Sənsiz il bilirəm hər dəqiqəni - Taleh Həmidin şeirləri

İyn 19, 2026 - 20:27
 0  9
Sənsiz il bilirəm hər dəqiqəni - Taleh Həmidin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Taleh Həmidin şeirlərini təqdim edir.

UNUT DA MƏNİ

Bir sevgi yaşatdıq bahardan qışa,
Deyəsən tuş gəldik axı qarğışa.
Dünən küçənizdə düşdüm yağışa,
Tanıdı yağış da, bulud da məni.

Kimsə agah olar bu gizli sirdən,
Həsrətim oxunar üzündə birdən.
Görünə bilərəm gözündə birdən,
İslat göz yaşında, qurut da məni.

Yoxdu halımıza yanan kəsimiz,
Çətin bir də dinə sınan səsimiz,
Bir kövrək xatirə olsun bəsimiz,
Xatırla da məni, unut da məni…

ANAMIN NƏ KÖVRƏK MƏZAR DAŞI VAR

Yanına gələndə həsrətim sönür,
Ocağa çevrilir, alova dönür,
İçim pöyşələnir, əlim isinir,
Anamın nə isti məzar daşı var!

Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı, bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!

Önündə varlığım çəkilir dara,
Bələnir yağışa, üz sürtür qara,
Ünvan göstərirəm qəlbidaşlara,
Anamın nə kövrək məzar daşı var!

O SEVGİNİ ÜRƏYİNDƏ GİZLƏMƏ

Ömür yükdü incimək də, barış da,
Ötəcəkdi bu bahar da, o qış da.
Görünəcək alnındakı qırış da,
O sevgini ürəyində gizləmə.

Bulud olub yayılacaq göylərə,
Yağış olub səpiləcək çöllərə
Bir də gördün, yazılacaq gözlərə
O sevgini ürəyində gizləmə.

Nə gileydi söhbətində, sözündə,
Damla-damla yaşa dönər gözündə,
Görürəm ki, yazılıbdı üzündə
O sevgini ürəyində gizləmə.

Könlüm sınır qıırılanda hər səsin,
Gülüşlərin nəğmə olsun, yüksəlsin.
Öləriksə, birgə ölək, de gəlsin,
O sevgini ürəyində gizləmə.

QOŞA KEÇDİLƏR

Gənclik durnalartək uçub gedəndən,
Ağrılar-acılar başa keçdilər.
Bilmirəm, nə gördü nazlı gözəllər,
Adımı sormamış, yaşa keçdilər.

Üstümdən tufanlar, yellər əsdilər,
Kəklik qanad çaldı, tellər əsdilər,
Ayağım titrədi, əllər əsdilər,
Atdığım güllələr boşa keçdilər.

Yorğunu düşdüyüm yaşıl otlaqlar,
Tamarzı qaldığım barlı budaqlar,
İçə bilmədiyim bumbuz bulaqlar
Qayadan qaynayıb daşa keçdilər.

Talehin halını sormayan dilbər,
Soruşub qaydına qalmayan dilbər,
Yolunu bir bizə salmayan dilbər,
Dünən acığıma qoşa keçdilər.

OLDU

Bu qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb - qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar oldu.

Əzəldən dünyada haqq var, nahaq var,
Belə yaranıbdı - baş var, ayaq var.
İnsan var, adam var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.

Yarandıq, bölündük doğmaya, yada,
Pərvanələr gördüm - çaxıldı oda.
Gör neçə aşiqlər getdilər bada,
Məhəbbət bağında talanlar oldu.

Mənə əzab verən - mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq tutar, yeriməz deyir,
Həqiqəti əyən yalanlar oldu.

Gəzdim dərələrdə, dolaşdım yalda,
Gözüm ormanlarda, könlüm xəyalda,
Xoşbəxtlik deyilən o sonsuz yolda
Qismətim azacıq xoş anlar oldu.

Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.

GÖRƏRSƏN YOXAM

Özüm də bilmirəm, axı nədəndi,
Küsəyən olmuşam, kövrək olmuşam,
Xəyallar başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.

Sənsiz il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.

Mən bir günəbaxan - günə sarıyam,
Qaytar o bahara - çağırma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymayın içimdən sınmağa məni.

Çox da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda nələr var, axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.

Zaman ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.

Qoyma nəzərindən, gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar gözlərində, apar, sən məni,
Gedərsən, gələrsən, görərsən yoxam...

