Qismət - Dərya Qılıcın hekayəsi

Apr 26, 2026 - 17:02
 0  2
Qismət - Dərya Qılıcın hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Dərya Qılıcın "Qismət" hekayəsini təqdim edir.

 Səhər açılandan yağan yağış səngimək bilmirdi. Onsuz da Raufun heç yerə getməyə həvəsi yox idi. Yağış da bir yandan kefini pozurdu. Gödəkcəsini əlinə alıb pəncərəyə yaxınlaşdı. Adətən yağış başlayanda külək kəsərdi. İndi külək ağacların budaqlarını az qala yerə çırpırdı. Küçədəki insanlar çırpanağın əlindən üzlərini tez-tez arxaya çevirməli olurdu.Havaya baxıb getmək fikrindən daşındı.Qayıdıb gödəkcəsini yerindən asmaq istəyirdi ki, telefonuna zəng gəldi ,dayısı idi. Kişinin səsi otağa yayıldı: 

  Nə oldu, harada qaldın?

 O,düşünmədən gəlirəm,deyib geyinməyə başladı.

 Anasının çoxdan bəri tapdığı qızla görüşə gedirdi. Əslində qızı tanımırdı. Anası “Qız əldən çıxacaq,”-deyib əl çəkmirdi. Dəfələrlə desə də Rauf hər dəfə bir bəhanə ilə aradan çıxmışdı. Həcər xanım indi bu işi qardaşı Həmidin boynuna qoymuşdu. Universitetdə dərslər bitirdi. Əgər bu günlərdə qızı görməsə sonra görmək çətin olacaqdı. Nədənsə anasının təqdimatından xoşu gəlmirdi. Qadın bir kəlmə də olsun qızdan danışmırdı. Durmadan atasının vəzifəsindən, anasının qızıllarıdan, getdikləri xarici ölkələrin sayından, maşınlarının markasından danışırdı. Yeri gəlsə qızgilin itinin adından, ona olunan xüsusi xidmətdən söz salırdı. Qız haqqında kəlmə olsun söz salmırdı. Soruşanda isə “Elə adamın qızı necə olmalıdır?”-deyirdi.

 Nəhayət bu yağışlı, küləkli bahar günündə dayısı ilə birləşib qızı görməyə getdi. Universitetin qarşısına çatıb maşını saxladı . Yağış da külək də səngimişdi. Raufun sakit dayandığını görən dayısı saata baxıb dedi:

- Beş ,on dəqiqədən sonra Mərcan qızla bizə yaxınlaşacaq. Düşüb hal - əhval tutarıq , sən də qızı görərsən. Rauf dodağının altında nə isə mızıldanıb qapını açıb maşında düşdü. Yağış tam kəsmişdi .Siqaret yandırıb ətrafa boylandı. Mərcan dayısının həyat yoldaşı idi. Mərcanın bu qızla nə əlaqəsi var?-deyə sual vermək istədi. Dərhal da fikrindən yayındı. Kim bilsin nə uyduracaq ,deyə düşündü. Həmid nələrsə danışırdı. Oğlanın onu dinləməyə həvəsi yox idi. Fikri dağınıq olduğu üçün nə düşündüyünü özü də bilmirdi. Beş dəqiqədən sonra Mərcanın səsini eşidib arxaya döndü. Donub yerində qaldı. Salam verməyi unudub qıza baxırdı. Sanki kabus görmüşdü. Üzündə ifadə donub qalmışdı. Ona elə gəldi ki, qız sifətinə maska taxıb.İfadə olmayan yekə sifətində gözə ilk çarpan dodaqları idi. O da demək olar ki, qapqara boya ilə boyanmışdı. Linza taxılmış gözləri qıza İlan kimi soyuq bir görkəm vermişdi. Qısa paltar, uzunboğaz çəkmədə geyinmişdi. Gözə dəyən çəkmə idi. Paltar demək olar ki, yox idi. Qız gözünün ucu ilə Raufa baxıb üzünü çevirdi. O, Mərcanın nə dediyini eşitmirdi. Tək bir şey düşünürdü .Görəsən anam bu qızı görüb? Düşündükcə ürəyi sıxılırdı. Qıza deyil anasına açığı tuturdu. Qadının pula həris olduğunu bilirdi. Daha bu qədər də deyil. İndi onu yalnız anası narahat edirdi. Kaş gəlib hədsiz çirkin , amma təbii birini görəydim,-deyə düşünürdü. Nəhayət Həmidlə Mərcan qızdan ayrilib maşına oturdular. Rauf çoxdan sükanın arxasına keçmişdi. Hirsindən dil -dodağını çeynəsə də bir söz demirdi. Desə daha çox hirslənəcəyini bildiyi üçün susdu. Maşında günahkar adam kim heç kim səsini çıxartmadı. Əsl mərəkə evdə başladı. Həmid bacısı oğluna tərəf çıxsa da araya çox girmək istəmirdi. Raufun sözlərinin çox ağır olduğunu düşünürdü. Həcər xanım qətiyyən oğlu ilə razılaşmaq istəmirdi. İndi dəb belədir,-deyirdi. Rauf anasının sözünü yarıda kəsib dedi:

 Ana, sən onu görmüsən?

