Şair - Orxan İsmayılovun hekayəsi
Həmin ilin baharında atamın ərzaq dükanına qəribə görkəmli bir gənc ayaq açdı. İri, kədər dolu gözləri vardı. Uzunboylu, çöp kimi arıq idi; çiyinləri aşağı sallanmış tünd rəngli kostyum geyinər, solğun bənizi elə çökmüş olardı ki, almacıq sümükləri kəskin şəkildə qabarırdı. Bu qəmli simanı tamamlayan bir detal da vardı: alnına qara bir kölgə kimi çökmüş iri papaq. Yaşı uzağı iyirmi beş olardı. Atam onun ilk gəlişindən sonra bizə belə dedi:
- Yəqin şair tayfasındandır... Elə yazıq, elə zavallı görünür ki...
O vaxtlar on bir yaşım vardı, “şair” kəlməsinin yükünü hələ tam dərk etmirdim. Atamı suala tutanda cəmi bir neçə kəlmə ilə cavab verdi:
- Balaca otaqlarda yaşayırlar, yazıb-pozurlar və axırda elə aclıqdan ölürlər.
Bu sözlər uşaq qəlbimdə dərin iz buraxdı, həmin sirli gəncin solğun çöhrəsi xəyalımda daha da böyüdü, əfsanəvi bir şəkil aldı.
O gündən sonra gənc, demək olar, hər gün dükanımıza gəlirdi. Hər dəfə də bir şüşə süd alardı. Nədənsə, südü elə bizim gözümüzün qabağındaca içərdi. Üstünə yığılmış qaymağın südə qarışması üçün şüşəni ehmalca sağa-sola ləngərlədər, sonra qapağı dırnağı ilə qaldırıb şüşəni başına çəkərdi.
Südü bitirəndə şüşəni yerə qoyar, ağzını əlinin arxası ilə silib, dinməz-söyləməz çıxıb gedərdi. Həftədə iki-üç dəfə isə əli ilə vitrindəki on qəpiklik kökəyə işarə edərdi. Yenə elə oradaca kökənin kağızını soyar, südlə birgə nuş edərdi.
Bir gün marağım güc gəldi, səssizcə onun izinə düşdüm. Gördüm ki, dəmir yoluna bitişik, divarları çat-çat olmuş köhnə bir daxmaya girir. Bu, Zeynəb xalanın kirayə verdiyi ev idi. Ev relslərin düz böyründə, elektrik dirəklərinin soyuq kölgəsinə sığınmışdı.
Dükana qayıdan kimi gördüklərimi birnəfəsə atama danışdım. Gəncin Zeynəb xalanın evinə girdiyini eşidəndə atam başını tərpədib dedi:
- Hə, deməli, yuvasını orda qurub...
Bir neçə həftənin içində bütün məhəllə ayağa qalxdı; hamı bu qəribə gəncin kimliyi, nə işin yiyəsi olduğu barədə min bir ehtimal irəli sürürdü. Qonşuların ürəyi partlayırdı ki, Zeynəb xalanı dindirsinlər, amma bu nazikdodaq, xırda qadının ağzından söz almaq hər igidin işi deyildi - kimsəyə hesabat verməyi sevməzdi. Axırda işin ağırlığı atamın çiyinlərinə düşdü. Məhəllənin qadınları təkidlə atamın üstünə yeriyirdi:
- Sən soruş, ay kişi, axı ayağı sənin dükanına öyrəşib!
Beləcə, Zeynəb xala növbəti dəfə dükana gələndə atam birtəhər cəsarətini toplayıb, elə-belə, sözarası evini kirayə verib-vermədiyini xəbər aldı. Qadın dərhal mətləbi anladı, qısa bir "hə" deyib kəsdi. Amma dodaqlarını elə bərk sıxdı ki, atam bir kəlmə də artıq söz desə, köhnə müştərisini itirəcəyini başa düşdü. Odur ki, söhbəti uzatmadı, dinməz-söyləməz ərzaqları torbaya yığa-yığa, bu xəbərə sadəcə sevindiyni bildirməklə kifayətləndi.
