Oqtay Əhmədov - Sindbadın nağılı
Yazıçı Ədəbiyyat Portalı Oqtay Əhmədovun "Sindbadın nağılı" hekayəsini təqdim edir.
Qardaşım Rafailin xatirəsinə..
***
Köhnə "Jiquli"mdə qardaşımı onkoloji xəstəxanaya aparırdım. Poliklinikadan tibbi müayinədən keçəndə rentgen müayinəsi ağ ciyərində şübhəli qaraltı göstərmişdi. Həkim məni xəlvətə çəkib soruşmuşdu:
- Nəyindir?
- Qardaşımdır, - demişdim.
- Ciyərlərində şiş var… Amma özü bilməsin…
- Şiş?! - Elə bil həkimin yox, hakimin qardaşıma oxuduğu ölüm hökmünü öz qulaqlarımla eşitmişdim. Dəhşətdən ağzım açıla qalmışdı.
- Bəlkə heç bəd xassəli deyil. Təcili onkoloji xəstəxanaya aparıb dəqiqləşdirin. - "Şiş" sözünün "ölüm"ün sinonimi olduğunu həkim də dərk elədiyindən, kefimin pozulduğunu görüb dediyinə peşman olmuşdu. Elə ona görəydi ki, özünün də inana bilmədiyim yalançı ümidlərlə mənə təsəlli verməyə çalışmışdı. - Qorxmayın, hər şiş rak deyil. Adi, təhlükəsiz düyün də ola bilər… Allah kərimdir, nə yaşı var hələ!..
Bədbəxtin qırx yaşı vardı. "Nə yaşı var hələ!" Guya cənab Əzrailin ancaq qocalarla arası yox idi, guya əcəl gələndə adamın pasportundakı doğum ilinə baxırdı, cavandısa, bu həkim kimi "nə yaşı var hələ" deyib uzaqlaşırdı.
- Nooldu? - qardaşım çöldə soruşmuşdu.
- Onkoloji balnissada analiz verməlisən, onda bilinəcək…
- Rak balnissasında?
***
Yol boyu hər ikimiz susmuşduq. Poliklinikadan xəstəxanayadək beş-altı kilometrlik məsafəydi, ikinci siqareti alışdırırdı. Bəlkə xəstəliyinə bais elə siqaretdi? Məndən ki çox çəkmirdi. Ömründə nikotin dadmayan qadının da ciyərlərində şiş əmələ gəlirdisə, deməli, bunun səbəbi başqaydı. Son illər çox içirdi, lap çox, bəlkə… Onda onkoloji xəstəxanada yatanların hamısı əyyaşlar olmalıydı! Bu amansız xəstəliyin törəmə səbəbləri hələ heç tibb elminə məlum deyildisə, mən nə araşdırırdım, nə axtarırdım? Ya vəlvələdən, ya zəlzələdən, qardaşımın ciyərlərində şiş vardı və bu şişin qanı qanımdan, canı canımdan olan bir adamın həyatı üçün təhlükəli olub-olmadığı xəstəxanadakı analizlərdən sonra bilinəcəkdi. Hələ ki qardaşımın bu bəladan qurtulacağına beynimin şüuraltı qatlarının ən dərinliklərində iynənin ucu boyda da olsa bir ümid qığılcımı vardı!
***
Maşını xəstəxananın darvazası qarşısında saxlayıb əsas binaya qalxdıq. Nə sirri-xudaydısa nəhəng dəmir darvazanı görən kimi içimi anlaşılmaz, dərk edə bilmədiyim naqolay hisslər bürüdü. Bu hisslər qardaşımı həkimə təhvil verib maşınımın yanına gələnə qədər məni tərk eləmədi.
Həkim elə qardaşım yaşında bir kişiydt. Əvvəlcə rentgen plyonkasını gözdən keçirmiş, sonra rentgenoloqun yazdığı kağızı oxuyub:
- Xəstənin yarasından analizçün toxuma götürməliyik. - demişdi. - Biopsiya bir saat çəkər, təmiz havada bir az hərlənib qayıdarsız.