DOLANIRIQ BİZ

 

Saat əqrəbində ötür ömür, gün,

Saat dairəsində fırlanırıq biz.

Bizi fırlatsa da bu Yer kürəsi,

Yerin də başına dolanırıq biz.

 

O dərin dəryaya nahaq daş atdıq,

Çox da öyünməyək – qurduq, yaratdıq.

Biz hardan gəlirdik, haraya çatdıq? –

Allah ümidinə dolanırıq biz.

 

İlişib qalırıq haqda-nahaqda,

Yerimiz hardadır? – Başda-ayaqda,

Okeanlar, dəryalar durulaşmaqda,

Hələ təzə-təzə bulanırıq biz?

 

Ömür dediyimiz bu qeylü-qalda

Axır bir sevdadı, əzəl bir sevda.

Bir gün kül olacaq görəsən o da,

Nahaqdan odlara qalanırıq biz.

 

MƏKTUB GÖZLƏYİRƏM

Məktub gözləyirəm, gözlərim yolda,
Deyəsən, hardasa bir ananım var.
Mən tənha qalmıram tənhalıqda da,
Bəlkə bu halıma bir yananım var.


Məktub gözləyirəm xatirələrdən,
Dönüb bircə dəfə qapımı döysün.
Kimdənsə mən məktub umuram hərdən,
Ya yaxşı söz yazsın, ya da ki söysün.


Ömrü əbəs yerə yaşamayırıq,
Hardasa yaxşıyıq, hardasa da pis.
Həmişə bir kökdə olammayırıq,
Yaşamaq olmayır səssiz, səmirsiz.

Məktub gözləyirəm ilk məhəbbətdən,
Qatsın körpəsinin təbəssümünə.
Çatdırsın dostların yanında da mən
Üz tutub təklikdən qaçdığım günə.
 

BİR DƏ YAĞMAYACAQ BU YAĞIŞ BELƏ

 

Bu qəfil başlayan payız yağışı.

Yubatdı hardasa tələsən qışı,

Damlası ömrümün minrəng naxışı,

Nə yaxşı səpildi çəmənə, çölə

Bir də yağmayacaq bu yağış belə.

 

Bu keçən payızda, gedən payızda,

Bəlkə bu yağışdır yoxum, varım da,

Səsi nəğmə oldu qulaqlarımda

Damlalar hardasa döndülər selə,

Bir də yağmayacaq bu yağış belə.

 

Harda arzulayıb, harda görüşdük,

Kövrək buludların bəhsinə düşdük

Əlvida deməyək, bəlkə görüşdük,

Vallah düşməyəcək bu fürsət ələ,

Bir də yağmayacaq bu yağış belə.

 

Yazıldı bir ilə bir günün adi,

Ömrümüz beləcə bir gün yaşadı,

Hara tələsirik, ağzı qışadı,

Bu gurşad damlalar qoy yağsın hələ,

Bir də yağmayacaq bu yağış belə.

NƏ YAXŞI ŞAİR YARANDIM

 

Qızındım ömrün fəsillərinə,

İçimdə sönsəm də, içimdə yandım.

Sənə minnətdaram, qismətim, sənə,

Nə yaxşı dünyada şair yarandım!

 

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.

Şairlik Tanrının vergisi, payı,

Şairlər sevgidən şair olmayıb.

 

Uğursuz sevgilər kimə nə verdi?

Ömrə kədərdən, qəmdən savayı?

Hər günüm duyğulu, qayğılı keçdi,

Demirəm illərim uçdu havayı.

 

Əkdim sətir-sətir yazdığım anda,

Əkinçi torpağa tum əkən kimi.

Arılar çiçəkdə bal axtaranda,

Mən də dərd axtardım su çəkən kimi.

 

Qəmi qəm içində bələmək olur,

Ehtiyac əlimi min dəfə sıxdı.

Gələn gələcəkdi, neyləmək olur? –

Qismətim qarşıma bu donda çıxdı.

 

Ürəyim kökləndi xoş duyğularla,

Mənim söz bağıma gülşən dedilər.

Nadanlar sözümü qanmasalar da,

Ariflər sözümə “Əhsən!” dedilər.

 

Döndü yuxulara, döndü ömür-gün,

Canın ağrısını can özü bilər.

Gördülər yanıram el-oba üçün,

Şair olan gərək yana dedilər.

 

Alovum başımda, tüstüm içimdə,

Ömür etdim doğmalar, yadlar içində.

Demirəm yaşadım zülüm içində,

Deyirəm əridim odlar içində...

 Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0