə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Tanrının nə qədər gizlinləri var;
Qoy bu da ehmalca bəxtə yazılsın.
“Biz kimsə görmədik” –
söyləsin yollar,
Başına gələnlər yuxu yozulsun,
düşməsin dillərdən dilə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Bu da ildə bir yol bərk aclığındı –
Dönəsən doymayan, ya doyan kimi.
Görəsən darvaza sən açdığındı,
qapın aralıdı...
sən qoyan kimi,
adlayan olmayıb hələ, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Kürkünü asasan sivri qarmağa
Getməmiş qürbətin ətri canından,
Arvadın yüyürə qaz yandırmağa,
Deyə: - Nə durmusan xoruz banından?
Sonra da üzünə gülə, yaxşıdı,
Qardaş, qadan alım, belə yaxşıdı.

Yuxuda yuxu

Bürünüb üşüyən qoca yaşıma,
İşlək öküz kimi düşsəm də yorğun,
Güc tapıb dişimi sıxdım dişimə,
Bu gecə
mən səni yuxuda gördüm.

Gördüm doqqazdayam,
sən də gəlirsən,
Üstündən ötməyib elə bil çovğun.
Yenə o müəmma, yenə o sirsən,
Aytək ziyalısan,
namxuda,
gördüm...

O gözlər,
o gülüş...
yerindədi tam,
həmən o cığada, qaşda qalmısan.
Nə təhər olur ki,
mən altmışdayam,
Sən elə onaltı yaşda qalmısan?

Ay Allah, dilimin ucundadı lap,
Pozulub yaddaşım...
nə idi adın?
Adın muncuq-muncuq -
qırıqlanıb sap,
nə illah elədim xatırlamadım.

Adı neyləyirəm,
sən həmən sənsən,
bu huşsuz, bu başsız mənəmmi, əsla!
Ocaq alışarmı küləcən sönsə,
yuxuma gəlmisən hansı əsasla?

Qalın illər altda titrəyirəm mən,
Həsrət yorğanının şəriki sinəm...
İstədim üzündən,
əlindən öpəm,
Dedin,
haqqın çatmır hər ikisinə.

Eşq ötür bülbültək yuxu dilində,
Elə bil anladır nə imiş qüdrət.
Belə tər qalmağın hicran çölündə,
nə olar, sirrini mənə də öyrət!

Azərbaycansayağı ayrılıq

Uşaq da bilir ki, “yek”dir tək təməl,
bölünən rəqəmdi –
“dü”, ayrılıqdı.
Hər kəsin sonuncu nəğməsi əməl,
Göl üstdə can verən qu...
ayrılıqdı!

Ha ula, harayın qurda da yetmir –
o taylı-bu taylı yurd dada yetmir...
Niskilin ləkəsi gorda da getmir –
durum necə deyim, yu, ayrılıqdı?

Tarix sürgün çəkir sarı kağızda -
zalımdı, saxlayır yaranı duzda!
Bir dil çürüyürsə iki ağızda
ayrı nə adı var? –
bu, ayrılıqdı!

Bədəndə baş deyil... sualdı, durur!
Həsrət aysberqdi, sualtı durur!
Hamını uğura su qovuşdurur,
Biz Araz nəsliyik –
su, ayrılıqdı...

* * *
Sevgi qədim bir adətdi,
Səni candan alır, alır...
Çox qəribə ibadətdi,
Canı dindən alır, alır...

Durma, cala baxtı baxta,
Say ki, yatır şah yataqda.
Sevgi güldü şah budaqda,
Əllə üzsən solur, solur...

Canın yetim quzusudu,
Mələrtisi ruzusudu.
Sevgi alın yazısıdı;
Məzarda da qalır, qalır...

Min desələr, yüz bilmərik,
Yol desələr, iz bilmərik
Sevgi nədi? Biz bilmərik-
Onu göylər bilir, bilir...

Təmiz adam

Təmiz adam
xəyallarda axar gedər;
Olmur axı
su kilidi...
Təmiz adam
halala əl vurmaz,
Yaxın qoymaz
haramı...
Təmiz adam
distilə edilmiş
Su kimidi –
içməyə yaramır!...

Eşq gəraylısı

Yerə endim qanadında
Göyüzündə uçan eşqin.
Övladı var mən adında
atam-anam qucan eşqin.

Qəfəs içrə ev dustağı
saxlamadım ağzıbağlı;
onçun oldu min budaqlı
kökü dərin, uca eşqim.

Gözəl gördüm, istiləndim,
odu vurdu, xəstələndim,
"Yox” söylədi,
tüstüləndi
bəyaz saçlı baca eşqim.

Günə bir qurban eylədi,
qəmi yanbayan eylədi.
Çox ürəyi qan eylədi –
döndü zalım taca eşqim.

Çəkdim heçin cəfasını,
Heç görmədim səfasını...
Hanı səndən vəfalısı
Qoca qarım, qoca eşqim?!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0