Daha orda yubanmayıb vaxt öldürməkçün maşınımın yanına qayıtdım. Bekarçılıqdan küçədə var-gəl edə-edə siqaret çəkdim. "Təmiz havada" da ürəyim bərk sıxılırdı. Darıxdığımdan özümə yer tapa bilməyib sükan arxasına keçdim. Dedim radioya qulaq asıb fikrimi dağıdaram, amma bəxtimdən bütün kanallarda şit, bayağı mahnılar səslənirdi. Xəstəxananın həyətində gördüyüm azarlıları xatırlayıb təsəlli tapmağa çalışdım. Qardaşım tək deyildi, onun kimi nə qədər xəstə vardı. Hamının içində bir şiş: kiminin ciyərində, kiminin mədəsində, kiminin… İndi bu zavallıların hamısı mənə doğma gəlirdi, hamına ürəyimdə Allahdan şəfa diləyirdim!
Xəstəxananın dəmir darvazasına baxdıqda bayaqdan içimi bürümüş anlaşılmaz, naqolay hisslər birdən-birə bütün varlığımı çulğayıb dəmir məngənə kimi məni ağuşuna alaraq elə sıxdı ki, bütün dünya gözlərimdə qaraldı, nədənsə qurd kimi ulamağım gəldi. Bu nəydi belə? Dəlicəsinə darıxmanın kulminasiya nöqtəsimi? Mənəvi sıxıntının Everest zirvəsimi? Ömrümdə belə hal keçirməmişdim, Tanrı bunu heç düşmənə də göstərməsin! Əvvəlcə mənə elə gəldi ki, bütün bunlar qardaşımın aqibəti sarıdan yaşadığım nigarançılığın nəticəsidir, sonra xəstəxananın zırpı, bədheybət darvazasına bir də baxdıqda qəflətən yadıma düşdü ki, düz on yeddi il qabaq elə burada, amma başqa maşında oturub saatlarla həmən bu dəmir darvazaya tamaşa etmişdim. Gör a, illərlə yadıma düşməyən, beynimin saxlanc yerində ağzını qapadıb bərk-bərk gizlətdiyimi, unutduğunu zənn etdiyim xoşagəlməz bir xatirat on yeddi il sonra gözlənilmədən necə müdhiş şəkildə baş qaldırarmış!
***
On yeddi il əvvəl poliklinikada işləyirdim. RAF sürürdüm. Məhəllə uşağı Rasim təzəcə evlənmişdi, arvadının nədəsə gözü qalmışdı, bu səbəbdən ona yaman pul lazım idi, elə mənim özümə də, cibimizdəsə siçan oynayırdı. Səhər tezdən başımın üstünü kəsdirib təkid eləmişdi ki, indicə gedib "xaltura" eləməliyik. Altında bu boyda RAF ola-ola qəpiyə güllə atmaq ağılsızlıqdır. Amma "xaltura"nı küçəyə tökməmişdilər ki, götürəsən. Onu axtarmaq lazım idi, o da bəxtə-bəxt, qismətində bu gün daşbaş vardısa, qabağına çıxacaqdı, yoxdusa, istəyir lap çabala, başını divara vur, maşınına əl qaldıran bir adam tapılmayacaqdı. Məhəllə uşağı dil boğaza qoymamışdı:
- Kliyent tapmaqçün şəhərdə boş-boşuna maşın sürüb benzini havayı yerə-göyə sovurmaq olmaz. İndi düz yollanırıq Yasamaldakı onkoloji balnissaya. Orda hamısı rak xəstələridir. Gündə ən azı bir-iki nəfər canını tapşırır. Onlar da rayon əhli, hamısı öz ölüsünü vətənində basdırmaq istəyir. Odur ki, qalırlar əlimyandıda, maşın axtarırlar. Öyrənmişəm, rayona kilometri bir manatadır. Qazaxa ölü düşsə, gör nə qədər eləyir. Lap Salyana gedib-gələk, yüz-yüz iyirmi manat cibimizə ağırlıq eləyəcək bəyəm?
