Nə ömür bir quşdur, nə ölüm laçın - Zahid Sarıtorpağın şeirləri

Apr 15, 2026 - 17:18
 0  26
Nə ömür bir quşdur, nə ölüm laçın - Zahid Sarıtorpağın şeirləri

Yazıçı Ədəbiyyat Portalı tanınmış şair Zahid Sarıtorpağın şeirlərini təqdim edir.

* * *
ömür şütüyür... bilmirsən
gün ötür, yoxsa ay keçir.
Elə bil dar bir dalandan
köhnə bir tramvay keçir.

Göyün yeddinci qatında
kimsə Söz deyir adımdan...
Nədən könlümün çatından
O-na oxşar haray keçir...

Dərd yürüşüdü, ya səlib?
Can bayraq kimi dikəlib.
...Ölüm də çırmanıb gəlib–
zalım elə bil çay keçir...

***
aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı

ay boşuna sürünən yol
haqqa sarı ərinən yol
ay gözümə dirənən yol
yol varmı gözdən aşağı

dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı

ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı

Söz öndədi biz geriyik
ona son anda gərəyik
biz hər cür səsdən diriyik
ölüyük Sözdən aşağı

***
köçən durna geri dönməz köçündən...
geri dönmə heç haraydan, heç ündən.
əl uzadıb yüz çiçəyin içindən,
mən daha dərdiyimi dərmişəm...

qaçırmışam gözümdəki mürgünü,
uçurmuşam fələk hörən hörgünü.
qoymaram ki hədər gedə bir günüm,
küləklərə verdiyimi vermişəm.

əvvəl-axır üstələyir yaz qışı,
geri dönür hər budağın öz quşu.
get sənə də nəğmə hörüm, söz qoşum,
saçlarına hördüyümü hörmüşəm.

mənə qalsın bu od-ocaq sevgimiz,
ömrü boyu boy atacaq sevgimiz,
get... səni də oyadacaq sevgimiz,
mən sevgidə gördüyümü görmüşəm...
1979, 12 dekabr

Faniliyə qıyqacı baxış

Dirənər kağızda qələm haqq sözə,
nə irəli gedər, nə geri gedər.
Saxlasan zamanın arabasını,
oxundan çıxıb da təkəri gedər.

Sevgisiz adamın yoxdu pənahı…
Qarsar yarpaqları kül edər ahı.
O, səltənət qurar – nökəri, şahı…
şahı perik düşər, nökəri gedər.

Ölsə, deyən olmaz qayıt geriyə,
olubmu tabutdan düşüb yeriyən?
baxar aşiqinə, baxıb əriyər
qorxar biri qalsa, digəri gedər...

bilər ki heç nəyə dəyməz göz yaşı,.
bu dünya deyilən naşıdır, naşı...
aşiqinin eşqdən ayılmaz başı,
gedəndə həmişə bekarı gedər...

Bilər ki, ölümə aşiq olunca,
gora əsən başı düşər balınca.
Xəzər yarpaq kimi uçar dalınca
ardınca Kür, Araz, Həkəri gedər…
1982

* * *
quşlar perik düşdü son şeirimdən
sözlər bircə-bircə qopub yıxıldı
ölüm bədahətən çəkdi adımı,
sən elə bildin ki, dünya dağıldı...

sonra bir qarışqa keçdi önündən
gördün ki, dən nədi? - məni sürüyür...
mənsə pıçıldadım astadan o dəm
"sən boylan yuxarı... gör nə görünür..."

baxsan da nə görə bilərdin axı
uçuq misralardan, məndən savayı...
... ovcunda bircə dən var idi... amma
yerdə qarışqanın yox idi sayı...

hələ arılar da uçub gəlirdi
amma Gül deyilən solmuşdu çoxdan...
... öpsəm də mən Onun ayaqlarını
yox... gəlmir şeirimə, gəlmir o vaxtdan...

* * *

ruhumun, canımın şah sarayını
tikən də özüməm, sökən də özüm.
heç kim eşitməyən hay-harayımın
önündə dizimi bükən də özüm…

deyirlər inanma torpağa, suya
hər şey düzələcək belədə guya…
…hər gün itələyib zülmət quyuya
əl atıb özümü çəkən də özüm…

nə ömür bir quşdur, nə ölüm laçın
gərdişə gülənin yoxdur əlacı…
…ölsəm, çiçək açan hər bir ağacın
gizlincə dirilləm  kökündə özüm…

qara olanı da mən ağ sayıram
beləcə haqqı da günahlayıram…
sanıram  hamıya gün ağlayıram
bir gör nə gündəyəm, nə gündə özüm…


* * *
demədiyi sözlərinin içində
yalqızlığı tüstüləyir adamın…
bilən varmı? desin biz də qoy bilək
ömür adlı köhnə damdan nə damır?

topuğacan suya girmək hələ ki,
ayaqlamaq deyil heç də dənizi.
bir “hu!..” desə dodağı da alışar
köhnə ölər doğulunca yenisi…

“köçən hara köç elədi?” sualı
ömrə, günə hörülsə də – cavab yox…
köhnəsi də təzəsi də bilinmir
nə ölüdə, nə diridə savab yox…

bu sızıltı uzaq başı neyləyər? –
olsa, olsa cırmaqlayar gecəni
sən gözünü zillə göyün üzünə
guya orda görəcəksən köçəni…

kimliyini anlayınca duyarsan,
at nalında mıx yeri tək için boş
dağa-daşa çırpılan da özünsən
baş ayıqdı – nə sərxoşdu, nə meyxoş…

hayqırarsan: "mən də, mən də varam haa..."
bir kimsədən cavab gəlməz səsinə.
üzün olmaz bir də qiyam etməyə
tüpürərsən güzgüdəki üzünə…

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0