Sinəm bir görüşün odunda qaldı - Nadir Azayoğlunun şeirləri

May 27, 2026 - 23:33
May 27, 2026 - 23:33
 0  43
Sinəm bir görüşün odunda qaldı - Nadir Azayoğlunun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Nadir Azayoğlunun şeirlərini təqdim edir.

         MƏKTUB

Hər məni görəndə yuxu söyləmə,

Məhəbbət xəyalı sevir, əzizim.

Hər yuxu görəndə, qorxub eləmə,

Oyan, yastığını çevir, əzizim.

Mənsiz gecələrin ömrünə bir yas,

Mənsiz yatağına zülmət sürünər.

Sən mənim şəklimi bağrına bərk bas,

Bəlkə, pəncərəndə boyum görünər.

Kimdir canı yana, qəlbi od tuta,

Görə kipriyindən qəm asdığını.

Neynim, əllərinə əllərim çata,

Çevirəm astaca nəm yastığını.

Belə gecələri nə sir,nə tilsim,

Nə əcəl əyliyir, nə ölüm çəkir.

Hər gecə sinənə qısılan əksim,

İndi mən bilirəm nə zülüm çəkir.

Gecə cəlladıdır ağrılı canın,

Çəkər öz kamına neçələrini.

Sirrini bilsəydim, vallah, dünyanın

Alardım əlindən gecələrini.

Hər məni görəndə yuxu söyləmə,

Məhəbbət xəyalı sevir,əzizim.

Hər yuxu görəndə, qorxub eləmə,

Oyan, yastığını çevir, əzizim.

       VƏTƏN

Səni dərdlərimin göyçəyi bildim,

Səni beşik-beşik ağladım, Vətən.

Ömrünü ömrümün gerçəyi bildim,

Dərdini dipdiri saxladım, Vətən.

Çiçəklər boylandı yurd yerlərində,

Əllərim ətrinə uzalı qaldı.

Fərmanlar verildi yad ellərində,

Elə kağızlarda yazılı qaldı.

Nə yaxşı bu xalqa yaddaşı yarmış,

Nə yaxşı qorxuya əsir deyilmiş.

Yaxşı ki, bu yurdun mayası varmış,

Yaxşı ki, bu torpaq qısır deyilmiş.

Günəş tək doğdular doğma ellərə,

O millət oğullar, vətən oğullar.

Otuz il xəyalım gedən yerlərə,

Qırx dörd gün içində yetən oğullar.

Onlar qoymadılar bu Vətən sına,

Bir hoyla min düşmən bağrı dəldilər.

Elçi getmədilər qız qapısına,

"Qızıl" güllələrə nişan gəldilər.

Bilsən nə yazdılar igidlərimiz,

Sənin torpağına, daşına, Şuşa!

Yazdılar, bir əlin qoca Təbrizin,

Bir əlin Dərbəndin başına, Şuşa.

Elə "bəylər" ilə bostan əkmişik,

Tağı nəştər olub bağrıma, Vətən!

O qədər yerindən ağrı çəkmişik,

Bir də heç yerindən ağrıma, Vətən!

XXX

Mənim gözlərimdə göyərçin ahı,

Mənim hənirtimdə durna səsi var.

Başımın üstündə xeyir Allahı,

Yolumun üstündə şər nəfəsi var.

Başımdan basan var,dilimdən sıxan,

Tanrı bəndəsinə qənim ki olmur,

Bir vaxt yel əsəndə əlimdən çıxan,

Əllərim yetəndə mənimki olmur.

Qara qasırğadır hər düşən axşam,

Hərdən yollarıma qan qusur səhər.

Dərdini cütləyən cütçü qardaşam,

Arxamca çəkirəm ömrü bir təhər.

Bir təhər yaşamaq ölümdən betər,

Hələ çoxlarını güman sürüyür.

Görmüşdüm torpaqda gül-çiçək bitər,

İndi torpaq üstə insan çürüyür.

Baxdığım ümidlər gözümdə zəlil,

Getdiyim yolların sonu uğursuz,

Mənim ki ürəyim özündə deyil,

Ay yetim arzular,hardan doğursuz.

Qara bulud oldum,daşa dammadım,

Siz bulud ömrümə bir daş atdınız.

Mən ötən ömrümü yaşadammadım,

Bəlkə qalanını siz yaşatdınız.

XXX

Dünən dörd ay oldu, dörd il kimidir,

Mənə gələ-gələ, məndən getdiyin.

Elə çiçək-çiçək, gül-gül titrəyib,

Elə sünbül-sünbül, dən-dən getdiyin.

Meylim gül ətirli adında qaldı,

Sinəm bir görüşün odunda qaldı,

Bircə gözlərimin yadında qaldı,

Yaxından boylanıb, gendən getdiyin 

Bir də o gün kimi gün olmaz daha,

Ömrümə, günümə yazılmaz daha,

Bir az mənə bəlli, bir az Allaha-

Ömrümə yazılan gündən getdiyin.

                   2023

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0