Rasim saqqızımı oğurlaya bilmişdi. Məni necə yoldan çıxarmışdısa, bir də gözümü açıb görmüşdüm ki, RAF-ımla birlikdə həmin bu xəstəxananın həmin bu darvazası qarşısındayıq. Maşından düşəndə: "Fikir eləmə, - demişdi, - uzaq başı bir-iki saata rayonlardan birinə yola düşəcəyik". Məni maşında qoyub xəstəxanaya yollanmışdı. Hardasa yarım saatdan sonra qayıdıb gəlmişdi ki, bəs, balnissanın maşını Xaçmaza ağır xəstə aparıb. Özü də o bunları gizləyə bilmədiyi həsəd hissilə söyləmişdi, hələ axırda bir "bəxtəvər" sözü də əlavə eləmişdi. Məlum məsələydi ki, bu söz xəstəxana sürücüsünə ünvanlanmışdı. Əlüstü Bakıdan Xaçmaza olan məsafəni beynimdə hesablayıb o sürücüyə o vaxt mən də bir balaca paxıllıq eləmişdim. Axşam evinə yüz əlli manat aparacaqdı. Amma Rasim ruhdan düşməmişdi, xəstəxanaya bir reys də "həmlə" eləyib öyrənmişdi ki, reanimasiya şöbəsində əməliyyat olunmuş ağır xəstə qadın yatır, yaxınlarının dediyinə görə, axşama qalmaz. Rasim də işarə eləmişdi ki, dünyanın işlərini nə biləsən, maşın lazım olsa, darvazanın yanındayıq. Xətəkar hələ onu da öyrənmişdi ki, ümidsiz xəstə Şəki tərəflərdəndir. Məndən soruşanda ki, Şəkiyə neçə kilometrdir, cavab vermişdim ki, təxminən 380 km. Gözləri parlaya-parlaya demişdi ki, arvad ölən kimi yiyələrinə 400 oxuyacam, 350-yə razılaşarıq. Bir günə adama yüz əlli manat bir aylıq maaşımız idi! Nəsə, həmin gün reanimasiya şöbəsindəki həmin o ağır xəstə ölməmişdi. Son dəfə xəstəxananı "abxod" eləyib qayıdan Rasimin gecə saat on birdə hirsli-hirsli dediyinə görə, hətta həmin qadının səhhətində yaxşılığa doğru nəzərə çarpacaq irəliləyiş də vardı. "Vabşe, arvadların canı it canıdır!" - O bu sözləri dişlərini qıcadaraq elə acıqla söyləmişdi ki, guya bunu dəfələrlə şəxsən özü sınaqdan çıxarıb dəqiqləşdirmişdi. Boynuma alım ki, zahirən gizlətməyə çalışsam da, bu xəbərə mən də təəssüflənmişdim. Gecə yarısı ac qarına kor-peşman evimizə qayıdanda "Allah bilən məsləhətdir, Tanrı hamının şəfasını versin!" kimi sözlərlə təsəlli tapmağa çalışmışdıqsa da, ürəyimizin dərinliklərində hər ikimiz o gün - bunun böyük günah olduğunu bilə-bilə, Yaradanın sınaq günü bir qarın çörəkdən, beş-üç manat puldan ötrü özümüzdən asılı olmadan - kiminsə ölümünü arzulamışdıq!
