Özünə baş tacı sananım mənim - Abuzər Turanın şeirləri
Yazıçı Ədəbiyyat Portalı AYB-nin Moskva bölməsinin sədri, alim-şair Abuzər Turanın (Abuzər Bağırov) şeirlərini təqdim edir.
Görmədim
Bir loxma çörəyə əyilən kəsi
Qəddini düzəldib gəzən görmədim.
Ədalət boğulub, batanda səsi,
Bais xirtdəyini üzən görmədim.
Dərd üstünə qalaq-qalaq dərd gələr,
Bəxt yatanda mələk göydən daş ələr,
Bədniyyətin hiylə sözü qəlb dələr,
Alov püskürəni əzən görmədim.
Halallıq yolunda can qoyanları,
Tamaha tət deyib, tez doyanları,
Haramın gözünü hey oyanları
Yağ-bal ümmanında üzən görmədim.
Abuzər, qəm yükü belini əyib,
Zalım fələk yaman xətrinə dəyib,
Kürəyini dərdi-sərə söykəyib,
Heç səni şıdırğı süzən görmədim.
31.01.2026
Göz yaşları
Göz yaşları qəlbin acı suyudur,
Axıtsan, azalar kədərin, qəmin.
Könül mülkü dərd-sər dolu quyudur,
Gün ağla, batmasın dəryada gəmin.
Göz yaşları çeşmə kimi çağlasa,
Yuyular, durular ruhu hər kəsin.
Pak insanın içi yara bağlasa,
Yapışın yaxamdan, dilimi kəsin.
Göz yaşları min davaya dərmandı,
Təskinlik gətirər, toxtaqlıq verər.
Tez kövrəlib omaxşımaq yamandı,
Adama əl altdan sərdabə hörər.
Göz yaşları bıldır-bıldır axanda,
Hönkürtü dil deyər, ağı söyləyər.
Möhnət yükü ürəkləri yaxanda,
Təsəlli əl atıb, imdad eyləyər.
Göz yaşları leysan olsun arabir,
Arınıb, yurdumuz cənnətə dönsün.
Abuzərə Vətən müqəddəs pirdir,
Xəyanət edənin çırağı sönsün.
11.04.2026
Mənim
İsminin ətrindən bihuş oluram,
Bircə gün görməsəm gültək soluram,
Bulud olub, boşalıram, doluram,
Xəstəyə can verən cananım mənim,
Ürəkdən halıma yananım mənim.
İllər qalaqlanıb, qalxsa belimə,
Qəddim əyib, çəlik versə əlimə,
Kürmək salıb, düyün vursa dilimə,
Gözümdən mətləbi qananım mənim,
Özünə baş tacı sananım mənim.
Qayğıkeş anasan, ay gözəl insan,
Səmimi qəlbin var, yara mehriban,
Keşik çəkdin ocağıma hər zaman,
Zirdələyən yaxşı-yamanım mənim,
Ağrı-acısını dananım mənim.
Qayğı, kədər başdan aşıb çoxalsa,
Toqqa altı tək bircə yol toxalsa,
Var-dövlətim, şan-şöhrətim yox olsa,
Adımı izzətnən ananım mənim,
Sədaqət məbədim, imanım mənim,
İnanc qibləgahım, gümanım mənim!
01.02.2012
Tanrım
Günahkaram bəlkə, ulu Yaradan?!
Əridirsən istəklimi şam kimi.
Su tökürsən ocağıma durmadan,
Yamanca dartırsan gərilən simi.
Zülmünün yoxuymuş hüdudu-həddi,
Söküb bərbad qoydun sağlam canını.
Dizləri titrəyir, əyilir qəddi,
Yazıq şəfa sanır ölüm anını.
Gecə-gündüz qulluğunda dursam da,
Dava-dərman biçarəni bezdirir.
Gülüşdən, şuxluqdan saray qursam da,
Dəhşətli fəlakət özün sezdirir.
Ana məhəbbəti, ana qayğısı
Oğlumu, qızımı səfərbər edir.
Məlhəmdi dərdinə övlad sayğısı,
Toy görmək arzusu əlindən gedir.
Tanrım, inayət qıl xəstə bəndənə,
Göstər möcüzəni, şəfa ver ona.
Duaçıdır hər an Abuzər sənə,
Dirçəliş bəxş eylə gültək solana.
27.08.2024
Aman fələk
Aman fələk, nə durmusan qəsdimə,
Dağ üstündən dağlayırsan sinəmi?
Əl çəkmirsən, hey dəyirsən şəstimə,
Ağlar qoydun mən yazığı, yenəmi?!
Gəncliyimdə aldın əldən yarımı,
Nakam getdi bu dünyadan sevgilim.
Qismətimdi hər nəsnənin yarımı,
Kim qarğayıb, tilsimləyib, nə bilim?!
Qoydun övlad tabutu da çiynimə,
Cavan oğul gömdüm qara torpağa.
Qəm libası geydim daim əynimə,
Qaxaclanıb döndüm quru yarpağa.
Gecə-gündüz gah ağladım, gah doldum,
Kərəminə yenə dua oxudum.
Ey süd əmmiş bir gözələ tuş oldum,
Məhəbbətdən təzə xalı toxudum.
Oldum oğul, qız atası, şükr etdim,
Baş endirdim, səcdə qıldım min kərə.
Ömrü boyu şərdən qaçıb, düz getdim,
Halal, hümmət toxum səpdim hər yerə.
Əzrayıla qismət etdin gülümü,
Yetmiş yaşda tənha qoydun bəndəni.
Bir az ləngit mənə gələn ölümü,
Betərindən saxla, Rəbbim, sən məni.
Qurban olum, nə salmısan vurhavur,
Abuzər də, Tanrım, özcə balandı!
Rəhmin gəlsin, az döyəclə, dayan, dur,
Fani dünya sonda kimə qalandı?!
15.05.2025
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0