Tənha təkliyimə rəng vur, naxışla - Arif Abdullazadənin şeirləri

Apr 5, 2026 - 18:34
 0  10
Tənha təkliyimə rəng vur, naxışla - Arif Abdullazadənin şeirləri

Arif Abdullazadə (1940-2002) - Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Arif Əbdürrəhman oğlu Abdullazadə 5 aprel 1940-cı ildə Şəkidə Hacıavdıuşağı nəslindən olan tanınmış ziyalı Əbdürrəhman Abdullayevin ailəsində dünyaya göz açmışdır. Şəhər 11 nömrəli məktəbi bitirdikdən sonra 1956-1961-ci illərdə o zamankı ADU-nun Filologiya fakültəsində təhsil almışdır. A.Abdullazadə 1966-cı ildə "Qafur Qantəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis kimi işə başlayan A.Abdullazadə sonradan Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətini davam etdirmiş, burada  kiçik elmi işçi kimi işə başlayan gənc alim zamanla həmin institutda Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsinə qədər yüksəlmişdir və ömrünün sonuna kimi həmin vəzifədə qalmışdır (1993-2002). Professor A.Abdullazadə onlarla elmi məqalə və monoqrafiyanın müəllifidir, 7 elmlər namizədinin tədqiqat işinə rəhbərlik edib. Azərbaycan və SSRİ Yazıçılar İttifaqlarının üzvü olan şair uzun müddət Yazıçılar Birliyində Poeziya bölməsinin sədri olub. Müxtəlif zamanlarda elmi və bədii fəaliyyətinə görə respublika və ümumittifaq əhəmiyyətli bir sıra mükafatlarla təltif olunmuşdur (o cümlədən, Rəsul Rza mükafatı). 2002-ci il mayın 31-də 62 yaşında Bakıda vəfat etmiş və Şəkidə yaxınlarının dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılmışdır.

Öz xatirələrində yazdığı kimi, əsasən hələ məktəb illərində müxtəlif mətbu orqanlarında şeirləri çap olunan Arif Abdullazadənin ilk şeirlər kitabı “Arzular” 1964-cü işıq üzü görmüşdür. Sonrakı illərdə ədibin “Könüllərin dünyası”(1966), “Hər yerdə, hər zaman” (1969), “Ana dünyamız” (1976), “Sevin Azərbaycanı” (1979),Bir ovuc torpaq” (1982), “Səninlə sənsiz” (1983), “Duyum” (1986), “Bəxtimizin kitabı” (1988), “Seçilmiş əsərləri” (1991), “Ulu Qorqud” (1999) adlı kitabları Bakıda, “Vseqda i vsyudu” (1976), “Svet Abşerona” (1986) kitabları isə dövrün sərt senzurasının tələblərini qıraraq Moskvada çap olunmuşdur. Ədibin vəfatından sonra əsasən ömrünün son illərində yazdığı, bir qismi dövri mətbuatdan oxuculara tanış olsa da, çoxu çap olunmamış şeirlərindən ibarət “Tövbə duaları” (2003), 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı yaddaş” (2010), “Qatarla uçmaqdan yorulan durna” (2020) adlı şeirlər toplusu, “Duyum” (2022) adlı şeirlər və eyniadlı romanın daxil olduğu kitabları da işıq üzü görmüşdür. A.Abdullazadə şair kimi daha çox qələmini sınasa da, “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi” romanlarının, “Aqillər” və “Evlərin axşamları” pyeslərinin də müəllifidir.

Professor Arif Abdullazadə “Novatorluq və üslüb”, “Şair C.Cabbarlı”, “Od nə çəkdi” (Rəsul Rza haqqında ədəbiyyatımızda yazılmış ilk monoqrafiya), “Şairlər və yollar” adlı monoqrafiyaların müəllifi, “Azərbaycan ədəbiyyatı tarixi”nin V cildinin, “Ədəbiyyatda şəxsiyyət konsepsiyası” kitablarının əsas müəlliflərindən biridir. O, həmçinin çoxsaylı elmi, elmi-publisistik məqalələr, tərcümələrlə dövri mətbuatda çıxışlar etmiş, bir sıra kitabların tərtibçisi və redaktoru olmuşdur.