***
Hər ikimizin unutduğu o hadisədən bir-neçə il ötmüşdü. Rasimin narkotika təzə-təzə qurşanmış kiçik qardaşı Cavanşah iynə vuranda dozası yüksək olduğundan komaya düşmüşdü. Mən onda artıq evlənib o məhəllədən köçsəm də yenə həmin poliklinikada, həmin RAF-da işləyirdim. Bu xəbəri köhnə məhəllə adamlarından birindən eşidib özümü Semaşko xəstəxanasına çatdırmışdım. Sən demə, Cavanşah bir həftəydi komadaydı. Rasimlə anası reanimasiya şöbəsinin qapısı ağzındaydılar. Yazıqların bir həftəydi nə gecələri vardı, nə gündüzü. Canlı meyitdilər elə bil, ölüb sabaha qalmışdılar. On gün dalbadal mən də hər gün onlara baş çəkdim. Cavanşahsa hələ də ayılmamışdı. Sonuncu dəfə piyada gəlmişdim, maşınım təmirdəydi. Cavanşah o gün ayıldı. Rasimlə anasını yanına buraxdılar. Heç on dəqiqə keçmədi ki, reanimasiya şöbəsindən qadının tükürpədici vaveylası eşidildi: "Balam vay!!!" Sonralar öyrəndim ki, Cavanşah komadan çıxıb özünə gələndə gözlərini açıb ətrafına baxmış, anasıyla qardaşını görəndə tanıyıb gülümsəmiş, onlara nəsə demək istəmişdisə də bacarmamışdı. Sonra gözlərində iki damla yaş gilələnib yanaqlarına süzülmüş, elə ağzı açıla halda da cavan canını tapşırmışdı. Mərhumun ailə üzvləri bu müsibətdə ikən cəsədin tibbi ekspertiza tərəfindən yarılma təhlükəsi yaranmışdı. Guya bunsuz ölüm şəhadətnaməsi verilməyəcəkdi. Əlbəttə, bu bir pul tələsiydi. Rasimgil borc-xərc eləyib həkimləri razı salan kimi ikinci problem ortaya çıxmışdı: vaxt ötürdü, nəşi məscidə çatdırmaq lazım idi. Nə sirri-Xudaydısa, xəstəxananın təcili yardım maşınları da qeybə çəkilmişdi, bədbəxtlikdən heç şəhərdə belə üstü xaç nişanlı bir maşın gözə dəymirdi. Meyiti məscidə samosvalda aparmayacaqdılar ki. Haçandan-haçana, güc-bəla UAZ markalı bir "skorı" tapılmışdı…
***
Mövhumata inanan xurafatçı, fanatik adam olmasam da, on yeddi il əvvəl bu xəstəxananın darvazası qarşısında, elə bu yerdə, amma başqa maşında Rasimlə oturub hansısa xəstənin öləcəyi anı gözlədiyimiz o günü indi yada salanda, həmin o günlə Cahanşahın müsibəti, qardaşımın müdhiş mərəzə tutulması arasında sanki sirli-sehrli bir əlaqə görürdüm. İndi mənə elə gəlirdi ki, dünyada heç bir şey elə-belə baş vermir, hər bir hadisə haçansa, lap on il, yüz il əvvəl yaşanmış olayın nəticəsidir. Bu gün atdığın hər bir addım, dediyin hər acı söz, təhqir, böhtan, kiminsə ölümünü - ömründə ilk və son dəfə, lap bircə anlığa belə - arzulamağın… əvvəl-axır, gec-tez bumeranq kimi üstünə qayıdacaq…
İlahi, Rasimlə mənim günahımın cəzasını qardaşlarımız çəkməliydi? Allah gec eləyər, güc eləyər - amma kimə güc elədi? Yox, qardaşlarımızın günahı vardısa, onlar öz cəzalarını çəkirdilər. Bizim cəzamız hələ irəlidəydi. Rasimin əvəzinə deyə bilmərəm, amma mən qardaşım torpağa basdırılacaq gündən qardaş itkisi yüklənmiş kədər adlı mafəni axır nəfəsimədək ürəyimdə daşıyacaqdım. Məgər bu, indidən məhkum olunduğum ən ağır cəza deyildimi? Tez-tez görüşməsək də, pis-yaxşı qardaşım vardı, o olmayandan sonra yeri görünəcəkdi. Qardaşımdan sonra mənəvi tənhalığa məhkum olunduğumu lap sonralar - ağlamaqla arası olmayan mən, hər dəfə tək qalanda hüzn dolu bir musiqi eşidib gözlərimdən sel kimi yaşlar axanda, daxili tənhalıq əzabının necə ağır cəza olduğunu dərk edəcəkdim!
***
…Maşının qapısı açılanda fikirdən ayıldım. Gördüm ki, qardaşım qayıdıb. Əliylə sinəsini tutmuşdu. Üzünün ifadəsi eləydi ki, guya bir az əvvəl ona işgəncə vermişdilər.