 Həcər xanım hikkə ilə dedi : 

 Əlbəttə! Anası ilə idmanda tanış olmuşam. Bilirsən atası necə varlıdır? Evin tək uşağıdır. Bütün sərvət onundur, şəklini görüb bəyəniblər. Qismətindən niyə qaçırsan?

 Raufun ürəyi bulandı. Anasının sözlərinə nifrət edirdi. O, birdən var səsi ilə bağırıb dedi:

  Mənə lazım deyil, zəhləm getdi o qızdan. 

 Qapını çırpıb evdən çıxdı. Həmin gündən anasının üzünə baxa bilmirdi. Bu söhbətə, dava -dalaşa atası Oktay son qoydu. Həcərə açıqlanıb bir də Ülkərin adını bu evdə eşitməyim,-dedi. Rauf demək olar ki, hər gün anası ilə davasını yadına salanda dayanacaqda gördüyü ağ ködəkçəli qızı xatırlayırdı. Onun kim olduğunu bilmirdi. Tək bir dəfə maşınla ötəndə təsadüfən qızla göz-gözə gəlmişdi. Belə olacağını bilsə maşından düşüb maraqlanardı . Qızın dayanacaqdan çıxıb bir dəfəlik ürəyində özünə yer eyləyəcəyi ağlına gəlməmişdi. O gündən bəri onu unuda bilmirdi. Dəfələrlə həmin saatda gəlib dayanacaqda gözləmişdi. Yenə gözləyirdi, amma qız filan yox idi.  

      Axtarış yaya qədər davam etdi. Əslində dənizi , bağı çox sevən Rauf yayın bitməyini səbirsizliklə gözləyirdi. Şəhərə gələn kimi yenə dayanacağa gəlib qızı tapmaq haqqında düşünürdü. Son günlər ürəyi sıxılırdı. Günorta olduğu üçün hava çox isti idi. Buna baxmayaraq sahilə endi. Evlərindən bir az aralanmışdı ki, gözünə inana bilmədi. Kiçik ensiz qapının önündə iki qız dayanmışdı. Aman Allah , ağ gödəkçəli qız, deyə dodağının altında mızıldadı. Bir az arxaya çəkilib budaqları yola tərəf əyilən əncir ağacının dibində dayandı. Ürəyi nanə yarpağı kimi əsən oğlan diqqətlə baxıb göy donlu qızın həmin qız olduğuna tam əmin oldu. Qız doğrudan çox gözəl idi. Uca boylu , zərif bədənli, mələk kimi məsum sifətli qızın haqqında iki -üç gün ərzində tam məlumat topladı. Aişə adlı qız kollecdə oxuyurmuş . Atası sürücü, anası evdar qadın idi. Onunla tanış olmaq elə də çətin olmadı. Bir necə gün evlərinin yanında durub qızın diqqətini cəlb edə bildi. Qəribəsi o idi ki, dayanacaqda durarkən yoldan ötən maşındakı oğlanın dayanıb ona baxdığını qız da xatırlayırdı. Bununla Raufun həyatında günəş doğdu. Yayın bitməsini istəmirdi. Aişəgil də şəhərə qayıtmalı idi. Burada babasından qalma kiçik , iki otaqlı evi olan bağları var idi. Havaların çox isti keçməyinə görə şəhərə qayıtmaqları ləngimişdi. Gününü Aişə ilə keçirirdi, xoşbəxt idi. Hələ də qızı tapdığına inana bilmirdi. Bunu Allahın qisməti sayırdı. Amma xoş günlərinin arasında qara yellər əsirdi. Həcər vaxtaşırı Ülkərdən söhbət salıb ,ağızdolusu atasının var - dövlətindən bəhs edirdi. Nə olur olsun oğlunu yola gətirməyə çalışırdı. Ya da bir başqa varlı qız tapmaq haqqında düşünürdü. Anasının istəyinə daha doğrusu tamahına nifrət edən Raufun Aışədən başqa heç kimə baxmaq fikri yox idi. Qurduğu xəyallarla yaşayır, sevincdən qanad açıb uçurdu. Hələlik Aişə haqqında heç nə demək istəməsə də Həcər axır vaxtlar çox xoşbəxt görünən oğlunun sevgilisi olduğunu öyrəndi. Xəbər Həcər xanımı dəli etdi. Artıq davaların ardı -arası kəsilmirdi. 