Bahar yerini yaya verdi, amma o gəncin kimliyi, nə işin sahibi olduğu hələ də qaranlıq qalırdı. Səkilərin kənarı ilə ləngər vura-vura gedən o uzun, arıq qaraltı məhəllə üçün elə adiləşdi ki, artıq hamı ona ötəri, maraqsız baxışlarla baxıb keçirdi. Lakin o, məni hələ də sehrləyirdi; onun izinə düşməkdən, sirrini çözmək istəyindən əl çəkə bilmirdim.
O, otağından gündə cəmi iki dəfə çıxardı: günorta vaxtı atamın zarafatla “iştahaçan” dediyi bir şüşə südünü almağa gələndə, bir də axşamçağı, gün batana yaxın dəmir yolunun kənarı boyunca qısa gəzintiyə çıxanda. Anam bir dəfə onunla kəlmə kəsmək, evimizə dəvət edib doyunca yedirtmək istədi, amma atam dərhal sözünü ağzında qoydu:
- Şair tayfası qəribə olur, - deyə atam müdrikcəsinə hökm verdi, - onları ac saxlasan, xoşbəxt olurlar.
Bunu deməklə atam, əslində, son iki həftə ərzində gəncə hər gün südü nisyə verdiyini ört-basdır etməyə çalışırdı. Bir az sonra isə köks ötürüb əlavə etdi:
- Nə qədər dözəcək, bilmirəm... Bu, yaxşı deyil, axı hələ cavan oğlandır.
- Onda niyə bizimlə bir süfrəyə əyləşməsin? - deyə anam təəccüblə soruşdu.
- Niyə? Çünki gəlməyəcək, imtina edəcək. Mən bilmirəm məgər? Artıq iki dəfə təklif eləmişəm!
Atamın bu sözü hamımızı mat qoydu. Bu sirdən sonra marağım bir az da alovlandı. Növbəti bir neçə günü onu qarabaqara izləməyə başladım. Axşamlar qapıdan çıxan kimi kölgə tək arxasınca sürünürdüm. Yol boyu dəmir yolunun dirəkləri yerə qalın, qapqara kölgələr salırdı; bu kölgələr mənim üçün ən yaxşı gizlinc yeri idi.
Günlər keçdikcə havalar istiləşdi. Amma gənc yenə də o enli qara papağını başından əskik etmir, pencəyini əynindən çıxarmırdı. Kürək sümüklərinin düz ortasında - pencəyin arxa hissəsində - tünd, uzunsov bir ləkə gözdən qaçmırdı. Bir gün atam dözməyib ondan bu cırhacır istidə qalın pencəkdə necə gəzdiyini soruşdu. Oğlan boş-boş atamın üzünə baxdı, sonra quruca: “Fikir vermirəm”, - dedi.
Bir gecə atamın anamla pıçıldaşdığını eşitdim; deyirdi ki, nə olursa-olsun, bu gənci qonaq çağırmalıyıq. Ertəsi gün günorta çağı şair yenə dükana gələndə anam da orada idi. Gənc süd şüşəsini yarılamışdı ki, anam mülayim bir dillə söhbətə başlayıb onu axşam yeməyinə çağırdı. Oğlan hər vəchlə boyun qaçırmağa çalışsa da, anam inadından dönmədi:
- Saat yeddiyə qədər gəlməsən, oğlumu dalınca göndərəcəyəm, - dedi və evimizin ünvanını söylədi.
Gənc heç nə demədən, sakitcə dükandan çıxıb getdi.
Saat yeddidə qapı döyüldü. Doqquz yaşlı qardaşım qaçıb qapını açdı. Gələn həmin oğlan idi. İçəri keçib papağını çıxardı, ehtiyatla stulun üstünə qoydu. Uzun, tünd, səliqəsiz saçları qulaqlarının üstünə tökülmüşdü. Yanaqları sızım-sızım sızlayırmış kimi qızarmışdı.
- Hə, - anam süfrəyə can verən bir tonla dedi, - yemək hazırdır, buyurun, əyləşin.
