Tarixə və Sözə sevgi - Nəriman Əbdülrəhmanlı
Yazici.az ədəbiyyat portalı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının Qazaxıstan səfərindən qeydlərini təqdim edir.
Qazax ədəbiyyatının canlı klassiki, nasir, esseçi, tərcüməçi, naşir və ictimai xadim Rollan Seysenbaev insan varlığının dərin mövzularını bütün müxtəlifliyi ilə araşdıran böyük söz ustasıdır. Ruhun ən gizli qatlarına enməyi bacaran, sərt realist, eyni zamanda da incə psixoloq olan yazıçının əsərləri bu gün təkcə qazax ədəbiyyatının deyil, bütövlükdə dünya ədəbiyyatının danılmaz faktıdır...
Sentyabrın əvvəllərində Rollan Seysenbayev zəng vurub 80 illik yubiley tədbirlərində iştirak edə bilib-bilməyəcəyimi soruşanda tərəddüdsüz razılıq verdim. Çoxdan doğma saydığım diyarda bir daha olmaq, insanlarının səsini, çöllərinin havasını, dağlarının mehini duymaq, üstəlik, aradan keçən az qala on ilin qazax ədəbiyyatının təbliği ilə bağlı yaradıcılıq hesabatı vermək üçün göydəndüşmə fürsət yaranmışdı. Yubileyinə həsr olunmuş tədbirlər oktyabrın əvvəllərindən Almatıda başlanmış, “İlk qar”, “Yaşamaq istəyirsənsə”, “Ölülər çöldə dolaşırlar”, “Dünyanın çökdüyü gün”, “Şeytan taxtı”, “Heçliyə pilləkən”, “Şərəf”, “Qaçış”, “Dekabr günləri” və digər əsərləri ilə nəinki Qazaxıstanda, hətta Avropada belə oxuculara yaxşı tanış olan yazıçının yaradıcılıq gecəsi keçirilmişdi, əsas proqram oktyabrın 14-17-də yazıçının doğulub-böyüdüyü Semeydə davam edəcək, rəsmi və ədəbi-mədəni tədbirlər baş tutacaq, iştirakçılar Abay rayonunun mərkəzi Karaula, böyük Abayın vətəni Jidebaydakı xatirə kompleksinə və ev-muzeyinə gedəcəkdilər.
Hədiyyə ilə bağlı da çox götür-qoy eləməmişdim: yubilyarın fotosunu xalçaya toxudacaq, beləcə, ona həm Ulu Çölü, həm də Azərbaycanı xatırladan hədiyyə verəcəkdim. O fotoda Rollan Ağa çöldə oturur, arxasında göz işlədikcə uzanıb gedən ənginlik, bir də çox sevdiyi atlar var.
Əsas yüküm isə onunla tanışlığımızdan keçən on il ərzində çap etdirdiyim qazax ədəbiyyatı nümunələri (Abay Kunanbayevin “Qara söz”, Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün”, Kemel Tokayevin “Gecə açılan atəş” kitabları, “Qazax nəsri” antologiyası, Beynəlxalq şurasının üzvü olduğu “Xəzər jurnalı, “Rollan Seysenbayev: Ruhun ənginliyi” portret-yazım dərc olunmuş “Ədəbiyyat qəzeti”, eyni zamanda professor Bədirxan Əhmədlinin “Çağdaş qazax ədəbiyyatının görkəmli nümayəndəsi” məqaləsi işıq üzü görmüş “Xalq qəzeti...) idi – Azərbaycanda qazax ədəbiyyatının nə qədər sevildiyini və təbliğ olunduğunu göstərmək, yubilyarın arxivinə, kitabxana və muzeylərin fonduna vermək imkanından faydalanmaq arzusundaydım.
Təşkilat komitəsi səfərimin rahat keçməsi üçün hər şeyi nəzərə almış, hətta Semey reysi ilə aradakı vaxt fərqini nəzərə alıb Nursultan Nazarbayev adına Astana Beynəlxalq Hava Limanı otelində nömrə belə sifariş vermişdi. Bir neçə saat dincələndən sonra yarım günümü şəhərlə tanışlığa sərf etmək üçün gözəl fürsət yaranmışdı. Əlbəttə, bir neçə saat Astana ilə tanışlığa bəs eləməsə də, müstəqil, müasir, inkişafda olan ölkənin ab-havasını duymağıma imkan verdi.
