Qırqovul meşəsinin sərçələri - Yeni hekayə

Apr 29, 2026 - 12:12
 0  7
Qırqovul meşəsinin sərçələri - Yeni hekayə

Yazıçı Ədəbiyyat Portalı Ruzbeh Məmmədin “Qırqovul meşəsinin sərçələri” adlı yeni hekayəsini təqdim edir.

Kənddə beş-altı uşaq hər gün yığışıb bir oyun oynayırdıq. Həmişə də oyun dava ilə bitirdi. Ən böyüyümüzün adı Davud idi, çox əclaf və əliəyri uşaq idi. Yaşca böyük, ağılca ən balacamız. Hər nə zibil var idisə, onun başının altından çıxırdı.

Uşaqları bir yerə həmişə Davud yığırdı. Bəzən yığışıb bağlara girirdik. Kənd bağlarında yetişməyə meyvə qoymazdıq. Oğurluq planı qurmaqda isə Cabirə çatan yox idi. Cabir, Davud, Şahin, Mehdi və mən bir yerdəyiksə, mütləq bir hadisə baş verirdi.

Davudu kənddə həm də it-pişik azdıran kimi tanıyırdılar. Kim pişiyini azdırmaq istəsə, onu çağırırdı. İti balalayanlar Davuda deyirdilər ki, apar bu küçükləri at dərəyə. Davud belə işləri nəsə almamış yerinə yetirməzdi. Heç kim narazılıq etmirdi. Heyvanların qənimi Davud da özünə ürək-dirək verirdi  ki, cücə tutan pişiyi azdırmaq yaxşı işdir. Bivecliyinə  haqq qazandırmağın yolunu tapmışdı.

Görəsən, mən niyə o uşaqlara qoşulmuşdum? Bic vələduzna Davud həmişə ortalığa bir fikir atıb marağımı çəkirdi.

Bir gün başa düşdüm ki, onların həndəvərində olmalı deyiləm. Atamın sözüydü, ötüb-keçib deyirdi: “Uzaq gəz o hoqqabazdan”. Çünki, atam savadlı, görüb-götürmüş, oxumuş adam idi. Ev dolusu kitabı vardı, mən isə birinin də  üzünü açmamışdım. Atam necə hirslənməyəydi? Sanki  nəsə məni, qorunan taxıl zəmisinə soxulmağa can atan heyvan kimi o uşaqların yanına çəkirdi. O avaralarla vaxt keçirmək xoşuma gəlirdi. Mənə elə gəlirdi, atam bunu başa düşmür. Ona oxşamağımı, onun kimi olmağımı gözləyir, uşaqlığımı, həvəsimi nəzərə almır.

Amma bir gün o həvəs gözlənilmədən, həm də dərindən sarsıldı. Elə bil, içimdəki uşaq öldü, diriləndə isə xeyli yekəlmişdi.

Payız günlərindən birində Davud Şahinlə birləşib sözləşmişdilər ki, sərçə tutmağa getsinlər. Cabir də bunu eşidib Mehdiyə xəbər etmişdi. Birlikdə Qırqovul meşəsinə yollanmışdılar.  Məndən gizlin. Onların sərçə tutmağa getməsindən xəbərsiz olsam da, özüm də meşədəydim, inəyimizi axtarmağa çıxmışdım. Davudun səsini eşidib duruxdum:

– Sərçələr özlərini lap göyərçin kimi aparır ha. Gah budağa qonur, gah hoppanıb yerə düşür. Necə zəlil qalmışam bunların  əlində. Ay sərçə, harana yaraşır, sən göyərçin deyilsən axı. ?

Bir az susdu. Sonra yenə səsi gəldi:

– Dostlar, bilirdiniz ki, sərçələr həm də yeməlidir? Amma ev sərçələri. Meşədə yaşayan sərçələrin əti murdardır.

Dalıyca nəyəsə gülüşdülər.

Şahin dilləndi:

– Davud, sən necə xəbərçi adam imişsən. Guya Cabirlə Mehdinin xəbəri olmayacaqdı. Bizdən qabaq gəliblər. Daha bir yerdə gələrdik də. Sənin yalançı olmağına da gərək öyrəşək.

Davud özünü o yerə qoymadı:

– Şahin, onlar it kimi iy bilirlər, məndə günah yoxdur.

Yenə gülüşdülər. Davudun səsi gəldi:

– İndi ki hamımız buradayıq, gəlin,  sərçələrə toy edək. Hamımız deyirəm ey, Xəlil  yoxdur.

Məni deyirdi.

Mehdi dilləndi:

– Yaxşı ki, yoxdur. Xəlil bizlə ayaqlaşa bilmir. Ürəyi çox yumşaqdır. İtə daş atırsan, deyir, it sadiq heyvandır. Göyərçin tutursan, deyir, müqəddəsdir. Yaxşı, bəs nə edək? İlan tutaq?

Davud hırıldadı:

– İlanı da tutsaq deyəcək, ilan yazıqdır. İlandan da yazıq çıxar?

