Ələddin Əzimli – Eşqdə əhli-vəfa şairi

Apr 15, 2026 - 19:56
 0  17
Ələddin Əzimli – Eşqdə əhli-vəfa şairi

Eşqsiz yaşayan donuq bir insan
İçini qurd yemiş boş bir ağacdır.
Əsrlər dolanır, dəyişir zaman,
Məhəbbət əbədi bir ehtiyacdır…
                      Səməd Vurğun

Böyük Cavidimiz də:

Eşqdən başqa hər nə varsa, əvət,
Tövbə, min tövbə, eylədim nifrət… deyərək,  bu əbədi ehtiyacı  qorumağa, qədrini bilməyə çağırmışdır. Ələddin müəllim də öz gözəl qəli ilə bu qədirşünaslığa varisliyini   sübut etməkdədir.

Ələddin müəllim həssas,  kövrək duyğulu  lirik şairdir. Onun poeziyası sənsizlik, həzin xatirələr, gecənin tənhalığı, sevgi və ayrılıq hissləri üzərində qurulub.  Amma  Ələddin müəllimin təsvirində  təbiət elementləri (çay, dəniz, ulduzlar, ay, qaranlıq)  səruni hissləri daha da gücləndirir, sanki ruhun iç dünyasını xarici aləmə köçürür.

Məsələn:“Sənin xatirinə” şeirində gecənin keçməsi, ulduzların batması, yarımçıq qalan sətir – hamısı itirilmiş sevginin ağrısını çox incə ifadə edir.  Adamın xatirinə məşhur türk təsəvvüf şairi Əhməd Yasavinin məşhur misrası düşür: “Eşqin şövqünə can verməyənin ömrü zay olar…”          

“Bu gecə” və “Kimsəsiz duyğular”da tənhalıq o qədər canlıdır ki, oxucu özünü o səssiz, dəniz qoxulu gecədə hiss edir.

“Qanımdasan” isə sevginin ən saf, bədənə-qana hopmuş halını – sanki həyatın özü olan bir varlığı tərənnüm edir.

“Adsız qayıq”da isə ümid və gözləmənin ağır yükü var: sahildə qalan, amma bir gün qayıdacaq ümidi…
 

Ona görə də Ələddin müəllimin  şeirlərində yaponlar demiş “Aşiq atəşə düşsə də yanmaz… “  

Ələddinmüəllimin şeirləri müasir Azərbaycan lirikasının ən yaxşı ənənələrini yaşadır: klassik duyğu dərinliyi, amma sadə, axıcı dil. Ələddin müəllim 1969-cu ildən (VII sinifdən!) başlayaraq 2024-cü ilə qədər (8-ci kitabına qədər) yaradıcılığını davam etdirir – bu cür  ömür yolu sözə böyük sədaqətdir!

Hörmətli Ələddin müəllim!

Sizin şeirləriniz – “Sənin xatirinə”nin yarımçıq son sətri, “Bu gecə”nin dəniz qoxulu tənhalığı, “Qanımdasan”ın qana hopmuş sevgisi, “Adsız qayıq”ın sahildə gözləyən ümidi – hamısı könüllərə sızan, ruhu silkələyən incilərdir.

55 ildən çoxdur ki, sözlərinizlə həzin gecələri işıqlandırır, sənsizliyə səs verir, sevgiyə ömür uzadırsınız.

Allah Sizə uzun ömür, möhkəm can sağlığı, yeni-yeni şeirlər üçün ilham versin.

Hörmətlə: Akif Əhmədov

Ələddin Əzimlinin şeirləri..

Sənin xatirinə

Bu günün
Günəşli gündüzünü
yola saldım,
gecəsini əzizlədim,
ulduzunu, Ayını da.
Oturub ağac altda
dinlədım
həzin-həzin axıb gedən
rahat,
şüşə kimi çayını da.
Gecə keçdi bilinmədən,
asta-asta,
məni dara çəkə-çəkə.
Ay da batdı suda,
ulduzlar da.
Qəmgin-qəmgin
qaranlığı vəsf elədim
bu şeirin
yarımçıq son sətri ilə,
yalnız
sənin xatirinə…

Bu gecə

Bu gecə
səbirsiz,
Hüzün lü, kimsəsiz,
Qılıqsız, hənirsiz.

Bu gecə
Dəniz qoxulu.
Elə bil
Barmaqlarımın ucu
Suya toxunur.

Bu gecə
Ulduzlar kimsəsiz,
Ay da kimsəsiz.
Hər şey tənha,
Hər şey sənsiz.

Kimsəsiz duyğular

Uçdu divarlar,
Aşdı, dağıldı,
Döyüləsi,
Açılası,
Bağlanası qapılar.
İtirdi rəngini
Buludlar,
Ağaclar.
Uçdu quşlar
Qaranlığı yara-yara,
Söylə səslənə-səslənə
Getdilər hara?
Duyğularım,
Qırıq-qırıq
Pərən-pərən,
Nəyə qısıldılar,
Sığındılar görən?

Sənsizlik

Sənsiz
Keçən günlərin
İşığı az,
Dərdi çox.
Bu dərddən, bu kədərdən
Hisslərim oyuq-oyuq.
Qarşıdan payız gəlir,
Dirəkdəki lampalar
Lap elə bizim kimi
Gözləşir soyuq-soyuq.
Qanımdasan

Bu dünyanın
Dadı sənsən,
Tamı sənsən.
Ürəyimin çırpıntısı
Qanı sənsən.
Gözlərimi açanda mən
Səhər-səhər
Görürəm ki,
Yanımdasan.
Bundan baha
Söylə görüm,
Nə istəyim
Səndən daha?

Qaranlıq

Bu da mən,
Sənin kölgən.
Sürünürəm arxanca.
Onda tələbə idim
İndi ahıllığın
Astanasındayam.
Hələlik yoldayam.

Adsız qayıq

Neçə gündür sahildəyəm,
yorulub ayaqlarım,
ruhum, düşüncələrim.
Çox ağır keçir gecələrim.
Nə vaxtdır toxunmur üzümə
sənin nəfəsin.
Geriyə – evə dönməyə
üzüm qalmayıb.
Bir yandan da
gözləməyə dözüm qalmayıb.
Gücüm bu sözlərə çatır:
Biz dənizə can atan çayıq.
Qayıdar geriyə bir gün
səni aparan,
məni gözlədən
o adsız qayıq.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0