Tanrı, Türk, Törə! - Acaloğlunun məzarındakı şifrə

Apr 9, 2026 - 12:02
 0  10
Tanrı, Türk, Törə! - Acaloğlunun məzarındakı şifrə

Arif Acaloğlu - 70

Bakının səssiz bir guşəsində Kəpənəkçi qəbiristanlığında iri, şəkillərlə bəzədilmiş qara başdaşlarından fərqli bir məzar var. O məzarın daşında cəmi üç söz yazılıb:

Tanrı, Türk, Törə!

Bu sözlər ilk baxışda çox sadə görünür. Amma bir az dayanıb baxanda, insan anlayır ki, burada sadəcə sözlər yox, bir ömrün səsi, bir ruhun izi, bir inancın bütöv hekayəsi yatır. Sanki daş danışmaq istəyir, amma bunu səssizliklə edir.

Tanrı var olana, amma görünməyənə bağlanmaq, varlığın dərinliyində bir işıq axtarmaqdır. Tanrı insanın içində gizlənən o sonsuz boşluğa uzanan bir duadı. Görünməyəni sevmək, anlamadığını belə qəbul etmək, qaranlığın içində bir işıq olduğuna inanmaqdı.

Türk yaddaşın səsi, keçmişdən gələn nəfəs, kimliyini unutmağa qoymayan kökdür. Türk sadəcə bir ad deyil, yaddaşdı. Yalnız qanla axan deyil, həm də xatirələrlə axan bir yaddaşdı. Uzaqdakı yovşanlı çöllərin küləyi, qədim ocaqların istisi, nəsildən-nəslə keçən, ötürülən bir səsdi.

Törə isə o kökü ayaqda saxlayan, insanı özü ilə üz-üzə qoyan haqq və ədalətin ölçüsüdür. Nizam-tərəzidi. Törə insanın özünə verdiyi sözdü, özü ilə kəsdiyi əhdi-peymandı. Heç kimin görmədiyi yerdə belə doğru qalmaqdı, sükutun içində belə öz vicdanın səsini, əcdadların səsini eşitməkdi.

Bu üç söz birləşəndə, artıq ifadə yox, bütöv bir həyat tərzi yaranır. İnancı ilə yaşayan, kimliyini qoruyan və doğru bildiyindən dönməyən bir insanın səssiz andı kimi.

Və həmin bu məzar üç sözün içində yaşayan bir ömrə məxsusdu.

Bu məzar Arif Acaloğluna aiddir.

Arif Acaloğlunun adı elmin, düşüncənin və axtarışın içində çəkilən bir insan idi. O, sözlərin arxasındakı mənanı, miflərin içində gizlənən yaddaşı, türk xalqların ruhunda yaşayan görünməz bağları araşdırırdı. Onun üçün tarix sadəcə keçmiş deyildi. O, yaşayan bir yaddaş, danışan bir dil idi. O, sadəcə bir alim deyildi. O, görünən dünyanın arxasındakı görünməz qatları axtaran bir yolçu idi.

Onun yolu kitab səhifələrindən keçib getmirdi yalnız, o yol miflərin içindən, inancların kölgəsindən, unudulmuş ayinlərin sükutundan keçirdi. Türk xalqlarının mifologiyasını araşdıranda, o sadəcə hekayələr toplamırdı, həm də bütün türk xalqlarının yuxularını dinləyirdi.

Şamanizmi öyrənəndə isə keçmişə baxmırdı, insanın ruhunun ən qədim qatlarına toxunurdu. Şaman davulu səslərinin altında gizlənən ürək döyüntüsünü, göy ilə yer arasında qalan o incə bağları anlamağa çalışırdı.

Bəzən elə olurdu ki, o, alimdən çox bir dinləyiciyə çevrilirdi. Sanki min illərin içindən gələn səslər ona nəsə pıçıldayırdı, o da onları itirməmək üçün sözə çevirirdi.

Borçalıdan, Kəpənəkçi kəndindən başlayan ömür yolu onu Bakıya, oradan Tartuya, Sankt-Peterburqa, daha uzaqlara Qafqazın dağlarına, Orta Asiyanın çöllərinə, Sibirin sərt torpaqlarına apardı. O, mifləri oxuyurdu, amma əslində insanı oxuyurdu. O, dastanları araşdırırdı, amma əslində yaddaşı dinləyirdi.

“Kitabi-Dədə Qorqud” onun üçün sadəcə bir mətn deyildi, türk xalqının ruhunun danışığı idi. “Oğuznamələr”də zamanın səsini eşidirdi. Hər simvol, hər obraz onun üçün bir qapı idi, keçmişdən bu günə açılan qapı.

Arif Acaloğlu yalnız alim deyildi. O, yaşadığı dövrün ağrılarını daşıyan, həm də, millətin taleyində söz sahibi olmağa çalışan bir insan idi. Azadlıq uğrunda səslər yüksələndə, onun da səsi bu səslərin içində idi. Bildiklərini paylaşdı, yüzlərlə tələbə yetişdirdi, düşüncəsini davam etdirən yollar açdı, öz oğlunu da inandığı və getdiyi yola adadı.

Amma bütün bu axtarışların, bu yolların, bu sözlərin sonunda insan yenə özünə qayıdır. İsdəsən də, isdəməsən də hər şey özünə dönür. Və bir gün, yol dayanır, yol bitir.

Arif Acaloğlunun da yolu bir gün Bakıda, 2023-cü ildə ağır yol qəzasında qəfil və amansız bir şəkildə dayandı. Mən bu yazını yazandan bir gün sonra, yəni sabah Arif Acaloğlunun 70 yaşı tamam olacaq. Nə hikmətdirsə, yol qəzasında onun ömrünə son qoyan həkim Azər Maqsudova bir gün əvvəl amnistiya aktı şamil olundu. Ən böyük amnistiya insanın öz vicdanını rahatlatması olacaq. Və bəlkə də, hər şey elə bundan ibarətdi.

Bəlkə də, insanın ömrü sözlərlə ölçülmür, amma bəzən üç söz bir ömrün özündən daha uzun yaşayır. O məzarın üzərində yazılan Tanrı, Türk, Törə artıq təkcə bir insana aid deyil,  o, yaddaşa çevrilib. Və zaman keçsə də, küləklər dəyişsə də, o üç söz yenə eyni səssizliklə dayanacaq. Tanrıya bağlılıq, Türk kimi yaddaş, Törə kimi düzlük yaşadıqca, Arif Acaloğlunun yolu da bitməyəcək. (crossmedia.az)

İlqar İlkin

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0