Xəlil Mirzənin payızı bahara dönən poeziyası
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xəlil Mirzə (Xəlil Mirzəmməd oğlu Xəlilov) ökəmizin orta yaş həddini adlamış o şanslı ziyalı vətəndaşlarındandır ki, XX əsrin sonuna yaxın Qarabağın və Şərqi Zəngəzurun düşmən tərəfindən işğal olunduğunu görüb məyus olduqları, acı çəkdikləri kimi, bəxtlərinə otuz il sonra torpaqlarımızın yağı tapdağından azad olunduğunu, şəhidlərimizin qanının alındığını görmək xoşbəxtliyi də qismət olmuşdur.
Təbii ki, Azərbaycan tarixinin bu keşməkeşli qərinəsində baş verənlər bütün xalqımızın qan yaddaşında iz saldığı kimi, söz-sənət adamlarının, müqtədir qələm sahiblərinin də yaradıcılığında mühüm yer tutmuşdur. Nə xoş ki, bir vaxtlar qaçqın və məcburi köçkünlərin acı xatirələrini, həyat şəraitlərini, problemlərini əks etdirən çoxlu sayda məqalələr dərc etdirən, publisistik-sənədli yazılarla çıxış edən, dövrün ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı erməni qəsbkarlarının törətdiyi vəhşilikləri, Xocalının müdafiəsi zamanı həlak olmuş mərd Vətən oğullarının qəhrəmanlıq salnamələrini əks etdirən “Dünya hara baxır görən?!..” adlı sənədli poema yazan Xəlil Mirzə artıq beş ildir ki, şanlı Qələbə ilə yekunlaşan Vətən müharibəsinin qəhrəmanlarını tərənnüm etməkdə, “Müqəddəs Zəfər” seriyasından silsilə hekayələr qələmə almaqdadır.
Xəlil Mirzənin ilk kitabının işıq üzü görməsindən 30 il keçir. Bəli, 1996-cı ildə “Gənclik” nəşriyyatında çap olunmuş o kitabın adı “Payız qatarı” idi. Hərçənd, o vaxt 38 yaşı olan Xəlil müəllim ciddi, məsuliyyətli, ağrılı peşə sahəsi olan söz sənətinə çoxdan qədəm qoymuşdu. Ədəbiyyata uşaq yaşlarından maraq göstərən Xəlil Xəlilov doğma Sabirabad rayonunun Kovlar kənd səkkizillik məktəbində (1965-1973), sonradan M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil aldığı dövrdə (1973-1975) divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (sonradan “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Jurnalistikanın demək olar, bütün janrlarında qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanmışdı.
1976-cı ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) avtonəqliyyat fakultəsində ali təhsil alanda da, hərbi xidmət illərində (1977-1979) belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. Gənc mühəndis-mexanik 1979-cu ildən əmək fəaliyyətinə başladığı Bakı Şin Zavodunda işlədiyi dövrdə zavodda çıxan çoxtirajlı “Şinçi” qəzeti ilə əməkdaşlıq edib. Müxtəlif səpgili yazıları ilə yanaşı, həm də şeirləri dövri mətbuatda dərc olunub, radio və televiziya verilişlərinə dəvət alıb. Həmin illərdə “Azərbaycan-Azərbaycan” adlı ədəbi birliyin fəal üzvü olub, AYB-nin nəzdində fəaliyyət göstərən “Natavan” klubunun məclislərində iştirak edib. Bakı şəhər 39 saylı orta məktəbdə özü də ədəbiyyat dərnəyi yaradıb, istedadlı məktəblilərə poeziyanın sirlərinin aşılanmasında yardımçı olub, 80-ci illərdə populyar olan ədiblərlə görüşlər təşkil edib.
Xəlil Mirzə Qaçqınların və Məcburi Köçkünləin İşləri üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışdığı 1994-2008-ci illərdə çoxtirajlı “Vətən səsi” qəzeti ilə əməkdaşlıq edib. Xəlil Mirzə həm də həmin illərdə elindən, obasından ayrı düşmüş yaradıcı insanlarla sırf təmasda olmuş, onların əsərlərinin bir qismini redaktə edərək “Vətən səsi” qəzetində dərc etdirmişdir.