- Doxtur səni görmək istəyir. - Oturanda zarıya-zarıya dedi. - Bir də analiz verən deyiləm, burnumdan ciyərimə şlanq soxdular, o dünyanı görüb qayıtdım…
Bədbəxt anlamırdı ki, onun çəkdiyi işgəncələri indi mən çəkirdim. Ona dəyən çınqıl başıma çırpılan daş idi!
***
Həkimin kabinetinə girəndə baxışlarından duydum ki, işlər şuluqdur.
- Nəyindir? - soruşdu.
- Qardaşımdır, - dedim.
Ani tərəddüddən sonra köksünü ötürüb qəmli-qəmli dilləndi:
- Biapsiya eləyib yarasından hüceyrə götürdük. İndi nə deyirəmsə ikimizin arasında qalsın… Xəstə bilməsə yaxşıdır… İlkin nəticə belədir ki, analiz bəd xassəli şiş göstərir…
Nə qədər acı da olsa, bu həkim gündə neçə xəstənin yaxınlarına bu sözləri deyirdi? Yalan-gerçək, yəqin köks ötürüb səsinə kədərli notlar da qatırdı. Bunun da peşəsi buydu: müalicə eləmirdi, ya ümid verirdi, ya da qara xəbərlə adamın belini sındırırdı, necə ki, mənim belimi sındırdı. "…analiz bəd xassəli şiş göstərir" - bu o deməkdi ki, artıq sən özündən on yaş kiçik qardaşının çiynində haçansa qəbiristanlığa yollanmaq səadətindən məhrum oldun. Bu o deməkdi ki, itkilərin ən böyüyü, ağrıların ən itisi olan qardaş itkisi yolunu gözləyir; bu o deməkdi ki, mafələrin ən ağırı olan qardaş mafəsini ən dərin qəbir olan qardaş qəbrinə qədər çiynində aparacaqsan, sonrasa qardaş itkisi yüklənmiş kədər adlı tabutu canın ağzından çıxanadək ürəyində daşıyacaqsan… Nəydi qəbiristanlıqlar? Torpağın sinəsində saysız-hesabsız qabarcıqlar. Üç ayamı, beş ayamı… uzaq başı bir iləmi vaxtsız öləcək qardaşım da hardasa torpağın sinəsini qabardacaqdı. Qardaş qəbri… ora ayda-ildə bir yol getsəm də, getməsəm də daha bunun heç bir əhəmiyyəti olmayacaqdı, çünki… "…analiz bəd xassəli şiş göstərir" - bu sözlərdən sonra qardaşımın ilkin, amma əsl qəbri artıq ürəyimdə qazılmışdı…
Həkim sağ əlində tutduğu balaca, qara sellofanı qardaşımın "qara kağız"ı kimi mənə uzadıb sol əlini ehmalca çiynimə qoydu. Deyəsən bunun da mənə doğrudan-doğruya yazığı gəlmişdi.
- Bu hələ birinci analizdir. Apararsan bunu Nəsimi bazarının yanındakı onkoloji xəstəxanaya. Orda laboratoriyada yoxlayacaqlar. Üç günə dəqiq cavabı bilinəcək.
Xalatının cibinə pul basdım.
- Əşi, nə xəcalətdi e, - deyə mızıldandı. Bayaqdan mənimlə yaxın dost kimi danışan həkim bu sözləri ürəkdən demədi, bunu duymaqçün nə qeyri-adi fəhm lazımdı, nə də ilahi intuisiya-filan, təkcə azərbaycanlı olmaq kifayətdi. Əlini pul qoyduğum cibinə salıb barmaqlarında kağız əskinasın xışıltısını hiss etdikdə səsi öz təbiiliyinə qayıtdı. - Fikir eləmə, ən dəqiq diaqnozu dediyim xəstəxananın laboratoriyasında qoyacaqlar. Bir də gördün "adi, xoşxassəli şişdir" dedilər. O qədər belə olub ki. Allah kərimdir…
Allah kərimdir… Yoxlasan, bəlkə hansı palatadasa bədxassəli şiş xəstəliyinə tutulmuş Kərim adlı xəstə yatırdı, ümidi Allaha qalmışdı. Allah da ki, Kərimdi. Allah Kərimdisə, deməli, bu xəstəliyin qarşısında Allah özü də acizdi…
***
Maşına qayıdıb sükan arxasına keçdim. Qardaşımın ümid dolu gözləri üzümə zillənmişdi.
