Sözün dostu olmaq

Apr 23, 2026 - 13:37
Apr 23, 2026 - 16:39
 0  3
Sözün dostu olmaq

23 apreldə doğulan Elxan Yurdoğluya təbrik əvəzi

Həmişə düşünürəm ki, insanın tanıdığı, doğmalaşdığı insanlar haqqında söz deməsi çətindir, məsuliyyətlidir və bir o qədər də qürurvericidir. Çətindir ona görə ki, hansı cümlələri yazasan ki, sözlər həm söz adamını, həm də sənin hafizəndə olan adamı olduğu kimi, mübaliğəsiz  ifadə edə bilsin. Məsuliyyətlidir ona görə ki, hamının tanıdığı, sevdiyi, yazdığı  yurd oğlundan yazırsan. Qürurvericidir ona görə ki, bu adamla illərin dostu, sirdaşı və qələm yoldaşısan.

         Şeir yazmaq bir şair üçün yalnız heca, bölgü, misra, bənd demək deyil. Şeir yazmaq demək,  heç kimin görə bilməyəcəyi mərhəmət, sevgi, iradə, dözüm, şəfqət, milli ruh və digər müsbət keyfiyyətlərin cismində necə yetişdiyini ortaya qoymaqdır. Şairin cismi bağ, ruhu isə bağbandır. Hər kəs öz bağına bağban olmağı bacararsa, təbii ki, gözəl nemət sahibi olar. Ədəbiyyatda buna şeir, roman, hekayə, qəzəl və s. deyilə bilər, amma insan düşüncəsinin məhsuluna yalnız şeir, roman demək olmaz, o həm də mənəviyyatdır.

Dərinliyi ölçülə bilməz, böyüklüyü çəkiyə gəlməz. Şair doğulmağın üstünlüklərindən biri də odur ki, normal insanların iki gözü vardırsa şairlərin gözü çoxdur. Onların bir növ ağlının da, qəlbinin də, ruhunun da gözləri olur ki, ağlı ilə öz daxili aləmini, qəlbi ilə hər kəsin dünyasını, ruhu ilə heç kimin görmədiklərini görüb duya bilirlər. Şairlər bəzən şeir yazanda sözləri əl fənəri kimi tutub qəlbinin dərinliklərinə enir, özündən götürdüyü sözü cilalayıb misralara düzür. Sözü şeir etmək üçün duyğularını, ağlını, mənəviyyatını, varlığını, kimliyini, əqidəsini bir çox insani keyfiyyətlərini, ən əsası ruhunu və ürəyini də o sözlərə qatmalısan. Şeirə şair ürəyi qatılmasa, o şeir şeir olmaz. Şair qəlbi, şair ruhu qatmalısan ki, orda tək sənin yox, hamının duyğusu olsun və sənin daxili aləminin işığında hər kəs özünü görə bilsin. Söz körpüdür deyirlər. O körpünü ən incə məqamlarına qədər elə inşa etməlisən ki, könülü könülə birləşdirə biləsən. Sağlam təməli olmayan sözdən yıxılmaq mütləqdir.

         Belə bir el deyimi var ki, sözlər fikirlərimizin qiyafəsidir. Sözlərə gözəl don geyindirmək üçün ilk öncə  doğru-düzgün düşüncəyə sahib olmaq lazımdır.

Yazdığın fikirlər, dediyin sözlər əməlinlə eynilik təşkil etməlidir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dediyi kimi:

Söz gözəl olursa olsun nə qədər,

Pis əda o sözü tamam məhv edər.

Elə sözlər yazıb ictimaiyyətə təqdim etmək lazımdır ki, cəmiyyət yararlana bilsin. Doqquz yüz öncə Xaqaninin, daha sonra Nizaminin, Nəsiminin, Füzulinin yazıb yaratdıqları bu gün də öz aktuallığını qoruyub saxlayır. Hələ də onların dünənki könül çırpıntılarının səsi bugünkü ədəbiyyatımızdan gəlir.

Ürəyini bildiyim, sözünün qızıldan dəyərli olduğunu dəfələrlə sübut edən şair Elxan Yurdoğlu Naxçıvan ədəbi mühitinin yetişdirdiyi, Azərbaycan miqyasında sevilən simalardan biridir.        Mən bu şairə sözün dostu, söz adamı deyirəm. Çünki o, sözlərlə oynamağı, sözləri əzizləməyi,  sözdən söz kimi istifadə etməyi yaxşı bacarır.

         Hər kəsə sözün dostu demək olmaz. Heç hər kəsə qələm dostu da demək olmaz. Mən o insanlara qələm dostu deyirəm ki, qələminə sözün həqiqi mənasında güvənirəm.

Söz bir çox insanlar üçün səs və hərflərdən ibarət ola bilər və ya fikrini çatdırmaq üçün lüğət tərkibi ola bilər, amma şairlər üçün söz canlı bir dost, sirdaş kimidir. Məhz elə ona görə o, sözün nəbzini tutmağı bacarır. Hər kəs sözlə dost olmağı bacara bilməz.

Söz insan qəlbindən bulaq kimi süzülüb gələn  mənalı, həzin, şəffaf könül pıçıltısı, düşüncə məhsuludur. Elxan Yurdoğlu sözləri inci kimi şeirin köksünə, şeirləri isə varaqlara, varaqlardan da oxucu qəlbinə düzməyi bacaran şairlərdəndir.

         Şairin yaradıcılığında fəlsəfi, maraqlı fikirlər,  poetik fikirlər kifayət qədərdir. Onun şeirləri bəzən saf duyğularla çağlayan sakit bir dəniz, bəzən də tufanlı külək kimidir. İnsanlara həyatın mənasını, sevginin dəyərini, insanlığın nə demək olduğunu anlatmağa çalışır.