Şairin “Dünya hara baxır görən?!..” adlı ikinci toplu-kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında, “Zamanın sınağında” adlı üçüncü toplu-kitabı və uşaqlar üçün yazdığı “Almaların nağılı” adlı dördüncü toplu-kitabı 2000-ci ildə “Diplomat” nəşriyyatında, “Yuxumu itirmişəm” adlı beşinci toplu-kitabı isə 2009-cu ildə “Mütərcim” nəşriyyatında nəşr olunub.
Xəlil Mirzə eyni zamanda “Danışan məzarlar”, “Qatil Kür”, “Salam kəndim” adlı poemaların, uşaqlar üçün yazdığı “Ədalətin qələbəsi” adlı birpərdəli mənzum dram əsərinin, “Zamanın sınağında” adlı povestin və “Qəzet köşkü” adlı tragikomediyanın müəllifidir.
Xəlil Mirzənin ədəbi yaradıcılığının bəzi aqspektlərinə nəzər salmağa elə onun ilk kitabı olan “Payız qatarı”ndan başlayaq. Kitabda təqdim olunan “Darıxmışam” adlı ilk şeir, “Quru-quru qurbanın olum”, “Atam, mən, arzular…”, “Dəcəl körpənəm” adlı sonrakı şeirləri valideynlərinə həsr olunmuşdur. Bu da anlaşılandır – ölkəsinin ləyaqətli vətəndaşı həm də məhz valideynlərinin qədirbilən övladı olmalıdır. Çünki insan üçün Vətən məhfumu dogulduğu ocaqdan, böyüyüb boya-başa çatdığı evin divarlarından başlayır, eliylə-obasıyla davam edir. Xalq və millət isə adamın ailə üzvləriylə başlayır, mənsub olduğu nəslin təmsilçiləri ilə, qohum-qonşularıyla, üzvü olduğu cəmiyyətin başqa zümrələrinin nümayəndələri ilə davam edir. Axı ola bilməz ki, valideyninin üzünə ağ olan övlad, ailə qədri bilməyən kişi ölkəyə nümunəvi vətəndaş olsun, döyüşdə cəsur əsgər olsun, əmək kollektivində məsuliyyətli işçi olsun və s.
…Dünyanın ən buzlu zirvəsində mən
Ana laylasıyla yatmaq istərəm,
Dünyanın əl ülvi sevgisinə mən –
Ana sevgisinə çatmaq istərəm.
Dünyanın ən şirin nazını danıb,
Ana dünyasında itmək istərəm!..
“Ana dünyası”şeirindən parça (“Yuxumu itirmişəm”, Bakı, 2009)
Haqlı olaraq Qarabağ müharibəsi barədə yazılmış ən dəyərli bədii əsərlərdən biri sayılan “Dünya hara baxır görən?!..” poemasının yer aldığı eyni adlı kitaba görkəmli filoloq-alim Əziz Ələkbərli Ön Söz yazmışdır. X.Mirzənin Vətəndaş – Şair kimi xidmətini hər cür ehtirama layiq bilən Ə.Ələkbərli doğru vurğulayır ki, poema müəllifin şair qələminin epik imkanlarını xüsusilə qabarıq nümayiş etdirir.
…Xocalıda
İndi Günəş çıxır görən?
Çaylarında
İndi sumu axır görən?
Bağlarında
İndi quşlar oxur görən?
Ormanlarda
Otlayırmı naxır görən?
Nər igidlər
At belində çapır görən?
Qız-gəlinlər
Seyrangaha çıxır görən?
Güllü nənə
Kəklikotu yığır görən?
“Qarabağın şikəstəsi”
Ürəkləri yaxır görən?
Bayramlarda cəngi səsi
Obalara axır görən?
İtməyibmi
Yamaclarda cigar görən?
Bulaqlardan su içirmi
Ceyran, cüyür, sığır görən?
Ayı qoparırmı nərə?
Yenə salırmı vəlvələ?
Qar üstündə iz salırmı
Kəklik hələ, turac hələ?
Meşələrə səs salırmı
Bülbül hələ?
Görən hələ yaşayırmı
Tülkü lələ, hop-hop dələ?
Dağ keçisi dırmanırmı
Sıldırımlı zirvələrə?..