Bayaqdan ayaqlarımı çör-çöpə yavaş basmışdım ki, eşidilməsin. Amma ağacların yarpaqları qulağıma dəyib məni əsəbiləşdirirdi. Az qalırdıl, çıxıb bunları söyəm. Amma hələ səbr edirdim.

Bir-iki dəqiqəlik sakitlikdən sonra yenidən Davudun sevincək səsi eşidildi:

– Bu gözləri balaca, ayaqları çöp sərçəni görürsünüz? Özünü ağıllı sayırdı. Anasını ağlatdım. Bir həmlədə tutdum.

Şahinin cavabı eşidildi:

– Davud, sən də sərçə tutmaqda it kimisən ha.

Yenidən gülüşdülər. Ürəyim bulanan kimi oldu, səbrim daralmışdı. Olduğum yerdən çıxdım:

– Sərçələri öldürməyin! Öldürməyin! Adam zalım olmaz! Sərçələri niyə öldürürsünüz?

Səsə səksəndilər. Davud hirslənmişdi:

– Xəlili aparıb azdırırsan da qayıdıb gələr. İt yox ey, ev pişiyi kimidir. Apar azdır, səndən qabaq gəlib çıxsın.

Uşaqlara yaxınlaşdım. Davudun əlində sərçə vardı. İki balaca sərçə. Birdən balacası qanad çalıb ovcundan çıxdı. Qalxdı göyə. Uçub girdi meşəyə. Budaqdan-budağa qonub gözdən itdi. Cabirlə Mehdi güldü.

Şahin isə əlindəki sərçəni göyə qaldırdı:

– Özümdən zirəyi yoxdu da… – Bununla həm lovğalanır, həm də Davuda lağ edirdi.

– Davud, Xəlillə çənə döydün, sərçən də getdi evinizin damına. Nənən yuyan paltarları batırmağa. – Şitəşdi.

– Ha-ha-ha… Davud, ay Davud, sərçən nooldu, ay Davud?

Gözlərimi Davudun ovcundakı sərçədən çəkə bilmirdim. Sərçənin ürəyinin ritminə uyğun çırpınır, xilas olmağa çalışırdı.  Xəyalımdan keçirdim ki, cumum Davudun üstünə, məcbur edim, sərçəni buraxsın. Amma fikrimdən daşındım, məndən cüssəli idi, kobud əllərini işə salıb barmaqlarımı qırardı. Yalvarmağa başladım:

– Davud, qurban olum, o sərçəni burax. O sərçəni buraxsan, söz verirəm, sənə öz bağımızdan meyvə yığıb verəcəyəm. Özü də ən saflarından ha. Özüm ölüm, çox xoşuna gələr.

Şahin Cabirə baxıb güldü:

– Vallah, bu başını itirib. Heyvan qoruyan olub. Sən nə səy adamsan, ay Xəlil? Sərçə sənin nəyindi?

Mehdi araya söz atdı:

– Xəlil, olar ki, meyvəni yığıb mənə verərsən? Mən də öz payıma sərçə tutmaram. Qoy sənin xətrinə kef eləsinlər.

Davud bu söhbəti gülüşlə yola verib dilləndi:

– Xəlil, səncə, mən neynəyəcəm bu sərçəni?

– Bilmirəm, – dedim.

– Necə yəni bilmirəm? Dolamısan məni? Bilmirəm nədi? Bəyəm sən bilmirsən ki, Davud tutduğunu buraxmır?

– Dolamamışam, sənin ürəyindən nə keçdiyini mən hardan bilim?

– Hə, bilmirsənsə deyim. Bilməmək eyib deyil, ürəyiyumşaq Xəlil.

Yanımızdakılar Davudun istehzasına  irişdilər. Elə bu vaxt ciyilti qopdu. Davud sərçənin boğazını dartıb üzdü.

Uşaqlar gülüşdülər.

– Halal olsun, Davud, ürəyə bax ey!

– Sən adam da öldürərsən, kişi adamsan!

– Kişi gərək ürəkli ola!

Bir anlıq yerimdə donub qaldım. Özümdən asılı olmadan yumruqlarımı sıxdım. Boğazım düyünləndi. Başa düşdüm ki, heç nə edə bilmərəm. Onlar çox, mən isə tək idim. Üzlərinə pis-pis baxmaqdan başqa əlimdən heç nə gəlmədi.

Bütün yolu qaça-qaça geri qayıtdım. Budaqlar üz-gözümə çırpılır, mən isə qəzəbdən başqa heç nə hiss etmirdim.

Bir də onlarla görüşmədim. Bilirdim ki, yenə tez-tez  Qırqovul meşəsinə gedir, sərçə tutub öldürürlər. Amma sərçələr də onları tanımağa başlamışdılar. Meşəyə yaxınlaşdıqlarını hiss edən kimi cikkildəyib haray-həşir salır, uçub uzaqlaşırdılar.

Bizim evin damında neçə sərçə yuva qurmuşdu. Mən isə bunu hamıdan gizlədirdim…(daha.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0