- Doxtur nə dedi?
- Ağ ciyərində şiş var.
- Bunu bilirəm. Rakam?
- Yox, adi şişdir, gərək müalicə olunasan. - Sellofanı göstərdim. - Burda yaranın hüceyrələridir. İndi aparıb Nəsimi bazarının yanındakı balnissanın laboratoriyasına verəcəyik. İki-yç gündən sonra cavabı bilinəcək, yəni necə, hansı dava-dərmanlarla müalicə olunmalısan… Həkim dedi ki, qorxulu bir şey yoxdur, amma müalicə olunmasa, yenə də içsə, çəksə, onda gərək aperasiya eləyək...
İçimdə vicdan əzabı çəkə-çəkə yalan danışırdım. Yalandan zəhləm getsə də yalan danışmağa məcbur idim. Ömrüm boyu ürəyimdəkilər dilimin ucunda olduğundan həmişə daş-qalaq olmuşdum, başım ağrımışdı. Yalan danışan adam əlüstü gözümdən düşürdü. Beləsi sabah məni də aldadacaqdı. Bəs özüm? İndi qardaşımı aldadırdım, sabah yəqin başqalarını da aldada bilərdim…
***
Maşını Nəsimi bazarının yanındakı onkoloji xəstəxanaya tərəf sürürdüm. Yanımda xəstə qardaşım oturmuşdu, müvəqqəti qardaşım, çünki bu il onu itirəcəkdim, bunu dəqiq bilirdim. Ömrümün sonunadək qardaşsız qalacaqdım. Kimsə hardasa yanımda "…bir dəfə rəhmətlik qardaşım…" deyəndə mən də canıyananlıqla "Allah rəhmət eləsin" deyib o adamın da qardaş itirməsilə təsəlli tapacaqdım.
***
Maşın sürə-sürə birdən-birə uşaqlığımızı xaiırladım. Mənim on beş yaşım vardı, onun beş. Əgər evdəydimsə, o yatmamışdısa, mütləq yanında uzanıb "Sindbadın nağılı"nı danışmalıydım. O vaxt bu nağılı "Min bir gecə" kitabından yenicə oxuyub qurtarmışdım. Dəniz səyyahı Sindbadın əzmkarlığı, cəsurluğu, macəraçılığı məni yaman valeh etmişdi. Oxuduqlarımı şövqlə, birinin üstünə beşini də qoyub ona danışardım. Ancaq o yuxuya gedəndən sonra üzündən öpüb qolumu ehmalca başının altından çəkərək öz yerimə qayıdardım. Ta mən əsgərliyə gedənəcən beləcə davam eləmişdi. Cəmisi yeddi dəfə təklükəli dəniz səyahətinə çıxmış Sindbadın "nağıl"ını heç cürə bitirə bilməmişdim ki, bilməmişdim. Çünki çox hissəsini özümdən uydurduğum o nağıl körpə qardaşımın yaman xoşuna gəlirdi. Ordudan qayıdandan sonra bir daha "Sindbadın nağılı"nı ona danışmadım. Heç özü də bir dəfə olsun o mövzuya qayıtmadı. Niyə qəfildən nostaljiyə qapıldım? O nağıl hardan yadıma düşdü? Bəlkə bütün nağıllar xoşbəxt sonluqla bitdiklərinə görəmi? Axı mən də istəyirdim ki, qardaşımın başına gələn bu müsibət, indi gördüklərim, eşitdiklərim sonu uğurla bitən bir nağıl olaydı, yəni ondakı şişin bədxassəli deyil, xoşxassəli olduğu aşkarlanaydı!