Altı cızılmış bu misralardan göründüyü kimi, Xəlil Mirzə Xocalının təkcə qətlə yetirilmiş sakinlərini deyil, məharətlə təsvir etdiyi təbiətini – fauna və florasını da faciə qurbanları hesab edir; çünki heyvanlar, bitkilər onların qədrini biləcək, gözəlliklərini vəsf edəcək həqiqi sahiblərindən məhrum olmuş, həmvətənlərindən ayrı düşmüşdülər. Həqiqətən də işğal dövrü göstərdi ki, erməni təcavüzkarlar meşələri qəddarcasına qırıb məhv etmiş, “Qırmızı Kitaba” düşmüş nadir heyvanlara belə rəhm etməmişlər.
Yeri gəlmişkən, gözəllik vurğunu Xəlil Mirzənin poeziya yaradıcılığında təbiət hadisələrinin tərənnümü, onlardan yaratdığı fəlsəfə mühüm yer tutur. Müəllifin “Bahar oluram” (“Zamanın sınağında”, Bakı, 2000), “Mənim bu ağaca yazığım gəlir”, “Ana yurdum”, “Qatil Kür” (“Yuxumu itirmişəm”) və təbiət lövhələrinə müraciət etdiyi başqa əsərlərin sırasında Kür çayına həsr olunan nümunələr layiqli yer tutur. Bu da təəccüblü deyil: Kür və Araz çayları həyat və təsərrüfat fəaliyyəti üçün əhəmiyyətli nemət olan su mənbəyi, bolluq və bərəkət rəmzi, daşıb selə döndüyü vaxtlar qarşısıalınmaz gücün simvolu, azərbaycanlı şairlərin ilham pərisi, səyyahların seyrangahı, saf sevginin ana bilib qəlb açdığı ümid yeri, coşqun məhəbbətin poetik ifadəsi və… təəssüf ki, həm də taleyindən küsənlərin intihar ünvanı, haqqı unudan qatili olmuşlar. Xəlil Mirzənin yaradıcılığında Kürün sahilyanı kəndlərin sakinlərinə göstərdiyi xoş üzünü, həm də həyatın sınaqlarına dözməyib təslim olanlara münasibətdə sərt sifətini görürük.
Xəlil Mirzənin əkinli-biçinli, mal-qaralı kənd həyatının üstün məziyyətlərini vurğulayan nostalji şeirləri urbanizasiyanın dərinləşdiyi indiki dövrdə çoxdan şəhərə üz tutmuş oxucunun burnunun ucunu göynədir, sətirlərin arasından bağdan-bağçadan dərilən təravətli meyvənin, ətirli göyərtinin, bostandan yığılaraq birbaşa süfrəyə daşınan təzə tərəvəzin rayihəsi duyulur:
Gəzdin gəldin,
süfrə hazır –
hər nə istəsən
var, buyur.
Yumurtanın qayğanağı,
camış qatığı,
qaymağı.
Çiyələk də var süfrədə,
gilas, gilənar süfrədə.
Gir bağçadan xiyar da dər.
Körpə soğan, acı bibər,
Keşnişdən də turpa qədər –
yığ, nə qədər
xətrin istər…
Südlü aşı səhər-səhər
duzlu balıqla yeyərlər.
Nehrə yağı, üzlü pendir –
buyur ye, meydan sənindir,
nə yesən öz hünərindir.
…Yamyaşıl taxıl zəmisi,
quzuların mələşməsi,
quşların özəl nəğməsi
ürəyinə yatdımı, de!
Arx döşündə yemlik, qanqal,
cincilim, gəlinbarmağı…
Göz oxşayan çiçəklərin
ətri bihuş etdimi, de!
Həə?! Keçdimi lovğalığın –
ötkəmliyin öldümü, de!..
“Salam, kəndim!” poemasından parça (“Yuxumu itirmişəm”, Bakı, 2009)
Hərçənd, indi artıq vətənpərvər şair Xəlil Mirzənin ən böyük arzusu reallaşıb – tarixi ədalət bərpa olunub. Ona görə illər öncə Qarabağı azad görəcəyi təqdirdə bəraət verəcəyini vəd etdiyi Kürün də boğucu günahlarından keçib:
Qoy, yekun məqamı bu sual olsun,
Cavabı arayaq sual doğanda!