 

Yazıçı Ədəbiyyat Portalı şairin doğum günündə bir neçə şeirini təqdim edir.

 

Adiləşən ölümlər

 

Ölümlər necə də adiləşiblər,

Bu gur şəhərdəki insan selində

Ölümlər az qala adətləşiblər.

Yaxşının, yamanın  (nə fərqi var ki),

Yaxının, uzağın (heç yaxın var ki?)

ölüm xəbəri

Qulağa çatanda, dilə gələndə

Üzlərdən xəfif bir təbəssüm keçir.

Bunları görəndə

bir vaxt sənin də

Dözdüyün, bezdiyin bu zor dünyadan

Ölümlə ayrılmaq həvəsin keçir.

Bu sisli, dumanlı zaman içində

Ölümlər adicə marağa dönür,

Sanki o dünyadan xəbər gətirən

Ümidli, arzulu sorağa dönür.

Bir də görürsən ki, bu şirin həyat

Ömrün ortasında devrilib gedir,

Günləri, ayları hey bir-birinə

Bənzəyib uçuşan bu boz zamanda

Ölüm hadisəyə çevrilib gedir.
qəmli möcüzəyə, sirrə dönsə də

Ömür fürsətinin yeganəliyi

Ölümü həyat tək adiləşdirir

əsrin ən son sözü, dəbi sayılan

insanın insana biganəliyi.

Adamlar yaslardan restoranlara,

 toylara gedir.

Elə bil ölüm də sabaha gedən

Davamlı həyatdır, canlı büsatdır,

Elə bil indicə öz arxasınca

qapını çəkib

gedən insan deyil, bir həşəratdır.

1989

Özgə adı

 

Bəlkə də başqa cür yaşaya bilər,

Elə başqa cür də ölə bilərdim.

Elədən-beləyə hey çapa-çapa

Ömrü də mən elə-belə bilərdim.

İndi dolan səbrim boşuna daşar,

Elə dözümüm də içimdən axıb

başıma daşar,

Elə inadım da indiki kimi

Ömür qismətimə qənim olmazdı,

Amma belə həyat, belə yaşantı

Kiminki olsa da, mənim olmazdı.

 

Bəlkə də başqa cür yaza bilərdim,

Misralar ütülü, sözlər sığallı –

Nə başın bəlalar yükünə möhtac,

Nə sənə dərd verən o tərs cığallıq,

Bu boyda misralar, vərdişli sözlər

Bəlkə olanımdan yaxşı olardı,

Uca şöhrətimin naxşı olardı,

Amma nə öz atın, nə öz yüyənin,

Nə torpağa düşən bir ovuc dənin,

Nə dəki, bu sözlər büsbütün sənin.

Neçə tanış səsli yadlar içində

Ömür baş tutardı,

sözünsə çətin.               

1992

 

Layla

 

Dedim layla oxu mənə,

Canım ana, gözüm ana.

Yaxın gəlmir neçə vaxtdır,

Düşmən olub yuxu mənə.

Anam güldü,

Elə bil ki,

Dünyalara işıq saçan

Gözlərində dan söküldü.

Elə bu an qulağıma

Bir səs gəldi,

Şirin yuxu əvəzinə

Gözlərimə işıq gəldi,

Ürəyimə həvəs gəldi:

“Lay-lay, beşiyim, lay-lay,

Evim-eşiyim, lay-lay,

Sən get şirin yuxuya,

Çəkim keşiyin, lay-lay”.

Ucaldıqca bu nəğmənin

sədaları

Gözlərimdə Mil dolandı,

Muğan keçdi.

Sinəsinə gül-çiçəklər

səpələnmiş

Doğma Azərbaycan keçdi.

Xəzər boyu gur dalğalar

         şahə qalxdı.