...Hava Limanında yeni qazax nəsrinin istedadlı simalarından biri, “Kentavr sindromu” povestilə diqqətimi çəkmiş yazıçı, ixtisasca televiziya jurnalisti və prodüser olan Adilxan Saxariyevlə rastlaşmağım sürpriz oldu. Məni Rollan Seysenbayevlə birgə fotolarımızdan tanıyıb yaxınlaşdı, tanışlıq verdi, həyat yoldaşıyla (ixtisasca tərcüməçidir) birgə yubiley tədbirlərinə dəvət aldığını söylədi. Yol boyu başımız söhbətə elə qarışdı ki, bir saatın necə ötdüyündən xəbər tutmadıq...
...Abayın adını daşıyan Semey Hava Limanında təyyarədən enəndə məlum oldu ki, yol yoldaşlarımız arasında yubiley tədbirlərində iştirak etmək üçün gələnlər də varmış. Bizi yubilyarın köməkçisi Zarina Baymusina, vilayət administrasiyasının nümayəndələri qarşıladılar, milli geyimli qızların təqdim etdikləri ənənəvi şirniyyatlardan daddıq. Tarixi binada yerləşən beşulduzlu “Pana Unique Semey” otelinin foyesində isə Rollan Seysenbayev məni qonaqlar arasında görəndə əməlli-başlı sevindi, görüşüb uzun-uzadı iş-gücüm, səhhətim, yaradıcılığımla bağlı suallar verdi.
Axşam gətirdiyim Azərbaycan sovqatı ilə yubilyara baş çəkdim. Məqsədim ayaqüstü söhbət eləmək, tədbirlər proqramından xəbər tutmaq olsa da, buraxmadı, söz-sözü çəkdi, xatirələr çözələndi, bir də baxdıq ki, “Nəsimi” konyakının axırına çıxmışıq, mövzularımız isə hələ heç yarıya da çatmayıb. Amma qarşıdakı ağır məclisləri nəzərə alıb söhbətimizə fasilə verməli olduq.
Rəsmi tədbirlər günortadan sonraya planlaşdırıldığına görə, səhəri gün Adilxanın təklifiylə Rollan Seysenbayevin yeniyetməlik və gənclik illərini keçdiyi, əsərlərində və xatirələrində dönə-dönə təsvir elədiyi şəhəri gəzmək qərarına gəldik. Hətta havanın qəfildən soyuması, yağış, ardınca seyrək, xırda qar yağması belə bizi fikrimizdən daşındıra bilmədi.
Qazaxıstanda ilk ədəbi muzey olan “Jidebay-Borili” Abay Dövlət Tarix, Mədəniyyət və Ədəbi Xatirə Qoruq-Muzeyinin şəhərdəki kompleksini, Böyük yazıçı Fyodor Dostoyevski 1854-1859-cu illərdə Semeydə yaşadığı, görkəmli qazax alimi və etnoqrafı Şokan Vəlixanovla (1835-1865) yaxın ünsiyyətdə olduğu, “Əminin yuxusu”, “Stepançikovo kəndi və sakinləri” əsərlərini yazdığı, “Ölülər evdən qeydlər” povesti üzərində işləməyə başladığı ev-muzeyini, Nevzorovlar ailəsinin adını daşıyan Təsviri İncəsənət Muzeyinə, tarixi tikili və abidələrə baxdıq.
Rollan Seysenbayevin 80 illiyi ilə bağlı yubiley tədbirləri Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanasında (Abay Kitabxanası) başladı. Kitabxananın foyesində yubilyarın əsərlərindən və mətbuat materiallarından ibarət çox zəngin sərgi açılmışdı. Görüşü “Qazaxıstan ədəbiyyatı” qəzetinin redaktoru, müasir qazax poeziyasının tanınmış simalarından olan şair Baurjan Jakıp aparırdı. Onun geniş giriş nitqindən sonra yazıçı, ssenariçi, rejissor Marat Konurov, Qazaxıstanın Xalq artisti Şahimərdan Əbilev, İraliyanın Qazaxıstandakı Səfirliyinin mədəniyyət attaşesi, Almatı İtaliya Mədəniyyət İnstitutunun direktoru Edoardo Krizafulli, kuyçu-bəstəkar, Xalq artisti Seken Turısbekov yubilyarı təbrik etdilər, yaradıcılığı haqqında fikirlərini bölüşdülər. Həmçinin, AlmaU Universitetinin təsisçisi və prezidenti Asılbek Kojahmetov, şair-jurnalist Tölegen Janqaliyev, Qazaxıstan Respublikasının Dövlət Mükafatı laureatı, şair Uluqbek Yesdaulet, AlmaU Universiteti “Ulı Çöl Akademiyası” Elmi Mərkəzinin direktoru, “Jolşı” fəlsəfə cəmiyyətinin rəhbəri, fəlsəfə dokoru Nurjan Kulumjanov yazıçının ədəbiyyat və mənəviyyat sahəsindəki fəaliyyətinə diqqət yetirdilər, böyük söz ustası və ictimai xadim, Xalq yazıçısı Oljas Süleymenov, məşhur müğənni, Xalq artisti Dimaş Kudaybergen, görkəmli ədəbiyyat və sənət xadimləri Anatoli Kim, Georgi Qaçev, Murat Auezov, Harold Belger, Bolot Şəmiyev, Murzatay Joldasbekov, Janseit Tumebayev, Yerali Toqxanov və Yevgeni Popovun yubilyar haqqında xatirələri təqdim olundu.
