Sevincə boyanan naxışların var - Şeirlər
Yazıçı Ədəbiyyat Portalı Cavid Musanın şeirlərini təqdim edir.
XXX
Mənim kəlimələrim dilimdə deyil,
çiynimdə yükdür.
Gözlərim kədərlərin soyuğundan,
içimə boylanır, bir biçim od axtarır isinmək üçün.
Qəlbimdən qopur millətimin min illik səsi,
çırpılır cahanın divarlarına.
Qələmim mənim əvəzimdə Allaha dua edir.
Öyrətdiklərini nə zaman anlayacaq ki, artıq öyrənir.
Yaşadım dünyanın hər çətinliyin.
Bilmədim heç kədərdimi, sevincdimi?
Soruş qələm, soruş.!
Tanrı məndən incidimi?!
Allah, Allah dünyanın işinə bir bax,
özüm gedə bilmədiyim yerlərə, gah,
Yazdığım sözlər, cümlələr gedir.
Mən hələ bilmirəm mənə nələr verilir?
Mən bilirəm məndən nələr gedir!
XXX
Su ömrün neçə dağ, silsilə aşdı
Sözlərin lal oldu, dilin dolaşdı
Yaşını soruşdum – gözün danışdı
İlləri gizlədən baxışların var.
Adım yurd salmışdı dodaqlarında
İndi dərdlərin gəzir ayaqlarında
Bir vaxt qəmzə batan yanaqlarında
Həsrətdən yol çəkən qırışların var.
Susqunluq içində yaşatdın yarı
Bir də göz açdın ki, ömürün yarı!
Kirpikdən asılan buz qırıqları
Ürəkdən tökülən yağışların var.
Buzların əriyər qarlı bağında
Ümid çiçək açar qüssə çağında
Gözlərin parıldar sabahlarında
Sevincə boyanan naxışların var.
XXX
İçimdə o qədər arzular gəzir.
Həqiqi dünyanın həsrətindədir.
Doğuşdan məhkumdur qaranlıqlara.
Çırpındı içimdə Azadlıq dedi.
Onu eşitdimi görən dünyalar?
Dünyanın içində yaşasam da mən,
İçimdə yaşayan başqa dünya var.
Sükutla danışan gizli bir Vətən!
Mənim arzularım daşdan yaranıb
Nə fırtına gücünə qovulub gedir.
Nə göz yaşlarına ovulub, gedir.
Evlənir arzularım bir – biri ilə
İlahi, nə gözəl arzular doğur.
Elə ki yetişir öz vüsalına
Azadlıq sevinci onları boğur.
Sizin reaksiyanız nədir?
Bəyən
5
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0