 Aradan bir ilə yaxın vaxt ötdü. Hər kəs öz fikrində qalmışdı. Bir səhər evdən çıxanda Həcər xanım son sözünü deyib qapıdan çıxdı. O, var səsi ilə bağırıb dedi: 

  Aişə nəinki mənim evimə, həndəvərimə yaxın gələ bilməz!

  Rauf qapıdan çıxan anasının arxasınca baxıb cavab verə bilmədi . Çünki qadın çoxdan getmişdi.Həcər xanım fikrindən dönmədi. Hər gün yeni qız şəkli ilə gəlib oğlunun yeyib -içdiyini zəhər edirdi. Axirıncı dəfə o, telefonda olan şəkli oğluna göstərib yeni qızın gözəl və varlı olduğundan bəhs edirdi. Rauf isə Ayışə ilə olan son söhbətini xatırlayırdı. 

 Aişə, mənimlə kirayə evə gedərsən ?

  Rauf, səninlə ölümə də gedərəm.Sən olan yer mənim üçün cənnətdir , dünyanın ən gözəl yeridir.

 Aişənin səsi qulağına gəlirdi. Birdən yerində dik atılıb anasının sözünü yarıda kəsib dedi:

  Bəsdir! Mən Aişədən başqa heç kimi alan deyiləm. Bu evdən həmişəlik gedirəm.Onunla ailə qurub kirayədə qalacam.

Pilləkənləri enəndə anasının səsi bloka yayılmışdı:

Maşını qaraja qoy, get. Maşını sənə Aişənin atası almayıb.

Söz ona güllə kimi dəydi. Başı firlandı. Maşının yanına çatıb tərəddüd etdi. Bir an düşünüb sükanın arxasına keçdi. Bir göz qırpımımda maşını arxaya verib böyük sürətlə divara çırpdı.

Oğlanı yumağa dönmüş maşından zorla çıxardılar. Bir həftəyə yaxın komada qalıb öldü.. Həcərin dili ağzımda yanırdı. İynə vurub zorla sakitləşdirirdilər. Dəfindən əvvəl qəbiristanlığa qəbir yeri seçməyə dayısı Həmid getdi. O, Raufun ata- baba qəbirlərinin yanında durub fikrə getmişdi. Babasının, əmilərinin uyuduğu məzarların yanında hasarın dibində tək bir yer qalmışdı. Həmid ürək ağrısı ilə pıçıldadı :

  Sən bir qarışqanı da incitməzdin Oktayın yerini əlindən niyə aldın, oğlum? 

  Arxa tərəfdən gələn səs onu fikirdən ayırdı. Çəmi iki-üç metr aralıda hasara alınmış məzarların son boş yerində bir kişi dayanıb hönkürürdü. Həmid çevrilib kişiyə baxdı Özündən asılı olmadan dedi:

  Rəhmətə gedən kimdir, qardaşım? 

  Kişi yana -yana dedi:

  Qızım! Mənim üzümdən , kasıblığım üzündən öldü. Sevdiyi oğlanın anası o, mənim həndəvərimə gələ bilməz,- dedi Yazıq oğlan hirsli olub, ya qəsdən maşını divara çırpıb öldü. Qızımı qoruya bilmədik. İntihar etdi.

  Həmidin başının tükləri biz- biz durdu. Boğuq səslə soruşdu:

  Qızın adı nədir?

  Aişə sözünü eşidəndə dəhşətə gəldi. Yenə sual verdi:

  Bəs burada niyə dəfn edirsən? 

  Kişi bir şey dərk etmədən dedi:

  Anamın yanında dəfn edirəm. 

 Həmid dönüb geriyə baxdı. Arlarında az bir məsafə olan uşaqları bir-birindən hasarlar ayırırdı. Bacısının səsi qulağına gəldi:

 O, mənim evimin həndəvərinə yaxın gələ bilməz !

  Həmidin vücudu titrəyirdi. Aradakı kiçik qapını açıb kişinin yanına keçdi. Onu qucaqlayıb hönkürdü. Bir şey başa düşməyən kişi gözündən yaş tökə - tökə yad adama baxırdı. Həmid özünü toplayıb dedi:  

  Qardaşım, insanlar onların birləşməyini istəmədi. Təsadüfə baxırsan burada qoşa düşüblər. Allah birləşdirib. Bu da həmin oğlanın yeridir. Amma bu dəfə mən onların arasındakı hasarı götürəcəm.

   Həmid qızın atasından başqa heç kimdən soruşmadan qəbirlər arasındakı hasarı götürüb iki nakam gənci bir yerdə dəfn etdi. Uzun müddət xəstə yatan Həcər oğlunun qəbrini ziyarət etməyə gələndə, onunla qoşa uyuyan mələk kimi gözəl qızın şəklini görüb, İlahi bir-birinə necə yaraşırlar, - deyə pıçıldayıb gözündən yaşı leysan kimi axıdırdı.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0