Əlbəttə, belə bir atmosferdə Rollan Seysenbayevi Azərbaycan adından təbrik nitqi söyləmək, şəkli toxunmuş xalçanı təqdim etmək, Azərbaycan-Qazaxıstan mədəni və ədəbi əlaqələrinin get-gedə daha da genişləndiyini dilə gətirmək məndən ötrü son dərəcə qürurverici məqam idi.
Abay Teatrında Rollan Seisenbayevin eyniadlı hekayəsi əsasında quruluş verilmiş “Müharibə nəğmələri” tamaşası sonra vilayət akimi Berik Uali yazıçıya “Abay vilayəti qarşısında xidmətlərinə görə” döş nişanını təqdim etdi, ənənə üzrə xüsusi hörmət əlaməti olaraq çapan geyindirdi. Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Əbdirov da ölkə rəhbərliyinin təbrikini çatdırdı. Gecənin ən yaddaqalan hadisəsi Rollan Seysenbayevə yüksək İtaliya dövlət mükafatının təqdim edilməsi oldu. Səfir Antonello De Riu İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından mədəniyyətin inkişafına, İtaliya ilə Qazaxıstan arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə verdiyi böyük töhfəyə görə yazıçıya “İtaliya Ulduzu” (“Cəngavər”) ordenini təntənəli şəkildə təqdim etdi.
Axşam Abay vilayəti akiminin adından yubilyarın şərəfinə verilən ziyafətdə də əsl ədəbiyyat və sənət havası hökm sürürdü. Təbriklər, musiqi nömrələri arasında Abay Fondunun rəhbəri Uluqbek Yesdaulet abayşunaslığa verdiyi böyük töhfələrinə görə Rollan Seysenbayevi “Abay” ordeni ilə şərəfləndirdi, akim Berik Uali bir neçə qonağa, o cümlədən də mənə hörmət əlaməti olan çapan geyindirdi, Azərbaycan xalqına salamlarını çatdırmağımı xahiş etdi.
Eyni zamanda akimat adından qonaqlara Abay vilyətinin rəmzlərindən ibarət xatirə hədiyyəsi və tarixini əks etdirən kitab təqdim olundu...
...Karayılacan Təxminən 180 kilometrlik yolun hər iki tərəfində ucsuz-bucaqsız, yovşan, arabir xırda kollar, bir də qum təpəcikləri dəyən çöl uzanıb gedir. Lap uzaqlarda yazıçının “Dünyanın çökdüyü gün” əsərindən tanış olan, məşum atom sınağı günlərində qoynuna sığındıqları Şınqıstau (Çingiztau) dağlarının silueti sezilir. Abay rayonunun inzibati mərkəzi olan, beş min nəfərdən bir qədər artıq əhali yaşayan şəhərcik (qazaxca Qarauıl) Abayın abidəsinə baş çəkdik, müasir tipli mədəniyyət sarayında Rollan Seysenbayevin şərəfinə təşkil olunmuş, əsasən, Abayın və Şahkərimin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsertə tamaşa etdik, rayon akiminin müavini Nazerke Akkojina bölgənin tarixi, mədəni statusu, tarixi şəxsiyyətləri haqqında ətraflı məlumat verdi. Konsertdən sonra baş tutan təntənəli ziyafətdə də dombırada ifalar və mahnılar bir-birini əvəz elədi. Nazerke Akkojinanın mənə - Azərbaycandan gəlmiş qonağa – Qazaxıstanın ən yaxşı kumısından hədiyyə verməsi isə xalqlarımız arasındakı qarşılıqlı hörmətin əlaməti idi.