Şəhid anaları xoşəhval olsun,
Qələbə sevincli əhval doğanda!
Qələbə!!! Müqəddəs, ülvi amalım,
Bu amal uğrunda savaş dilərəm!
Yağıdan tezliklə kamımı alım –
Mən Kürü “qatil” yox, “qalib” bilərəm!
“Qatil Kür” poemasından parça (“Yuxumu itirmişəm”, Bakı, 2009)
Qeyd etdiyimiz kimi, həyatda ən böyük arzusuna çatan Xəlil Mirzə ümumiyyətlə “Müqəddəs Zəfər” silsiləsindən indiyədək 7 hekayə və 1 povest yazıb.
Hə, onu da qeyd edim ki, Xəlil Mirzənin sevgi motivli şeirləri əlahiddə söhbətin mövzusudur. Yəqin, bu sətirlərin müəllifi də gəncliklə çoxdan vidalaşmış olduğuna görə məhəbbət mövzusu oçerkin axırında yada düşmüşdür. Düşünürəm ki, sevgiyə aid cəmi bir şeirini oxumaqla, Xəlil Mirzə poeziyasının hüdudsuz, işıqlı üfüqlərinə göz atmaq, onun saf eşqə verdiyi böyük dəyər barədə təsəvvürləri dəqiqləşdirmək olar. Məsələn,
Dəli-divanəyəm mən
Bir gülüşündən sarı.
Bəxtimin üzü olub
Bir gülüşündən sarı.
Şümal telin bir qulac,
Gəlirəm, qolların aç.
Qalmışam ac-yalavac
Bir gülüşündən sarı.
Ləbin bal, belin incə,
Sinəndə bir cüt qönçə.
Güdaz gəlsin, gəlincə
Bir gülüşündən sarı.
Günəş dözmədi, söndü,
Ay üzü ləkələndi.
Ümid yasağa döndü,
Bir gülüşündən sarı.
Xəlil lal sən gülüncə,
Hər güldən sən gül incə.
Qoyma məni gülüncə,
Bir gülüşündən sarı.
Göründüyü kimi, şair ayrı-ayrı kupletləri bitirərkən, eyni sözün bəzən müxtəlif leksik mənalar kəsb etməsindən (omonim və omoqraflardan) məharətlə istifadə edib. Bir yerdə “sarı” sözü istiqamət (“tərəf” sözünün sinonimi kimi) göstərir, digər yerdə səbəbi (“ötrü”, “üçün” sözlərinin sinonimi kimi) ifadə edir, bir başqa yerdə isə rəng anlamı verir.
Ümumiyyətlə, poeziyanın ən müxtəlif janrlarında qələmini uğurla sınayan Xəlil Mirzə hətta sərbəst üsulda yazdığı şeirlərdə belə improvizasiyalar etmiş, diqqətəlayiq ədəbi fiqurlar, filoloji dərsliklərə salınmağa layiq gözəl nümunələr yaratmışdır.
Yağış yağır...
Nə yaxşı ki, çiləyində
coşqun təbə dəm gətirir.
Nə yazıq ki, dərd göyərdir,
həsrət, nisgil, qəm gətirir...
Yağış yağır... yağır... yağır...
(“Yağış yağır” şeirindən parça, 12.08.2025)
Zəngin məzmunlu povest və hekayələrin, aktual mövzulara həsr olunmuş pyeslərin, maraqlı uşaq nağıllarının, nəsihətnamələrin müəllifi olan Xəlil Mirzə dövrümüzün çoxşaxəli istedada malik nəğməkar şairi, qəzəlxanı, dramaturqudur. Onun həm insan materialı kimi şəxsiyyəti, həm də rəngarəng yaradıcılığı, zəngin ədəbi irsi tədqiq edilməli, qiymətləndirilməlidir.
Gözəl ailə başçısı, qayğıkeş ata, nəvazişkar baba, vəfalı qardaş, sədaqətli dost Xəlil Mirzəyə əzizlərinin əhatəsində uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy, taleyinə yağan yağışlar onun ömrünə bərəkət, coşqun təbinə qüvvət gətirsin!
Pünhan Şükür
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0