Qotur göl - Zaur Bayramoğlunun hekayəsi
Yazıçı Ədəbiyyat Portalı Zaur Bayramoğlunun "Qotur göl" hekayəsini təqdim edir.
Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü.
Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün gündoğar sahili adamın ayağının altında qar kimi xırçıldayan şoranlıq, günbatar sahili boydan-boya qamışlıq idi.
Sanitar-epidemioloji mərkəzin günaşırı ağ “Niva” ilə gələn işçiləri gölün kənarında yaşayan küçə itlərini güllələyirdilər. Onlar getdikdən sonra başqa bir idarədən gələnlər itlərin cəsədlərini torbalara doldurub aparırdılar. Uşaqların haradansa öyrəndiyinə görə, itlərin cəsədlərini aparıb sümüyündən kley hazırlayırdılar. Bir də soyuq qış günlərində ovçular gəlirdi. Onlar balıqçı çəkməsi adlanan “L-1” şalvarı geyinib gölün kənarı ilə uzanan qamışlıqda qaşqaldaq ovlayırdılar.
Yayın qızmar vaxtlarında gölün suyu çəkilirdi. Ortadan üzə çıxan kəmər suyu ikiyə bölürdi. Uşaqlar ağappaq qara bənzəyən torpağın üstü ilə o tərəf-bu tərəfə qaçıb oynayırdılar. Çəpinə suya atdıqları ləpikləri kimin daha çox səkdirəcəyi barədə mübahisə edib yarışırdılar. Ləpik səkdirə bilməyənlər gölə atdıqları çınqılların yaratdığı ləpələrə baxıb əylənərdilər.
Sonra gölün ətrafında evlər, iaşə obyektləri tikildi. Yeni tikililərin çirkab suları birbaşa gölə axıdıldı. Daha yayda gölün suyu çəkilmədi. Gölün ortasındakı kəmər də görünmürdü. Ətrafda gülüb-oynayan uşaqlar da gözə dəymirdi. Onların şən qəhqəhələri, çığır-bağırları qeybə çəkilmişdi. Bir vaxt uşaqların ayaqlarının altında xırçıldayan duzlu torpaq yoxa çıxmışdı. Onun yerinə çirkablı lehmə yaranmışdı.
Evindən, həyətindən çıxan tullantıları dayanacaqdakı zibil qutularına qədər aparmağa ərinən tənbəl sakinlər qamışlıqda yaratdıqları zibilliyi gündən-günə bəsləyib-böyüdür, təpəciyə çevirirdilər. Divarlara yazılan allı-güllü söyüşlər zibilliyin böyüməsinin qarşısını ala bilmirdi. Yaxınlıqda yaşayanlar uşaqlardan güdükçü qoyur, əlində zibil torbası ilə tutulanları əməllicə danlayıb yola salırdılar. Amma nə zibil azalır, nə də zibillik təmizlənirdi.
Artıq nə sanitar-epidemioloji mərkəzin işçiləri, nə də ovçular gəlirdilər. Onların bu göldən də, qamışlıqdan da ayaqları kəsiləli çox olmuşdu.
Küçə itlərinin də sayı artmışdı. Zibilxananın ətrafında pırpız tüklü kök pişiklər peyda olmuşdular. Onlar zibillərin arasında yemək axtarır, elə özləri kimi kök siçovulları tutub yeyirdilər. Qamışlıqdan çıxan ağcaqanad sürüləri havanın sakit vaxtlarında zibilliyi keçib bulud kimi ətrafa yayılırdı.
Bu kənddə üç iri göl var idi. Qır gölü, Duz gölü və Qotur göl. Qır gölü yerin təkindən qır kimi qatı neft çıxıb dibinə yayıldığı üçün belə adlanırdı. Duz gölündən duz çıxarılırdı. Bu göldən çıxan duz yüz ilər boyu kənd camaatının dolanışıq mənbəyi olmuşdu. Ərə gedən qızlara verilən ən qiymətli cehiz bir metr duz sahəsi idi. Dəfələrlə duz sahəsinin üstündə dava-dalaş düşmüş, ağappaq duz al-qırmızı qana boyanmışdı. Ancaq indi daha nə duz çıxaran vardı, nə də duz yeri üstə bir-birini boğazlayan. Dövlət gölü çəpərə salıb yanında da duz emalı zavodu tikmişdi...
Qotur göldənsə heç nə çıxmırdı. Adi şor göl idi. Digər iki göl kimi Qotur göl də qrunt sularından qidalanırdı. bu gölə “Qotur” adını kim vermişdi, niyə vermişdi, bilinmirdi. Amma adı elə dədə-babadan belə idi.
Təyyarə ilə Bakıya gəlib-gedən dostlarının dediyinə görə, yuxarıdan baxanda qır gölü bənövşəyi, duz gölü isə çəhrayı rəngdə görünürmüş. Ancaq onun özü heç vaxt təyyarəyə minmədiyindən göllərə də yuxarıdan baxmamışdı. Duz gölünün yanından hər keçdikcə bu əhvalat yadına düşürdü. Ürəyində təyyarəyə minib bu iki gölə yuxarıdan, ta səmanın yeddinci qatından tamaşa eləmək üçün qarşısıalınmaz istək duyurdu.
Bir gün iritonnajlı yük maşınları göründü. Onlar gecə-gündüz haradansa daşıdıqları tullantıları gətirib gölün içinə boşaldırdılar. Sonra həmin maşınlar torpaq da gətirməyə başladılar.
