Tofiq Nurəli - Darıxan nəğmələr

Mar 29, 2026 - 11:30
 0  48
Tofiq Nurəli - Darıxan nəğmələr

Yazıçı Ədəbiyyat Portalı Tofiq Nurəlinin şeirlərini təqdim edir.

Darıxan bir nəğmə...

YAĞIŞLAR

Yenə də yağışlar yağacaq, gülüm,

Düşəcək yadıma o yaşlı gözlər...

Bulud dəsmalını alıb külək də

Göyün aynasını silər, təmizlər...

Özünü gecəyə çırpar ildırım,

Bir körpə diksinər qolların üstdə...

Bir durna ölüsü atılar göydən

Yağışlı-yağmurlu yolların üstə...

Sustalar bu yollar yorğun qollartək,

Bir gecə göynəyər qəm ağuşunda...

Pəncərən gecənin gözləri kimi

Hönkürər yağışlı ay işığında...

Xatirən yüyürüb çatar dünənə,

Gəlin olduğunu unudub hətta

Sən elə bilərsən durmuşam yenə

O dar küçənizdə.., yağışın altda...

Gözündən yaş damar, yuxulu körpən

Hönkürər qəfildən bu gecə yarı.

...Sənin pəncərəndə yağışlı bir ay..,

Mənim pəncərəmdə gecə fanarı...

...Körpələr xəbərsiz boy atacaqlar,

Bir də görəcəyik ötüb ömür-gün...

...Yaxşı ki, dünyada xatirələr var..,

Yaxşı ki, yağışlar yağacaq, gülüm..

             1979

DARIXAN BİR NƏĞMƏ...

Nəyimə lazımdır bu çöllər mənim –

Solğun ay.., donmuş qar nəyimə gərək

Qırovlu yulğundan tonqal qalayıb

Tullanım üstündən mən yüyürərək.

Taleyin, həyatın sualları çox –

Yığılıb önümdə hey qalaq-qalaq.

Onsuz da bir cavab tapa bilmədim,

Qoy atım onları bir-bir tonqala...

Söylə mən nələri silim ömürdən?!

Mümkünmü? Söylə, kim bacarıb bunu?!..

Hələ bu günəcən anlamamışdım

Həyatın bu qədər boş olduğunu...

Ah.., sonsuz, kimsəsiz bu qarlı çöllər...

Solğun ay.., donmuş yel, bum-buz ulduzlar...

...Qoy atım toonqala o sualları..,

Cavablar onsuz da uduzulublar...

Bu sonsuz çöl kimi dünya mənasız..,

Solğun ay.., donmuş qar nəyimə gərək...

Bu soyuq ömürdən, solğun həyatdan

Nələr istəyirdi – bilmədi ürək.

01.04.18

Darıxan nəğmələr...

"Qaranlıq" silsiləsindən

Nə kövrəlib bu qaranlıq—

O tarda simlər ağrıyır...

O tardan, o simdən qabaq

Görəsən kimlər ağrıyır?..

Qaranlığın zülmətindən

Bir göz yaşı parıldasa..,

Duyaram o zümzümədən

Bir ağrı gedir harasa...

...O gedir qaranlıqda

əlin arxadan çatıb...

Hardan gəlir bu ağrı,

kimin bagrın çatladıb?!

Bu ağrı tələsir birdən

əcəldən qabaq yüyürür...

Gecənin qaranlığında

hər yanı ağrı bürüyür.

Bu qaranlıqlar içində

Bu tarda simlər ağrıyır,

Gedim çıxım budaqlara—

Bir görüm kimlər ağrıyır?!.

Bir görüm əcəl hardadı,

Nə qaçır əçəldən qabaq?..

...Gündən-gündüzdən savayı

Nəsə var gecədən qabaq...

Darıxan bir nəğmə

SOYUQ PAYIZ

Xəbərin oldumu, payız da getdi,

Tökülüb qurtardı bütün yarpaqlar

Endi oralardan sarı günahlar,

Endi oralardan sap-sarı ahlar...

Deyəsən yollara qıfıl vurulub--

Gələni-gedəni azalıb daha.

Quşlar da göylərdən çəkilib gedib,

Göylər ağzı göyə qalıb allaha...

Bu ki, lap ömürdür: gahdan bir az gün..,

Gahdan xırda yağış.., gahdan da duman...

Payız gülləri də solub getdilər...

Yazdan nə gördüm ki.., indi nə güman?..

Payızda dağlarda təm-təraq olmur..,

O hay-küy, o gülüş, o maraq olmur.

Ürək elə bil ki, dolur söz ilə,

Yazmağa nə qələm, nə varaq olmur...

Dünyanın hər üzü vəfasız imiş,

Sanki hər tərəfdən sıxılır adam...

İndi anlayırsan yaxşı-yamanı,

Gedib bir sərçəyə sığınır adam.

...Sən məni bu qədər tək qoyma, ey dost..,

Zəng vur çatmasa da, ümid--de ki, var...

...Bircə durna səsi gəlsə dumandan

Hönkürə bilərəm indi o ki var...

... Xəbərin oldumu, payız da getdi,

Tökülüb qurtardı bütün ümidlər...

Arxa bom-boş heçlik.., qarşı boz duman..,

Tofiqə bənzəyir dağlar indilər...

                     Darıxan bir nəğmə

    SƏRÇƏ QANUNU

Bu otlar bilməyir-- bu yamac bilir,

Yarpaqlar bilməyir-- bu ağac bilir,

Kəpənək bilməyir-- bu turac bilir...

Nələr olacaqsa, çox gerçək bilir,

Hamıdan yaxşısın bu sərçə bilir--

Bir payız gələcək yayın içindən...

Əvvəlcə sözünü yağış deyəcək..,

Xoş bir pıçıltıyla "yığış" deyəcək ...

Çaxmaqlar ara-bir alqış deyəcək...

...Sonrasın yenə də gerçək deyəcək..,

Hamıdan düzünü sərçə deyəcək:

Bir payız gələcək yayın içindən...

Çağlar bulaqlardan su içə-içə,

Gecəylə, ulduzla, ayla iç-içə

Üz sürtüb, əl vurub lap bircə-bircə

Bu qədər çiçəyə, ota, yarpağa

Nələr başladığın çox gerçək qanır..,

Hamıdan düzünü bu sərçə qanır--

Bir payız gələcək yayın içindən...

...Qırmızı, narıncı dağlar çəkəcək..,

Dünyalar sapsarı ahlar çəkəcək...

Sonra nə çəkəcək dağlar çəkəcək...

...Duyduğu, qandığı gerçək olacaq--

Yenə yurdda qalan sərçə olacaq..,

Bir payız gələcək yayın içindən...

...Fikrində min dağı qoyur dağ üstə--

Büzüşüb buz tutmuş bir budaq üstdə..,

Fikri həm dünəndə, həm sabah üstdə;

Sabah təkrarıdır olub-keçənin...

Başqa doğrusu da var bu sərçənin:

İçindən başlayır hər şeyin sonu...                                        

...Dəyişmir dünyanın sərçə qanunu...

...Bir payız gələcək yayın içindən...

              22.07.22

            

Tural Adışirinin təqdimatında...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0