         Elxan Yurdoğlunun şeirlərindən seçdiyim bir neçə bəndi öz-özümə pıçıldayıram. Pıçıltılarımı bəlkə siz də eşidirsiniz:

Hər gün ölüb-dirilib

Səhərə çıxar şair.

Özünü evdə qoyub

Səfərə çıxar şair.

           * * *

Çalış üst-başınla tanınmayasan,

Göz üstə qaşınla tanınmayasan.

Cavanlıq yaşınla tanınmayasan

Səni tanısınlar sözündən, adam.

   * * *

Payız silkələdi budaqlarımı,

Dostlar yarpaq-yarpaq töküldü məndən.

Fələyin rüzgarı əsdi, adamlar

Daş-daş, torpaq-torpaq töküldü məndən.

Bir sözlə, onun şeirləri axıcılığı, təbiiliyi, səmimiliyi, gilənar tamı, yasəmən ətri, torpaq qoxusu, payız rəngləri ilə poeziyasevərlərin könlünü ovsunlayır:

Bu qız başdan-başa yasəməndi ki,

Baxışında naxış-naxış ləçək var.

Gözəlliyi ətir saçır ətrafa

Zənn edirsən, dörd yanında çiçək var.

Və yaxud “Aprel gəldi, sevgili” şeirində dediyi kimi:

Aprel gəldi sevgili...

Sevgi kimi gəldi.

Yasəmənlər açacaq,

Gilənarlar çiçəkləyəcək...

Uçacaq kəpənəklər,

Qızlar daha da gözəlləşəcəklər...

Gözüm görməyəcək heç nəyi, heç kimi,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

* * *

Mənim təkliyimdə xəzəl rəngi var,

Səni payız kimi sevirəm, qadın.

Sən sevda baxçamda tənha gilənar,

Səni payız kimi sevirəm, qadın.

         Ədəbiyyat söz sənətidir.  Söz sənətinin sərhəddi olmur. Söz böyük enerji, güclü qüvvədir. Söz ucsuz-bucaqsız təsvir vasitəsidir. Təkcə şair və yazıçının deyil,  rəssamın da, heykəltəraşın da, bəstəkarın da əsas özəyini söz təşkil edir.

Ustad Məhəmməd Füzuli söz ilə mənanı İnsanın cismi ilə canı kimi bir tutur. Əgər sözünün mənası yoxdursa, o söz cansız, ölü məfumdur.

Söz mənadan asılıdır, məna sözdən hər zaman.

Bir birindən aslıdır neçə ki, cism ilə can.

Bu baxımdan Elxan Yurdoğlunun yaradıcılığı mənalı, keyfiyyətli və ədəbiyyat üçün əbədiyyətir. Onun yaradıcılığında sözün müqəddəsliyi və sözə olan məhəbbəti vəhdət təşkil edir. Axıcı, səmimi, yerli-yerində işlənən misralar şair qəlbinin dərinliyindən, milli təfəkkürünün zənginliyindən, şair zəkasının itiliyindən xəbər verir.

Oxuduqca şairin şeir gülüstanında rəngarəng duyğu çiçəklərinin sehrinə düşürsən. Elxan Yurdoğlunun qəlbdən süzülən misraları qəlblərə asanlıqla yol tapır.

Həssas, kövrək, mərd, sözü, özü bir olan şair məhsuldar yaradıcılığı, təkrarsız misraları, iti qələmi ilə şeir sevən oxucu kütləsi üçün əvəzsiz poeziya nümunələri yazıb yaradacaq. Elxan müəllimin şeirləri insan ruhuna toxunan şeirlərdir ki, bu da əsl ədəbiyyat sənəti, söz ustalığı, şeir bacarığıdır.

 Zaman keçəcək, kağızlar saralacaq, qələmin mürəkkəbi bitəcək, şair də qocalacaq, amma şairin sözü, şeiri ilk günkü kimi təzə, təravətli, gənc qalacaq.

Bir şairin ən böyük uğuru bir misrasının belə oxucu ağlında əbədi qalmasıdır. Şairin özünün dediyi kimi:

Şair, düşünmə ki, öldün, qurtardı,

Bir misram yaşasa, demək ki, sağam.

Oxucu qəlbi şair üçün şeirin Vətənidir. Bəli, şeiri şair yazır, amma müəllifi oxucular olur, çünki şeir yalnız qafiyə sistemi deyil, duyğuların, sevinclərin, kədərlərin, xəyalların birləşdiyi söz dünyasıdır ki, bu dünyada hər kəs öz rəngini, öz duyğusunu, sevincini, kədərini, ən əsası, özünü tapa bilir.

         Sözləri israf etmədən, yoxdan var yaradan şair Elxan Yurdoğluya bundan sonra da uğurlar arzulayıram. Yaradıcılıq yolunuza misralarınız işıq saçsın deyirəm. Poeziyanıza həqiqət, ədalət, sevgi, təmiz duyğular gözəllik qatsın. Söz dünyanızdan yasəmən ətri, yaz yağışı, payız şıltaqlığı, dağ ucalığı əksik olmasın. Ailən, övladların, sevdiklərin, əbədi dostluqların ömür yoluna məna qataraq söz ağırlığını daşıyan şair ürəyinə güc-qüvvət versin.

Yazıb yaradın, dəyərli ustad. Hələ yolunuz uzun, ürəyiniz doludur. Sizi oxumağa, sizdən yazmağa, sizə yazmağa dəyər.

 

Aytəkin SƏFƏRƏLİYEVA,

Naxçıvan Muxtar Respublikası

Ədəbiyyat Muzeyinin əməkdaşı,

                                                                                                                               şairə

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0