Göy gölümün göy gözləri

                   mənə baxdı.

Kür çağladı,

         Araz yana-yana axdı.

Səsləndikcə bu təranə,

Göz önümə

ömrüm boyu bir dəfə də

görmədiyim

Təbriz gəldi, Mərənd gəldi,

Başı qarlı Qoşqar gəldi,

Səhənd gəldi...

Qəribədir,

Bir zamanlar bu laylayla

Şirin-şirin yatırmışam!

Bu laylayla, mənə laylay çala-çala

Gözlərindən yuxu qaçan anamı da

yatırmışam.

İndi bu səs

Məni aləm yaratmağa,

Yaşatmağa səsləyirdi.

Ürəyimdə

Illər boyu duymadığım

Min cür duyğu bəsləyirdi.

Bu səs mənim göz önümdə

Neçə aləm, neçə dünya

yaradırdı.

Bir vaxt məni şirin-şirin

yatırdan səs

İndi məni elə bil ki,

Illər boyu yatırdığı

Bir yuxudan

oyadırdı...       

1962

 

 

Hələ uşaqdım onda...

 

Mənə sirr verməyirlər,

Mənə uşaq deyirlər.

Fəqət mənim qəlbimdə

Nələr saxladığımı,

Min illik ömrü olan

Qoca dənizlər kimi

Bəzən sakit dayanıb,

Bəzən çağladığımı

Hələ bilməyir onlar...

Mənə sirr verməyirlər,

Mənə uşaq deyirlər.

Bəlkə də haqlıdırlar,

Çünki bilmir ki, onlar

Mən dünyanın dərdini,

Dünyanın nəşəsini

Bir qəlbdə daşıyıram,

Nələrlə yaşayıram...

Dillənir xatirələr,

Ötənlər yada düşür,

Könlümün səslərindən

Könlümə səda düşür.

Mənə sirr verməyirlər,

Mənə uşaq deyirlər.

Fəqət, nə deyim ki, mən,

Həyatı duyan gündən

Həmdəm olmuşdur mənə,

Düşüncələr, fikirlər

Gecələr sübhə qədər.

Bəzən qəh-qəh çəkirəm,

Bəzən də ah çəkirəm.

Bildirmirəm heç kəsə

Punhan qalan sirrimi,

Nəşəni də, qəmi də

Ancaq özüm yeyirəm,

Çünki mən də çoxuna

Hələ uşaq deyirəm...              

1964      

 

Etiraf

 

Qanıma qarışan bu bahar ətri

Hardan axıb gəldi ömrün qışına?

Saçımda cığırlar qarışan gündə

Biri də çoxalıb gəldi yaşıma.

 

O vaxtlar mən hələ elə bilirdim

Tutub qaldıraram əlimdən düşsən,

Uşaq gələcəkdin nəzərlərimdə,

İndisə sadəcə uzaq keçmişsən.

 

Səni sevgimizin son mənzilindən

Özüm yola saldım sonbaharıma,

Bir sevgi bir anda qurban kəsildi

Dolan gəncliyimin boş vüqarına.

 

Dünyanı oyuncaq sanan günümdü,

Bu son oyunumu unutmadın sən.

Axı neyləyəsən, neyləyəsən ki,

Ömrümüz kiminə sevgilərini

yaşatmaq üçün,

Kiminə eləcə baş qatmaq üçün

verilir bəzən.

 

Üzündə kəsişən yollarda gördüm

İllərin illərə yük olduğunu,

“Axı biz qadınlar tez qocalırıq”,

Gecənin içindən demişdin bunu.

 

Barı heç olmasa ayrılığınla

Tənha təkliyimə rəng vur, naxışla,

Mən elə bilirdim, mənim olarsan,

Sən mənim olmadın, məni bağışla.

 

İndi kəsişməyən iki yoldayıq,

Yollar da axşama düşüb qaralır,

Hardasa bir qərib, yaşıl talada

Sönmüş bir ocağın yeri qaralır.                         

1990

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0