Hamımız süfrə başına keçdik. Bizim ailədə yemək vaxtı bir ayin kimi keçərdi; boşqablar boşalana qədər kimsənin ağzından kəlmə çıxmazdı. Amma həmin axşam bu yazılmamış qayda pozuldu. Bir-iki tikə yeyib, gözaltı qonağa baxırdıq. Oğlan qardaşımla anamın arasında oturmuşdu, əlindəki çəngəli sanki əsəbi bir tərzdə o yana-bu yana çevirirdi. Anam həlim bir səslə ona müraciət edib, "yaxşıdır, xeyirlidir" deyə-deyə onu daha çox yeməyə təşviq edirdi. O isə hamının əksinə, pencəyini çıxarmamışdı; qara geyimli iri cüssəsi başımızın üstündə qəribə bir kölgə kimi ucalırdı.
Paxlava süfrəyə gələndə artıq doyduğunu, bir tikə də yeyə bilməyəcəyini pıçıldadı. Anam dözmədi: - Evin iç od kimidir, pencəyini niyə çıxarmırsan? - deyə soruşdu.
O isə cavab vermək əvəzinə, baxışlarını pəncərəyə dikdi. Oturduğu yerdə tər tökürdü. Uşaq olsam da duyurdum ki, bu gənc anamın həlimliyindən, bu qonaqpərvərliyin gətirdiyi sıxıntıdan qaçmaq üçün ömrünün beş ilini verməyə hazır idi. Amma durub getməyə də cəsarəti çatmırdı. Atamın futbol və müharibə haqqında açdığı söhbətləri sadəcə başını bulamaqla cavabsız qoyurdu. Anam da ipin ucunu buraxmır, gah ailəsindən, gah dolanışığından söz salıb onu dindirməyə çalışırdı. O isə rəngsiz, ahəngsiz bir səslə tək-tək kəlmələr söyləyirdi. Heç adını da öyrənə bilmədik.
Bu ağır mühit sonsuza qədər davam edə bilməzdi. Şair yarım saat da tikan üstündə otururmuş kimi qaldı. Anam isə pəncərənin ağzında əyləşib küçədə qaçışan uşaqlara baxır, qoluna toxunan yüngül mehə sığınırdı. Nəhayət, gənc daha dözə bilmədi, yöndəmsizcə ayağa qalxıb getməli olduğunu bildirdi. Anam ona tərəf yeridi:
- Tez-tez gəl, utanma, - dedi.
O, mızıldanaraq təşəkkür edib evdən çıxdı.
- Bax, ha, gəl! - anam onun arxasınca səsləndi. Bir an sonra isə dirsəyini pəncərənin altlığına söykəyib, onun səs-küylü küçə boyu tələsik və yöndəmsiz addımlarla uzaqlaşmasını seyr etdi.
O gənc bir daha ayağını bizim evə qoymadı. Amma hər gün dükana süd dalınca gəlməyindən qalmadı. Anam nə qədər atamı dilə tutsa da ki, onu yenidən şama çağırsın, atam razılaşmadı. Şair də öz köhnə adətinə qayıtdı: ya süd və kökə, ya da sadəcə süd...
Beləcə bir ay da keçdi. Ta o vaxta qədər ki, Zeynəb xala rayona - evli oğluna baş çəkməyə hazırlaşdı. Yola düşməmişdən əvvəl dükana gəlib atama olan borcunu qəpiyinəcən ödədi. Çıxanda isə qapı ağzında sanki birdən yadına düşmüş kimi dayanıb dedi:
- On günlük gedirəm. Əgər o oğlan nisyə bir şey istəsə, ver. Cavabdehi mənəm, qayıdanda ödəyəcəyəm.
Amma şair bir daha dükanımıza gəlmədi. Elə bildik, yəqin yeməyini Zeynəb xalanın mətbəxində hazırlayır. Günlər bir-birini qovaladı, amma gənc ortalıqda görünmədi. Bəzən axşamüstü, günün cırhacırı kəsilib aləmə bir az sərinlik çökəndə peyda olar, gözlərini yerə dikib qatarların vahiməli gurultusu altında gəzintiyə çıxardı. Gün keçdikcə gəzintiləri qısalır, addımları kəsillirdi; mən isə onu uzaqdan bir ov iti kimi izləməkdən yorulmurdum.