Karayıldan bir qədər aralıda, Şınqıstau dağlarında, Abayın dpoğulub-böyüdüyü, bütün ömrünü keçirdiyi, qış daxmasının və Muxtar Auezovun doğulduğu evin yerləşdiyi Jidebay qışlağı Avrasiya qitəsinin mərkəzi hesab olunur, tarixi, mədəni və ədəbi statusa malikdir.Qoruq Karayıl çayının yaxınlığında, 64 kvadrat kilometr ərazidə yerləşir, 1990-cı illərin əvvəllərində Abay Kunanbayevin 150 illik yubileyini qeyd etmək üçün inşa edilib. Kompleksə Abay Memorialı və Ədəbi Muzey-Evi, eləcə də Abay, Zere, Uljan, Öspan, Şahkərim, Axat, Kudayberdi, Molla Qabitxan, Şauken Bay və Erkejan məzarlıqları, digər tarixi-mədəni abidələri daxildir.
Əlbəttə, böyük maarifçi və ədibin Jidebayda yaşadığı evi, nəfəsinin və əlinin toxunduğu əşyaları görmək, həyat və yaradıcılığı ilə təmasda olmaq başqa, sirli-sehirli duyğudur. Jidebay köçəbəsinin (qışlağının) ərazisində yerləşən evin əsasını atası Kunanbay qoysa da, sonradan Abay tikilini yenidən qurub, ömrünün son 10 ilini (1894-1904) burada keçirib, məşhur “Qara söz” fəlsəfi traktatını, 70-dən çox şeirini qələmə alıb. Böyük söz ustasının Azərbaycan türkcəsinə çevirib nəşr etdirdiyim “Qara söz” kitabını və əsərdən parçaların yer aldığı “Qazax nəsri” antologiyasının nüsxələrini muzeyin fonduna hədiyyə vermək mənim üçün çox həyəcanlı məqam, üstəlik, muzeyin eksponatları arasında böyük şairimiz Səməd Vurğunun nəfəsi və əli dəymiş dombıranı görmək təsvirəgəlməz duyğu idi...
Börlili kəndində tanış olduğumuz Muxtar Auezov Ədəbi və Xatirə Ev-Muzeyi də Abay Dövlət Tarix-Mədəniyyət və Ədəbi-Memorial Qoruğu-Muzeyinin “Jidebay-Börili” hissəsinə daxildir.
Karaaul, Jidebay və Börili səfəri zamanı gördüklərimi Qazaxıstanda tarixə, milli-mənəvi dəyərlərə, tarixi və yaradıcı şəxsiyyətlərə sonsuz sevginin, tükənməz qayğının aydın təzahürü kimi qəbul etdim. Eyni zamanda, çağdaş yazıçının yubileyini xalqın tarixinə və mədəniyyətinə duyğu dolu səyahətə çevirmək də təşkilatçıların diqqətəlayiq addımı idi.
Axşam Rollan Seysenbayevin ən yaxın dostlarını yığdığı məhrəm məclisdə də söhbət, əsasən, tarixi kimlik, ədəbi-mədəni əlaqələr ətrafında getdi. Fürsətdən istifadə edib Azərbaycanda qazax mədəniyyətinin və ədəbiyyatının təbliği yönümündə görülən işlərdən, gələcək perspektivlərdən danışdım, Abayın, Muxtar Auezovyun, Oljas Süleymenovun, Muxtar Şahanovun, Abiş Kekilbayevin əsərlərinin nəşri, onların yaradıcılığına həsr olunmuş dissertasiyaların yazıldığı, barədə söz açdım, Sətimjan Sanbayevin povestlərindən sonra bənzərsiz nasir Oralxan Bökeyin əsərlərini çevirdiyimi, artıq hekayələrini Azərbaycan oxucusuna təqdim etdiyimi, planımda bir neçə gənc yazıçının əsərləri olduğunu bildirdim.
Az qala səhərə yaxın bitən o məclisi Rollan Seysenbayev mənim simamda Azərbaycan xalqına, mədəniyyətinə və ədəbiyyatına hörmətini ənənəvi xəz çapan geyindirmə mərasimi ilə başa vurdu...
Azərbaycana canlı klassikin bənzərsiz yubileyindən və yaradıcı insanlarla təmaslardan doğan sonsuz təəssürat, Azərbaycana böyük sevgi, Ulu Çölün havasının bir də ədəbi-mədəni əlaqələrimizin gələcəyi ilə bağlı nikbin hisslər gətirdim...
Bakı-Astana-Semey-Karayıl-Jidebay
2026, 14-17 oktyabr
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0