Söndü sevgimizin ocağı-odu.. - Yeni tərcümə

May 1, 2026 - 20:30
May 1, 2026 - 20:34
 0  14
Söndü sevgimizin ocağı-odu.. - Yeni tərcümə

Yazıçı Ədəbiyyat Portalı çağdaş rus şeirinin istedadlı nümayəndəsi Dmitriy Kravçenkonun şeirlərini Nurafizin tərcüməsində təqdim edir.

Metroda o qıza gülümsəyin siz

Metroda o qıza gülümsəyin siz,
Bəlkə ovqatının sınıb kilidi.
Bir gülüş- Soçiyə bilet əvəzi,
Ya da ki, bir vedrə alma kimidir.

Metroda o qıza gülümsəyin siz,
Bir gülüş qovacaq xiffəti sonda.
Tünlükdür, atüstü qəlyanaltıtək,
Havasız, tələsik gedən vaqonda.

Di ha, gülümsəyin, di, gülümsəyin!
Metroda o qıza gülümsəyin siz.
Sizin aranızda uzanıb qalsın,
Xəyali ip kimi yüz-yüz cığır, iz.

Metroda o qıza gülümsəyin siz,
Ya bir başqasına, ya da ki ona.
Böyük stansiya boyunca gülün,
Barı gülümsəyin bütün vaqona!

Dünyanız çökübsə bircə gecədə,
Hətta qələminiz sınıbsa, gedin,
Xoşbəxtlik paylayın əhatənizə-
Metroda o qıza gülüş bəxş edin.

De, niyə mən şanslı deyiləm, ana

Hansı ulduz altda doğmusan məni?
De, niyə mən şanslı deyiləm, ana?
Hazıra nazirdi həmyaşıdlarım,
Ordum sümüyümə yapışıb amma.

Bəli, istedadlı doğmusan məni,
Amma gecikmisən cəmi bir əsr.
,,Ağıllı otaqlar” dəbdədir indi,
Güldürür sevgisi qanın hər kəsi.

Nə haqlı seçim var, nə də senzura,
Hər şey rəğbət ilə düzəlir daha.
Hasara sığınan dahilər ali
Maaşçün yalvarır göydə Allaha.

Qafiyə hörgülü TNT* bombası
Baxır çıxıntıdan aşağı sarı.
Sevgidə qismətim gətirsin deyə,
Ana, buna görə dua et, barı.

*TNT-trotil       

Sevgi zəhərdir

Kasanın üstünə əyildi ilan,
Dişinə dəyəndə qanlı ət dadı...
Gecə işığında yağan yağışda
Söndü sevgimizin ocağı-odu...

Gecələr hay salıb səssiz fəryadın,
Qəlbində diş yeri duranda qəsdə...
O dişlər qanına zəhər ələyib,
Sanki bibər səpdi yaranın üstə...

Gözə görünməyən ağrıya dönür
Zəhər damcıları damarlarında...
Coşub iradənə qarşı çıxanda,
Cəhənnəm əzabı qalır canında...

Hazırsan canını şeytan qul edə,
Təki sona varsın bu ağrı, kədər...
Əfsus ki, ayrılıq hüznü içində
Əzab çəkəcəksən sonsuza qədər...              

Sabah geri dönək

Dünən gecəyarı səni hörüklü,
Xallı ağ paltarda xəyal etmişdim.
Bir neçə sahibsiz pişiklə birgə,
Səninlə Çitaya varıb  getmişdim.

Çiynini düzəldib günün batımı,
Qovdu kölgəsini cılız damların.
Daxmalar dalından bizə əl edib,
Almadı salamı biz adamların.

Gecə, arxamızca gülüb qışqırdı-
Qarşıda çox uzun, çətin bir yol var.
İşığa çıxanda səhərə yaxın,
Bir az asanlaşdı, qısaldı yollar.

Saysız ulduzların simvolu kimi,
Kosmosda bənzədik Qaqarinə biz.
Yolda həyan oldu bizə bir it də:
Dostları, kompası elədi əvəz.

Sirr olan hər şeylər yenidir bizə,
Həyacan gətirir hər bir çətinlik.
Ruhumuz yananda göz parıldayır,
Birlikdə bütövük biz- iki tənlik.

Dünən gecə yarı səni düşündüm,
Yüz yol xəyalımı uzatdım göyə.
Səninlə yol vardıq Çitaya qədər...
Və sabah təzədən geri dönməyə.

Sarı lopaları səpəcək payız

Sarı lopaları səpəcək payız,
Tezliklə qış onu südə yaxacaq.
Alnının altından, bulud dalından,
Soyuqqanlığıyla günəş baxacaq.

Sürüşüb çəmənlik içindən sanki,
Silgidi, silir o zərif otları.
Sürünür oktyabrın ilk qədəmində
Həyatın yuxulu, tənbəl notları.

Payızı nə qədər ayrı tutsan da-
Nəmlik, rütubətdir mayası-canı.
Sonradan... sonradan yağan qar kimi,
Durub təkrar-təkrar izləyər onu.

Xiyaban seyrəlir, parklar ah çəkir,
Ağarsa əbədi olan Arbat da,
Həyacan təbili çalınır hər gün:
Lazımsız görünür o bu həyatda.

Təbiət tüfəngi bozluqla dolub,
Atışdan yenilik durub gözləyək?
İnsanlar yazacan yatmasın deyə,
Onlara ilahi cəsarət gərək.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0