Amma uzunluğu beş yüz, eni yüz əlli, dərinliyi dörd metrdən çox olan gölü doldurmaq asan iş deyildi.
İki il sonra gölün dörddə üçünü doldurub üzərində yüzlərcə ev tikmişdilər.
O, hələ də kirpiklərinin arasındakı ensiz pəncərədən qapqara suyun içindən damları görünən evlərə baxırdı.
Keçən il quraqlıq keçdiyindən göl sakinləri çətinliyə düşməmişdilər. Dörd ay öncə leysan yağdıqda ilk subasma yaşandı. Evlərə dolan su yarım metrdən çox qalxmışdı. O vaxt Fövqəladə Hallar Nazirliyinin işçiləri camaatı evlərindən qucaqlarında daşıyıb çıxararkən indi dayandığı yerdən boylanıb baxmışdı.
Neçə il idi ki, gölün yaxınlığında yaşayanlar yığışıb Bələdiyyəyə, İcra Hakimiyyətinə gedir, şikayətlərini ard-arda sıralayırdılar:
- Məhəlləyə yaxın yerlərə zibil qabları qoyun ki, camaat evindən çıxan zir-zibili torba-torba daşıyıb qamışlığa doldurmasın. İtlərin əlindən uşaqları küçəyə buraxa bilmirik. O günü Cəfərin oğlunu küçə itləri parçalayırmış, güclə əllərindən alıblar. Gölə axan çirkab sularına bir əlac edin. Üfunətdən başımız çatlayır. Qamışlığı dərmanlayın, ağcaqanadların əlindən nə gecəmiz var, nə gündüzümüz.
Sonra camaat fikirləşdi ki, Bələdiyyəyə gəlmişkən elə biryolluq gölün qurudulmasını tələb etsinlər. Amma baxdılar ki, bu boyda gölü qurutmaq bələdiyyəlik deyiil, başladılar yuxarıların diqqətini çəkmək üçün yollar axtarmağa. Yolu kəsdilər. Sosial mediada videoçarxlar paylaşıb hay-küy saldılar.
Nəhayət, bir pullu işbaz İcra Hakimiyyətinə gedib yerində ev tikib-satmaq qarşılığında gölü quruda biləcəyini bildirib müqavilə imzaladı. Deyirdilər ki, həmən işbaz göl doldurmaqda təcrübəli imiş. Daha öncə Qır gölünü də elə o qurudubmuş...
Keçən günləri xatırlayıb başını bulayırdı.
“Şaqman”larla haradansa daşıyıb gətirdikləri zir-zibili gölə doldurdular. Onun üstünə köhnə təkərləri tökdülər. Ən sonda təpələrdən oyub gətirdikləri torpağı traktorla yayıb hamarladılar. Gölün torpaqlanıb doldurulmuş hissəsini kərpic dəftərlər kimi asfalt yollarla böldülər. İp tutub him açdılar. İki kərpici beş santım aralı qoyub ipboyu düzdülər. Sonra da arasına sement tökdülər. Bu da oldu evin bünövrəsi. O bünövrələrin də üzərində ikiqatlı evlər tikdilər... Dar həyətli, arxa-arxaya söykənmiş evlər...
Hovxurub qırtlağında topladığı tüpürcəyi gölü doldurub yerində evləri tikən şirkətin rəhbərinin üzünə tüpürdü....
– Belə alçaqlıq olar ə? Utanmırsan, bu qədər camaatı aldadıb ətək-ətək pulunu almısan. Əvəzində satdığın evlərə bir bax. Hamısının üstü bəzək, içi təzəkdir. Yerdən-yurddan sular çəkilsin, evlərin hamısı böyrünü verəcək yerə. Bu qədər adamın ah-naləsini alıb necə can verəcəksən ə, sən? – deyə danlamışdı.
Qarşısındakı adam cibindən çıxardığı yaylıqla pazı kimi qızarmış sifətindən tüpürcəyi silərkən qulağının dibindən tutarlı bir sillə ilişdirib qovmuşdu:
– Rədd ol gözüm görməsin, əclaf köpəkoğlu!
Xəyalında da olsa, göl sakinlərinin acığını almışdı.
O vaxt gölün suyu çəkilib getdi. Evlərdən də uçan olmadı. Amma indi vəziyyət dörd ay öncəki kimi deyildi. Göl əməlli-başlı dolmuşdu. Ən az iki metr su olardı. məhəllə sakinlərinin və gölətrafı iaşə müəsisələrinin kanalizasiyalarının axıdıldığı hovuzun nasosları da suyun altında qaldığından çalışmırdı. Hovuz dolub-daşır, çirkab su yağmur sularına qarışaraq iyrənc görüntü yaradırdı. Qapqara, zibilli, çirkli görüntü.... Dünəndən Fövqaladə Hallar Nazirliyinin işçilərinin gətirib quraşdırdığı nasos fasiləsiz işləsə də, su nə azalır, nə də çəkilirdi. Göz qapaqlarını araladı. Kirpiklərinin arasından asfalt rəngli suya baxa-baxa: “Göl geri qayıtmaq istəyir, insanlar imkan vermir. Görəsən, bu mübarizədə kim qalib gələcək? Təbiət, yoxsa acgöz insanlar?” – deyə düşünürdü...
Sizin reaksiyanız nədir?
Bəyən
3
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0