***
Bir həftə sonra onkoloji xəstəxananın laboratoriyasından analizlərin dəqiq cavabını öyrəndim: qardaşımda bədxassəli şiş idi. Onu təcili xəstəxanaya yerləşdirdik. Rentgen şüalarıyla "müalicə"yə başladı. Yaxşı bilirdim ki, bü radikal tibbi üsul xəstənin iztirablarını azaltmaq, ömrünü beş-üç gün uzatmaqdan ötrüydü. Nə etmək olardı, indiki halda ömürdən beş-üç gün də bizimçün qənimətdi. O saat müalicənin bütün xərclərini öz üzərinə götürən qadın sponsor da tapıldı, bu, ən yaxın qohumlarımız arasında nisbətən imkanlısıydı. Bədbəxt qardaşım, sənin qəpiyə güllə atan günlərin də olmuşdu, o zaman minnətsiz-sünnətsiz kim cibinə pul basmışdı? Bir-iki manatı da sənə başına qaxınc kimi çırpa-çırpa verirdilər: "…bax, içməyəsən ha!…" İndi dava-dərmanına minlərlə dollarından keçməyə hazır idilər… Nə isə…
***
İki ay rentgen terapiyası keçdikdən sonra evə buraxıldı. Səhhəti nisbətən yaxşılaşmışdı, yəni daha əvvəlki şiddətli ağrılardan əziyyət çəkmirdi. Qulağıma xəbər çatırdı ki, hər gün olmasa da, ara-sıra içirdi. Elə xəstəxanada da gillədirdi. Palatadakı qonşuları demişdi. Bir tibb bacısı vardı, onun növbəsində gecələr birlikdə araq içirdilər. Yəqin elə arağın təsirindənmiş ki, xəstəxanadan çıxar-çıxmaz həmin o qadın həqiqəti açıb demişdi ona: "Aldadırlar səni. Ciyərlərin rakdır. Nə yaşadın-yaşadın…" Buna görə də altı aydan sonra növbəti lazer terapiyasından imtina elədi: "Mənasızdır. Pulunuzu, vaxtınızı boş şeylərə sərf eləməyin. Alnımda nə yazılıb o da olacaq…"
***
Bir müddət sonra eşitdik ki, halı xarabdır. Gecəykən həkimi də özümüzlə götürüb evlərinə yollandıq. Yataqda taqətsiz vəziyyətdə uzanmışdı. Güclə nəfəs alırdı. Qarnı şişmişdi. Gözlərinin altı qapqaraydı. Həkim onu müayinə eləyib gedəndə dəhlizdə pıçıldadı: "Bir-iki gün ömrü qalıb…"
***
Çarpayının aşağı hissəsində oturub bəlkə də son saatlarını yaşayan xəstəyə baxırdım. Ürəyimdən qara qanlar axırdı. Bərk kövrəlmişdim. Gəncliyində şahmat üzrə ustalığa namizəddi. Köhnə həyətdə qalanda, onda ki, 15-16 yaşı vardı, bütün qonşuları şahmatda gözübağlı udurdu. Hə, sözün əsl mənasında gözübağlı. Axı niyə belə oldu? Niyə içkiyə qurşanıb cavan ömrünü zay elədi? Ailəsi, gül kimi uşaqları, ev-eşiyi… Harada, hansı il, hansı ay, hansı gün, hansı an taleyində uçuruma doğru dönüş nöqtəsi olub onu üzüaşağı sürətlə yuvarlandırmağa başlamışdı?!. Onun faciəsində bəlkə mənim də günahım vardı? Bəlkə vaxtında, ən lazımlı məqamda ona diqqət göstərməmişdim, ən mübhəm dərdlərilə maraqlanmamışdım?..
Qəflətən baxışlarımız toqquşanda qardaşımın çuxura düşmüş qəmgin gözlərində güclə seziləcək işartı, rəngi avazımış dodaqlarında təbəssümə bənzər bir şey gördüm. Ağır-ağır, təngnəfəs halda dilləndi:
- Yadına gəlir, uşaqlıqda mənə Sindbadın nağılını danışardın?
Aman Allah, bu nağıl hardan onun yadına düşmüşdü? Bəlkə o da Sindbad kimi növbəti təhlükəli səyahətə çıxıb haçansa yenidən evinə dönmək ümidindəydi? Axı artıq Yəhya Kamal Bayatlının sahilə yan almış "Səssiz gəmi"si - ölüm gəmisi lövbərini qaldırıb onu göyərtəsinə götürərək gedər-gəlməz səyahətə aparmağa hazırlaşırdı…
"Artıq dəmir almaq günü çatmışsa zamandan,
Məchula gedən bir gəmi qalxar bu limandan…"
- İstəyirsən yenə danışım? - qəhər məni boğa-boğa çətinliklə soruşdum.