Onu diri halda sonuncu dəfə məhz həmin günlərdə gördüm. Zeynəb xala rayondan qayıdanda onu elə çarpayısındaca tapmışdı. Öləndə də əynindən çıxarmadığı o kostyumda imiş... Ağzı yarıaçıq qalmış, qolları isə şahin qanadları kimi yana açılmışdı. Zeynəb xala onu bir-iki dəfə silkələyib, səs çıxmadığını görəndə qışqıra-qışqıra atamın yanına qaçmışdı. Atam hadisənin ağırlığını dərk edib özünü təmkinli apardı. Məhəllənin yeganə telefonu bizim dükanda, soyuducunun düz arxasında idi. Atam o ətli-canlı qolunu qaldırıb polisə zəng vurdu.
- Polis idarəsidir? - deyə qalın səsiylə xəbər verdi. - Burada bir bədbəxt hadisə baş verib.
Məlumatı verəndən sonra dükanın qapısını kilidləyib Zeynəb xala ilə birlikdə həmin evə üz tutdu. Mən də kənardan, səssizcə onların izinə düşdüm.
İyirmi dəqiqə keçməmiş təcili yardımın səsi məhəlləni bürüdü. Atam hər şeyi öz öhdəsinə götürmüş bir rəis ədasıyla polislərə izahat verirdi.
- Bədbəxt hadisədir, - deyə ciddi-cəhdlə təkrarlayırdı.
Qatarlar relslərin üstü ilə uğuldayıb keçirdi, göydə ağır bir tüstü asılı qalmışdı. Fəlakətin qoxusunu alan qonşuların qapıları bir-bir cırıldayıb açılırdı. Maşından düşən gənc həkim yuxarı qalxıb az sonra tələsik geri qayıtdı.
- Acından ölüb... - deyə sürücüyə mızıldandı.
Zeynəb xala barmaqlarını ovurdu. Şairin nəslindən-nəcabətindən heç kəsi tanımırdı, polisə dönə-dönə eyni sözləri deyirdi:
- Bir gün gəldi ki, bəs otaq lazımdır, mən də verdim. Heç vaxt pulu olmadı, mən də insaf eləyib incitmədim...
Atam isə bir qədər təkəbbürlü, bir qədər də ağır səslə gəncin nələr yediyindən danışırdı: "Bir şüşə süd, bir dənə kökə, vəssalam..." Birdən məni görüb acıqla işarə etdi ki, evə qayıdım. Amma mən sanki yerə pərçimlənmişdim, o qəribə marağın içində yığılanların ətrafında fırlanır, pıçıltılara qulaq kəsilirdim.
Xərək üstündə bir qaraltı çıxardılar. Üstü örtülü idi, amma pilləkənlərdən düşürəndə örtük sinəsinə qədər sürüşdü. Ağzı hələ də yarıaçıq qalmışdı, alnındakı o dərin çökək isə indi daha vahiməli görünürdü. Onu təcili yardım maşınına itələyib qapıları örtdülər.
Atamın arxamda dayandığını hiss elədim. O, elə bil "qələm lənəti"nin mənə də sirayət edəcəyindən qorxurdu; məni bu təhlükəli sevdadan çəkindirmək üçün səsinə daha çox təsir qatıb dedi:
- Bax, görürsən? Onlar balaca otaqlara qısılırlar, cızma-qara eləyirlər və axırda beləcə aclıqdan ölürlər...
Bu, onun mənə verdiyi ilk və son mühazirə oldu. Təcili yardım maşını uğuldayaraq uzaqlaşdı. Adamlar bir az da qeybət edib yavaş-yavaş dağılışdılar. Qadınlar evlərinə çəkildi, boz, tutqun qapılar bir-birinin ardınca şaqqıltı ilə bağlandı. Qurğuşun rəngli göydən bir neçə iri yağış damcısı düşdü.
- Gəl, yağış bərkiyir, - atam dedi.
Mən də başımı aşağı salıb, atamın ardınca dükana qayıtdım.
(Dekabr, 2025-ci il)
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
1
Vay
0