- Yox… O nağılı Murada danışarsan…
Kiçik oğlumu nəzərdə tuturdu. Tay bilmirdi ki, nəinki Murada, heç yetkinlik yaşına çatmış böyük oğluma belə ömrümdə bir nağıl danışmamışdım.
Haçandan-haçana boğuq səslə dedi:
- Böyüyəndə tapıb oxudum o nağılı. Çox yerini özündən quraşdırmışdın. Amma gop da olsa maraqlıydı…
Məgər bu yer, bu göyüzü, bu ulduzlar, bu Günəş, Ay, bu gecə-gündüz, bu dərələr, təpələr, dağlar, bağlar, dənizlər, kainat, zaman-məkan, sonsuzluq… hər şey Tanrının gopu deyilmi? Yoxdan var olduq, yenə yox olacağıqsa, hər şey gopdur, qardaşım, gop…
Amma ona heç nə demədim. O da daha danışmadı, yazıq güclə nəfəs alırdı. Sonra alnından öpüb getdim. Ertəsi gün eşitdim ki, bir anın içində keçinib…
***
Mərhumu Zığ qəbiristanlığında basdırdıq. Molla daşın üstündə oturub Quran oxuyurdu. Bizsə - tanış-biliş, qohum-əqrəba qəbir adlanan təzə qum təpəciyi - Yer üzünün bədxassəli şişi ətrafında toplaşmışdıq. Buradan - qayalığın üstündən yeni aeroport yolu, Hövsan tərəfdəki çöl-biyaban ovuc içi kimi görünür, bu peyzaj sonu bilinməyən ümmana bənzəyirdi. Hər tərəfimiz qəbirlər idi. İndi onlar mənə qədim dünyanın gəmilərini xatırladırdı. Bu qəbirlər balaca gəmilər, baş daşlarısa yelkənləriydi. Mənə elə gəlirdi ki, burada uyuyanların hamısına - mən oğlanları nəzərdə tuturdum - uşaq olanda qardaşları, ataları onlara Məlikməmmədin yox, məhz Sindbadın nağılını danışmışdı. Bəlkə biz müvəqqəti dirilərin görə bilmədiyi Sindbad indi öz gəmisində ön sıradaydı, bu ölü səyyahları ardınca yığıb sonuncu dəniz səyahətinə aparırdı? Yox, bu qəbirlərdəkilər hərə bir Sindbad idi. Öz balaca gəmilərində - qəbirlərində üzü Qibləyə tərəf səmt alıb əbədi səyahətə çıxmışdılar…
***
Qardaşımın ölümündən sonra bir dəfə, yalnız bircə dəfə balaca Muradımı - otuz beş il əvvəl körpə qardaşımı bağrıma basdığım kimi gecə bağrıma basıb ona nağıl danışmaq istəmişdim:
- Mənim balam, biri vardı, biri yoxdu, bu dünyada Rafael adlı bir oğlan vardı… Allah ona hər şey vermişdi: boy-buxun, istedad, sağlamlıq… Amma o…
Qəhər məni boğmuşdu, indicə hönkür-hönkür ağlayacağımı duyduğumdan nağılımı elə əvvəlindəcə kəsmək məcburiyyətində qalmış, indən belə bir acı həqiqəti dərk eləmişdim ki, məndən nağılbaz çıxmaz, çünki hər nağılın axırına bir xoşbəxt sonluq uydurmaq lazım idi, mənsə artıq realist idim, daha əfsanələrə - nə Məlikməmmədlərə, nə Sindbadlara… inanmırdım, dünyada Allah-taalanın yaratdığı həyat adlı bir nağıl tanıyırdım ki, o da ölümlə bitirdi. "Biri vardı", "biri yox"… yəni bir gün var olan bir gün yox olmalıydı, vəssalam…
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0